Məhkəmə qərarları › İş №2(007)-193/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-193/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-193/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində şirkətə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində şirkətə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18236 manat məbləğində əmlakına dəyən zərərin əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BDYP idarəsinin verdiyi texpasport nömrəsi BB119654 №-li, xx.xx.2021-ci il tarixli, buraxılış ili 2016, rəngi qara olan, **-PB-*** dövlət nömrə nişanlı, “Hyundai Accent” markalı avtomaşın "Autoland Rent A Car” MMC-yə məxsusdur. "11” iyun 2022-ci ildə təxminən saat 22:20 radələrində Mehdiabad qəsabəsi, 28 may küçəsində yuxarıda qeyd olunan avtomaşını "xxxx" MMC-dən icarə müqaviləsi № PB-743/21 əsasında xx.xx.2022-ci il tarixində 1 günlük icarəyə götürmüş Cavabdeh (Ş/V-si AA 2774785/ FİN xxxxxxx) idarə edərkən yolnəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh idarə etdiyi **-PB-*** dövlət qeydiyyatlı, “Hyundai Accent” markalı avtomobili idarə edərkən Mehdiabad qəsəbəsi, 28 may küçəsində svetoforun və ya nizamlayıcının qadağan edilən işarəsi verilərkən hərəkətə davam edərək yolda hərəkət edən “Mercedes-Benz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Göstərilən yol-nəqliyyat hadisəsi “Hyundai Accent” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan svetoforun və ya nizamlayıcının qadağan edilən işarəsi verilən əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Həmçinin DYP əməkdaşları tərəfindən hadisə ilə bağlı Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP4695760 saylı protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Autoland Rent A Car" MMCyə məxsus avtomaşına sağ, sol, ön tərəflərinə ciddi ziyan dəymiş və salondakı qoruyucu yastıqlar açılmışdır. “Auto Azərbaycan" MMC-nin tərtib etdiyi kalkulyasiyaya (malın maya və satış qiymətinin hesablanması, usta xərcləri) uyğun olaraq avtomaşının təmir işləri 14.736,00 (on dörd min yeddi yüz otuz altı) manata başa gələcək. Bundan başqa şirtkət hesabına “Auto Azərbaycan" MMC-də avtomobilə dəymiş zərərin hesablanmasına 100 (yüz) manat vəsait ödənilmişdir. Həmçinin şirtkət hesabına 145 (yüz qırx beş) manat məhkəməyə verilən iddia ərizəsi üçün dövlət rüsumu ödənilmişdir. Avtomaşının qiymətinin 20% miqdarında əmtəəlik görünüşünün itirilməsinin dəyəri 3400 (üç min dörd yüz) manat. Vurulmuş ziyanın ümumi miqdarı 18.381,00 (on səkkiz min üç yüz səksən bir) manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Avtomobilə dəyən zərər elə çox ola bilməz təxmini 3000 manat olardı. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2022-ci il tarixli, PB-743/21 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, “Hyundai Accent” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh icarəyə verilmişdir. Müqavilə üzrə icarəyə verilən avto nəqliyyat vasitəsi tərəflərin razılığı ilə 18.000 manat qiymətləndirilmişdir. - BB119654 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, **-PB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilin sahibi “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyətidir. - “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində **-PB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilə 14736 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. - “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli satış çekindən görünür ki, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə qüsur aktının verilməsi üçün “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 100 manat pul ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9022 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı, “Hyundai Accent” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12012 manat müəyyən edilir. - xx.xx.2022-ci il tarixli, 23599 nömrəli qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 145 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2022-ci il tarixli, PB-743/21 nömrəli icarə müqaviləsinə əsasən “Hyundai Accent” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh icarəyə verilmişdir. Müqavilə üzrə icarəyə verilən avto nəqliyyat vasitəsi tərəflərin razılığı ilə 18.000 manat qiymətləndirilmişdir. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən **-PB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobilin sahibi “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyətidir. “Auto Azərbaycan" Servis Mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktı ilə müəyyən olundu ki, servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində **-PB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilə 14736 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. “Hyundai Accent” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə qüsur aktının verilməsi üçün “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Auto Azərbaycan" Servis Mərkəzinə 100 manat pul ödənilmişdir. İddiaçının müraciətlərinə baxmayaraq, cavabdeh tərəf vurduğu maddi ziyanın əvəzini iddiaçıya onun tələb etdiyi həcmdə ödəməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, rəyi ilə 2016-cı il buraxılışlı, “Hyundai Accent” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12012 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, **-PB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı və **-CE-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçı “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Auto Azərbaycan" Servis Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində **- PB-*** dövlət qeydiyyatlı, “Hyundai Accent” markalı avtomobilə 14736 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə 2016-cı il buraxılışlı “Hyundai Accent” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12012 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, maddi ziyanın məbləği məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməlidir, ekspertin rəyi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Rəylə müəyyən edilmiş 12012 manat məbləğində pul vəsaiti maddi ziyanın əvəzi olaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının təqdim etdiyi satış çekindən görünür ki, xx.xx.2022-ci il tarixli qüsur aktının verilməsi üçün “Autoland Rent a Car" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 100 manat pul ödənilmişdir. Bu məbləğ cavabdeh tərəfindən yol verilmiş xəta hadisəsi ilə bağlı zərərin müəyyən edilməsi üçün ödənildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 12012 manat, çəkilmiş xərcə görə 100 manat, ümumilikdə 12112 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddia qismən təmin edildiyindən, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 66.41 manatı Cavabdeh, 33.59 manatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 12012 manat, çəkilmiş xərcə görə 100 manat, ümumilikdə 12112 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 66.41 manatı Cavabdeh, 33.59 manatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar