Məhkəmə qərarları › İş №2(007)-1949/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1949/2022

15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1949/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2404/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən,Cavabdeh onların birgə nikahından doğulmuş 01 oktyabr 2009-cu il təvəllüdlü Qasımlı (Qasımova) Ayla Məmməd qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qərara alınıb. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyənləşdiyi halda ona müəyyən edilən alimentin məbləği azdır və bununla o uşağının ehtiyaclarını təmin edə bilmir. Ona görə də alimentin miqdarının artırılmasına ehtiyacı var.Təəssüf ki, cavabdeh öz öhdəsinə düşən hüquq və vəzifələri yerinə yetirmədiyi üçün hüquq və mənafeləri qanunla qorunan uşağın hüquqlarını pozur. Cavabdehin bu vəzifələrini icra etməməsi uşağın normal tərbiyə olunması, normal qidalanması və maddi tələbatlarının təmin olunmamasına səbəb olur. Qeyd olunanlara əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2404/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılması, Cavabdeh xx.xx.2009-cı il təvəllüdlü Qasımlı (Qasımova) Ayla Məmməd qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,00 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2404/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci iltarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3436/2017 saylı, 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh 01 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini,eləcə də qət edilmiş 175 manat alimentin uşağın maddi ehtiyaclarını ödəməyə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2404/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci iltarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü Qasımlı (Qasımova) Ayla Məmməd qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,00 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2404/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Cavabdeh 01 oktyabr 2009-cu il təvəllüdlü Qasımlı (Qasımova) Ayla Məmməd qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,00 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar