Məhkəmə qərarları › İş №2(007)-1999/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1999/2025

25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1999/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “binanın zirzəmisindəki kanalizasiya sistemində əsaslı və tam yenilənmə işlərini aparmağa məcbur etmə, zirzəminin havalandırılması, qapının yenidən açılmasına icazə verilməsinin təmin edilməsi, maddi ziyanın ödənilməsi və cavabdehlərin məsuliyyətə cəlb edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “binanın zirzəmisindəki kanalizasiya sistemində əsaslı və tam yenilənmə işlərini aparmağa məcbur etmə, zirzəminin havalandırılması, qapının yenidən açılmasına icazə verilməsinin təmin edilməsi, maddi ziyanın ödənilməsi və cavabdehlərin məsuliyyətə cəlb edilməsi” tələbinə dair iddia ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərədən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı; 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əməl etməmiş, tələbin yönəldildiyi cavadehlərin poçt ünvanını qeyd etməmişdir. Belə olan halda, cavabdehlərin məhkəmə prosesi barədə məlumatlandırılması mümkün deyil. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 5.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər; 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tələbini aşağıdakı kimi ifadə etmişdir: “Xahiş edirəm, 1. Cavabdeh1 tərəfindən binanın zirzəmisindəki kanalizasiya sistemində əsaslı təmir və tam yenilənmə işləri aparmağa məcbur edilsin; 2. Zirzəminin havalandırılması, mütəmadi təmizlənməsini təmin etmək məqsədilə fasad tərəfdə qapının yenidən açılmasına icazə verilməsinin təmin olunması; 3. Əmlakımıza dəymiş maddi ziyanın ödənilməsini cavabdehdən tələb edilməsi (zəruri hallarda məbləği göstərmək olar);

4. Cavabdeh1 və Mənzil-İstismar İdarəsini öz vəzifələrini yerinə yetirmədiyinə görə qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi. Belə ki, iddiaçı iddia ərizəsinə cavabdehlər qarşı yönəlmiş tələblərini ayrı-ayrılıqda göstərməmiş, tələbin 2 və 3-cü hissəsinin hər iki cavabdehə, yoxsa bir cavabdehə aid olması müəyyən edilməmiş, 1 və 2-ci tələb üzrə binanın ünvanı göstərilməmiş, 3-cü tələb üzrə maddi ziyanın dəqiq məbləği göstərilməmiş. Göründüyü kimi, iddiaçı tələbini qeyridəqiq ifadə etməklə, cavabdehlərə qarşı yönələn tələbini konret və aydın göstərməməklə, qeyri-müəyyən şəkildə ifadə etmişdir. Hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə məhkəmə araşdırmasının aparılması mümkün olmayacaqdır. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə an və Azərbaycan Respublikası MPM-in 149, 151-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “binanın zirzəmisindəki kanalizasiya sistemində əsaslı və tam yenilənmə işlərini aparmağa məcbur etmə, zirzəminin havalandırılması, qapının yenidən açılmasına icazə verilməsinin təmin edilməsi, maddi ziyanın ödənilməsi və cavabdehlərin məsuliyyətə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ikinci dəfə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar