Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-20/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun tutulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X37 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızından İddiaçı xeyrinə 300000 BƏƏ dirhəmi (qətnamə qəbul olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi nəzərə alınmaqla) borcun, əlavə olaraq 19276 manat faiz borcunun gecikdirilmiş hər ilə görə əsas borc məbləğinə beş faiz hesablanmaqla, 200 manat hüquqi yardıma görə, cəmi 19476 manat borc tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızı tərəfindən X10 (BƏƏ) Dubay şəhərində yaşayan, tanışı (qohumu) İddiaçı “anasının işi ilə əlaqədar” (həmçinin iş birliyi yaratmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq adı ilə) 200000 BƏƏ dirhəmi, daha sonra 100000 BƏƏ dirhəmi olmaqla qaytarılmaq şərtilə, ümumilikdə 300000 BƏƏ dirhəmi məbləğində borc almışdır. İddiaçının və onun yaxın qohumlarının çoxsaylı tələblərinə baxmayaraq cavabdeh onlara borcu qaytarmamış, ardıcıl olaraq 2018-ci ilin əvvəllərinə kimi möhlət istəmişdir. Belə ki, cavabdeh Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızı İddiaçı və onun həyat yoldaşı, BƏƏ-nin vətəndaşı Niyaz Hüseynə anasının Bakıda həbs olunduğu, ailəsinin borcu olduğu üçün təcili pula ehtiyacının olduğunu bildirmiş, hər dəfə də iddiaçını və onun ailə üzvlərini aldatmışdır. Cavabdeh Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızı ona məxsus olan BƏƏ-də mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “WhatsApp” elektron sosial şəbəkəsi vasitəsilə borcu qaytaracağı barədə iddiaçılara yalan vədlər vermişdir. Cavabdeh daha sonralar iddiaçıların mobil telefon zənglərinə və mesajlarına cavab verməkdən imtina etmiş, mobil telefonunu və digər əlaqə vasitələrini bağlamışdır (“WhatsApp” sosial şəbəkəsi vasitəsilə edilən yazışmaların kserosurətləri əlavə edilir). Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh borc alarkən, BƏƏ-nin Dubay Əmirliyinin qanunları, yəni, İslam dininin şəriət qaydalarına uyğun olaraq, iki şahid: Niyaz Hüseyn və İsabala Əliyevin iştirakı və imzası ilə təsdiq edilməklə, borcu götürməsinə dair sənədə qol çəkmiş, həmin sənəddə göstərilmişdir ki, “X24 pasport nömrəsi ******* olan İddiaçı 200000 BƏƏ dirhəm verilmişdir. Anamın işi ilə əlaqədar ölkəmə göndərmişəm və öz xoşumla passportumu vermişəm, heç kimi məni məcbur etməmişdir”. Eyni zamanda, Cavabdeh (Allahverdizadə) həmin sənədi barmaq izi ilə də təsdiq etmişdir (həmin sənədin surəti qoşmaya əlavə edilir). Eyni qayda ilə, cavabdeh Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızı tərəfindən 100000 BƏƏ dirhəminin borc verilməsi barədə sənəd imzalanmışdır. İddiaçı pulun qaytarılması məqsədilə xx.xx.2017-ci ildə Dubay şəhərinin Muraqqabat Polis İdarəsinə müraciət etmişdir. Həmin polis idarəsinin xx.xx.2017-ci il tarixli, “aidiyyəti şəxsə təqdim etmək üçün arayış”ında göstərilmişdir ki, “X26 təsdiq edir ki, xx/xx/2017-ci il tarixində iddia irəli sürən Azərbaycan vətəndaşı İddiaçı ittiham olunan Azərbaycan vətəndaşı və telefon nömrəsi ********** olan Esmira Allahverdizadənin onun xeyrinə şəxsi borcu müqabilində ümumi miqdarı 300000 dirhəm dəyərində (100056) nömrəli çek yazdığını və balansın kifayət etməməsi səbəbilə onu xərcləmədən qaytarıldığını və çekini banka göstərildiyini mərkəzə bildirmişdir.. Bununla da Cavabdeh İddiaçı aldığı borc vəsaitini geri götürmək üçün “X42”nda olan hesabından vəsaitin götürülməsi barədə çekin əsassız olması, yəni hesabda 300000 BƏƏ dirhəm olmaması barədə sənədlər sübut kimi Dubay şəhəri, Muraqqabat Polis İdarəsinə təqdim edilmiş və cavabdehin bu aldadıcı hərəkəti 04 mart 2017-ci il tarixdə, **********34 nömrəli aktla rəsmiləşdirilmişdir. (Muraqqabat Polis İdarəsinin qərarının əsli və tərcümə edilmiş surəti, çekin əsli və bankın arayışı qoşmaya əlavə edilir). Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərin arasında, BƏƏ-nin X33 götürülmək üçün Esmira Allahverdizadənin (Şıxəliyeva) öz imzası ilə təqdim etdiyi xx.xx.2017-ci il tarixli çek sənədində 300000 BƏƏ dirhəmin (həmin vaxt 84000 ABŞ dolları ekvivalentində) nağd şəkildə qəbul edilə biləcəyi göstərilmişdir (çekin surəti qoşmaya əlavə edilir). Halbuki, X13 Polis İdarəsinin Qərarında da təsdiq edilmişdir ki, Cavabdeh həmin bankda 300000 dirhəm pul vəsaiti olmadığı üçün götürülə bilmədiyi göstərilmişdir. Göstərilən sənəd, Cavabdeh iddiaçıya 300000 dirhəm borcunun olduğunu, lakin borcu qaytarmaqdan qəsdən yayındığını təsdiq etdiyini göstərir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və yaxın qohumu (bacısı), ünvan 1 ünvanında qeydiyyatda olan X23 xx.xx.2017-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edərək izahatında göstərmişdir ki, cavabdeh X6 işbirliyi yaratmaq adı ilə ondan və bacısı X1 300000 BƏƏ dirhəmi ekvivalentində pul vəsaitini borc alaraq indiyədək qaytarmamışdır. Lakin, sonradan iddiaçı X4 RPİ-yə dəvət edilib ifadə versə də Yasamal RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında onun istintaqa dəvət edildiyini, lakin gəlmədiyini göstərmişdir. Halbuki, X31 Rayon Polis İdarəsində yazılı izahat təqdim etmişdir (N.N.Əliyevanın Yasamal RPİ-yə verdiyi yazılı izahatın surəti qoşmaya əlavə edilir). Digər tərəfdən Cavabdeh və müraciət edən Natella Əliyevanın yeri müəyyən edilmədiyi, etibardan sui-istifadə və ya aldatmaq yolu ilə özgəsinin əmlakının ələ keçirilməsi ilə əlaqədar sübutların tapılmadığı, Cavabdeh əməllərində dələduzluq cinayət tərkibinin olması sübut edilmədiyi üçün cinayət işinin başlanılmasının rədd edilməsinin qərara alındığı həmin Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Asif Əliyevin xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir (cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surəti qoşmaya əlavə edilir). BƏƏ-nin Dubay şəhərində yaşayan İddiaçı və əri Niyaz Hüseyn 2018-ci ilin əvvəlində X27 Təqib İdarəsinə müraciət etmiş, həmin idarənin xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Esmira Allahverdizadə barəsində beynəlxalq axtarış elan edilib. Lakin, həmin qərar qəbul edilməzdən öncə Cavabdeh BƏƏ-nin Dubay şəhərindən Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Hesab edir ki, cavabdeh Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızından 300000 BƏƏ dirhəm pul vəsaitinin (həmin vaxt 84.000 ABŞ dolları ekvivalentində) və ya onun 138820 Azərbaycan manatı ilə ekvivalenti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi ədalətli məhkəmə baxışının həyata keçirilməsi baxımından ədalətli və zəruridir. Nəzərə alınsa ki, hazırda 1 BƏƏ dirhəminin Azərbaycan manatına nisbətdə məzənnəsi 1 BƏƏ = 0,4626 AZN nisbətindədir, o halda cavabdeh Allahverdiyeva (Allahverdizadə) Esmira Əlişah qızının iddiaçıya olan əsas borcu hazırki günə 138791,80 manat (300000 x 04626 = 138791,80 manat) təşkil edir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, borcun qaytarılmalı olduğu, yəni son möhlət verildiyi xx.xx.2017-ci il tarixdə Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızı tərəfindən öz imzası və barmaq izləri ilə təsdiq edilmiş borcun alınması haqqında əlyazmasına əsasən 300000 BƏƏ dirhəmi məbləğində əsas borc, borcun götürdüyü vaxt üçün faizi, yəni xx.xx.2017-ci il tarixdən hal-hazıradək keçən 3 il 6 ay müddət üçün illik 5 faiz hesablamaqla 52500 BƏƏ dirhəmi (300000 x 5% = 15000 12 ay = 1250 x 42 ay = 52500) və ya onun azərbaycan manatı ekvivalentində 24287,66 azərbaycan manatı faiz borcunun və hüquqi yardıma görə Vəkil1 ödənilmiş 200 manat pul vəsaitinin İddiaçı xeyrinə ödənilməsini məqsədəmüvafıq sayır. Qeyd edir ki, xx.xx.2021-ci il tarixində, 446 nömrəli vəkil sorğusu ilə, Vəkil1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edilərək X23 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilən sənədlərin əslinin, yəni, HK-1.582 nömrəli rədd materialı üzrə sənədlərin hal-hazırda məhkəməyə təqdim edilmək üçün təqdim edilmiş zəruri sənədlərin əslini, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qərarın surətini, borclunun əl yazılarının təqdim edilməsi xahiş edilmişdir. Belə ki, 08 may 2021-ci il tarixli, №09125118-1221 saylı cavab məktubunda yalnız həmin sənədlərin surətləri göndərilmişdir. Digər tərəfdən, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə təqdim edilməsinə baxmayaraq, əlavə edilməli olan sənədlərdən bəziləri, xüsusilə də 100000 (bir yüz min) dirhəm pul vəsaitinin verilməsi barədə, borclunun barmaq izi ilə təsdiq edilmiş müvafiq iltizam sənədi qaytarılmamışdır. Bundan başqa, şikayətçi və iddiaçının nümayəndəsi X4 Rayon Polis İdarəsində şikayət verilən zaman əlavə edilən sənədlərin qaytarılmasını xahiş etdiyi zaman, polis idarəsinin əməkdaşlarından biri şifahi şəkildə həmin sənədlərin arxivə göndəriləcəyi və yandırılacağını bildirilmişdir. Hesab edir ki, deyilən sözlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamə və “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın tələblərinə ziddir. Adıçəkilən həmin hüquqi aktlarda arxiv sənədlərinin yandırılması və sair üsullarla məhv edilməsi məsələsi qeyd edilməyib. Fikrincə, həmin sənədlərin polis əməkdaşları tərəfindən də qəsdən gizlədilməsi ehtimalı ola bilər. Hesab edir ki, ədalətli məhkəmə baxışının təmin edilməsi, sübutların düzgün araşdırılması məqsədilə məhkəmə tərəfindən Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi ilə yanaşı BƏƏnin Dubay şəhərinin Muraqabat Polis İdarəsinə və X39 İdarəsinə (ingilis dilində: X28 Office) sorğu verilməsini uyğun sayır. Bununla da N.N.Əliyevanın şikayəti və izahatı əsasında Bakı Şəhəri Yasamal RPİ-də 2017-ci ildə hansı cinayət-prosessual xarakterli hərəkətlərin edilməsi, hansı növ sənədlərin tərtib edildiyi barədə məlumatların və onları təsdiq edən sənədlərin, o cümlədən şikayətçinin təqdim etdiyi sənədlərin əsillərinin və ya surətlərinin istənilməsi məqsədəmüvafiqdir. Sübutların düzgün qiymətləndirilməsi üçün onu da qeyd edir ki, cavabdeh Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızının yerinin müəyyən edilməsi üçün BƏƏ-nin Dubay şəhərinin Muraqqabat Polis İdarəsinə müraciət edilən zaman müəyyən sənədlər təqdim edilmişdir ki, hal-hazırda onların geri istənilməsi qeyri-mümkün olduğu üçün hesab edir ki, beynəlxalq hüquq normalarına müvafiq olaraq həmin sənədlərin konsulluq vasitəsilə istənilməsini məqsədəmüvafiq sayır. Cavabdehə BƏƏ-nin Dubay şəhərində verilmiş 300000 BƏƏ dirhəmin verilməsi ilə bağlı sənədlərin əsillərinin və ya surətlərinin əldə edilməsi, hal-hazırda saxlanılan Dubay şəhəri, Muraqabbat Polis İdarəsindən istənilməsi üçün müvafiq qaydada sorğu göndərilməsi zəruridir. Hesab edir ki, Dubay şəhər istintaq orqanları tərəfindən aparılmış hüquqi hərəkətlərin nəticələri barədə məlumatların istənilməsi iş üzrə həqiqətin müəyyən edilməsinə köməklik göstərə bilər. Fikrincə, cavabdeh 2017-2018-ci illər arası həm Azərbaycan Respublikasında, həm də BƏƏ-də cinayət məsuliyyətindən yayınmaq məqsədilə bu ölkələrin heç birində olmadığından, hər iki ölkədəki polis qurumları tərəfindən yeri müəyyən edilməmişdir. Lakin, cavabdehin son ünvanına dair Azərbaycan Respublikası DİN-nin Baş Pasport və Qeydiyyat İdarəsindən təqdim edilmiş MAPS arayışından görünür ki, cavabdeh “Allahverdizadə” soyadından “Şıxəliyeva” soyadına keçmiş və eyni zamanda yaşayış yerini dəyişmişdir. Həmin MAPS arayışının surətindən də görünür ki, xx.xx.2019-cu il tarixində cavabdehə yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Beləliklə, bu faktlar cavabdehin son iki il ərzində Azərbaycan Respublikasına qayıtdığı və müəyyən hüquqi hərəkətlər etdiyini təsdiq edir. İddia ərizəsinə əlavə edilən və X10 Dubay şəhər İctimai Təqib İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 10447/2018 saylı qərar üzrə, X2 barəsində axtarılıb tapılması üçün “X32” verilmişdir. Nəzərə çatdırır ki, cavabdehə borc verilməsi zamanı, barmaq izi ilə təsdiq edilmiş sənədlər də hal-hazırda X39 İdarəsində saxlanılır, hesab edir ki, məhkəmə tərəfindən də həmin sənədlərin beynəlxalq xarakterli sorğu vasitəsilə istənilməsi zəruridir. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı cavabdehin uzun müddət etinasız, laqeyd hərəkətlərindən, ona olan etibarından sui-istifadə edərək aldığı külli miqdarda pul vəsaitinin qaytarılmasından imtina etməsi səbəbindən dərin sarsıntı keçirmiş və uzun müddət əsəb pozuntuları səbəbindən məhkəməyə müraciət edə bilməmişdir. Olan telefon danışıqları və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmaların çıxarışlar edilməsinə zəruriyyət vardır ki, fikrincə onların həqiqiliyini sübut etmək üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə müraciət edilməlidir. Eyni zamanda, Cavabdeh borcunu etiraf etdiyi müvafiq sənəddə barmaq izinin təsdiq edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsini məqsədəmüvafıq sayır. Həm də məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlə əlaqə saxlamaq, onun yerini müəyyən etmək imkanı olmadığından xx.xx.2021-ci il tarixində 551 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə Cavabdeh 2017-ci ildən bəri ölkə ərazisinə giriş-çıxış vaxtlarının müəyyən edilərək təqdim edilməsi xahiş edilsə də, Azərbaycan Respublikası DSX-nın Sərhəd Nəzarəti İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 33/2768 saylı məktubla imtina edilmişdir (sorğunun surəti və AR DSX-nın cavab məktubu qoşmaya əlavə edilir). Cavabdehin etirazı:
3. İddiaçı cavabdeh X7 qarşı 300000 BƏƏ dirhəmi borc, 19276 manat hər ilə görə 5% hesablanmaqla faiz borcu, 200 manat hüquqi yardım olmaqla cəmi 19476 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi tamamilə əsassız olduğundan təmin edilməməlidir. İlkin olaraq onu qeyd edir ki, iddiaçıdan 300000 BƏƏ dirhəmi məbləğində borc almağı ilə bağlı qeyd olunanlar tamamilə əsassız, yalan və böhtandır. 2014-cü ildə İddiaçı cəmi, 200000 BƏƏ dirhəmi faizlə borca pul götürmüş və faizi ilə birlikdə hissə-hissə ödəmiş, 2016-cı ilin sonunda tam şəkildə borcu bağlamışdır. Həmin məbləğdən başqa İddiaçı borc almamışdır. İddiaçı 300000 dirhəm dəyərində xx.xx.2017-ci il tarixə aid 100056 nömrəli çek təqdim etməyi ilə bağlı göstərilənlər isə tamamilə cəfəngiyyatdır. xx.xx.2017-ci il tarixdə o, Azərbaycanda olub. xx.xx.2017-ci ildə BƏƏ-ni tərk etmişdir. Təkcə bu hal sübut edir ki, iddaçının təqdim etdiyi sənəd saxtalaşdırılıb. Bundan başqa, xx.xx.2017-ci il tarixə aid 100056 nömrəli çekdəki xətt nümunələri cavabdehə məxsus deyil. Ona məxsus boş çek kağızları kirayədə qaldıqları evi cavabdeh tərk etdikdən sonra İddiaçı əlinə keçib və bundan sui-istifadə edərək, qeyd olunan çek kağızını doldurularaq banka təqdim edib. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərir ki, BƏƏ-nin Dubay Əmirliyinin qanunları, yəni, İslam dininin şəriət qaydalarına uyğun olaraq, iki şahid: Niyaz Hüseyn və İsabala Əliyevin iştirakı və imzası ilə təsdiq edilməklə, borcu götürməsinə dair sənədə qol çəkib, həmin sənəddə göstərilib ki, "X18, pasport nömrəsi ******* olan İddiaçı 200.00 BƏƏ dirhəm verilib. Anamın işi ilə əlaqədar ölkəmə göndərmişəm və öz xoşumla pasportumu vermişəm, heç kimi məni məcbur etməyib” Eyni zamanda, cavabdeh Esmira Şıxəliyevə həmin sənədi barmaq izi ilə də təsdiq edir. Əvvəla onu qeyd edir ki, həmin ərizədən göründüyü kimi, söhbət 200000 BƏƏ dirhəmdən gedir. Həmin ərizə 2014-cü ildə tərtib olunmuş və 2016-cı ilin sonunda ödənilmişdir. İddia ərizəsində 300000 BƏƏ dirhəm borcun, təqdim olunmuş “sübut"da isə 200000 BƏƏ dirhəm borcun olmasının göstərilməsi də iddianın əsassızlığına dəlalət edən hallardan biridir. Digər tərəfdən şahid deyilən şəxslər iddiaçının əri və tanışıdır ki, onlar maraqlı şəxslərdir. İddiada göstərilən X13 Polis İdarəsi tərəfindən verilmiş arayış və X30 Təqib İdarəsinin qərarı hazırki iş üzrə predusial əhəmiyyətə malik ola bilməz. Belə ki, BƏƏ-də faktla bağlı hər hansı bir cinayət işi başlanmayıb və cavabdehə aidiyyəti ilə bağlı müəyyən edilmiş hər hansı bir fakt mövcud deyil. İddiaçının göstərdiyi "beynəlxalq axtarış" elan edilməsi məsələsinə gəlincə, iddiaçının müraciəti üzrə araşdırma aparılması üçün cavabdehin axtarılması həqiqətən cavabdehin borclu olmasını sübut edən dəlil kimi qəbul edilə bilməz. Esmira Şıxəliyevə sərbəst şəkildə artıq bir neçə dəfə ölkə ərazisini tərk etmiş və geri qayıtmışdır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər iddiaçı vicdanlılıq prinsipinə uyğun hərəkət etsə idi borcun olmasını sübut edəcək dəlil kimi Azərbaycanda olduğu dövrə aid çeki təqdim etməz və artıq edənilmiş borca aid ərizədə göstərilən məbləğdən fərqli tələb irəli sürməzdi. Göründüyü kimi iddia ərizəsi əsassız olmaqla, borcun olması heç bir mötəbər sübutla təsdiqini tapmır. Buna görə də, İddiaçı 300000 BƏƏ dirhəmi borc, 19276 manat hər ilə görə 5% hesablanmaqla faiz borcu, 200 manat hüquqi yardım olmaqla cəmi 19476 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 300000 BƏƏ dirhəm məbləğində borc pul verilib. Pul cavabdehə şahidlərin iştirakı ilə evdə verilib. Cavabdeh öncə anasının müalicəsi üçün 200000 BƏƏ dirhəm götürüb. Əvəzində şahidlərin iştirakı ilə mürəkkəblə əl izlərini qoyub və qəbul edib ki, bu pulu götürüb. Əlavə olaraq əvəzində xarici pasportunu saxlayıb, daha sonra iddiaçı pasportu qaytarmışdır. Sonra isə yenə 100000 BƏƏ dirhəm götürüb. Çek cavabdehə məxsusdur. Çekin üzərində olan tarixdə cavabdeh artıq Dubayda olmayıb. Çeki əvvəlçədən imzalanmış şəkildə verib çekdə yazılmış rəqəmi isə iddiaçının demeyinə əsasən bank işçisi yazıb. X5rına əsasən hesabda pul yoxdursa, o zaman həmin adama cinayət işi açılır və barəsində axtarış elan edilir. Təqdim ollunan qərardan görünür ki, X35 Prokurorluğunun 05 fevral 2018-ci il tarixli qərarı ilə X2 barəsində beynəlxalq axtarış və həbs qərara alınıb. Lakin, həmin qərar qəbul edilməzdən öncə Cavabdeh BƏƏ-nin Dubay şəhərindən Azərbaycan Respublikasına deportasiya olunmuşdur. 2018-ci il əvvələrində cavabdeh söz verdiyi kimi borcu qaytarmamışdır. Cavabdehi Dubayda hamı Maya adı ilə tanımışdır. 2018-ci ilin dekabr ayında cavabdeh sms yazaraq Hindistana gedəcəyini və pulu hər ay göndərəcəyini bildirmişdir. Aralarında olan sonuncu razılığa əsasən cavabdeh borcunu 2020-ci ilin avqust ayınadək tam qaytarmalı idi. Cavabdeh borcun ödənilməsinə yönələn hərəkətlər etməklə, yəni borcun hissə-hissə qaytaracağını bildirməklə iddianı qəbul etmişdir. Həmin müddətdə borc qaytarılmadığı üçün borcun verildiyi 2017-ci ilin fevral ayından 2020-ci ilin avqust ayınadək 3 il 6 ay üçün faiz hesablanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddianın təmin edilməsini xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 etirazda qeyd edilənləri müdafiə edərək, bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Tərəflər əvvəl rəfiqə olublar. Cavabdehin barəsində nə beynəlxalq axtarış var nə də cinayət işi. Esmira xanım hər gün əsas məbləği və faizini ödəyirdi, lakin etibar etdiyi üçün hər pul ödəyəndə heç yerə imza çəkmirdi. Çekdə olan yazılar cavabdehə aid deyil. Esmira xanıma ancaq 2014-cü ildə 200000 BƏƏ dirhəmi verilib. 2016-cı ildə isə borcunu tam qaytarılıb. Borc faizlə verilmişdi və faizlə də qaytarılıb. Esmira xanım 13.012017-ci il tarixdə Azərbaycanda olub, çekin tarixi isə xx.xx.2017-ci ildir. Çekdəki tarixləri bank qeyd etmir. Çeklər Esmira xanıma məxsusdur və imzalanmış şəkildə iddiaçının evində olub. Çeklər iddiaçı tərəfindən doldurulub. Söz-söhbətdən sonra cavabdeh evdən çıxdıqda çeklər paltarları ilə birlikdə evdə qalıb.
8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2014-cü ildə 200000 BƏƏ dirhəm borc götürmüşdür. Həmin borcunu isə 2016-cı il tarixdə qaytarmışdır. xx.xx.2017-ci ildə Dubaydan Bakıya qayıtmış aeroportda saxlandığı üçün xx.xx.2017-ci il tarixdə Bakıya gəlib. 100000 BƏƏ dirhəm məbləğində pulu borc götürməmişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, onu Dubayda hamı Maya adı ilə tanımışdır və o, deportasiya olunmamışdır. Sadəcə Hindistana işləməyə getmiş və orada ailə qurmuşdur.
9. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X25 bildirilmişdir ki, o, hər iki tərəfi tanıyır. Elnurəni tanıyırdı, yanında işləyirdi. Esmiranı da Dubayda tanımış, amma Maya kimi. Ən son Esmira Elnurəgildə kirayə qalırdı, çünki vəziyyəti pis idi. Bir gün Elnurə gəldi dedi ki, Esmira ondan pul istəyir, nə məsləhət görürsüz? O, Elnurəyə izah etdi ki, dilindən izahat al və izahatı barmaq izi ilə təsdiqləsin. Onun yanında Elnurə Esmiraya 200000 dirhəm verdi. Daha sonra isə Esmiraya 100000 dirhəm vermişdir. Həmin pulların geri qaytarılması barədə xəbəri olmayıb, amma qaytarılmış olsa idi, xəbəri olardı. Tərəflərin kim tərəfindən tanış olmaları barədə məlumatı yoxdur. Esmiraya pul verildikdə onların arasında faizlə bağlı hər hansı söhbət olmayıb. O, 25 ildir Dubayda yaşayır. Elnurə faizə pul verən olmayıb. Əgər olsa idi, o, bunu bilərdi və hətta özü də onlardan faizlə pul götürərdi. Esmiranın köçməsindən xəbəri yoxdur. Esmira pasportu özü verib ki, girov kimi saxla. O, Elnurəyə Esmiranın pasportunu qaytarılmasını demişdi. Esmira isə borcunun olduğunu bildiyi halda, pasportla ölkədən çıxmışdır. Əsas yazı, deyil əsas imzadır. “Pasportu qaytar” sözünü Elnurəyə o, demişdir. İş materialları:
10. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 iyul 2017-ci il tarixli qərardan görünür ki, X12 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Araşdırma zamanı X12 84 min ABŞ dolları dəyərində 300000 dirhəm pulu, harada, kimin yanında və hansı məqsədlə X3 verməsinin aydınlaşdırılması və onun iştirakı ilə digər zəruri araşdırma hərəkətləri edilməsindən ötrü istintaqa dəvət edilsə də onun olduğu yer müəyyən edilməmiş, onun əlavə izahatı alınmamış və göstərilən xüsusatların aydınlaşdırılması mümkün olmamışdır. Bundan başqa araşdırma zamanı Cavabdeh da olduğu yer müəyyən edilməmiş və onun izahatının alınması mümkün olmamışdır.
11. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 10 avqust 2021-ci il tarixli məktubundan görünür ki, şəxslərin ölkə hüdudlarını keçmələri barədə məlumatlar («informasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 38.6-cı maddəsi və «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Bununla yanaşı, Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızının dövlət sərhədindən hərəkəti barədə məlumatların əldə olunması üçün AR Vəkillər Kollegiyasından (Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızına hüquqi yardım göstərilməsi barədə) orderin və ya məhkəmə tərəfindən müvafiq sorğunun olması zəruridir.
12. “X42”nın xx.xx.2017-ci il tarixli çekindən görünür ki, 300000 BƏƏ dirhəm məbləğində pul qeyd edilmişdir.
13. “WhatsApp” yazışmalarından görünür ki, 30 oktyabr, 01 noyabr və 06 noyabr 2016-cı il tarixdə Cavabdeh borcunu verəcəyini qeyd etmişdir.
14. Əl yazmadan görünür ki, “X24 pasport nömrəsi ******* olan İddiaçı 200000 (iki yüz min) BƏƏ dirhəm verilmişdir. Anamın işi ilə əlaqədar ölkəmə göndərmişəm və öz xoşumla passportumu vermişəm, heç kimi məni məcbur etməmişdir”.
15. X19 05 aprel 2017-ci il tarixli arayışından görünür ki, xx/xx/2017-ci il tarixində iddia irəli sürən Azərbaycan vətəndaşı İddiaçı ittiham olunan Azərbaycan vətəndaşı və telefon nömrəsi ********** olan Esmira Allahverdizadənin onun xeyrinə şəxsi borcu müqabilində ümumi miqdarı 300000 dirhəm dəyərində (100056) nömrəli çek yazdığını və balansın kifayət etməməsi səbəbilə onun xərcləmədən qaytarıldığını və çekini banka göstərildiyini mərkəzə bildirmişdir.
16. “X42”ndan verilən çıxarışdan görünür ki, 300000 BƏƏ dirhəmi qeyd edilən çek ödənilməmiş 04 mart 2017-ci il tarixdə geri qaytarılmışdır.
17. X35 Prokurorluğunun 05 fevral 2018-ci il tarixli qərarından görünür ki, Allahverdizadə Esmira barəsində beynəlxalq axtarış və həbs qərara alınmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-2937/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(010)- 3868/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X16 qarşı borc tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh X9 400.000 X22 dirhəmi (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş həmin valyutanın manata olan məzənnəsi ilə manatla), hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilməsi, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 (on beş) manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(103)-5288/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-523/2020 saylı,15 yanvar 2020-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, 40.000 (qırx min) BƏƏ dirhəmi məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün 5497,80 (beş min dörd yüz doxsan yeddi dirhəm, səksən fils) BƏƏ dirhəmi (ödəniləcəyi gün 1 BƏƏ dirhəminin Azərbaycan manatına nisbətdə məzənnəsinə uyğun hesablanmaqla Azərbaycan manatı ilə), həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh X17 alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
20. P4394674 nömrəli ümumvətəndaşlıq pasportunun vizalar bölməsinə vurulan möhürdən görünür ki, Cavabdeh 10 yanvar 2017-ci il tarixdə BƏƏ-dən çıxmış 13 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur.
21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli, 4/1840 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 18-ci vərəqində “X41”a aid olan xx.xx.2017-ci il tarixli çekdəki “xx.xx.2017”, “Cash”, “Three hundred toushund dirhams”, “#300.000#” əlyazmaları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
22. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
23. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 01 fevral 2017-ci il tarixdə Cavabdeh 200000 BƏƏ dirhəmi məbləğində borc pul vermişdir. Cavabdeh da, həmin pulu aldığını kağız vərəqdə yazılan mətnin altında olan öz barmaq izi ilə və məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Həmçinin bu hal şahid ifadəsi ilə də, öz təsdiqini tapır. Hazırda iddiaçı 300000 BƏƏ dirhəmi (qətnamə qəbul olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi nəzərə alınmaqla) borcun, əlavə olaraq 19276,00 manat faiz borcunun gecikdirilmiş hər ilə görə əsas borc məbləğinə beş faiz hesablanmaqla, 200 manat hüquqi yardıma görə, cəmi 19476 manat borc tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018ci il tarixli qərarı:
Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarı: Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
29. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir.
30. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı cavabdehə borc pul verən zaman onlar arasında borcun qaytarılma müddəti nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı cavabdehə 01 fevral 2017-ci il tarixdə borc pul vermişdir. Cavabdeh isə məhkəmə iclasında bildirmişdir ki, 2016-cı ildə borcunu qaytarmışdır. Lakin cavabdehin nümayəndəsi 03 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, borcun 2017-ci ildə qaytarılması ilə bağlı sübutları yoxdur. (iş vərəqi 162) Bundan başqa iddiaçının nümayəndəsi 04 fevral 2022-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, tərəflər arasında olan sonuncu razılığa əsasən cavabdeh borcunu 2020-ci ilin avqust ayınadək tam qaytarmalı idi. (iş vərəqi 90) Cavabdeh borcun ödənilməsinə yönələn hərəkətlər etməklə, yəni borcun hissə-hissə qaytaracağını bildirməklə iddianı qəbul etmişdir. Həmin müddətdə borc qaytarılmadığı üçün borcun verildiyi 2017-ci ilin fevral ayından 2020-ci ilin avqust ayınadək 3 il 6 ay üçün faiz hesablanmalıdır. Lakin məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi iddiaçının bu dəlilinə heç bir münasibət və etiraz bildirməmişlər. Halbuki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 26 may 2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək vəkil kimi işə əlavə olunmasını, eyni zamanda iş materialları ilə tanış olması üçün şərait yaradılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh və onun nümayəndəsi tərəfindən cavabdehin 2018-ci ilin dekabr ayında iddaçıya hamının onu Dubayda tanıdığı Maya adı ilə “WhatsApp” proqramı vasitəsi ilə mesaj yazaraq Hindistana gedəcəyini və işləyib pulu hər ay göndərəcəyi ilə bağlı iddiaçının nümayəndəsinin dəlilinə münasibət bildirməmiş, qeyd olunan vaxt və sms mətni mübahisələndirilməmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya borcun etirafını nəzərdə tutan məktub göndərərək öhdəliyin icrası üçün möhlət istəmişdir. Bu isə cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər hesab olunur. Belə olan halda iddia müddətinin axımı kəsilmişdir və müddətin axımı həmin tarixdən etibarən yenidən hesablanmağa başlamışdır. İddiaçı tərəf cavabdehlə borcun 2020-ci ilin avqust ayınadək qaytaracağı ilə bağlı razılıq əldə etdiklərini bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Lakin iddiaçı 2017-ci ilin fevral ayından 2020-ci ilin avqust ayınadək 3 il 6 ay üçün faiz hesablamasının səbəbini cavabdehin borcu 2020-ci ilin avqust ayınadək tam qaytarması ilə bağlı razılıq əldə edilməsi ilə əsaslandırsa da cavabdeh tərəfindən bu hal mübahisə olunmamışdır. Belə olan halda da, məhkəmə bu halı iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi kimi qiymətləndirir. İddia müddəti ötürülmədiyi halda müddətin tətbiqi barədə ərizənin tətbiq olunması ilə bağlı cavabdehin nümayəndəsinin təqdim etdiyi ərizə əhəmiyyətini itirir və ərizənin tətbiq olunması üçün əsas yoxdur.
31. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.
32. Qeyd edilənlərdən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
33. Cavabdeh tərəf bildirmişdir ki, borc məbləği 3000 manatdan çox olduğundan qanunvericiliyin tələbinə əsasən borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin tərəflər arasında yazılı borc müqaviləsi olmadığından, tərəflər qanunvericiliyin tələbinə əməl etməmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətləri Azərbaycan Respublikasında deyil, X10 (BƏƏ) Dubay şəhərində yaranmışdır. Göründüyü kimi 200000 BƏƏ dirhəmi məbləğində pul vəsaitini yalnız şifahi qaydada iddiaçının cavabdehə olan etibarı və vicdanlılıq prinsipi əsasında cavabdehlə razılığa gələrək borc vermişdir. Cavabdeh 200000 BƏƏ dirhəmi məbləğində pulu aldığını etiraf etsə də, daha sonra tam qaytardığını bildirmişdir. Lakin borcun qaytarılması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
34. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 200000 BƏƏ dirhəmi məbləğində borc pul aldığını etiraf etmişdir, lakin daha sonra 200000 BƏƏ dirhəmini tam ödədiyini bildirmişdir. İş materiallarında olan “WhatsApp” yazışmalarından da görünür ki, 2016-cı ilin sonunda, daha dəqiq noyabr ayında Cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş və ona bildirmişdir ki, borcunu gec də olsa qaytaracaq. Lakin cavabdeh 2016-cı ildə borcunu qaytardığını, artıq iddiaçıya borcu olmadığını bildirmişdir. Cavabdeh borcu aldığını etiraf etdiyindən iddiaçı bununla bağlı sübut etmə yükündən azad olunur. Cavabdehin 2016-cı ildə borcunu qaytarması ilə bağlı sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Belə ki, iddiaçı tərəfi cavabdehin borcu qaytarmadığını bildirir. Bundan başqa cavabdehin nümayəndəsi 03 oktyabr 2017-ci il tarixli məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, borcun 2017-ci ildə qaytarılması ilə bağlı sübutları yoxdur (iş vərəqi 162). Eyni zamanda cavabdehin nümayəndəsi həmin məhkəmə iclasında bildirmişdir ki, “tərəf heç bir boş kağıza imza edib qoymamışdır”. Lakin 18 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdeh sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, “25 fevral 2017-ci il tarixli çekdə olan yazı onun olmasa da, imza onundur”. Göründüyü kimi cavabdeh və onun nümayəndəsinini ifadələrində qeyd etdiyi hallar ziddiyyət təşkil edir. Belə ki, cavabdeh bir tərəfdən borcu 2016-cı ildə tam qaytardığını bildirir, digər tərəfdən borcun götürülməsinə dair 25 fevral 2017-ci il tarixli çekdə olan imzanın ona məxsus olduğunu təsdiq edir, cavabdehin nümayəndəsi isə borcun 2017-ci ildə qaytarılması ilə bağlı sübutları olmadığını, cavabdehin heç bir boş kağıza imza edib qoymadığını bildirir. Cavabdehin 25 fevral 2017-ci il tarixli çekdə olan imzanın ona məxsus olduğunu təsdiq etməsi özü-özlüyündə onun borcu 2016-cı il tarixdə qaytarması ilə bağlı dəlilini inkar edir. Cavabdehin həmin tarixdə borcu tam olaraq qaytardığı halda borc almasına dair 25 fevral 2017-ci il tarixli qəbzə imza etməsi tamamilə əsassızdır və belə olan halda məhkəmə onun bununla bağlı dəlilinə tənqidi yanaşır. Tərəflər tərəfindən təqdim olunan sübutlardan da, açıq aydın görünür ki, iddiaçı cavabdehə 200000 BƏƏ dirhəmi məbləğində borc vermişdir və bu hal şahid ifadəsi ilə də öz təsdiqini tapır. Lakin, 100000 BƏƏ dirhəmi məbləğində borc pulla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Sadəcə şifahi olaraq və şahid ifadəsi ilə iddiaçının cavabdehə 100000 BƏƏ dirhəmi məbləğində pul verməsi bildirilmişdir. Bu səbəbdən iddia tələbi 300000 BƏƏ dirhəmi məbləğində pulun tələb edilməsi hissəsində qismən təmin edilməli, 200000 BƏƏ dirhəmi məbləğində pul cavabdehdən iddiaçını xeyrinə tutulmalıdır.
35. Bundan əlavə cavabdehin nümayəndəsi bildirmişdir ki, cavabdeh 10 yanvar 2017-ci il tarixdə Bakı şəhərinə gəlmiş və xx.xx.2017-ci il tarixli qəbz tərtib olunarkən Bakı şəhərində olmuşdur. Lakin P4394674 nömrəli ümumvətəndaşlıq pasportunun vizalar bölməsinə vurulan möhürdən görünür ki, Cavabdeh 10 yanvar 2017-ci il tarixdə BƏƏ-dən çıxmış 13 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Ümumvətəndaşlıq pasportunun digər səhifələri cırıldığı üçün Cavabdeh 25 fevral 2017-ci il tarixdə Bakı şəhərində olması ilə bağlı dəlilinin həqiqətə uyğun olduğunu müəyyən etmək mümkün olmamışdır.
36. Həmçinin məhkəmədə müəyyən olundu ki, Cavabdeh Dubay şəhərində hamı Maya adı ilə tanımışdır. Sonradan cavabdeh Hindistana işləməyə getmiş və orada ailə qurmuşdur. Cavabdeh ifadəsində 2018-ci ilin dekabr ayında iddiaçıya “WhatsApp” proqramı ilə sms yazaraq Hindistana getməsi ilə bağlı sms mətninə və tarixinə dair heç bir münasibət bildirməmişdir.
37. 23 yanvar 2024-cü il tarixli ekspert rəyindən də görünür ki, “X41”a aid olan xx.xx.2017-ci il tarixli çekdəki “xx.xx.2017”, “Cash”, “Three hundred toushund dirhams”, “#300000#” əlyazmaları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin tərəflər də məhkəmə iclaslarında bildirmişlər ki, çekdəki yazılar Cavabdeh tərəfindən qeyd edilməmişdir. “bu işin mübahisəsiz halıdır.
38. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə riayət edilməməsi və tərəflər arasında yazılı borc müqaviləsinin olmaması tərəflər arasında yaranmış faktiki borc münasibətlərini istisna etmir. Göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətləri qanunvericiliyin müəyyən etdiyi qaydaya riayət etmədən yaranmışdır.
39. Beləliklə, Cavabdeh bağladığı şifahi kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur.
40. Məhkəmə iddia tələbinin “əlavə olaraq 19276,00 manat faiz borcunun gecikdirilmiş hər ilə görə əsas borc məbləğinə beş faiz hesablanmaqla tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, belə olan halda qanunvericilik kreditora borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ verir. Lakin hazırda iddiaçı və cavabdeh arasında yazılı müqavilə yoxdur. Demək ki, iddiaçı faiz əldə etmək niyyəti olmadan borcluya 200000 BƏƏ dirhəmi məbləğində pul vermişdir. Bu səbəbdən iddiaçı Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış faizləri tələb etməkdə haqlı deyildir. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz.
41. Məhkəmə iddia tələbinin “200 manat hüquqi yardım tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələb edilən hüququ yardım məbləği ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia bu hissədə də təmin edilə bilməz.
Məhkəmə xərcləri:
42. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 59 manat dövlət rüsumunun 30 manatı cavabdehə, 29 manatı iddiaçıya aid edilməlidir.
43. Məhkəmə xəttşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 138 manatın 92 manatı Cavabdeh və 46 manatı İddiaçı tutularaq X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
44. Ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməlidir.
Nəticə:
45. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 200000 BƏƏ dirhəmi məbləğində pul vəsaiti (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla) və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
46. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 59 manat dövlət rüsumunun 30 manatı cavabdehə, 29 manatı iddiaçıya aid edilməlidir.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 200000 BƏƏ dirhəmi məbləğində pul vəsaiti (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla) və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xəttşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 138 manatın 92 manatı Cavabdeh və 46 manatı İddiaçı tutularaq X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova