Məhkəmə qərarları › İş №2(007)-2014/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2014/2022

10.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2014/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, aliment məbləğinin həcminin artırılmasına dair iddia tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 2390/2018 saylı qətnaməsi ilə onların birgə nikahdan doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 154 (yüz əlli dörd) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X4 13 yaşı var. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır, ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə, maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, o “aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan X1 üçün yetkinlik yaşma çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğində Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının (qətnamənin) çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZE seriyalı 18246272 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 17 iyun 2008-ci il tarixdə doğulmuşdur. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(043)- 2390/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, tərəflərin birgə nikahından 17 iyun 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2570/2017 saylı mülki iş üzrə 31 mart 2017-ci il tarixdə çıxarılmış qətnaməsi ilə müəyyən edilmiş hər ay 136 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə 17 iyun 2008-ci il tarixdə Məleykə adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşağın ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh uşaq yetkinlik yaşına çatanadək hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.13-cü maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2018-ci ildə hər ay 154 manat aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 4 il müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2018-ci ildə müəyyən edilmiş 154 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Yaşayış minimumu məbləği hər il artırılsa da, iddiaçı məhkəməyə müraciət etməmişdir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının artırılmış aliment məbləğinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən hesablanmasına dair iddiası təmin edilməməli və miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17 iyun 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(043)-2390/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 17 iyun 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17 iyun 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(043)- 2390/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 17 iyun 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar