Məhkəmə qərarları › İş №2(007)-2041/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2041/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2041/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8246.75 manat əsas borc, 713.29 manat faiz borcu, 149.09 manat cərimə borcu olmaqla, cəmi 9109.13 manat kredit borcu və ödənilmiş 111.09 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank ASC-dən illik 20.3 faizlə 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il may ayının 20-dək Cavabdeh banka 12 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8246.75 AZN əsas borc, 713.29 AZN faiz borcu, 298.18 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 9258.22 AZN borcu vardır. Cavabdeh 12 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 298.18 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 149.09 AZN məbləğində tələb olunur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, bildirdi ki, borcalan Cavabdeh müqavilə üzrə pul vəsaitini sərf etməsinə baxmayaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cəmi 8246.75 manat borcdan halhazırda 6846.75 manat əsas, 1226.58 manat faiz, 662.15 manat cərimə qalmışdır. Belə ki, borclunun etdiyi ödənişlər əsas borcdan silinmişdir. O, məhkəməyə xx.xx.2022-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Göstərdiklərini nəzərə alaraq, borcun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2021-ci il tarixli 20-Y-5-0- 542-21 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə, illik 20.3% olmaqla, 9000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2021-ci il tarixli 20-Y-5-0- 542-21 nömrəli kredit müqaviləsində qeyd olunmuş ödəniş qaydasından görünür ki, cavabdeh 36 ay müddətinə 9000 manat krediti hər ayın 12-dən gec olmayaraq 335.85 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli məxaric qəbzindən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 9000 manat vəsait verilmişdir. - İddiaçı ASC-nin 21 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 6846.75 manat əsas, 1226.58 manat faiz, 662.15 manat cərimə olmaqla cəmi 6846.75 manat borcu vardır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən 111.09 manat dövlət rüsumu ödənilmişdir. - 05 may 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC Cavabdeh ilə (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan xx.xx.2021-ci il tarixli 20-Y-5-0-542-21 saylı kredit müqaviləsinə əsasən borc alana 9000 manat məbləğində illik 20.3% olmaqla 36 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı ASC-yə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Borclunun xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində Banka tam ödəniş etməsi tələb olunmuşdur. Yuxarıda qeyd olunan borc məbləği göstərilən müddətdə könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borclunun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı bildirilmişdir. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh 9000 manat məbləğində illik 20.3% olmaqla 36 ay müddətinə kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh kreditdən istifadə etsə də, kreditin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə tam əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 12 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borca münasibətdə qeyd edir ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, həmin tarixə Cavabdeh 6846.75 manat əsas borcu hesablanmışdır. İddiaçı tərəfindən tutulmalı olan əsas borc məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilməsə də cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışı həmin hissədə mötəbər sübut növü qismində qəbul edilərək iddia tələbinin əsas borca dair hissəsində iddia qismən təmin edilməlidir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuş 1226.58 manat faiz borcuna və 662.15 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edilmədiyindən iddia həmin hissədə, iddia ərizəsində qeyd olunmuş faiz və cərimə borcu məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 12 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 6846.75 manat əsas borc, 713.29 manat faiz borcu, 149.09 manat cərimə borcu olmaqla, cəmi 7709.13 manat kredit borcu və ödənilmiş 111.09 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 6846.75 manat əsas borc, 713.29 manat faiz borcu, 149.09 manat cərimə borcu olmaqla, cəmi 7709.13 manat kredit borcu və ödənilmiş 111.09 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar