Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2063/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında sadələşdirilmiş formada tərtib edilmiş 26 iyun 2019-cu il tarixli “Borcun etirafı müqaviləsi” (bundan sonra Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh etiraf etmişdir ki, 26 iyun 2019-cu il tarixinə ona 32000 (otuz iki min) manat məbləğində borcu vardır. Cavabdeh, müqavilənin 3-cü bəndinə görə həmin borc məbləğini hər ay 1000 (min) manat ödəmək şərtilə 26 fevral 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Müqavilə ilə Cavabdeh 2019-cu ilin iyul ayından başlayaraq hər ay 1000 (min) manat ödəməyi öhdəsinə götürsə də, bunu etməmiş, bununla da cavabdeh, tərəflər arasında bağlanmış müqavilənin tələblərini pozaraq, müqavilə öhdəliklərini icra etməmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsi). Cavabdehə tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, bir nəticə olmamışdır. Belə ki, borc məbləğinin dərhal qaytarılması barədə yazılı xəbərdarlıqla 15 yanvar 2021-ci il tarixdə cavabdehə müraciət olunmuş, lakin yenə də müqavilə öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən məhkəməyə müraciət elmək zərurəti yaranmışdır. Cavabdeh bu günə qədər olan müddət ərzində 19000 manat ödəməli olsa da, borc məbləğindən cəmi 1600 (min altı yüz) manat qaytarmışdır. Cavabdeh 30400 (otuz min dörd yüz) manat borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərdi ki, cavabdehlə o, “Sədərək” ticarət mərkəzində birlikdə işləmişlər, pul lazım olduğu üçün cavabdehə borc vermişdir, sonuncunun ona qaytardığı 1.600 manat barədə heç bir qeyd aparılmamışdır, bu barədə aralarında sadəcə şifahi razılaşma olmuşdur. Cavabdeh borcunu özü də etiraf edir, o cümlədən onun borcunu ödəməsi barədə xəbərdarlıq məktubuna da əhəmiyyət verməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 12 saylı Mənzil İstismar Sahəsinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında göstərdi ki, iddiaçı onun iş yoldaşıdır. Cavabdeh 2019-cu ilin mart ayında onun yanına gələrək İddiaçı 32.000 manat borcunun olduğunu bildirmiş, ona böyük olaraq vasitəçilik edib aralarındakı münasibətin həll edilməsinə köməklik göstərməsini və 9 saylı Notariat Kontoruna gedib orada ayda 1000 manat ödəniş etməsi barədə müqavilə bağlamalarında iştirak etməsini ondan xahiş etmişdir. Lakin, oradan bildirilmişdir ki, notariusda borcun etirafı müqaviləsi bağlanılmır. Buna görə də onlar öz aralarında razılığa gəlmişlər ki, o, müqavilənin bağlanmasında şahidlik etməklə, tərəflər həmin müqaviləni öz aralarında bağlasınlar. Həmin vaxt, Səxavət söz vermişdir ki, hər ay 1000 manat borcundan ödəniş edəcək, lakin o, cəmi bir dəfə 1000 manat, ikinci və üçüncü dəfə isə 300 manat ödəniş etmiş və bundan sonra bildirmişdir ki, hər ay 1000 manat ödəniş etməyə maddi imkanı yoxdur. Sonuncu dəfə isə, Səxavət maşınını satıb 10.000 manat ödəniş edəcəyini bildirsə də, sonradan həmin maşının qaynatasının olduğunu bildirmişdir. Həmçinin, Səxavət qeyd olunan borcu Elvindən alaraq İran vətəndaşına mal göndərməsi üçün verdiyini desə də, sonradan o, Səxavətin yalan danışdığını öyrənmişdir. İddiaçı vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərdi ki, iddiaçı onun oğludur və o, Cavabdeh 32.000 manat borc vermiş, həmin borc onun qardaşının iştirakı ilə verilmişdir. Səxavət borcundan cəmi ilk dəfə 1000 manat, ikinci və üçüncü dəfə isə 300 manat ödəniş etmişdir. Sonradan isə ödəniş etməmişdir. Borcun etirafı haqqında müqavilənin biri oğlunda, digəri isə Səxavətin özündədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında 26 iyun 2019-cu il tarixdə bağlanmış “Borcun etirafı müqaviləsi”ndən görünür ki, “2. Borcalan etiraf edir ki, Borcverəndən 32000 (otuz iki min) manat borc pul almışdır və bu günə borcu 32000 (otuz iki min) manat təşkil edir. 3. Borcalan həmin məbləği hər ay 1000 (min) manat ödəmək şərtilə 26 fevral 2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. 4. Tərəflər borcu faizsiz şərtləşdirmişlər. 5. Borcun etirafı müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 6. Borcalan müqaviləni, ləğv edilməsinə dair bildiriş vermədən borcu tam qaytara bilər. 7. Borcverən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 8. Borcalan müqavilə üzrə müəyyən edilmiş şərtlərlə və müddətdə borcu qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. 10. Tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. 11. Bu müqaviləyə əsasən tərəflər istənilən dəyişikliyi yazılı şəkildə əlavə sənəd kimi hazırlayıb, ikilikli imzamalıdırlar. 12. Müqavilənin bütün şərtləri ilə bağlı hüquq və vəzifələri, həmçinin Müqavilənin mahiyyəti və müqavilənin doğuracağı hüquqi nəticələr tərəflərə aydındır. 13. Bu müqavilə Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 02 (iki) əsl nüsxədən ibarət tərtib edilmişdir və tərəflərdə saxlanılır.”; - 15 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubundan və ona əlavə edilmiş poçt qaiməsindən görünür ki, İddiaçı müqavilənin şərtlərinə əməl etmədiyi üçün borc məbləğini dərhal qaytarmağı Cavabdeh təklif etmiş, üç gün müddətində hazırki müraciətinə münasibət bildirilmədiyi halda, bunun imtina kimi qiymətləndirilərək borc məbləğinin geri alınması məqsədilə məhkəmə orqanlarına müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq etmişdir; - 01 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 26 iyun 2019-cu il tarixli borcun etirafı müqaviləsinə əsasən Cavabdeh İddiaçı 32.000 (otuz iki min) manat borc pul aldığını etiraf etmiş, həmin məbləğdə borc pulu 26 fevral 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəçiliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlığını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Yuxarıda istinad edilən 26 iyun 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 32.000 (otuz iki min) manat borc pul aldığını etiraf etmiş, tərəflər yazılı (sadə) qaydada müqavilə bağlamış və borcalan yəni cavabdeh, borcverən yəni iddiaçıya həmin məbləğdə borcunun yaranmasını etiraf edərək borcunu 26 fevral 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmadığı və bunun üçün real hərəkətlər etmədiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; Qeyd edilənlərlə müəyyən edildi ki, borcun verilməsi barədə tərəflər arasında olan 26 iyun 2019-cu il tarixli müqavilə (əqd) yazılı (sadə) qaydada bağlanmışdır, həmin müqavilə (əqd), müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri, o cümlədən şahid X3 tərəfindən imzalanmışdır. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri, həmçinin müqavilənin mahiyyəti və doğuracağı hüquqi nəticələr tərəflərə izah edilmişdir. Borcu etiraf edən Cavabdeh müqaviləni imzaladıqdan sonra, imzasının qarşısında soyadını, adını, ata adını öz xətti ilə yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə iclasında müəyyən olundu ki, 26 iyun 2019-cu il tarixli borcun etirafı müqaviləsi əsasında Cavabdeh İddiaçı 32000 manat borcu olduğunu etiraf etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında yazılı (sadə) qaydada bağlanmış müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən həmin borcu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə hissə-hissə qaytarmasına dair üzərinə götürdüyü öhdəliyə əməl edilməmiş, borc öhdəliyinin yaranmasında ötən müddət ərzində, cavabdeh hər ay 1.000 manat olmaqla hissə-hissə ödəməli olduğu borcun qalan hissəsini hissəsini ödəmək üçün real hərəkət etməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Bu hal, yuxarıda göstərilənlərlə yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş və qeyd olunan müqavilənin bağlanılmasında şahid qismində iştirak etmiş X2 məhkəmə iclasında verdiyi izahatı ilə də sübuta yetirilir və məhkəmə həmin şahid ifadəsini sübut qismində qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 26 iyun 2019-cu il tarixli müqavilə üzrə 30.400 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30.400 (otuz min dörd yüz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2063/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2063/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver