Məhkəmə qərarları › İş №2(007)-2091/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2091/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2091/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili- Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 2500 manat məbləğində borc pul almışdır. 10 mart 2021-ci il tarixdə onların arasında Bakı şəhəri 53 saylı Notariat Ofisində borc müqaviləsi bağlanmış və cavabdeh 2500 manat məbləğində borcu 20 mart 2021-ci il tarixə kimi ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdehə tərəfindən həmin borcun qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Müəyyən olunmuş müddətdən xeyli vaxt keçsə də, hələ də borc ödənilməmişdir. Görünür ki, cavabdeh könüllü olaraq borcu ödəmək niyyətində deyildir, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırır. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və hesab edir ki, mövcud qanunvericiliyin müvafiq tələblərinə əsasən cavabdeh ona olan kredit borcuna dair öhdəlik götürdüyündən və bu günədək həmin öhdəliyi lazımi qaydada icra etmədiyindən ondan bu borcun tutulmasına dair qətnamə qəbul edilməlidir. Məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 2500 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib verdiyi izahatında göstərdi ki, o, iddiaçı ilə qeyd olunan müqaviləni bağlamış və həmin pul onun tərəfindən götürülmüşdür. Lakin həmin borcdan 500 manat ödəmiş, qalan borcu isə hissə-hissə hər ay 500 manat olmaqla ödəyəcəkdir. Onun iddiaçıya borcundan 500 manat ödəməsinə dair heç bir sübutu yoxdur. Ədalət qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında 12 mart 2021-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-680 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 2500 manat 00 qəpik məbləğində pul borc verir. 2. “Borc alan” krediti 20.03.2021 tarixinədək “Borc verən”ə notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur....” - 31 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı 2500 manat məbləğində borcunun yarandığını təsdiq etmiş, həmin məbləğdə borc pulu 20 mart 2021ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəçiliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Yuxarıda istinad edilən notariat qaydada təsdiq edilmiş 12 mart 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində borc almış, tərəflər notariat qaydada müqavilə bağlamış və borc alan, yəni cavabdeh borc verənə, yəni iddiaçıya həmin məbləğdə borcunu 20 mart 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmadığı və bunun üçün real hərəkətlər etmədiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun verilməsi barədə tərəflər arasında olan 12 mart 2021-ci il tarixli müqavilə (əqd) yazılı (notarial) qaydada bağlanmışdır, həmin müqavilə (əqd), müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmışdır, müqavilə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Borc alan Cavabdeh müqaviləni imzaladıqdan sonra, imzasının qarşısında soyadını öz xətti ilə yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; Məhkəmə iclasında müəyyən olundu ki, 12 mart 2021-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 2500 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin 12 mart 2021ci il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi 20 mart 2021-ci il tarixindən sonra cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Cavabdehin izahatında göstərdikləri ilə bağlı isə qeyd edilməlidir ki, o, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçıya borcundan 500 manat məbləğində ödəniş etməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir, hansı ki, yuxarıda istinad edilməklə məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş müqavilənin bağlanmasında cavabdeh şəxsən iştirak etməklə, 20 mart 2021-ci il tarixinədək “Borc verən”ə aldığı borcu notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. Belə olan halda, məhkəmə cavabdehin göstərdiklərini əsaslı hesab etmir. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıya 2500 manat borcu olmasını etiraf edir, onun borcundan 500 manat ödəməsi barədə irəli sürdüyü dəlillər isə yuxarıda qeyd edilən qaydada müəyyən edilmiş sübutlarla təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12 mart 2021-ci il tarixli müqavilə üzrə 2500 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar