Məhkəmə qərarları › İş №2(007)-21/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-21/2021

03.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-21/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiа ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə mürаciət еdərək 33100 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, ünvan 1 ünvanında mərhum X3 məxsus evdə 2008-ci ildən yaşamışdır. X5 tək olduğundan ona demişdir ki, əgər ona ölənə qədər baxsa yaşadığı evi ona verəcək, sonuncunun heç kimi yox idi və o, da Nəhayət Hadıyevaya baxmağa başlamışdır.Nəhayət Hadıyevanın yeməyi, içməyi, xəstəliyi ilə əlaqədar müalicəsi, dərmanları hamısı onun tərəfindən alınmışdır. 12.12.2013-cü il tarixdə Nəhayət Hadıyeva cərrahiyə əməliyyatı olmuş, bütün xərclərini o, çəkmiş, cərrahiyə əməliyyatına 800 manat xərci çıxmışdır. Bundan sonra vəfat edənə qədər dərmanlarına 5000 manatda artıq, müalicələrinə isə 15000 manatdan artıq pul xərcləmişdir. Vəfat edəndən sonra dəfn olunması üçün yer pulu 300 manat, qırx mərasimi çıxana qədər (ehsan, çadır və s) 4000 manat, baş daşına 2000 manat xərcləmişdir. Bundan başqa evin təmirinə 6000 manat xərcləmişdir. Nəhayət Hadıyeva 06.01.2014-cü il tarixdə vəfat etmiş, 06.01.2015-ci il tarixdə onun il mərasimi də onun tərəfindən verilmişdir. Lakin 16.12.2014cü il tarixdə cavabdeh ona qarşı iddia qaldıraraq həmin evdən çıxarılması barədə məhkəməyə müraciət etmiş və məhkəmə cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Cavabdeh onun çəkdiyi zəhmətdən bəhrələnmiş və əsassız olaraq varlanmışdır. Ona görə cavabdeh onun mərhum X2 xərclədiyi pulları (onun müalicəsi, dərmanları, cərrahiyə əməliyyatı, yaşayış xərcləri, dəfn mərasimi, ehsan, baş daşının düzəldilməsi, il mərasiminin verilməsi və s) və evin təmirinə xərclədiyi pulları geri qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edib izahatında iddia tələbində göstərdiklərini təsdiq edərək məhkəmədən 33100 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edib izahatında göstərdi ki, həqiqətən iddiaçı iddia tələbində göstərilən xərcləri çəkmiş və mərhum Nəhayət Hadıyevanın saxlanılmasında böyük əməyi olmuşdur. İddiaçı uzun müddət həmin evdə yaşamış və evin təmirinə xərc çəkmişdir. Mərhum ilə iddiaçı arasında olan razılığa əsasən iddiaçıya bu xərclər müqabilində mübahisəli ev qalmalı idi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərmişdir ki, mərhum X4 onun bacısıdır. Bacısı onların razılığı olmasa da X7 ilə ailə qurduğu üçün onunla münasibətləri pozulmuşdur. O, bilmişdir ki, İddiaçı həmin evə kirayənişin olaraq gəlmişdir. Sonra İddiaçı onun basıcına baxdığını və kömək etdiyini öyrənmişdir.2008-ci ildə bacısını ziyarət edərkən ilk dəfə Mahiri Zeynalovu orada görmüş və tanış olmuşdur. Bacısının evi təmirsiz olmuş, iddiaçı usta olduğu üçün evi təmir etmiş, həyəti səliqəyə salmışdır. Bacısının saxlanılması, onun müalicəsi, dərman xərclərinin hamısı, yas mərasiminin verilməsi və dəfn mərasimi İddiaçı tərəfindən keçirilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ 657290 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 06 yanvar 2014-cü il tarixdə ölmüşdür. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli, 2(007)-557/2015 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsində yerləşən 21 saylı evə köçürülməsi, İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2015-ci il tarixli, 2(103)-4798/2015 nömrəli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli, 2(007)-557/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(102)-757/16 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2015-ci il tarixli, 2(103)-4798/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 10/159 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsində yerləşən 21 nömrəli evdə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri, təqribən 2004 manat məbləğində müəyyən olunur. Lakin mənzildə aparılmış tikinti-təmir işlərinin hansı illərdə başlanması və hansı illərdə bitməsi və tikinti-təmir işlərinin aşınma faizinin tədqiq edilməsi mümkün deyildir. Məhkəmə, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələblərini hüquqi baxımdan qiymətləndirməyi və buna əsasən nəticəyə gəlməyi əsaslı hesab edir. Belə ki, iddiaçı ilkin olaraq iddia ərizəsində mərhum ev sahibinə qulluq etdiyini, sağlamlığının qeydinə qaldığını və bunun müqabilində mərhumun yaşadığı evi ona verəcəyini vəd etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, mərhum ilə iddiaçı arasında bir növ patronaj münasibətləri olmuş, lakin bu münasibət rəsmiləşdirilməmişdir. İddiaçının qeyd etdiyinə görə mərhumun sağlamlıq imkanları məhdud olmuş və o, mərhumun bütün xərclərini çəkmişdir. Məhkəmə, iddiaçının bu hərəkətləri etməsini mümkün hesab etsə də, iddiaçı qeyd olunan halları təsdiq edəcək tibbi sənəd, ödəniş çeki, pul köçürmə qəbzi, kassa mədaxil orderi və s. bu kimi pul ödənişlərinin edilməsini təsdiq edən hər hansı sənəd və ya sənədləri iddia ərizəsinə əlavə etməmiş, habelə məhkəmə iclaslarında təqdim etməmişdir. Halbuki MPM-nin 77-ci maddəsini tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının mərhumun sağlamlığının qeydinə qalmasını inandırıcı qəbul edir. Bununla yanaşı qeyd edilməlidir ki, həm iddiaçının, həm də şahidin ifadəsindən məlum olur ki, iddiaçı həmin evdə kirayə yaşasa da, heç bir kirayə haqqı ödəməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mərhumun sağlamlığının qeydinə qalması və xərc çəkməsi sırf vicdani münasibətlərin göstəricisi kimi qəbul edilməlidir. İddiaçının mərhum üçün xərclər çəkməsi qəbulediləndir, lakin yuxarıda sadalanan hallara görə həmin xərcin məbləği müəyyən deyil. Eyni zamanda hazırkı mərhələdə həmin xərcin məbləğinin müəyyən edilməsi məhkəmə üçün heç bir əhəmiyyət kəsb etmir, çünki iddiaçının tələbi əsassız varlanmadır və onun iddiası da bu hissə ilə bağlı göstərdikləri cavabdehin varlanması ilə əlaqəli deyil. İddiaçının qulluq etdiyi şəxs cavabdeh deyil, eyni zamada iddiaçı ilə cavabdeh arasında mərhumun saxlanılması ilə bağlı hər hansı müqavilə, sözləşmə də olmamışdır. İşdən aydın olur ki, iddiaçı həmin hərəkətləri məcburi deyil, könüllü etmişdir. Yəni, iddiaçının çəkdiyi həmin xərclərin qarşılığında cavabdeh heç bir maddi, mənəvi üstünlük əldə etməmiş, hər hansı mənfəət güdməmiş, heç bir imtiyaz qazanmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, mərhuma çəkilmiş xərclərin cavabdehdən tələb edilməsi əsassız və qanunsuzdur. Məhkəmə, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsində yerləşən 21 nömrəli evdə aparılmış təmir işlərinin dəyərinin cavabdehdən tutulması hissəsini də əsassız hesab edir. Belə ki, iş materiallarında aydın olur ki, iddiaçı həmin evdə 2008-ci ildən 2016-cı ilədək yaşamışdır. Eyni zamanda o da müəyyən olunur ki, bu müddət ərzində şəxs həmin evdə yaşamağına görə heç bir haqq (kirayə haqqı, renta və s) ödəməmişdir. İddiaçı ilə mərhum arasında olan münasibətlərin mahiyyətindən aydın olur ki, şəxs kirayə haqqı ödəmədiyi üçün mərhumun sağlamlığının qorunmasına tədbirlər görülüməsi üçün maddi vəsait sərf etmişdir. Belə olan halda şəxsin 8 ildən çox müddətdə yaşadığı evdə təmir işləri aparması, həmin mənzilin istismarının davamlılığını artırmağa, yəni yaşamaq üçün müəyyən səviyyədə saxlamağa yönəlmişdir. Yuxarıda şərh olunan məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, evdə aparılmış işlər sırf mənzilin yaşamağa yararlı vəziyyətdə saxlanılmasını təmin etmək üçün edilmişdir (məsələn divarların, tavanın, döşəmənin boyanması, elektrik xəttinin çəkilməsi). İddiaçının mənzlinin təmirinə xərclədiyi pul mənzilin daha yaxşı vəziyyətə gətirilməsindən daha çox özünün və ailə üzvlərinin həmin mənzildə yaşamasını təmin etmək olmuşdur. Ekspert rəyi ilə həmin təmirin nə vaxt edildiyi isə məlum deyil. Göstərilənlərdən aydın olur ki, iddiaçının hərəkətləri nəticəsində cavabdeh heç bir gəlir və ya mənfəət əldə etməmişdir. Cavabdeh yalnız qanunun tələbləri baxımından ona mənsub olan evdən iddiaçının çıxarılmasını tələb etmişdir ki, onun da tələbi qanunauyğun formada təmin edilmişdir. Cavabdehin qanunun yol verdiyi həddlərdə özünə çatmalı olan əmlaka, yəni indiki halda mənzilə sahib olması onun əsassız varlanması deyil. İddiaçı cavabdehin varlanması ilə əlaqədar heç bir hərəkət etməmişdir, əksinə özünün də bildirdiyi kimi, cavabdehi 2015-ci ildən, yəni mərhumun ölümündən sonra tanımışdır. Buna görə də, məhkəmə hesab edir ki, mənzilin təmirinə edilmiş xərclərin cavabdehdən tələb edilməsi də əsassız və qanunsuzdur. Məhkəmə gəldiyi bu nəticəni qanunvericiliyin tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin bəndlərində göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı işdən isə görünür ki, cavabdeh varlanan şəxs kimi qiymətləndirilə bilməz, yuxarıda göstərildiyi kimi, mərhumun sağlamlığına xərclənmiş vəsait, mənzilin təmir olunması cavadehin əsassız varlanması deyil. Buna görə hazırkı işə əsassız varlanmanı müəyyən edən normaların tətbiqi mümkünsüzdür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar