Məhkəmə qərarları › İş №2(007)-2111/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2111/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2111/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə tanış olmuşdur. Cavabdeh ona müvəqqəti pul lazım olduğu üçün müraciət etmişdir. O da cavabdehə inanaraq xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 5 saylı “Asan Xidmət” Mərkəzində Notariat qaydada kredit müqaviləsi əsasında xx.xx.2020-ci il tarixə kimi 15000 manat manat borc pulu qaytarmaq şərti ilə vermişdir. Bundan sonra vaxt çatdıqda o, cavabdehdən ona olan borcunu qaytarmağı istədikdə cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ona bildirmişdir ki, “sən darıxma mən sənin pulunu tezliklə qaytaracağam”. Bundan sonra o, cavabdehin pulunu qaytarmadığını görüb 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinə müraciət etmişdir. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə 1573 saylı məktubla cavabdeh barəsində xx.xx.2020-ci il tarixli İcra Qeydi icra olunması üçün Nizami rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Nizami rayon İcra Şöbəsindən ona məlumat verilmişdir ki, cavabdehin adına şəxsi əmlak və iş yeri olmadığından icra sənədini icra etmək mümkün deyil. Bildirmək istəyir ki, o, dəfələrlə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə rəsmi olaraq müraciət etsə də, İcra Şöbəsinin İcra məmuru ona bildirir ki, cavabdehin əmlak vəziyyəti yoxlanılıb, onun adına heç bir yerdə nə daşınar, nə də daşınmaz əmlak və ya bank hesabı var. Buna görə də, o, bu barədə iddia qaydasında məhkəməyə müraciət etməlidir. Bildirmək istəyir ki, cavabdeh bu günə kimi onun pulunu qaytarmamışdır və o belə hesab edir ki, cavabdeh aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Qeyd edilənlərə əsasən ərizəni qəbul edib mahiyyəti üzrə baxaraq Cavabdeh onun xeyrinə 15000 (on beş min) manat pulun, 135 manat ödənilmiş dövlət rüsumunun və 20 manat icra qeydinə görə ödənilmiş dövlət rüsumunun, cəmi 15155 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı yazılmış şikayət ərizəsinin bəzi məqamları şər böhtandan ibarətdir. İddiaçı məhkəməyə yalan ifadə verərək qeyd edir k, guya onunla 2018-ci ildən tanışdır və 2019-cu ildə ona 15000 manat borc pul vermişdir. Bu ağ yalandır, şər böhtandır. O, İddiaçı əvvəllər heç görməmişdir. Heç tanımırdı, əmisi X3 ona zəng edib İddiaçı adlı şəxsin lombardın qabağına gələcəyini, görüşüb asan xidmətə gedin sənədi imza atmağını, xəstəxanadan çıxandan sonra notarial qaydada öz adına salacağını bildirdi. O, əmisinə inanırdı, əmisi düzgün, səlist adam idi. 6 ay əmisinin müdür olduğu lombardda nəzarətçi işlədiyi vaxtda heç bir kəs ondan narazı qalmamışdır, o, əmisinə inanırdı ki, əmisi onu heç vaxt darda qoymaz, dəfələrlə xəstəliyləri ilə əlaqəli onu yüksək səviyyədə müalicə elətdirmişdir. Adı nəzarətçi olduğu halda xəstəlikləri ilə əlaqəli ona heç bir iş görmədən ayda 400 manat maaş ayırmışdır, sadəcə qapıda müştəriləri qəbul edib yola salmışdır. X5 ürəyində bıçaq sancılmış halda ölü tapılandan sonra Fərhad ona zəng edib 15000 manatı ondan tələb eləməyə başlamışdır. O da, Fərhadı başa salmaq istəmişdir ki, o, 15000 manatı şəxsən Etibara vermişdir, faizləri də əmisindən almışdır, ondan nə istəyir. Sonra atasının telefonunu hardansa tapıb atası X1 pulun qaytarılması ilə narahat eləməyə başlamışdır, atasından ona sərt cavabından sonra demişdir ki, “krediti var, Etibar mənə 15000 manat ziyan vurdu, kreditimlə bağlı ayda 200 manat pul ödəyirəm. Etibarın qardaşı olaraq heç olmasa kreditimə kömək etsin”. Atası da ürək ağrısıyla iki ay 200 manat, cəmi 400 manat pul göndərmişdir, İddiaçı indi də məhkəməyə yalan ifadə verərək Etibar Paşayevi tanımadığını, aralarında heç bir depozit əməliyyatları olmadığını, heç bir faiz almadığını deyir. Ancaq İddiaçı X5in 2014-cü ildən yaxşı münasibətdə daimi müştərisi olmuş, bu illər ərzində İddiaçı X5dən yüksək məbləğli qoyduğu depozit puldan minlərlə manat faiz mənfəət götürmüşdür. İddiaçıla X5 xx.xx.2014-cü ildə aralarında notorial qaydada 5000 məbləğində olan kredit borc müqaviləsini ədalətli məhkəməyə dəlil sübut kimi təqdim edir. O, İddiaçı heç bir məbləğdə pul almamışdır, onunla da tanışlığı olmamışdır. İddiaçı tanımadığı adama necə 15000 manat pul verilə bilər, bu məhkəməyə yalan ifadə vermək və ona iftira atmaqdır. 6 ildir ki, nişanlıdır, xəstəliyi ilə bağlı imkansızlıqdan ailə qura bilmir, o da bəzi cavanlar kimi xoşbəxt ailəsinin olmasını istəyir. Tez-tez nevroloji Epilepsik qıc olmaları, psixoloji tutmaları olur. Xəstəliyi ilə əlaqəli iş fəaliyyəti yox dərəcəsindədir. Heç bir daşınan daşınmaz əmlaka sahib deyil, pensiya yaşına çatmayan yaşlı anasının-atasının əlinə baxır, onlardan çox utanır. Bir neçə dəfə intihara cəhd eləmişdir. Yalana, böhtana dözmür, olanlarla bağlı İddiaçı hər kəlməsinin yalan olmağını nəzərə alaraq, ədalətli qərar çıxarılmasını bir Azərbaycanlı gənci kimi xahiş edir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, onun əmisi lombard işi ilə məşğul olurdu. İddiaçı əmisinin obyektinin yanındakı obyektdə işləyirdi. Əmisi ona nə deyibsə, onu da etmişdir. O, notariat orqanında formal olaraq müqaviləyə qol çəkmişdir. Əmisi ona demişdir ki, bir neçə gündən sonra müqavilə tərəfini dəyişdirəcək və o, müqavilə tərəfi olmayacaqdır. O, 2013-cü il tarixindən epilepsiya xəstəsidir. Psixoloji problemləri var. Onda depozit müqaviləsi var. Həmin müqavilə əmisi və iddiaçı arasında bağlanmışdır. Lakin iddiaçı əmisini tanımadığını bildirir. Tanımdağı insanla necə müqavilə bağlaya bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında 19 mart 2019-cu il tarixdə bağlanaraq, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-190 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 15000 manat 00 qəpik məbləğində pul borc verir. 2. “Borc alan” krediti xx.xx.2020-ci il tarixinədək “Borc verən”ə notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur....”. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 20 oktyabr 2020-ci il tarixdə verilmiş icra qeydindən görünür ki, ünvan 1 ünvanıda qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (AZE0*******, xx.xx.2011 00:00-Xəzər RPİ) xeyrinə Bakı, Nizami, İnzibati bina, Ş.Mirzəyev küç, ev 71 ünvanında qeydiyyatda elan xx.xx.1996-ci il təvəllüdlü Cavabdeh (AZE********, xx.xx.2014 - Bakı-Nizami RPİ. faktiki yaşadığı ünvan: ünvan 300 manat 00 qəpik (on beş min manat sıfır qəpik) tutulmuşdur. Bundan əlavə borcludan Cavabdeh tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 15020 manat 00 qəpik (on beş min iyirmi manat sıfır qəpik) pul tutulması təklif edilmişdir. 20 manat xidmət haqqı ödənilmişdir. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 20 oktyabr 2020-ci il tarxili 1573 saylı məktubundan görünür ki, Bakı şəhəri 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 19 mart 2019-cu il tarixli, 3M-190 reyestr nömrəli kredit müqaviləsi üzrə verilmiş 20 oktyabr 2020-ci il tarixli, 81-33151 reyestr nömrəli icra qeydi icra olunmaq üçün icra şöbəsinə göndərilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20 may 2022ci il tarixli 1741-10 saylı məktubdan görünür ki, 5 saylı Bakı “Asan Xidmət" Mərkəzində Notariat kontorunun 33151 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh 15000 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Borclu Cavabdeh adına şəxsi əmlak və iş yeri olmadığından icra sənədinin icrasını təmin etmek mümkün olmamışdır. - 04 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş 19 mart 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı 15000 manat məbləğində borcunun yarandığını təsdiq etmiş, həmin məbləğdə borc pulu 19 mart 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəçiliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Yuxarıda istinad edilən notariat qaydada təsdiq edilmiş 19 mart 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 15000 manat məbləğində borc almış, tərəflər notariat qaydada müqavilə bağlamış və borc alan, yəni cavabdeh borc verənə, yəni iddiaçıya həmin məbləğdə borcunu 19 mart 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmadığı və bunun üçün real hərəkətlər etmədiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun verilməsi barədə tərəflər arasında olan 19 mart 2019-cu il tarixli müqavilə (əqd) yazılı (notarial) qaydada bağlanmışdır, həmin müqavilə (əqd), müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmışdır, müqavilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Borc alan Cavabdeh müqaviləni imzaladıqdan sonra, imzasının qarşısında soyadını öz xətti ilə yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; Məhkəmə iclasında müəyyən olundu ki, 19 mart 2019-cu il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 15000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin 19 mart 2019cu il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi 19 mart 2020-ci il tarixindən sonra cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Cavabdehin izahatında göstərdikləri ilə bağlı isə qeyd edilməlidir ki, o, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçıya borcundan 400 (hər ay 200 manat olmaqla) manat məbləğində ödəniş etməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir, hansı ki, yuxarıda istinad edilməklə məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş müqavilənin bağlanmasında cavabdeh şəxsən iştirak etməklə, 19 mart 2020-ci il tarixinədək “Borc verən”ə aldığı borcu notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, cavabdehin müqavilənin formal əsaslarla, əmisinin əvəzində bağlanmasına dair istinad etdiyi hallar iş materialları ilə öz təsdiqi tapmamışdır. Belə olan halda, məhkəmə cavabdehin göstərdiklərini əsaslı hesab etmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasəb fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Belə ki, cavabdeh epilepsiya xəstəsi olduğunu, psixoloji problemlərinin olduğunu, xəstəliyi ilə əlaqədar iş fəaliyyətinin yox dərəcəsində olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, cavabdeh tam fəaliyyət qabiliyyətli şəxsdir və o, öz öhdəlikləri üçün məsuliyyət daşıyır. Tərəflər arasında kredit müqaviləsi bağlanılarkən cavabdehə onun hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Cavabdeh kredit müqaviləsinin doğura biləcəyi nəticələr barəsində məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat məbləğində borc, icra qeydininə görə ödənilmiş 20 (iyirmi) manat və ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində borc, icra qeydininə görə ödənilmiş 20 (iyirmi) manat və ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar