Məhkəmə qərarları › İş №2(007)-2113/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2113/2022

02.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2113/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə 04 noyabr 2001-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından övladları xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvvəllüdlü X4 anadan olmuşlar. 08 iyul 2013-cü il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsilə nikahlarının pozulması, uşaqların onun yanında qalması və uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmisi 200 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə iddia tələbi təmin edilmişdir. Hazırda xx.xx.2003-cü il təvəllüdlü uşaqları X1 yetkinlik yaşına çatmışdır. Ona görə də cavabdeh tərəfindən ona münasibətdə aliment ödənilmir. xx.xx.2006-cı il təvəllüdlü X4 hazırda fərdi hazırlığa gedir. Tələbatı çoxalmışdır. O, isə tək onun tələbatını ödəməyə çətinlik çəkir. Cavabdehin ödədiyi 100 manat isə uşağın saxlanması üçün kifayət etmir. Uşağın demək olar ki, bütün tələbatını qarşılamaq onun üzərinə düşür. Cavabdeh isə hər cür imkanı olduğu halda 100 manatdan artıq aliment ödəmir. Buna görə də, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşaq 20 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh tutulan 100 manat alimentin miqdarının artırılaraq, cavabdehin hər cür gəliri nəzərə alınmaqla, 200 (iki yüz) manat alimentin ondan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh poçt vasitəsilə iddia tələbinə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçı Şəbinə Şayxalova ərizəsində guya onun hər cür imkanı olmasını əsas gətirməklə ondan 1 uşağa görə 200 manat aliment tutulmasını tələb edir. Onun bu barədə yazdıqları tam yalandır. Çünki, o 2-ci qrup əlil olmaqla, əmək qabiliyyətsizdir, ayaqları xəstə olduğundan yeriyə bilmir və xəstəliyi ilə əlaqədar olaraq da heç bir yerdə işləyə bilmir. Maddi vəziyyəti isə həddindən artıq pisdir. Belə ki, ümumi xəstəliklə əlaqədar olaraq müalicəsinə və dərmanlara xeyli xərci çıxır. İddiaçı isə sağlamdır, əmək qabiliyyətlidir. Özünün deməsinə görə işləyir. Bundan başqa iddiaçı anası ilə birlikdə qalır və anası da işləyərək ona maddi köməklik edir. Bu o deməkdir ki, iddiaçı özü də uşağın maddi cəhətdən saxlanılmasında iştirak etməlidir. Bununla belə onun tərəfindən iddiaçıya, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən bütün illərin alimenti vaxtlı-vaxtında ödənilmiş, 2022-ci ilin yanvar ayından may ayına qədər olan 5 ay aliment borcu isə tərəfindən birdəfəlik olaraq 500 manat miqdarında iddiaçıya ödənilmişdir. Bu faktı təsdiq edən bank qəbzinin surətini etirazına əlavə edir. İddiaçı iddia tələbində ondan 200 manat aliment tələb etsə də, lakin o, hər ay cəmi 193 manat aliment ödəyə bilər. Çünki özünün də maddi vəsaitə çox böyük ehtiyacı var. Belə ki, o işləmir və heç bir gəlir yeri də yoxdur. İddia ərizəsinin qismən təmin edilməsi, xx.xx.2006-cı il təvəllüdlü oğlu Samir Şayxalovun saxlanılması üçün ondan iddiaçının xeyrinə tutulacaq alimentin məbləğinin 193 manat miqdarında müəyyən edilməsi və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, lakin poçt vasitəsilə iddia tələbinə etiraz göndərmişdir və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 861368 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İ seriyalı, 242295 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə, 316 nömrə ilə qeyd edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(007)-917/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri “Səadət Sarayı”nda 04 noyabr 2001-ci il tarixdə 1665 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 16 dekabr 2003-cü ildə anadan olmuş X3 və 20 noyabr 2006-cı ildə anadan olmuş X2 anası İddiaçı himayəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, № MŞB/4-00471 saylı arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlı X4 anası İddiaçı yanında qalmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(007)-917/2013 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və oəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəoin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(007)-917/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 20 noyabr 2006-cı il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı halda, alimentin tutulması ilə bağlı ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən az olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 noyabr 2006-cı il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli 2(007)- 917/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 20 noyabr 2006cı il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar