Məhkəmə qərarları › İş №2(007)-2161/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2161/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2161/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10825 ABŞ dollar borc məbləğinin ödəmə günü Azərbaycan manatına olan məzənnəsi ilə hesablanaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 1986-cı illən tanıyır. Cavabdehlə bilrikdə bir təşkilatda 4 nömrəli Tikinti Trestində işləmişlər. Sonra o, "Sədərək" Ticarət Mərkəzində ticarətlə məşğul olmağa başlamışdır. Təximinən 2018-ci ilin sentyabr ayında, O ticarət işləri ilə əlaqədar ondan oranı işlətmək üçün 6 ay müddətinə borc pul verməyi xahiş etmişdir. O, cavabdehi əvvəldən tanımağı və onun belə səmimiyyətinə inanıb 2018-ci il 15 sentyabr tarixdə 43.000 (qırx üç min) ABŞ dollar məbləğində pulu ona borc olaraq vermişdir. Cavabdeh ondan borc olaraq almış olduğu pulu 6 aydan sonra, təxminən 2019-cu il aprel tarixə kimi tam qaytarmağa söz vermişdir. Borc olaraq ondan aldığı 43.000 (qırx üç min) ABŞ dollarının 32.175 (otuz iki min bir yüz yetmiş beş) ABŞ dollarını Cavabdeh tərfindən ona hissə-hissə qaytarılmışdır. O, cavabdehdən ona olan borcunun tam qaytarmağı tələb etmək üçün onunla və iki oğlu ilə 2021-ci il tarixdə görüşmüşlər. Ona söz vermişdir ki, pulunu tam qataracaqdır. 2021-ci ilin dekabrında 5000 (beş min) ABŞ dolları qaytarmışdır. Daha sonra da 5000 ABŞ dolları 2022-ci ilin iyul ayında qaytarmışdır. Hazırda cavabdehin qalan 10.825 (on min səkkiz yüz iyirmi beş) ABŞ dollarını dəfələrlə onunla əlaqə saxlayaraq borcun ödənilməsini tələb etsə də, hazırda həmin məbləğ ödənilməmiş qalır. Hər dəfə telefonla əlaqə saxlayanda, görüşəndə demişdir ki, 3 aya qaytaracaqdır, 5 aya qaytaracaqdır, ama qaytarmamışdır. 2024-cü ilin aprel ayında zəng etmişdir, lakin o, onun telefonunu bloka atmışdır. O, pulu verəndə demişdir ki, bu pula qızına “Xuruşovka” layihəli 2 otaqlı ev alacaqdır, pulu ala bilmədiyi üçün ağır vəziyyətə düşmüşdür. Cavabdeh tərfindən yuxarıda qeyd olunan məbləğ ödənilmədiyindən məcbur qalıb bu barədə şikayət ərizəsi ilə 29 iyul 2024-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi 3-13/1-Ə-659xx/xx/2024 nömrəli müraciəti aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayonu Polis İdarəsinin 7-ci Polis Bölməsinə göndərilmişdir və onları polis bölməsinə dəvət etmişlər. Cavabdeh Binəqədi Rayonu Polis İdarəsinin 7-ci Polis Bölməsində verdyi yazılı izahatında ondan borc pul aldığını etiraf edərək, ondan aldığı borc pulun bir qismini qaytardığını, lakin yerdə qalan məbləği də yaxın zamanlarda qaytaracağını qeyd etmişdir. Cavabdeh borc olaraq verdiyi 43.000 (qırx üç min) ABŞ dollar məbləğindən qalan 10.825 (on min səkkiz yüz iyirmi beş) ABŞ dollardan bu günədək ona heç bir məbləğ ödənilməmişdir. Son ödənilən məbləğ 2022-ci ilin iyun ayında 5000 ABŞ dolları olmuşdur. Bir sözlə Binəqədi Rayonu Polis İdarəsinin 7-ci Polis Bölməsinə etdiyi müraciəti də heç bir nəticə verməmişdir. Belə ki, Binəqədi Rayonu Polis İdarəsinin 7-ci Polis Bölməsinin xidmət üzrə rəis müavini Rasim Qocayev tərəfindən ünvanlanmış vəkil sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli, 4/2-3906 nömrəli cavab məktubu ünvanlanmışdır. Həmin cavab məktubu da qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı olan borcunun qaytarmaması ilə bağlı müraciətinə baxılmış, Cavabdeh əməlində cinayət və inzibati xəta tərkibi aşkar olunmamışdır. Bu səbəbdən də aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh ona olan borcun ödənilməsini yerinə yetirmir və müxtəlif bəhanələr gətirərərək qeyd olunan məbləği ödəməkdən yayınır. Sadlanan normaların tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli və 10.825 (on min səkkiz yüz iyirmi beş) ABŞ dolları ödəniş gününə Azərbaycan manatına olan məznnəsi ilə hesablanaraq ona verilməlidir. İddia ərizəsinə əlavə etdiyi AR Əmək və X2 Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan aydın olduğu kimi ona, 1990-cı il yanvar hadisələri ilə əlaqədar sol baldır sümüklərinin odlu silahla yaralanmasından sonra qeyridüzgün bitişmiş sınığı, sol baldırın kelloid çapıqları, sol bud sümüyünün xr asteomieliti, sağ aşağı ətrafın 7-8 sm qısalması, sol bazu oynağının postravmatik artrozu diaqnozu qoyulmuşdur. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi və əlavə olaraq izahatında göstərdi ki, iddiaçı iki dəfəyə 5000 dollar verdiyini deyir, amma o, 10000 dolları bir dəfəyə iddiaçıya qaytarmışdır. İddiaçıdan 43000 dollar almışdır. Ondan öncə də 20000 dollar almışdır, ona 10000 də xeyir də vermişdir.O, Sədərək Ticarət Mərkəzində al-ver etmişdir. Vəsaiti iddiaçı qoymuşdur, o da iddiaçıya qazandırmışdır. Sonra o, bankrot olmuş, evi satmış, vəziyyəti pisləşmişdir. Mağazada yüz minlik malı yanmışdır. Ona görə pulu verə bilməmişdir. İndi 10000 dollar borcu qalmışdır. Hal-hazırda vəziyyət gərgindir. Pulu iş görmək üçün almışdır, xeyir də vermişdir. Pulu iddiaçı vermiş, işi isə o görmüşdür. O, borcunu pensiyasından hissə-hissə verməyə razıdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb, məhkəmə prosesində iştirak edən tərəflərin izahatlarını dinləyib və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı, məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatlarında, iddiaçının həqiqətən borc aldığını, həmin borcun bir hissəsini qaytardığını, sonradan işlərində problem yarandığından borcu qaytara bilmədiyini, lakin borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı iddia tələbində istinad etdiyi hallar, borcun verilməsi, borcun məbləği və s. Cavabdeh tərəfindən məhkəmə iclası zamanı verdiyi izahatı ilə təsdiqləndiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 146 manat dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10825 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və 146 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 10825 ABŞ dolları məbləği ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və 146 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar