Məhkəmə qərarları › İş №2(007)-2174/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2174/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2174/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı alğı-satqı yolu ilə torpağın satılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı alğı-satqı yolu ilə torpağın satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən Bakı şəhəri Nizami Bələdiyyəsinin xx xxxxxxx 2017-ci il tarixli 10 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yanında yerləşən, ümumi sahəsi 105 (bir yüz beş) kv.m olan torpaq sahəsinin ona 49 (qırx doqquz) il müddətinə icarə hüququ əsasında onun istifadəsində olan torpaq sahəsinin alqısatqı yolu ilə ona satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yer quruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qqanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Həmin maddənin 2-ci hissəsinə əsasən bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə dövlətsizləşdirmə və özləşdirmə haqqında qanunvericiliklə nəzərdə tutulan qaydada tamamilə və ya qismən satın ala bilər. Belə ki, iddiaçı bələdiyyə tərəfindən icarə hüququ əsasında onun istifadəsinə verilmiş torpaq sahəsinin alqı-satqı yolu ilə ona satılmasını xahiş etmişdir. Lakin nəzərə alınmalıdır ki, yuxarıda göstərilən qaydada həmin işin həyata keçirilməsi icarəyə verən bələdiyyənin səlahiyyətlərinə aiddir. O, bələdiyyəyə müraciət etməli, imtina aldığı təqdirdə inzibati məhkəməyə müraciət etməlidir. İddia əslində bələdiyyəyə etmiş, lakin bu müraciət xx xxx 2020-ci il tarixdə olmuşdur və həmin imtinanın əsasları da başqa səbəbdən olmuşdur. Mövcud vəziyyət üçün isə müraciət və imtina yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin ddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 152, 263-264 və 268-269-çu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı alğı-satqı yolu ilə torpağın satılması tələbinə dair dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar