Məhkəmə qərarları › İş №2(007)-2175/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2175/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2175/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 45000 (qırx beş min) manat, 8200 (səkkiz min iki yüz) ABŞ dolları məbləğində borcun ödənilən günə olan məzənnəyə görə manatla, xx.xx.2022ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə geçikdirdilmiş vaxt üçün həmin məbləğin illik beş faizini təşkil edən 8603,21 məbləğində pulun, 322,63 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 45000 (qırx beş min) manat, 8200 (səkkiz min iki yüz) ABŞ dolları məbləğində pulu borc verib. Bununla bağlı, cavabdeh ona 25 may 2022-ci il tarixdə qəbz yazaraq vəd verib ki, xx.xx.2022-ci il tarixinə qədər bu pulları qaytaracaq. Hadisənin şahidləri X3 və X1r. Onlar da həmin sənədə imza atıblar. Cavabdeh bu müddət ərzində daima ona söz verirdi ki, pulunu qaytaracaq. Lakin son dövrdə telefon zənglərinə cavab verməməsi onda cavabdehə olan inama son qoyub. Cavabdeh ona olan borcunu könüllü ödəmədiyindən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olur. Odur ki, cavabdehdən ondan götürdüyü 45000 manat və 8200 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına məzənnəyə uyğun nisbətdə) məbləğində borc, öhdəliyinin icraatına başlanıldığı vaxtdan, xx.xx.2022-ci il tarixdən bu günə kimi borcunu geçikdirməsinə görə həmin məbləğə illik beş faiz hesablanmaqla 8603 manat məbləğində (45000+13940=58940+32 ay üçün illik 5 % (1 ay üçün 245,58) = 7858,56+25 gün üçün (1 gün üçün 8,18)= 7858,56+204,65= 8603,21 manat) pul tutulmalıdır.

İş materialları:

3. Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, 2021-ci ilin noyab və dekabr ayları ərzində İddiaçı 45000 Azərbaycan manatı, 8200 ABŞ dolları məbləğində pulları faizsiz olaraq borc alıb. xx.xx.2022-ci il tarixinə qədər bu pulları İddiaçı qaytaracaq. Bu yazını öz istəyi ilə, heç bir təsir altında qalmadan, sadəcə müəyyən vaxt möhlət almaq üçün yazır. İddiaçı həmin qəbzin üzərində Cavabdeh borcu ödəməsi üçün xx.xx.2022-ci il tarixinə kimi möhlət verdiyini qeyd etmişdir. Qəbz şahid X3, X2 tərəfindən də imzalanmışdır.

4. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi iddiaçı Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 323 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iddiaçı Cavabdeh iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. 45000 manat, 8200 ABŞ dolları ödnilən günə olan məzənnəyə görə manatla, borcu gecikdirilmiş vaxt üçün həmin məbləğin illik 5% təşkil edən 8603,21 manat məbləğində pulu və 322,63 manat dövlət rüsumunu iddiaçıya qaytarmağa razıdır. Etirafın nəticələri ona aydındır.

Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

İşin faktiki halı:

10. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 45000 manat və 8200 ABŞ dolları borc pul verilib. Lakin cavabdeh hazırki vaxtadək borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı 45000 manat və 8200 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcun, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 8603,21 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

13. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

14. Azərbaycan Respublikası Konstitusiyasının: 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir.

16. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

17. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır.

Nəticə:

18. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 45000 manat, 8200 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), borcun gecikdirilməsi üçün illik 5 faizlə hesablanmış 8603,21 manat faiz borcu İddiaçı xeyrinə tutulmalıdır..

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ərizəsinin verilməsi üçün 323 manat dövlət rüsumu ödənilmişdir.

21. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 323 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 45000 manat, 8200 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), borcun gecikdirilməsi üçün illik 5 faizlə hesablanmış 8603,21 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 323 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar