Məhkəmə qərarları › İş №2(007)-2195/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2195/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2195/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin miqdarının artırılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də o aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraicət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 193 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda xx.xx.2013-cü il təvəllüdlü X3 11 yaşı var. Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa, ödəməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də ididaçı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İş materialları :

3. AZ-İ seriyalı, 489150 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 441 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Həsənova” soyadı verilmişdir.

4. AZ-İİİ seriyalı, 121909 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2013-cü ildə doğulmuş və bu barədə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1770 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası X7r.

5. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 3307/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia ərizəsi təmin edilərək Cavabdeh ilə Həsənova (Yusubəliyeva) Aynur Ələkbər qızı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 555 nömrə ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 anası X6 yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir.

6. “Mediasiya Şurası” Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/6-00391 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.

Tərəflərin izahatları :

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə 193 manat aliment təyin edilmişdir. Özü 350 manat əmək haqqı alır. Uşaq məktəbə gedir və uşaqların xərclərini ödəyə bilmir. Cavabdeh xaricdə yaşayır. Onun hazırda aliment borcu var. 2024-cü ilin aprel, may aylarının aliment ödənişini etmiş, lakin may, iyun, iyul aylarının ödənişləri qalmışdır. Onun buna etirazı yoxdur. Əsas odur ki, cavabdeh ödəniş edir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

9. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 07 iyul 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahdan xx.xx.2013-ci il təvəllüdlü X9 anadan olmuşdur.

10. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 3307/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmışnikah pozulmuş, uşaq ananın yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment təyin edilmişdir.

11. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-3307/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat aliment məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. Uşaq Hüquqları haqqında Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :

8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

19. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu : 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

23. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

24. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbini irəli sürmüş və tələbini uşağın tələbatlarının və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır.

25. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.

26. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

28. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-3307/2022 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişmiş, uşağın maddi tələbatları, uşaqlar üçün yaşayış minimumu məbləği artmışdır.

29. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

30. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

31. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

32. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

33. Məhkəmə qeyd edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüməsi tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

34. Məhkəmə hesab edir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və bu miqdar dəyişməlidir.

35. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

36. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduğunu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq qeyd edir ki, xx.xx.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

37. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimentin miqdarı hər ay uşaq üçün 235 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.

38. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərcləri :

39. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

41. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 42 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 504 (42x12=504) manat müəyyən edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır.

42. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

43. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərci (50 manat) hazırki mülki iş üzrə hesablanmış dövlət rüsumunun məbləğindən (30 manat) çox olduğu üçün mülki iş üzrə dövlət rüsumu tutulmamalıdır.

Nəticə :

44. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2013-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-3307/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar