Məhkəmə qərarları › İş №2(007)-2212/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2212/2024

10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2212/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı1 Mı̇ rələkbər oğlunun və cavabdeh Səfərov Namı̇ q Muxtar oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Səfərov Namı̇ q Muxtar oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı1 Mı̇ rələkbər oğlu cavabdeh Səfərov Namı̇ q Muxtar oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara dəyən 100 manat ziyanın, yalandan yayın dəyişilməsinə görə, 100 manat şkifin (dişli çarxın) dəyişməsinə görə Namiqin onlardan aldadıb aldığı ümumi 200 manat maddi ziyanı nəzərə alıb Cavabdeh (tel: *** *** ** **) bu məbləği alıb onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 saylı hərbi şəhərciyin sakinlərionların həyətinə kənar maşınların daxil olmaması üçün məhəllənin girəcəyinə beş il olar ki, şlaqbaun qoymuşlar. Məhəllə “ATV” televziyasının yanında yerləşməklə 8 (səkkiz) ədəd doqquz mərtəbəli binadan ibarətdir. Şlaqbaun 2024-cü il may ayının əvvəlində xarab olmuşdur. Qonşuluqda olan yataqxananın komendantı Azər müəllimin məsləhəti ilə Cavabdeh dəvət etmişlər və müəyyən olunmuşdur ki, şlaqbaunun dişli çarxlarından birinin dişləri sıradan çıxıb. Cavabdeh onlardan 100 (yüz) manat pul istəmiş, o da xx.xx.2024-cü ildə qonşu Quliyev Azərin (tel: 050 *** ** ** hərbi prokuror, palkovnik leytenant, Şərifzadə 10a, mən 20) yanında 100 manat pulu Namiqə vermişdir. Həmən gün istirahət günü olduğundan cavabdeh anbarın işləmədiyini, sabah gətirib yerinə qoyacağını bildirmişdir. Səhəri gün onunla telefonla əlaqə saxlamış, o da şkifin (dişli çarx) anbarda olmadığını söyləmişdir. Ancaq Suraxanıda hansısa bir zavodda sifariş verib düzəltdirmək olar. Onlar şkifi 120 manata deyil, 220 manata hazırlayacaqlarını bildirdi və təklif etdi ki, şkifə bu qədər xərc çəkənə kimi ona 400 manat da verilsin, o da şlaqbaunu başqa birisi ilə əvəz etsin. O başa düşmüşdür ki, onları aldadıb pul almaq istəyir. O, hərbi Kapitan 1992-ci ildən Ali Məhkəmənin Hərbi Kollegiyasında 9 il dəftərxana rəisi vəzifəsində işləmiş, 2000-ci ildə təqaüdə çıxandan sonra 2001-2019-cu ilə kimi ağır cinayətlər məhkəməsində arxiv müdiri vəzifəsində 20 il təcrübəsi olan bir şəxs kimi onlara qarşı dələduzluq (CM-nin 178-ci maddəsi) etmək istədiyini bilmişdir. İkinci dəfə Namiq gələndə məlum olmuşdur ki, onun xarab olmuş şkifi çıxarmağa “syomnik”-i belə yoxdur. Odur ki, ona verdikləri 100 manatı geri istəmişlər. Qonşu (İkinci Qarabağ veteranı) Əliyev İlqar (tel: *** *** ** **, Şərifzadə 10a, mən. 41) ona pul kartını göstərmiş, Namiq pul kartının şəklini öz telefonu ilə çəkmiş və söz vermişdir ki, evə gedən kimi pulu karta köçürəcəkdir. Onlar bir neçə dəfə cavabdehlə əlaqə saxlamalarına baxmayaraq, bəhanələr etmişdir. Yasamal rayonunda yerləşən 28-ci polis bölməsinə şifahi surətdə bu barədə müraciət etmiş, bölmədə baş leytenant, təhqiqatçı Kamran Cavadov (tel: *** *** ** **) Namiq ilə telefon əlaqəsi saxlamış və cavabdeh ona da (bu xx.xx.2024-cü il tarixində olub) pulu İlqar Əliyevin pul kartına köçürəcəyinə dair söz vermişdir. Onların sahə müvəkkili, polis mayoru Səbuhi müəllim onlara məsləhət gördü ki, Yasamal Rayon Məhkəməsinə müraciət etsin. Eyni zamanda, xx.xx.2024-cü ildə də usta gəlib yalandan şlaqbaunun bir yayının (purjunun) pis işlədiyini bəhanə edib (hansı ki, o yay işlək vəziyyətdə idi) məhəllə sakini İddiaçı2 (tel: *** *** ** **, Şərifzadə 6 mən.24) 100 manat pul alıb başqa bir yay ilə əvəz edib. Şlaqbaun məhəllə sakinlərinin pulu ilə alınıb və onların əmlakıdır. İddiaçı1 Mı̇ rələkbər oğlu və İddiaçı2 məhkəməyə ərizə verərək İddiaçı2 da iddia ərizəsində iddiaçı kimi qeydiyyata alınması, Cavabdeh şlaqbaunun yayının yalandan dəyişməsinə görə 100 manat məbləğində ziyanın İddiaçı2, şlaqbaunun dişli çarxlarının dəyişməsinə görə 100 manat məbləğində ziyanın və məhkəmədə bu iddianın baxılmasına görə İddiaçı1 Mı̇ rələkbər oğlunun ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 130 manat məbləğində vəsaitin alınıb İddiaçı1 Mı̇ rələkbər oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı1 Mı̇ rələkbər oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 26 nömrəli hərbi şəhərcikdə yaşayırlar və yaşadıqları yerin yaxınlığında da “ATV” kanalı yerləşir. Kanalın əməkdaşları tez-tez maşınlarını onların həyətinə buraxdıqlarına görə həyətə şlaqbaun qoymuşlar. Bir müddət sonra şlaqbaun xarab olmuş, 2024-cü ilin may ayında qonşuluqda olan yataqxananın komendantı Azər müəllim onları Namiq ilə tanış etmişdir. Namiqlə danışan zaman o, danışdıqları günün istirahət günü olduğunu və həmin günün sabahı gələcəyini bildirmiş, lakin dediyi gün gəlməmiş, növbəti gün zəng etdikləri zaman Namiq isə hamısının dəyişməsinin daha yaxşı olacağını, 400 manat versələr 500 manata həll edəcəyini bildirmişdir. Bundan sonra Namiqi çağırmışlar, gəlib şlaqbauna baxmışdır. O, Namiqlə razılaşmamış və onun dələduzluq etmək istədiyini anlamışdır. Namiqə pulu qaytarmağı bildirəndə üstündə pulun olmadığını, məhəllənin sakinlərindən Əliyev soyadlı bir şəxsin kartının şəklini çəkərək axşam pulu atacağını qeyd etmişdir. Lakin 2 gündən sonra beh göndərdiyini, ancaq onu aldatdıqlarını, 400 manatı vermədiklərini bildirmişdir. Bundan sonra Namiqi 28 saylı polis bölməsinə dəvət etmişlər, lakin Namiq oraya gəlməmişdir. Namiq sağlam yayı götürüb dəyişib. Cavabdehin şlaqbaunun yayını dəyişməsi üçün 100 manat pulu həyat yoldaşı İddiaçı2 vermiş, sonradan həyat yoldaşı Türkiyədə həkimdə olmuş, həkimdən gələndə cavabdehin eyni purjunu qoyduğunu görmüşdür. Əgər əvvəlki purjun işləyirdisə, Namiq niyə yenidən purjunu dəyişirdi. Namiq deyir ki, şlaqbaun axıra kimi bağlanmırdı ona görə purjunu dəyişmişdir. Səhəri gün göz həkiminə gedəndə cavabdehin purjunu çıxardığını görmüşdür. Purjun dəyişəndən sonra şlaqbaun işləmişdir. O, hərbi prokuror olmuş Azər Quliyevin yanında şlaqbaunun dişli çarxlarına görə 100 manat pulu Namiqə vermiş, Namiq isə İlqar Əliyevin yanında kartın şəklini çəkmiş və pulu şəklini çəkdiyi karta göndərəcəyini bildirmişdir. Cavabdeh dələduzluq edib, hələ onları dələduzluqda ittiham edir. Namiq 100 manatı alanda, kartı şəklini çəkəndə niyə 80 manat beh verməsini onlara bildirməmişdir. Şkifin qiyməti 100 manat idi, Namiq ilk öncə anbardan götürüb gətirəcəyini desə də sonra 220 manata Suraxanıda olduğunu, onu sruniklə çıxarmaq lazım olduğunu, onun isə heç yerdə olmadığını bildirmişdir. Orada vintin dəyişilməli idi, purjunun dəxli yoxdur. Məlahət xanım Namiqi çağırmayıb, ona təklif edib. Üstündən 4-5 gün keçəndən sonra şkifin dişləri xarab oldu, dəvət etdilər, o da gəldi baxdı. Purjun dəyişsə də, şlaqbaun bağlananda məsafə qalırdı, şlaqbaun tam bağlanmırdı. Namiq purjunu sıxdı, buraxdı, çıxartdırdı ki, guya bu xarabdır. O, Məlahət xanımın verdiyi pulu purjuna görə vermişdir. O, Məlahət xanıma cavabdehin onu aldatdığını söyləmişdir. Namiq 10 manat da verilməsini istəmişdir ki, blokun sirrini onlara açsın. Məlahət xanım da 10 manat vermiş, blokun 200 yox, 1200 yaddaşlı olmasını bildirmişdir. O, iki dəfə 28-ci X4 Səfərovu çağırtdırmış, ancaq o gəlməmişdir. Bölmənin təhqiqatçısı, sahə inspektoru da onu çağırmışdır ki, razılaşma olsun. Cavabdeh əlavə olaraq hamısını dəyişmək üçün 400 manat da pul istəyirdi. Onların sahə müvəkkili də onu çağırsa da gəlməmişdir. Bununla bağlı polisə rəsmi müraciətləri olmamışdır. Həmçinin, cavabdeh digər iddiaçı olan həyat yoldaşının mobil nömrəsinə zəng edərək ona iddia ərizəsini geri götürdükdən sonra pulu ödəyəcəyini bildirmişdir. Bütün bu məsələlər 11 may 2024-cü ildə olan məsələdir, pulu qaytaran indiyə kimi qaytarardı. İndi şlaqbaunu Aftandil adlı başqa adam düzəltdi, şkifi dəyişdi, çıxardı, dişli çarxı yondu. Həmən şkifi dəyişəndən sonra o gündən bu yana şlaqbaun işləyir. Purjun eyni purjundur, çıxardığı purjun da ondadır. Purjunu dəyişməsə işləyəcəkdi, dişli çarx məsələsi sonradan peyda oldu. Purjun səbəb yaratmayıb. Əvvəl şlaqbaunun problemi dişində olmamışdır, onda işləyirdi. Purjunu düzəldəndən sonra bağlanarkən məsafə problemi aradan qalxmadı. Cavabdeh pulun əvəzində heç bir iş görməmişdir Məhkəmə iclasında cavabdeh Səfərov Namı̇ q Muxtar oğlu iddia tələbinə münasibətdə bildirdi ki, illərdir ki, usta kimi fəaliyyət göstərir, avtomatik qapılar, şlaqbaun sistemi, bəzi elektronik avadanlıqları təmir edir. Onu bir neçə ay əvvəl Yasamal rayonunda yerləşən məhəllələrin birindən şlaqbanunlarını təmir etmək üçün dəvət etdilər. O da şlaqbaunu təmir etmiş və təhvil vermişdir. Həmin vaxt Məlahət xanım onların da şlaqbaunlarını təmir etməsini xahiş etmişdir. Məlahət xanımgilin şlaqbaunu bərbad vəziyyətdə olsa da həmin şlaqbaunu da təmir etmişdir. Oraya 2-3 dəfə gedib-gəlib ehtiyat hissələrini dəyişmiş, şlaqbaunu işlək vəziyyətdə təhvil vermiş, bunun müqabilində Məlahət xanım ona 100 manat vermişdir. Bundan 1 ay sonra Məlahət xanımın həyat yoldaşı Qafar zəng edib şlaqbaunun xarab olduğunu, dişli çarxın yeyildiyini, dişlərin sındığını bildirmişdir. Bunun da səbəbi odur ki, şlaqbaun düzgün şəkildə istifadə edilməmişdir. Şlaqbauna yerində baxmış və onun şəklini çəkmiş, hissəsini axtarmasına baxmayaraq şlaqbaunun hissəsi Bakıda satışda olmamışdır və onu gətizdirmək lazım olmasını bildirmişdir. Onlara bildirmişdir ki, şlaqbaun köhnə şlaqbaundur. Hissələri işlətdikcə sıradan çıxır, daha keyfiyyətli bir avadanlıq alıb qoysalar daha uzun ömürlü olar. Onlara şlaqbaunun hissəsinin qiymətini də başa salmışdır. Qafar qonşularla danışıb məsləhətləşəcəyini bildirmişdir. Axşam Qafar ona zəng edib pulunu aparmasını, səhər gətirib şlaqbaunu qoymasını demişdir. Bununla da ona 100 manat beh vermiş, o da onu götürüb aparıb şlaqbaunu satana vermişdir ki, şlaqbaunu saxlasın, onu istəyən vardır. Bu söhbət axşam saat 11-də olmuş, axşam saat 10-11 də pulu Qafar ona vermişdir. Qafar səhər tezdən zəng edib demişdir ki, qonşular yığılıb məsləhət edirlər. Səhər bir də maşını sürüb məhlələrinə getmiş, gedəndə qonşuların yığıldığını görmüşdür. Qonşulardan biri təzəsinin yaxşı olduğunu, biri elə köhnəsini düzəltmələrini, xarab olan hissəsini çıxarmağı bildirmişdir. Oradakı sakinlər də özləri başa düşdülər ki, o, onların xeyrinə deyir, şlaqbaun dəyişməklə düzələn deyildir, digər hissələrinin də artıq vaxtı çatıb, düzəltmək lazımdır. Sonradan Qafar bir də zəng edib qonşuların razılaşmadığını, pul yığılmadığını və verdikləri behi gətirib qaytarmağı bildirmişdir. Sonradan o Qafarı başa salmışdır ki, pulu beh kimi vermiş, o da beh kimi aparıb şlaqbaunun hissəsini alacağı şəxsə vermişdir. Buna görə də həmin 100 manat behi qaytarmamışdır. Belə olanda o da Qafargilə işi görməyi, şestinanı dəyişməyi bildirmiş, Qafar da şestinanı tapmasını və dəyişilməsini demiş, lakin o şestinanı tapa bilməmişdir. Qafar da qonşulardan bir nəfərin yonub düzəldəcəyini bildirmiş, o da razılaşmış, onu çağırarsa gəlib edəcəyini, bu dəfə isə zəhmət haqqı almayacağını bildirmişdir. Bununla da məsələ bağlanmışdır. Bundan sonra isə ona məhkəmədən məktub gəlmişdir. O, Məlahət xanım ilə “Whatsapp” proqramı vasitəsilə ilə danışmış, Məlahət xanım da gəlib məsələni həll edəcəyini bildirmişdir. Məlahət xanım bir neçə aydan sonra Bakıya gələndə Məlahət xanımla telefonla bu məsələ barədə danışmış, o da danışıb məsələni yoluna qoyacağını bildirmişdir. Bu onların axırıncı danışıqları olmuş, o da Məlahət xanıma ilk dəfə ailəsinin yanında ona məhkəmədən məktub gəldiyini, lazımdırsa kart hesabı açacağını, pulu karta atacağını, ancaq iddia ərizələrini geri götürmələrini söyləmişdir. O, sonradan verilən 100 manatı karta atacaqdı. Məlahət xanımın verdiyi 100 manatı Məlahət xanım onun telefonuna cavab versə qaytaracaqdır. O, 100 manatı 50 manat olan hissəsində qəbul edir. Belə ki, o, benzin pulunu, əziyyətinin pulunu çıxaraq 3 ay əvvəl 50 manatını Məlahət xanıma demişdir ki, kartı versin, pulu ora göndərsin. O, niyə 100 manat verməlidir? Onun gedib-gəlmək üçün istifadə etdiyi benzin necə olsun? O, 100 manat pulu başqa şəxsə beh vermişdir. O, Qafara razıdırsa, yerdə qalan pulu da düzəltməsini, işlənmiş şlaqbaunu qoymalarını bildirmişdir. Həmin birinci 100 manatdan söhbət gedirsə, Məlahət xanım da, Qafar da bu purjunu axırıncı dəfə dəyişəndə onları aldadıb 180 manat pul alındığını demişdir. Onun hal-hazırda evində ağır xəstə var. Hazırda burada 200 manatdan söhbət getmir, ona sonuncu verilən 100 manatdan söhbət gedirdi, birincidən narazılıq olmamış, ondan sonra dəfələrlə həmin əraziyə getmiş, şlaqbaun işləmiş, purjunda da problem olmamışdır. Purjun normal olaraq işləməyə bilər, yaydır, boşala bilər. O, şestinanı dəyişəndən sonra şəkilini çəkmişdir, şlaqbaun axıra qədər bağlanırdı. Bir həftə sonra Məlahət xanım onu bir daha dəvət etmiş, qonşular da pultlar olmadığı üçün alınması laızm əlavə pultlar yazmışdır. Bir müddət keçəndən sonra Qafar onu yığıb şlaqbaunun xarab olduğunu, düzəltməsini bildirmişdir. Baxanda görmüşdür ki, şlaqbaunun dişləri yeyilmiş, sınmışdır. Onun qoyduğu purjun yerində olmuş, sınmamış, başqa bir problem meydana gəlmişdir. O da Qafara başa salmışdır ki, şlaqbaunun hissələri hərəsi bir yerdəndir, təmiz zavod malı deyildir. Şlaqbaunun problemini tapmışdır ki, problem dişlərdədir, onlar yonulsa idi düzgün olmayacaqdı, çünki dəmir bişmiş, keyfiyyətli dəmir olmalıdır. O, Məlahət xanıma da başa salmışdır ki, şlaqbaunun enib düşən qolu bu şlaqbaun modeli və motoru üçün ağırdır. Mayda düzəltdriblər, ancaq müddəti vardır, o yenidən işləməyəcək. O, 4 dəfə onların həyətinə getmiş, axırıncı dəfə onların həyətindən çıxanda işlənmiş şlaqbaunun başqasını qoya biləcəyini, zəmanətini də verəcəyini bildirmişdir. Əgər şlaqbaun işləyirdisə, Məlahət xanım öz məhəlləsindən 2 məhəllə aralı niyə yarım saat müddətində onu gözləyirdi, əgər şlaqbaun tam bağlanmırsa Məlahət xanım niyə ona pul verdi? Purjun dəyişəndən sonra işləmişdir, dişlərin purjuna dəxli yoxdur. Dişli çarx həmin mexanizmin içindədir, o dişli çarx şlaqbaunu endirib qaldırmağa kömək edir. O, şlaqbaunun qoluna baxanda bildirmişdir ki, bu qol bu şlaqbauna aid deyildir, ağırdır və şlaqbaunu endirib salmağa gücü çatmır. 2-3 həftə sonra dediyi kimi dişli çarx ağırlıqdan dişləri sınmış, o da ehtiyat hissə kimi Bakıda yoxdur. O, sübutlarını, lazım olsa iddiaçıların məhəlləsində yaşayan şahidlər də gətirə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qonşuları Namiqi həyətlərində qoyulmuş şlaqbauna baxması üçün çağırmışdır. Namiq şlaqbauna baxanda şlaqbaunun yayının (purjunun) xarab olduğunu və gətirib dəyişə biləcəyini bildirmiş, o da etiraz etməmişdir. Pulu Namiqə özü vermiş, ancaq cavabdeh işləyəndə onun səhhətində problem yarandığı üçün səhhəti ilə əlaqədar Türkiyəyə getməli olmuş və 1 aydan çox Türkiyədə müalicə almışdır. Namiq həyat yoldaşı Qafar müəllimə 100 manat da əlavə verməsini bildirmişdir. Cavabdeh onlardan 100 manat almış, lakin yenə də şlaqbaunda problemlər yaranmışdır. Həmçinin, Namiq Qafar müəllimə 100 manat beh verməsini, şkifi alıb gətirib dəyişəcəyini, sonradan lazım olmadığını bildirmişdir. Lakin cavabdeh həmin pulu qaytarmamışdır. O, Namiqə demişdir ki, Qafar müəllimdən aldığı 100 manatı qaytarsın. Namiq qonşularından kart hesabı almışdır ki, pulu oraya atacaq. Qafar müəllim kartdan istifadə etmədiyi üçün İlqar müəllim kart hesabını verdi ki, Namiq pulu oraya göndərsin, o da qayıdıb gələndən sonra məsələləri həll etsinlər. Namiq Qafar müəllimə qarşı dələduzluq edib. O, Namiqə bildirmişdir ki, Qafar müəllimin pulunu qaytarsın, qalan məsələləri o, Türkiyədən gələndən sonra həll edərlər. Lakin cavabdeh hər şeydən qaçdı, Namiq pulu qaytarmadı. Buna görə də Qafar müəllim məhkəməyə müraciət etdi. Cavabdeh iki universitet bitirdiyini bildirirdi, ancaq o, onun işlədiyi vəzifələrdə işləyə bilməzdi. Namiq ona bildirərdi ki, məsələ şlaqbaunun çarxı ilə bağlıdır. Onların binasının yanında “ATV” kanalı və onun ürək xəstəliyi olmasa idi ona heç şlaqbaun qoyulması lazım deyildi. O, ürəyi ilə əlaqədar piyada gəzməlidir. Həmin şlaqbaun da sakinlərin vəsaiti hesabına qoyulmuşdur. Qafar müəllim də təqaüdə çıxandan sonra bu məsələlər ilə maraqlanacağını bildirmişdir. Bundan sonra onlar 28-ci X2 bağlı şifahi şəkildə müraciət etmişlər. Namiq ona zəng edib Qafar müəllimin iddia ərizəsini geri götürməsini, bundan sonra Qafar müəllimlə görüşəcəyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında X3 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Şərifzadə küçəsində Hərbi şəhərcikdə Qafar müəllimgilin qonşuluğunda yaşayır. Bu məsələlər 2024-cü ilin may ayının əvvəlində olmuşdu. Onların həyətində şlaqbaun quraşdırılıb, lakin xarab olmuşdu. O, maşını duracaqdan götürmək istəyəndə Qafar müəllimlə rastlaşmış, Qafar müəllimdən şlaqbaunun niyə işləmədiyini soruşanda Qafar müəllim şlaqbaunun xarab olduğunu usta gələcəyini bildirmişdir. Ondan sonra Namiq gəlmiş, Namiqi şəxsən görmüş, o, maşınla gəlmiş, şlaqbauna baxmışdır. Qafar müəllim şlaqbaunun düzəldilməsi üçün ustanın 100 manat istədiyini bildirdi və Qafar müəllim Namiqə 100 manatı yanında çıxarıb verdi. O da həmin vaxt maşınla getməyi gözləyirdi və bu zaman hadisənin şahidi olmuşdur. Namiq sonradan 400 manat da pul istəmişdi. Bunu o, Qafar müəllimgildən eşitmişdi. Ancaq şlaqbaun üçün 100 manat istədiyini tam təsdiqləyir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, 2024-cü ilin may ayında İddiaçı2 ilə Cavabdeh arasında şifahi qaydada iddiaçıların həyətində quraşdırılmış şlaqbaunun yayının dəyişməsinə görə xidmət müqaviləsi bağlanılmış və sonuncuya buna görə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bundan sonra İddiaçı1 Mı̇ rələkbər oğlu ilə cavabdeh Səfərov Namı̇ q Muxtar oğlu arasında şifahi qaydada podrat müqaviləsi bağlanılmış, cavabdeh Səfərov Namı̇ q Muxtar oğlu iddiaçının yaşadığı məhəllədə xarab olan şlaqbaunun dişli çarxlarının düzəldilməsini, iddiaçı isə bunun nəticəsində ona işinin haqqı olan muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iddiaçı tərəfindən 100 manat cavabdehə verilsə də, sonradan onların razılaşması baş tutmamış şlaqbaun cavabdeh tərəfindən düzəldilməmiş ona ödənilən 100 manat ilkin ödəniş sonuncu tərəfindən geri qaytarılmamışdır. Belə ki, məhkəmə iclasında cavabdehin verdiyi izahat və X1 şahid qismində verdiyi ifadə ilə şlaqbaunun düzəldilməsi üçün İddiaçı1 Mı̇ rələkbər oğlu tərəfindən cavabdehə 100 manat vəsaitin verilməsi, tərəflərin razılaşmasının baş tutmaması öz təsdiqini tapmışdır. Bundan əlavə, cavabdeh həmin vəsaiti beh kimi verməsini bildirsə də buna dair əsaslı sübutlar təqdim etməmiş, iddia tələbini qismən qəbul edərək İddiaçı1 Mı̇ rələkbər oğlu tərəfindən ona verilmiş 100 manat pulun 50 manatını ona qaytaracağını və qalan 50 manat məbləği isə xidmət göstərəcəyi həyətə avtomobili ilə gedib-gəlməsinə görə xərc çəkməsi ilə əlaqədar qaytarmayacağını bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci, 752.2-ci, 762.3-cü, 765-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü və 191.3-cü maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin “İddiaçı1 Mı̇ rələkbər oğluna dəyən 100 manat ziyanın Cavabdeh alınıb ona ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, İddiaçı1 Mı̇ rələkbər oğlu ilə cavabdeh Səfərov Namı̇ q Muxtar oğlu arasınında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə müvafiq olaraq şifahi qaydada podrat müqaviləsi bağlanılmış, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən işi icra etməyi, iddiaçı isə həmin işin nəticəsi olaraq ona muzd ödəməyi öhdəsinə götürmüş, lakin tərəflərin razılaşması baş tutmamış, cavabdeh işi icra etməsi üçün ona 100 manat məbləğində ödənişi geri qaytarmamışdır. Bu hallar isə cavabdeh tərəfindən məhkəmə iclasında verdiyi izahat ilə qəbul edilmiş, cavabdeh məhkəmə iclasında verdiyi izahat ilə iddia tələbini qismən qəbul edərək İddiaçı1 Mı̇ rələkbər oğlu tərəfindən ona verilmiş 100 manat məbləğdən 50 manat vəsaitin qaytarılmasına razı olduğunu, gediş-gəliş olaraq sərf etdiyi benzin pulunun əvəzi olaraq qəbul etmədiyini bildirmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmçinin, qeyd edilən 100 manat vəsaitin cavabdehə verilməsi şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Səfərov Namı̇ q Muxtar oğlundan 100 manat pul vəsaitinin əvəzi tutulub İddiaçı1 Mı̇ rələkbər oğluna ödənilməlidir. Məhkəmə iddia tələbinin “yayın yalandan dəyişməsinə görə İddiaçı2 verdiyi 100 manatın Cavabdeh alınıb müvafiq olaraq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməmlidir. Belə ki, məhkəmə iclasında verilən izahatlar ilə İddiaçı2 tərəfindən cavabdehə 100 manat pulun verilməsi müəyyən edilsə də, həmin vəsaitin əvəzində cavabdeh tərəfindən görülmüş işin qüsurlu olması, cavabdehin işini düzgün görməməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırda iddia tələbi qismən təmin edildiyindən, İddiaçı1 Mı̇ rələkbər oğlu tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin yarısı olan 15 manat vəsaitin əvəzi Cavabdeh İddiaçı1 Mı̇ rələkbər oğlunun xeyrinə tutulmalı, İddiaçı1 Mı̇ rələkbər oğlu tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu ona aid edilməli, iddiaçının iddia tələbi xərclər qismində də qismən təmin edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Səfərov Namı̇ q Muxtar oğlundan 100 manat pul vəsaitinin və 15 manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı1 Mı̇ rələkbər oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı1 Mı̇ rələkbər oğlu tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar