Məhkəmə qərarları › İş №2(007)-2229/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2229/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2229/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2020-ci il tarixli, NZNPU-4845 saylı kredit müqaviləsinə əsasən illik 22 % (iyirmi iki) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 3390 (üç min üç yüz doxsan) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 31 Avqust 2020-cu il tarixli, NZNPU-4845 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 31 avqust 2020-cu il tarixli, NZNPU-4845 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 129,47 (bir yüz iyirmi doqquz manat qırx yeddi qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 31 avqust 2020-cu il tarixli, NZNPU-4845 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3390 (üç min üç yüz doxsan manat 00 qəpik) manat, faiz borcuna görə 436,77 (dörd yüz otuz altı manat yetmiş yeddi qəpik) manat, dəbbə borcuna görə 678 (altı yüz yetmiş səkkiz manat 00 qəpik) manat, borcun cəmi məbləği 4504,77 (dörd min beş yüz dörd manat yetmiş yeddi qəpik) manat təşkil edir. Cavabdeh 31 avqust 2020-cu il tarixli, NZNPU-4845 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3390 (üç min üç yüz doxsan manat 00 qəpik) manat, faiz borcuna görə 436,77 (dörd yüz otuz altı manat 77 qəpik) manat, dəbbə borcuna görə 678 (altı yüz yetmiş səkkiz manat 00 qəpik) manat, cəmi 4504,77 (dörd min beş yüz dörd manat yetmiş yeddi qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Bakı şəhəri Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə, o cümlədən Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2020-ci il tarixli NZNPU- 4845 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 3390 manat məbləğində kredit verilmişdir. Cavabdeh 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 31 avqust 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh həmin tarixli kredit müqaviləsi üzrə 3390 manat pulu nağd şəkildə İddiaçı ASC-dən almışdır; - İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 18 mart 2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 15 aprel 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı ASC-nin 09 aprel 2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh 31 avqust 2020-ci il tarixli NZNPU-4845 saylı kredit müqaviləsi üzrə 3390 manat əsas borcu, 436,77 manat faiz borcu, 678 manat dəbbə borcu olmaqla, cəmi 4504,77 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2020-ci il tarixli NZNPU-4845 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 3390 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş və 31 avqust 2020-ci il tarixdə kassa məxaric orderinə imza edərək 3390 manat pulu İddiaçı ASC-dən almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas, faiz və cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ASC ilə bağladığı 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 678 manat miqdarında dəbbə pulu (cərimə) 3390 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 31 avqust 2020-ci il tarixli NZNPU-4845 saylı kredit müqaviləsi üzrə 3390 manat əsas borc, 436,77 manat faiz borcu, 339 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 4165,77 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31 avqust 2020-ci il tarixli NZNPU-4845 saylı kredit müqaviləsi üzrə 3390 (üç min üç yüz doxsan) manat əsas borc, 436,77 (dörd yüz otuz altı manat, yetmiş yeddi qəpik) manat faiz borcu, 339 (üç yüz otuz doqquz) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 4165,77 (dörd min yüz altmış beş manat, yetmiş yeddi qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar