Məhkəmə qərarları › İş №2(007)-2241/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2241/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2241/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 09 mart 2009-cu ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan bir övladları 03 dekabr 2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Nizami Rayon Məhkəməsinin 12 iyun 2012-ci il tarixli 2(007)- 921/2012 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış 09 mart 2009-cu il tarixli nikahın pozulması, övladları 03 dekabr 2009-cu il təvəllüdlü X3 onun himayəsində qalmasının müəyyən edilməsi və 03 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 120 (bir yüz iyirmi) manat məbləğində alimentin alınıb ona ödənilməsi qət edilmişdir. X2 ehtiyaclarının təmin edilməsi Cavabdeh birbaşa vəzifəsidir və buna görə də hesab edir ki, təyin edilmiş alimentin miqdarı artırılmalıdır. Bu günün tələbatlarını nəzərə alaraq, 120 (bir yüz iyirmi) manatla bir uşağın ehtiyaclarını ödəmək çox çətindir. Bütün uşaqlar kimi övladlarının normal geyinməyə, qidalanmağa, gəzməyə, təhsil almağa, sağlam böyüməyə, inkişaf etməyə hüquqları vardır. Ona görə də Cavabdeh 175 (yüz yetmiş beş) manat məbləğində aliment tutulmalıdır ki, uşağın ehtiyaclarını ödəyə bilsin. Cavabdeh övladları 03 dekabr 2009-cu il təvəllüdlü X1 üçün Nizami Rayon Məhkəməsinin 12 iyun 2012-ci il tarixli, 2(007)-921/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib göstərdi ki, o, dövlət məşğulluq xidmətində bağban işləyir, hal-hazırda xəstədir, aliment ödəməyə maddi imkanı çatmır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı, 393391 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 dekabr 2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2012-ci il tarixli, 2(007)- 921/2012 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 09 mart 2009-cu il tarixdə Bakı Nikah Evində 295 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 03 dekabr 2009-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 28 fevral 2011-ci il tarixdən etibarən hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir; - AZ-İ seriyalı, 145024 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah ləğv edilmiş, bu barədə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 sentyabr 2012-ci il tarixdə, 238 nömrə ilə qeyd edilmişdir, nikah ləğv olunduqdan sonra qadına Mustafayeva soyadı verilmişdir; - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 5 saylı Şəhər Kliniki Xəstəxanasının epikrizinin surətindən görünür ki, o, 01 yanvar 2018-ci il tarixdə “hipertoniya və dissirkulyator ensefalopatiya xəstəlikləri İİİ mərhələ” diaqnozu ilə xəstəxanaya müraciət etmiş və 17 yanvar 2018-ci il tarixdə “Nevrologiya” şöbəsindən evə yazılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə 03 dekabr 2009-cu il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2012-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşağın ananın yanında qalması müəyyən edilmiş, Cavabdeh uşaq yetkinlik yaşına çatanadək 28 fevral 2011-ci il tarixdən etibarən hər ay 120 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2012-ci ildə 120 manat aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 8 ildən artıq müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2012-ci ildə müəyyən edilmiş 120 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Yaşayış minimumu məbləği hər il artırılsa da, iddiaçı məhkəməyə müraciət etməmişdir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılan aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında izahatında göstərilənlərin əsası yoxdur, onun irəli sürdüyü dəlillər iddianın təmin edilməməsinə əsas deyildir, habelə onu iddiaçı ilə birgə nikahından doğulmuş uşağın yaşayış minimumu məbləği həddində aliment vəsaiti ilə təmin edilməsinə maneə kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 03 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2012-ci il tarixli, 2(007)-921/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2012-ci il tarixli, 2(007)- 921/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 03 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu ondan alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar