Məhkəmə qərarları › İş №2(007)-2242/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2242/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2242/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 24.12.2019-cu il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən, aylıq faiz dərəcəsi 1.75% olmaqla 26 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 5000 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.08.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz hissəsindən ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan cəmi 1131 manat ödəniş etmişdir. Onun iddiaçıya 3869 manat məbləğində əsas borcu, 11.03.2021-ci il tarixə 199 gün üçün 397,57 manat faiz borcu və 11.03.2021-ci il tarixə 199 gün üçün 1076,05 manat cərimə borcu qalmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 24.12.2019-cu il tarixli 001A********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 3869 manat məbləğində əsas borcun, 397,57 manat faiz borcunun və 1076,05 manat məbləğində cərimə borcunun, cəmi 5342 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 24.12.2019-cu il tarixli 001A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 1.75% olmaqla 26 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 5000 manat məbləğində kredit verilmişdir Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26 ay müddətinə hər ay 242 manat ödəməyi öhdəsinə götürmüşdür. 24.12.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, cavabdehə 4950 manat pul ödənilmişdir. 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 001A********** saylı kredit müqaviləsi üzrə 3869 manat məbləğində əsas borcu, 397,57 manat faiz borcu və 1076,05 manat məbləğində cərimə borcu olmaqla cəmi 5342,32 manat məbləğində borcu qalmışdır. Cavabdeh ünvanlanmış 15.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, o, 24.12.2019-cu il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə yaranmış borc tələbinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barələsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu iltarixli 001A********** nömrəli kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.75% olmaqla 26 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 5000 manat kredit verilmişdir, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka əsas borca görə 3869 manat, 397,57 manat faiz borcu və 1076,05 manat məbləğində cərimə borcu olmaqla cəmi 5342 məbləğində borcu qalmışdır. Ona görə də iddia əsas borcun və faizlərin tələb olunması hissəsində əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 24.12.2019-cu iltarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə razılaşma üzrə 1076,05 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 1076,05 manat məbləğində dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 24.12.2019-cu il tarixli 001A********** saylı kredit müqaviləsinə xitam verilməli, Cavabdeh 3869 manat məbləğində əsas borc, 397,57 manat faiz borcu, 100 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu il tarixli 001A********** saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 3869 manat məbləğində əsas borc, 397,57 manat faiz borcu, 100 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulsun Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakı̇ m Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar