Məhkəmə qərarları › İş №2(007)-2249/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2249/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2249/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ‘‘KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən “İddiaçı" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 15 manat 90 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 185 manat 90 qəpik məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasımı yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV1”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxx” hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 28 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehə məxsusdur. Həmin ünvandan Məmmədov Hafiz əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında 21.02.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Belə ki, son abunə haqqının ödənilməsi 01.06.2017-ci il tarixdə baş vermiş və onunla şirkət arasında bağlanmış müqavilə münasibətlərinə 16.09.2017-ci ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. Sonra isə 08.11.2017-ci il tarixdə “xxxx” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 6725 N saylı akt tərtib olunmuşdur. Belə olan halda hesab edir ki, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Müqavilə münasibətlərinə son verildiyi 16.09.2017-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 08.11.2017-ci il tarixə qədər olan müddət 53 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 15 manat 90 qəpik təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə imiş, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkmiş. Belə ki, İddiaçı MMC ilə “xxxx” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. İddiaçı MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işlə bağlı iddia tələbinin həcminin azaldılmasına ehtiyac vardır. Qeyd olunanlara əsasən Cavabdehdan “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə bir aylıq abunə haqqı qismində 10 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 80 manat məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 08.11.2017-ci il tarixli 6725 N №-li aktdan görünür ki, həmin tarixdə Bakı şəhəri, Nizami rayonu, Kürçaylı 8 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 19 saylı mənzilinin sakininin KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən mənzil sakini qapını açmamışdır. - İddiaçı MMC-nin 22.01.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Məmmədov Hafiz arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 21.02.2016-cı il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, 01.06.2017-ci il tarixinədək isə son ödəməsini etmişdir. 16.09.2017-ci il tarixinə 35,30 AZN borc ilə şəbəkədən ayrılmışdır. - 18.03.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC Cavabdeh mənzilində keçirilən nəzarət baxışı zamanı hüquqi xidmət göstərilməsi üçün “xxxx” MMC-yə 150 (yüz əlli) manat pul ödəmişdir. - 28 saylı MKİS-in 08.12.2017-ci il tarixli, 539 №-li arayışından görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. 29.05.2002-ci ildən ev sahibidir. - 10.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 20,00 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin mahiyyətindən görünür ki, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa vurulan ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu adlanır və belə pozuntu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən mumi iddia müddəti on il təşkil edir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, 08.11.2017-ci il tarixdə ünvan 4 ünvanında yerləşən mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə 6725 N saylı akt tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, akt hər hansı hərəkət və faktı təsdiq edən sənəddir və tərtib edilmiş hər akt bir faktı təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, KATV1 kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı 10 manat olduğundan, cavabdehdən 08.11.2017-ci tarixli 6725 N №-li akta əsasən 10 manat məbləğində abunə haqqı qismində vurulmuş zərər tutulmaqla iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 150 manat məbləğində pulun ödənilməsi tələb edilmiş, daha sonra tərəflərindən bu məbləğ azaldılaraq 50 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 50 manat məbləğində pulun ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 50 manat və 20 manat dövlət rüsumu Cavabdehya aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, obyektiv, qərəzsiz hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 10 (on) manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, ümumilikdə 80 (səksən) manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 10 (on) manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, ümumilikdə 80 (səksən) manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar