Məhkəmə qərarları › İş №2(007)-2254/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2254/2021

15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2254/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 27 manat 90 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 197 manat 90 qəpik məbləğində pulun tutulub iddiaçı “AG Telekom" MMC-yə ödənilinəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən “AG” Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV 1”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 57 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehə məxsusdur. Həmin ünvandan X3 əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında 10.12.2016-ci il tarixdə müqavilə bağlanmışdır. Belə ki, son abunə haqqının ödənilməsi 01.08.2017-ci il tarixdə baş vermiş və onunla şirkət arasında bağlanmış müqavilə münasibətlərinə 05.09.2017-ci ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. Sonra isə 07.12.2017-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV 1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin aşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 6752 N saylı akt tərtib olunmuşdur. Belə olan halda hesab edir ki, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Müqavilə münasibətlərinə son verildiyi 05.09.2017-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 07.12.2017-ci il tarixə qədər olan müddət 93 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 27 manat 90 qəpik təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə imiş, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkmiş. Belə ki, “AG Telekom" MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. İddiaçının nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - İddiaçı MMC-nin 31 mart 2015-ci il tarixli 001 saylı müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X5, İddiaçı MMC KATV1-in əməkdaşı X6 və teleraio üzrə mütəxəssis X2 tərəfindən tərtib olunmuş 07 dekabr 2017-ci il tarixli 6752 N №-li aktdan görünür ki, həmin tarixdə ünvan 2 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 18 saylı mənzilinin sakininin KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən mənzili sahibi özünü təqdim etməkdən və akta imza çəkmədən imtina etmişdir. - İddiaçı MMC-nin 09 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan X8 arasında bağlanmış KATVl kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 10.12.2016-cı il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub 01.08.2017-ci il tarixinədək isə son ödəməsini etmişdir. 05.09.2017 il tarixində 9,60 azn borc ilə şəbəkədən ayrılmışdır. - "xxxx" MMC-nin 18.03.2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı MMC Cavabdeh mənzilində keçirilən nəzarət baxışı zamanı hüquqi xidmət göstərilməsi üçün 150 (yüz əlli) manat pul ödəmişdir. - 57 saylı MKİS-nin 29.01.2018-ci il tarixli, 247 №-li arayışından görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. O, həmin mənzilin sahibidir. Mənzildə dörd nəfərlik ailə tərkibi ilə qeydiyyatdadırlar. - 01.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 20,00 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin mahiyyətindən görünür ki, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa vurulan ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu adlanır və belə pozuntu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən mumi iddia müddəti on il təşkil edir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, 07 dekabr 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 114, 18 saylı mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə 6752 N saylı akt tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin 02.04.2019-cu il tarixli arayışından isə görünür ki,həmin cəmiyyətin KATV1kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən etibarən isə 10 manat, hər əlavə qoşulan teleqəbuledici üçün aylıq abunə haqqı isə 2 manatdır. Məhkəmə qeyd edir ki, akt hər hansı hərəkət və faktı təsdiq edən sənəddir və tərtib edilmiş hər akt bir faktı təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, KATV1 kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı 10 manat olduğundan, cavabdehdən 07 dekabr 2017-ci tarixli 6752 N №-li akta görə 10 manat məbləğində abunə haqqı qismində vurulmuş zərər tutulmaqla iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 150 manat məbləğində pulun ödənilməsi göstərilsədə, bu məbləğ iddiaçı tərəfindən həddindən artıq çox müəyyən edilmişdir. Ona görə də, bu məbləğ azaldılmalı və həqiqətə uyğun mütənasib qiymətlə müəyyən edilməlidir. Eyni zamanda, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15,50 manatı iddiaçıya, 4,50 manatı cavabdehə aid edilməlidir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 20 manat və 4,50 manat dövlət rüsumu Cavabdeh aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, obyektiv, qərəzsiz hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 10 (on) manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 30 (otuz) manat, 4,50 (dörd manat, 50 qəpik) manat dövlət rüsumu, ümumilikdə 44,50 (qırx dörd manat 50 qəpik) manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 15,50 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 10 (on) manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 30 (otuz) manat, 4,50 (dörd manat, 50 qəpik) manat dövlət rüsumu, ümumilikdə 44,50 (qırx dörd manat 50 qəpik) manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 15,50 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar