Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2263/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixindən etibarən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1045/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 üçün təyin edilmiş 160 manat aliment miqdarı artırılaraq hər uşağa hər ay 220 manata çatdırılması, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çalana qədər hər uşağa hər ay 220 manat olmaqla, cəmi 440 manat alimentin təyin edilməsi, göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün cəmi 90 (doxsan) manat-10 manat hüquq məsləhət + 20 manat mediasiya təklifinin elektron formada göndərilməsi + vəkil sorğusu üçün 20 manat + 40 manat iddia ərizəsinin tərtibi üçün və 56 manat isə 8 saylı Mediasiya şurasına mediasiya arayışına görə pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2013-cü ildə ailə münasibətlərinə daxil olaraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları qeyri-mümkün idi. Bu səbəbdən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə nikahın pozulması, uşağın onun himayəsinə verilməsi və aliment tələbi ilə bağlı müraciət etməyə məcbur olmuşdur. Nəticədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1045/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar iddiaçının himayəsinə verilmiş və hər ay xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 üçün ayda 160 manat olmaqla, cəmi 320 manat aliment təyin edilmişdir. Qeyd edir ki, cavabdeh tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1045/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayəti təmin olunmamış və nəticədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1045/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir, həmçinin xüsusi olaraq qeyd edir ki, respublikada bütün məhsullara (kommunal xidmətlər, yol nəqliyyatı xərcləri, dərman preparatları, qida məhsulları)na tətbiq edilmiş qiymət artımı övladlarının saxlanılmasını daha da çətinləşmişdir. Belə olan halda isə o, övladları ilə çıxılmaz vəziyyətdə qalır, onların gündəlik tələbatını tam ödəyə bilmir. Qeyd edir ki, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Qeyd etdiyi səbəblərə görə “aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı o, qanunvericiliyin tələblərinə görə ilk öncə “8 saylı Mediasiya Təşkilatına" aliment məbləğinin artırılması ilə bağlı müraciət etdi. Nəticədə “İlkin Mediasiva sessiyasından sonra prosesin davam etdirilə bilməməsi" barədə xx.xx.2023-cü il tarixində arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, hər uşağa hər ay 180 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ İ seriyalı 324329 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 may 2019-cu il tarixdə 183 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Şirinova” soyadı verilmişdir. - AZ-İİİ seriyalı 391737 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 sentyabr 2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİİ seriyalı 812654 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 avqust 2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 06 iyul 2023-cü il tarixli, MŞB/8/2023-01208 saylı arayışdan görünür ki, Cavabdeh 06 iyul 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 56 manat mediasiya xərci ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1045/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2014-cü təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2019-cı il tarixli, 2(007)-477/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2014-cü təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-11495/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 1045/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 23 may 2023-cü il tarixli ərizədən görünür ki, Şirinova X4 Şurasına ərizə ilə müraciət etmişdir. - 23 may 2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, 23 may 2023-cü il tarixdə Cavabdeh mediasiya prosesində iştirak etmək üçün təklif göndərilmişdir. - 06 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardım üçün 40 manat ödəniş etmişdir. - 22 may 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardım üçün 20 manat ödəniş etmişdir. - 15 may 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardım üçün 10 manat ödəniş etmişdir. - 23 may 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardım üçün 20 manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşlar. Tərəflər arasında olan nikah pozulmuşdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1045/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2014-cü təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2019-cı il tarixli, 2(007)-477/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2014-cü təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan müayinə aktlarına əsasən qeyd edir ki, uşaqların müalicəsində iddiaçı maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən uşaqların sağlamlığının qorunması hər iki valideynin borcudur. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddia tələbinin alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulması hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən plenum qərarından da göründüyü kimi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. İddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 34.40 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 56 manat məbləğində mediasiya xərcindən az olduğundan, cavabdeh ödəməli olduğu dövlət rüsumunu ödəməkdən azad olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1045/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment, mediasiya xərci 56 manat, hüquqi xidmət üçün 90 manat məbləğində pul tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1045/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment, mediasiya xərci 56 manat, hüquqi xidmət üçün 90 manat məbləğində pul tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2263/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2263/2023
07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver