Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2269/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili- Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 mart 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 08 iyul 2014-cü il təvəllüdlü X11 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(007)-454/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(007)-454/2019 saylı qətnaməsinə əsasən, 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2(103)-8329/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, alimentin məbləği 120 (yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən tutulan 120 manat məbləğində alimentlə hazırki vaxtda uşağın saxlanılmasında çətinlik çəkir. Onun 51 yaşı olduğuna görə onu heç yerdə işə götürmürlər. Alimentin tutulmasından uzun müddət keçmiş, həmin müddət ərzində bazar qiymətləri artmış və belə olan halda 120 manat məbləğlə uşağın saxlanılması qeyri-mümkündür. Eyni zamanda bildirir ki, cavabdeh işləyir və aylıq qazancı kifayət qədər təşkil edir. O da məcburiyyət qarşısında qalaraq alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2(103)-8329/2019 nömrəli qətnaməsi ilə 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində tutulması müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh olaraq onunla 02 mart 2011-ci ildə rəsmi nikaha daxil olduğunu, birgə nikahdan 08 iyul 2014-cü il təvəllüdlü övladları X6 doğulduğunu, 09 aprel 2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinin 2(007)-454/2019 saylı qətnaməsi ilə nikahlarının pozulduğunu və məhkəmənin bu qətnaməsi ilə uşaqlarının saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin kəsildiyini, lakin qətnamədən cavabdeh olaraq onun verdiyi apellyasiya şikayəti əsasında Apellyasiya Məhkəməsinin həmin qətnaməni alimentin məbləği hissəsində ləğv edərək ayda 120 manat müəyyən etdiyini bildirmiş, hazırda isə bu məbləğin artırılaraq ayda 175 manata çatdırılmasını xahiş etmişdir. İddiaçı öz ərizəsində göstərir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu maddənin məzmunundan göründüyü kimi, “tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,” onun isə ailə və ya maddi vəziyyətimdə dəyişiklik olmayıb. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, iddiaçının qoyduğu tələblər reallıqdan uzaqdır. Bunları o, belə izah edir: İddiaçı ilə onun arasında nikah 02 mart 2011-ci ildə Beyləqan rayonu, İ Şahsevən Kənd İcra nümayndəliyində bağlanmış və nikahları 12 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 08 iyul 2014-cü ildə X11 dünyaya gəlmişdir. İddiaçının ərizədə göstərdiyi kimi, 09 aprel 2019cu ildə İddiaçı iddia ərizəsi əsasında aralarındakı nikah Nizami Rayon Məhkəməsinin həmin tarixli qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda qətnamədə 14 noyabr 2018-ci ildən başlayaraq ondan hər ay 154 manat aliment tutulması qət edilmişdir. Qətnamənin alimentin məbləği hissəsi ilə razılaşmadığına görə apellyasiya şikayəti vermişdir. Belə ki, o, 2000-ci ildə mərhum X7 ilə ailə həyatı qurmuşdur və birgə nikahlarından iki övladları olsa da, 2008-ci ildə keçmiş həyat yoldaşı Aybəniz Quliyeva və bir övladı göbələk zəhərlənməsindən vəfat etmişlər. 01 sentyabr 2008-ci il təvəllüdlü oğlu X9 doğulduğu vaxtdan onun himayəsindədir. İşə əlavə etdiyi 17 may 2021-ci il tarixli arayışdan da görünür ki, mülki qulluqçu kimi işlədiyi N nömrəli hərbi hissədə hazırki maaşı 328,26 manat təşkil edir. 2019-cu ildə isə 235 manat təşkil edirdi. 2018-ci ildə isə bu maaş 182 manat idi. Bir də ki, 1966 təvəllüdlü bacısı X10 anadangəlmə lal-kar olmaqla onunla bir evdə yaşayır və onun himayəsindədir. Bacısı cəmi 90 manat pensiya alır ki, bu da onun xəstəliyi ilə bağlı dava-dərmanına belə çatmır. O, həm də ona yardım edir. Belə vəziyyətdə onun təbii ki, ayda ödədiyi məbləğdən artıq aliment ödəmək imkanım yoxdur. Göründüyü kimi, o, hərbi hissədə çalışır və başqa gəlir yeri də yoxdur. Əkib-becərmək üçün torpaq sahəsi də yoxdur. Onunla yaşayan azyaşlı övladından başqa, üstəlik əlil bacısı da onun himayəsindədir. Birinci instansiya məhkəməsi bu qeyd etdiklərini nəzərə almadığına görə verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin 2(007)-454/2019 saylı 09 aprel 2019-cu il tarixli qətnaməsini alimentin məbləği hissəsində ləğv etmiş və haqlı olaraq ayda 120 manat aliment məbləği müəyyən etmişdir. Bu məbləği də o, rahat ödəyir. Artıq olarsa, buna real imkanım yoxdur. Odur ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, cavabdehin yazılı etirazında göstərilənlərlə razılaşmayıb, ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, yazılı etirazında göstərilənlərə uyğun izahat verdi. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı, 344309 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 08 iyul 2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(007)- 454/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Beyləqan rayon İ Şahsevən KİN-də 02 mart 2011-ci il tarixdə bağlanmış və 12 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 08 iyul 2014-cü il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 noyabr 2018-ci il tarixdən başlayaraq hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2(103)-8329/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(007)-454/2019 saylı qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin 120 (yüz iyirmi) manat müəyyən edilməsi, qətnamənin Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; - AZ-İ seriyalı, 348483 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29 fevral 2020-ci il tarixdə 66 nömrə ilə qeyd edilmişdir, qadına Yadigarova soyadı verilmişdir; - Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 17 may 2021-ci il tarixli, 417 saylı arayışından görünür ki, Beyləqan rayon Birinci Şahsevən kəndində yaşayan 1970-ci il təvəllüdlü Cavabdeh- 1965ci il təvəllüdlü (3-cü qrup əlil, təqaüdçü və lal-kar) bacısı X2 və 2008-ci il təvəllüdlü oğlu X3 ibarət tərkibdə ailə üzvləri vardır; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beyləqan rayon Mənzil-İstismar hissəsinin 17 may 2021-ci il tarixli, 679 saylı arayışından görünür ki, Quliyev X12 Nazirliyi Beyləqan rayon Mənzil-İstismar hissəsində usta qrup rəisi vəzifəsində işləyir və onun əmək haqqısı vergilər tutulduqdan sonra 328,26 (üç yüz iyirmi səkkiz manat, iyirmi altı qəpik) manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 08 iyul 2014-cü il tarixdə Nihat adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Ayrıldıqları zaman uşaq ananın yanında qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 14 noyabr 2018-ci il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş və Cavabdeh 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği 120 manat müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin olunmuş məbləğin yetərli olmadığı, uşağın tələbatını ödəmədiyi əsası ilə alimentin məbləğinin artırılması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılması ilə bağlı mövqeyində haqlı deyildir, onun istinad etdiyi hallar alimentin miqdarının artırılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Ana ilə qalan uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı və valideynləri ilə birlikdə yaşadıqları vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanması baxımından işə baxan apellyasiya instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 120 manat məbləğində aliment tutulmalı olması qənaətinə gəlmişdir. Burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Baxmayaraq ki, Cavabdeh Müdafiə Nazirliyi Beyləqan rayon Mənzil-İstismar hissəsində işləməklə 2019-cu il tarixdə 235 manat əmək haqqı aldığı halda, 2021-ci il tarixdə bu məbləğin 328,26 manat təşkil etməsi məhkəməyə məlumdur, məhkəmə hesab edir ki, qeyd olunan dəyişikliyi himayəsində bir uşağı, o cümlədən 3-cü qrup əlil (lal-kar) olmaqla 1965-ci il təvəllüdlü bacısının da olması nəzərə alınmaqla, cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişiklik kimi qəbul etmək üçün əsas yoxdur. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, iddiaçını iddia ərizəsində göstərilən hallar tərəflər arasında olan nikahın pozulması, aliment və sair tələblə bağlı mülki işə 19 iyul 2019-cu il tarixdə apellyasiya qaydasında baxılarkən məlum olmuş və yoxlanılmışdır. Hazırkı iddiaçı həmin vaxt da apellyasiya məhkəməsinə əmək haqqı alması barədə müvafiq arayış təqdim etmiş, o cümlədən şikayətində 2000-ci ildə mərhum X7 ilə ailə həyatı qurduğunu, birgə nikahdan iki övladı olmasına baxmayaraq mərhum həyat yoldaşı ilə birlikdə bir övladının göbələk zəhərlənməsindən vəfat etdiyini, 01 sentyabr 2008-ci il təvəllüdlü oğlu X4 doğulduğu vaxtdan onun himayəsində olduğunu, təqdim etdiyi arayışa əsasən maaşının 235 manat olduğu, əvvəlki il isə 182 manat olduğunu və təbii olaraq həmin vəziyyətdə tələb olunan həcmdə aliment ödəmək imkanının olmadığını, hərbi hissədə çalışması müqabilində aldığı gəlirdən başqa gəlirinin olmadığını, əkib-becərmək üçün torpaq sahəsinin də olmadığını, bununla belə 120 manat ödəməyə imkanın çatdığını bildirməklə, qətnaməni alimentlə bağlı hissədə mübahisələndirmiş və aliment məbləği həmin qətnamə ilə təyin edilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2(103)-8329/2019 nömrəli qətnaməsi ilə 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində tutulması müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə əlavə hal olaraq qeyd edir ki, baxılan tələb xarakterinə görə davam edən münasibətlərə aid olduğundan, qanunla müəyyən edilmiş qaydada və əsaslarla iddiaçı yenidən məhkəməyə müraciət edə bilər, hazırkı halda iddianın təmin edilməməsi həmin tələblə məhkəməyə müraciət imkanını məhdudlaşdırmır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, aliment alınması ilə bağlı iddialar üzrə iddiaçılar, iddia təmin edilmədiyi halda da cavabdehlər məhkəmə xərclərinə aid olan dövlət rüsumunu ödəməkdən azad olduqlarından, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2(103)-8329/2019 nömrəli qətnaməsi ilə 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində tutulması müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2269/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2269/2021
07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver