Məhkəmə qərarları › İş №2(007)-2279/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2279/2021

14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2279/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi X8 və nümayəndəsi və vəkili- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili- “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə nikahları 16 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahkarından 21 avqust 2018-ci il tarixdə X9 anadan olmuşdur. Bir müddət sonra Cavabdeh1 ilə münasibətləri pozulmuş və o, aralarında olan nikahın pozulması üçün məhkəməyə ərizə ilə müraciət etməli olmuşdur. Bakı şəhəri Nizami Rayon məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(007)-272/2020 saylı qətnaməsi iddiası təmin edilmiş, Cavabdeh1 ilə nikahlarının pozulması qət edilmişdir. Qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh1 ilə onlar biribirilərini sevib evlənmişlər. Hər ikisi həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyində bir yerdə işləmişlər. Evləndikdən sonra bir müddət münasibətləri normal, qarşılıqlı hörmət müstəvisində olmuşdur. Lakin hazırkı iş üzrə cavabdehlər onların ailəsinin dağılmasına səbəbkar olmuşdur. Ülviyyə Piriyeva da onlarla Azərbaycan Respublikası Vergilər Nazirliyində işləmişdir. Ülviyyə Piriyeva hər vasitə ilə Cavabdeh1 ilə ən yaxın münasibətlər qurmuş, telefon danışıqları, “whatsapp” proqramı vasitəsilə mesajlar yazaraq onu özünə cəlb etmişdir. Məhz cavabdehlərin bu hərəkətləri, Cavabdeh1 ona xəyanətləri nəticəsində onların ailə həyatı pozulmuş, münasibətləri gərginləşmiş, ailədə hər gün söz-söhbətlər yaranmışdır. Cavabdeh1 hətta dəfələrlə ona fiziki zor tətbiq etmiş, döymüşdür ki, bunun sonu olaraq övladları vaxtından tez, natamam doğulmuşdur ki, hazırda onun da əziyyətini ana-bala özləri çəkirlər. Pərvizlə Ülviyyə (hal-hazırda birlikdə yaşayırlar) eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyindəki vəzifələrindən azad edilmişlər. Bir məsələni qeyd edir ki, X6 Sosial Xidmətlər Agentliyində böyük mütəxəssis vəzifəsində çalışır. Baş verənlərlə bağlı həmin idarəyə şikayət ərizəsini yazmışdır və bu yaxınlarda şikayəti ilə bağlı tədbir görüləcəkdir. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh2 baş verən hadisələrlə bağlılığı olduğunu söyləmisdir. Hətta bununla bağlı digər Cavabdeh3 ona demişdir ki, baş verən hadisələrdən xəbəri olmuşdur. Bununla bağlı əlində səs yazısı və video görüntülər var. Məhkəmə baxış iclasında həmin səs yazısı və video görüntüləri təqdim edəcəkdir. Qeyd edir ki, keçmiş əri ilə Ülviyyənin Qəbələdə, Qusarda və digər rayonlarda olan istirahət mərkəzlərində istirahətlərindən cavabdehlər Fərman və Nərimanın xəbəri olmuşdur. Göstərdiyi kimi, Cavabdeh1 Ülviyyə Piriyeva ilə ona xəyanət etməsi nəticəsində o, müvafiq ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur və bununla da onların ailəsi dağılmışdır. Artıq onun həyatı pozulmuşdur və bundan sonra o, ömrünü yeganə övladını böyüdübbaşa çatdırmağa həsr etməlidir. Ülviyyə Piriyevanın, Cavabdeh2 və Piriyev İsmayılın təqsirli hərəkətləri barədə onda kifayət qədər sübutlar vardır və həmin faktlar onun tərəfindən nəzərdə tutulan məhkəmə proseslərində, təbii ki, qapalı məhkəmə iclaslarında məhkəməyə təqdim ediləcəkdir. Bununla bağlı məhkəmə iclasında sübutları təqdim edəcək. X6 hal-hazırda Cavabdeh2 ilə rəsmi nikahdadırlar. Cavabdehlərin bu qanunsuz hərəkətləri ilə ona mənəvi ziyanlar yetirilmişdir. Xidməti iş yerində peşəkarcasına fəaliyyət göstərməklə özünəməxsus reytinq qazanmışam, özünə görə nüfuza malikdir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ailəsinin pozulması, hesab edir ki, onun nüfuzuna xələl gətirmişdir. Artıq xeyli müddətdir ki, o, psixoloji gərginlik içərisindədir ki, bu da onun şəxsi və xidməti həyatında mənfi təsirlərini göstərmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən ona mənəvi ziyan yetirilmişdir. Bu mənəvi ziyanın ölçüsü heç bir maddi dəyərlə əvəzlənə bilməz. Qeyd edir ki, Cavabdeh1 cavabdeh Ülviyyə Piriyeva ilə ona xəyanət və bu işin təşkil edilməsində yaxından iştirak edən Cavabdeh2 və Cavabdeh3 etməsi nəticəsində o, müvafiq ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur və iddia ərizəsində bununla da ailəsinin dağılmış olmasını, həyatının pozulmasını və bundan sonra ömrünü yeganə övladını böyüdüb-başa çatdırmağa həsr etməli olduğunu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ona qarşı mənəvi ziyanlar yetirilmiş olması, xidməti iş yerində peşəkarcasına fəaliyyət göstərməklə özünəməxsus qazandığı reytinqə, nüfuzuna xətər yetirilməsi, hesab edir ki, kifayət qədər əsaslandırılmışdır. Ona vurulmuş maddi və mənəvi ziyana görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 150.000 (bir yüz əlli min) manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 iddia ərizəsinə etirazla məhkəməyə müraciət göstərmişdir ki, iddia ərizəsində iddiaçı bir sıra maddi və prosessual hüquq normalarına istinad etsə də, onları düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası qanunları əslində onun öz ziyanınadır. Belə ki, iddia ərizəsində qeyd olunduğu məsələlər, yəni guya onun iddiaçı ilə whatsappla danışmağı və sairə ümumiyyətlə olmamışdır. Çünki o, iddiaçını ümumiyyətlə tanımır, iddiaçı Bakıda, o isə Sumqayıt şəhərində yaşayır və heç bir kontaktları olmamışdır və onu halhazırda məhkəmədə də görsə tanıya bilməz və onun köhnə model telefonundakı ***-***-**-** nömrəsində heç ümumiyyətlə “whatsapp” mobil proqramını işlətmək qeyri-mümkündür. Bundan başqa, iddiaçı mülkiyyətə qanunsuz və əsassız müdaxilə edərək onun yeganə yaşayış sahəsi olan Sumqayıt şəhərindəki mənzilinə və şəxsi avtomobilinə həbs qoyulması barədə ərizə də vermişdir ki, bu da əsassız və qanunsuzdur. Bundan başqa, onun 6 ildən çox hal-hazırda Almaniyada yaşayan bacısı Şəhlanın da adını çəkir ki, bu da əsassızdır. Bundan başqa, Sumqayıt şəhərində yaşadığı halda onun ünvanını da Bakı şəhəri göstərmişdir ki, bu da əsassızdır. Bundan, başqa, onun əmək hüquqlarını pozaraq iş yerinə şikayət ərizəsi göndərməklə onun işgüzar nüfuzuna xələl gətirən və kollektiv arasında nüfuzdan salmağa çalışan qanunsuz hərəkətlərə də yol vermişdir. Sonda onu da qeyd etmək istəyir ki, bu məsələlərlə bağlı iddiaçı əvvəllər də Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsi də çıxmışdır. Buna görə də, ona qəti aid olmayan bu iddianı o, qəbul etmir və rədd edilməsini xahiş edir. İddiaçı əsassız və qanunsuz olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Görünür onun həmin evin və maşının onun mülkiyyətində olmasından xəbəri olmamışdır. Yoxsa bu cür iddia ilə məhkəməyə müraciət etməzdi. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət göstərmişdir ki, İddiaçı ona və digər cavabdehlərə qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək maddi və mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 150.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfin iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı cavabdehlərin onun ailəsinin dağılması ilə bağlı qeyd etdikləri tamamilə cəfəngiyyatdır və həqiqəti əks etdirmir. Belə ki, iddiaçı onunla və qardaşı Cavabdeh3lə danışdığını iddia edir, dediyinə görə əlində buna dair sübutları da var (təqdim etsinlər). Onu qeyd edir ki, adı çəkilən şəxslərlə uzaqdan-yaxından tanışlığı yoxdur, üzlərini belə görməmişdir. O və yoldaşı Ülviyyə Piriyeva bir nikahda və birlikdə yaşayırlar, iddiada yazılanlar tamamilə yalandır. İddia ərizəsində göstərilənlər İddiaçı uydurması olmaqla ona maddi və mənəvi ziyan vurmağı ilə bağlı qənaəti tamamilə əsassızdır. İddiaçı eyni iddia tələbi və əsası ilə həyat yoldaşı X5 qarşı iddia qaldırmışdır. Lakin həmin iddiası məhkəmə tərəfindən rədd edilmişdir. Buna baxmayaraq İddiaçı eyni dəlillər əsasında eyni tələbi ona qarşı qaldırması ilk baxışdan elə iddianın əsassızlığına işarə edir. Göründüyü kimi, İddiaçı maddi və mənəvi ziyan yetirməyini iddia ərizəsində faktlarla sübuta yetirilmədiyi, habelə ona tərəfindən hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirmədiyi üçün, onun maddi və mənəvi ziyan tələbi də əsaslı hesab və təmin edilə bilməz. İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət göstərmişdir ki, İddiaçı maddi və mənəvi zərərə görə ondan və cavabdehlərdən müştərək qaydada 150.000 manat məbləğində pulun tutulması barədə iddia tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı eyni iddia tələbi və əsasla X5 qarşı iddia qaldırsa da əsassız olduğundan iddia rədd edilmişdir. Buna baxmayaraq İddiaçı eyni dəlillər əsasında eyni tələbi ona qarşı qaldırmışdır. Hazırki iddianın qaldırılmasının səbəbi məhz onun barəsində rüsvayedici məlumatlar yaymaq, iddia ərizəsinə əlavə edilmiş yazışmaları cavabdehlərə və onların yaxın qohumlarına göndərməkdir. Məqsəd ondan qisas almaq və əmlak bölgüsü ilə bağlı digər məhkəmə işindəki tələblərini “etiraf” etməsidir. Ailədə münasibətlərinin pozulmasına qeyd olunan cavabdehlərin və X3 qətiyyən əlaqəsi yoxdur və münasibətlərinin gərginləşməsinin səbəbi tamamilə başqadır. Tərəfindən ona qarşı heç zaman fiziki zor tətbiq olunmayıb. Faktiki olaraq, 2 ildən çox müddətdir ki, ayrı yaşayırlar. Bu müddət ərzində hüquq mühafizə orqanına və məhkəməyə müraciət edilməməsi onu deməyə əsas verir ki, iddianın məqsədi başqadır. Onun Ülviyyə ilə yaşamağı və cavabdehlərin onun ailəsinin dağılmasında səbəb olması ilə bağlı qeyd etdikləri uydurmadır və həqiqəti əks etdirmir. İş materiallarına əlavə edilmiş yazışmalar həqiqəti əks etdirmir və həmin sənədlərin necə əldə edilərək formalaşdırılması və yayılması ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. İddiaçı tərəfindən cavahdehlərin hər hansı bir qanunsuz hərəkəti və ya hərəkətsizliyi, onun nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş və iddia ərizəsində onlar arasında səbəbli əlaqənin olması öz əksini tapmamışdır. İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o, İddiaçı onun qızıdır. İddia ərizəsinə əlavə edilmiş “whatsapp” proqramındakı yazışmalarından da göründüyü kimi, Ülviyyə Pərvizi qısqandığı üçün ondan ayrılmaq istəmədiyini qeyd etmiş və bir neçə dəfə Pərvizə “özümü öldürəcəm” məzmunlu “sms”-lər yazmışdır. İddiaçının 18 avqust 2018-ci il tarixdə övladı dünyaya gəlmiş, həmin tarixdən 3-4 ay əvvəl də qızının keçmiş əri Pərviz tərəfindən döyülməsi faktları olmuşdur. 14 may 2019-cu il tarixdə ona məlum olmuşdur ki, qızı əvvəllər bir neçə dəfə döyüldüyü üçün xəstəxanaya müraciət etmiş, lakin bu barədə heç bir orqana müraciət edilməmişdir. Həmçinin, Pərviz onu ölümlə hədələdiyi üçün o, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etirazda göstərdiklərini təsdiq edib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib,cavabdehin etirazında göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı qanunsuz hərəkətləri nəticəsində Ülviyyə Piriyeva, fotoşəkillərinin qeyri-qanuni yollarla əldə edilərək yayılması səbəbindən intihara cəhd etmiş və xəstəxanada olarkən hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. Nəticədə Nizami rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125 və 126-cı maddələri ilə cinayət işi başlanmışdır. Hazırki iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsinə verilmiş etirazları mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(007)-485/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 X5 qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 16 sentyabr 2017-ci il tarixdə nikahları rəsmi qaydada qeydə alınmaqla birgə yaşamışlar, qeyd olunan nikahdan 21 avqust 2018ci il təvəllüdlü Kamran adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında qeyd olunan nikah pozulmuşdur. Hazırda iddiaçı, ailə münasibətlərinin məhz keçmiş əri, hazırki iş üzrə Cavabdeh1 vaxtilə Azərbaycan Respublikası Vergilər Nazirliyində birlikdə işlədikləri X6 ilə ona xəyanət etməsi səbəbindən pozulmasını, nəticədə bütün ömrünü himayəsində olan azyaşlı uşağı ilə birlikdə böyütməyə həsr etməli olmasını, baş verənlərinin onun taleyinə, o cümlədən maddi və mənəvi vəziyyətinə ciddi təsir etdiyini göstərmişdir və hesab edir ki, ümumilikdə bütün bu hallara Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 səbəb olmuşlar və həmin şəxslər birlikdə cavabdehlik daşıyırlar. Belə ki, yuxarıda qeyd olunan şəxslərin cavabdeh qismində cəlb edilmələri iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun keçmiş əridir və X6 ilə ona xəyanət etmişdir, Cavabdeh2 isə X3 əridir, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 ona xəyanət etməsindən məlumatları olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tələbinin nəticə hissəsində ona maddi ziyan dəyməsi göstərilsə də, dəymiş həmin maddi ziyanın hansı hüquqazidd əməl nəticəsində vurulmasına dair heç bir mötəbər sübut təqdim etməmiş, ümumilikdə ona vurulmuş maddi və mənəvi ziyana 150.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, konkret olaraq ona hansı həcmdə maddi, hansı həcmdə mənəvi ziyan dəyməsinin əsasını təşkil edən dəlillərini ərizəsinə əlavə etməmişdir. Buna görə, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbinin hüquqi əsası yoxdur. İddiaçı X2 mənəvi ziyan tələbini onunla əsaslandırmışdır ki, “...Cavabdehlərin bu qanunsuz hərəkətləri ilə ona mənəvi ziyanlar yetirilmişdir. Xidməti iş yerində peşəkarcasına fəaliyyət göstərməklə özünəməxsus reytinq qazanmışam, özünə görə nüfuza malikdir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ailəsinin pozulması, hesab edir ki, onun nüfuzuna xələl gətirmişdir. Artıq xeyli müddətdir ki, o, psixoloji gərginlik içərisindədir ki, bu da onun şəxsi və xidməti həyatında mənfi təsirlərini göstərmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən ona mənəvi ziyan yetirilmişdir....”. Göründüyü kimi, iddiaçı maddi ziyan tələbində olduğu kimi, mənəvi ziyan vurulmasına dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, həmin tələb maddi ziyan tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələb öz təsdiqini tapmadığı və sübut olunmadığı halda törəmə tələbin təmin edilməsi üçün əsaslar yoxdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, məhkəmə bununla bağlı qeyd edir ki, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehlərin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları, cavabdehlər tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Mülki Məcəllənin 21.2-ci maddəsində qeyd olunan pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirə dair hər hansı sübut növü ilə sübuta yetirməmişdir. Bundan əlavə, iddiaçı öz ərizəsində ona mənəvi zərər vurulmasına səbəb olmuş cavabdehlərə dair sübutlarının olduğunu və həmin sübutları məhkəmə iclasında təqdim edəcəyini bildirsə də, məhkəmə baxışı zamanı da bu barədə məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir. Bununla da, İddiaçı iddia tələbində göstərdiklərinin hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab edir ki, ümumilikdə əsassız olan iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “vurulmuş maddi və mənəvi ziyana görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 150.000 (yüz əlli min) manat pul məbləğinin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “vurulmuş maddi və mənəvi ziyana görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 150.000 (yüz əlli min) manat pul məbləğinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar