Məhkəmə qərarları › İş №2(007)-2285/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2285/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2285/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 1205,76 manat, faiz borcu 11,61 manat, cəmi 1217,37 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və 18 sentyabr 2019-cu il tarixli, 30-19-23-098231 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh verdiyi etiraz əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(007)-2285/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh 35 ay müddətinə qaytarılmaq şərti ilə 2673 dollar məbləğində kredit verilmiş və 02 mart 2015-ci il tarixli, 30-15-11- 007642 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə İddiaçı ASC arasında 1205.76 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 18 sentyabr 2019-cu il tarixli, 30-19-23-098231 saylı kredit müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində İddiaçı ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, etirazına əlavə etdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 28 aprel 2016-cı il tarixli, 2(007)-3219/2016 saylı əmri ilə- borclu xx xxxxxx 1943-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 2176,68 ABŞ dolları əsas və 453,24 ABŞ dolları faiz borcu, əmrin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 2629,92 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Hal-hazırdakı etiraz ərizəsinə əlavə etdiyi 3 saylı Bakı DOST Mərkəzinin 04 iyun 2020-ci il tarixli, **********0 saylı onun pensiyasından tutulma aparılması barədə cavab məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən 3 saylı 3 saylı Bakı DOST Mərkəzinə daxil olmuş 06 fevral 2017-ci il tarixli, 17/71-K1934 nömrəli məktuba əsasən onun pensiyasından 01 mart 2017-ci il tarixdən 28 fevral 2019-cu il tarixə qədər 2645,52 manat tutulma aparılmışdır. Yuxarıda qeyd etdiklərindən məlum olur ki, İddiaçı ASC-yə kreditə görə olan borcu artıq məbləğdə ödənilib və onun banka heç bir borcu yoxdur, əksinə bankın ona borcu vardır. 02 mart 2015-ci il tarixli, 30-15-11-007642 saylı kredit müqaviləsi üzrə yaranmış qalıq borcu olmamışdır. Onunla İddiaçı ASC arasında 1205,76 manat həcmində 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 18 sentyabr 2019-cu il tarixli, 30-19-23-098231 saylı bağlanmış kredit müqaviləsi yalan kredit müqaviləsi kimi sayılmalıdır. Hesab edir ki, bu müqavilə başqa bir müqaviləni pərdələmək məqsədi ilə bağlanan müqavilədir. Onun hal-hazırda 78 yaşı vardır. 18 sentyabr 2019-cu il tarixdə 30-19-23-098231 saylı kredit müqaviləsi bağlanan dövrdə onun 76 yaşı olmuşdur. O zaman fəaliyyət qabiliyyəti olsa da, çox yaşı olduğundan kredit müqaviləsi bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməmişdir, hərəkətlərinə rəhbərlik edə bilməmişdir, bank əməkdaşının kredit tutulmanın bağlandığını bildirdiyi vəziyyətdə bağladığı yalan kredit müqaviləsi onun qanunla qorunan mənafelərinin pozulmuş olması tam sübuta yetirilir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirərək, məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, etirazında göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, onun hazırda banka borcu qalmamışdır, həmin borc onun pensiyası hesabına ödənilmişdir. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli, 9/5671 nömrəli rəyi ilə razı deyil. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(007)- 3219/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclu xx xxxxxx 1943-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 2176,68 ABŞ dolları əsas və 453,24 ABŞ dolları faiz borcu, əmrin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 2629,92 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaiti tutulmalıdır; -14 iyul 2019-cu il tarixli problemli kreditlərin kompensasiyası barədə məlumatlardan görünür ki, restrukturizasiya ilə bağlı olaraq, kredit təşkilatı İddiaçı ASC tərəfindən Cavabdeh 21 dekabr 2015-ci il tarixinə 1306,01 manat kompensasiya hesablanmış, 01 mart 2019-cu il tarixə isə əsas kredit borcu 2511,77 manat müəyyən edilməklə həmin borcun 1306,01 manat hissəsi borcun azaldılmasına yönəldilən məbləğ kimi qeyd edilmiş, qalıq borcun məbləği isə 1205,76 manat müəyyən edilmişdir (2511,77- 1306,01= 1205,76); -18 sentyabr 2019-cu il tarixli ərizədən görünür ki, həmin tarixdə Cavabdeh İddiaçı ASC-nin Neftçilər filialına ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına müvafiq olaraq onun vaxtı keçmiş kredit borcunun 5 il müddətinə (1 il güzəşt olunmaqla) illik 1 (bir) %-lə restrukturizasiya edildiyini bildirmiş və restrukturizasiya səbəbindən cari hesabında yaranan 1205,76 manat vəsaitin 02 mart 2015-ci il tarixində götürdüyü 2673 USD kreditin qalıq ssuda borcunun tam ödənilməsinə yönəldilməsini xahiş etmişdir; -18 sentyabr 2019-cu il tarixli ərizədən görünür ki, həmin tarixdə Cavabdeh İddiaçı ASC-nin Neftçilər filialına ərizə ilə müraciət edərək, ona restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün 60 ay müddətinə, 1205,76 manat məbləğində kredit verilməsini xahiş etmiş və kredit vaxtında qaytaracağına zəmanət verdiyini bildirmişdir; -18 sentyabr 2019-cu il tarixli, 30-19-23-098231 saylı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı ASC-nin Neftçilər filialı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, bank tərəfindən borc alana illik 1% olmaqla, 12 ay güzəşt müddəti ilə, aylıq annunitet 25,63 manat müəyyən edilməklə, 60 ay müddətinə, 1205,76 manat məbləğində kredit verilmiş, borc alan krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ayrılmış həmin kredit məbləğinin istifadə təyinatı müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsidir; -3 saylı Bakı DOST Mərkəzinin 17 iyun 2020-ci il tarixli, **********6 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən 3 saylı 3 saylı Bakı DOST Mərkəzinə daxil olmuş 06 fevral 2017-ci il tarixli, 17/71-K1934 nömrəli məktuba əsasən Cavabdeh pensiyasından 01 mart 2017-ci il tarixdən 28 fevral 2019-cu il tarixə qədər 2645,52 manat tutulma aparılmışdır; -İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 03 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; -İddiaçı ASC-nin 31 mart 2021-ci il tarixli, Nef/272 saylı maliyyə arayışından və 01 yanvar 2015-ci il tarixdən 23 may 2020-ci il tarixədək Cavabdeh hesabından çıxarışdan görünür ki, 18 sentyabr 2019-cu il tarixli, 30-19-23-098231 saylı kredit müqaviləsi üzrə Cavabdeh 18 sentyabr 2019-cu il tarixdə 5,08 manat ödəniş etmişdir, hazırda əsas borc 1205,76 manat, faiz borcu 11,61 manat olmaqla, cəmi borc 1217,37 manat təşkil edir; -Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 9/5671 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli, 30-19-23-098231 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə maliyyə arayışının tarixinə yəni 31 mart 2021-ci il tarixə olan borcu 1219, manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 1201,72 manat, faiz borcu üzrə 17,42 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh 35 ay müddətinə qaytarılmaq şərti ilə 2673 dollar məbləğində kredit verilməsi ilə bağlı 02 mart 2015-ci il tarixli, 30-15-11-007642 saylı kredit müqaviləsi bağlanmışdır. 18 sentyabr 2019cu il tarixdə Cavabdeh İddiaçı ASC-nin Neftçilər filialına ərizə ilə müraciət edərək, ona restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün 60 ay müddətinə, 1205,76 manat məbləğində kredit verilməsini xahiş etmiş və kredit vaxtında qaytaracağına zəmanət verdiyini bildirmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə İddiaçı ASC arasında 1205.76 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 18 sentyabr 2019-cu il tarixli, 30-19-23- 098231 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Cavabdehin kredit müqaviləsi üzrə borc məbləğlərinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli, 30-19-23-098231 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə maliyyə arayışının tarixinə yəni 31 mart 2021-ci il tarixə olan borcu 1219, manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 1201,72 manat, faiz borcu üzrə 17,42 manat müəyyən edilir. İddiaçı tərəfindən isə, cavabdehdən 1205,76 manat əsas borc, 11,61 manat faiz borcu tələb edilmişdir. İddiaçı tərəfindən tutulmalı olan əsas borc məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilməməsinə baxmayaraq, cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, ekspertizanın rəyi həmin hissədə mötəbər sübut növü qismində qəbul edilərək əsas borca dair hissədə iddia qismən təmin edilməlidir. İddia tələbinin faiz borcuna dair hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı tərəfindən bununla bağlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilməmişdir, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan 11,61 manat faiz borcu məbləği əsas götürülməlidir. Məhkəmə cavabdehin etirazında, o cümlədən məhkəmə iclasında göstərdikləri ilə bağlı qeyd edir ki, məhkəməyə təqdim edilmiş 14 iyul 2019-cu il tarixli problemli kreditlərin kompensasiyası barədə məlumatlara əsasən restrukturizasiya ilə bağlı olaraq, kredit təşkilatı İddiaçı ASC tərəfindən Cavabdeh 21 dekabr 2015-ci il tarixinə 1306,01 manat kompensasiya hesablanmış, 01 mart 2019-cu il tarixə isə əsas kredit borcu 2511,77 manat müəyyən edilməklə həmin borcun 1306,01 manat hissəsi borcun azaldılmasına yönəldilən məbləğ kimi qeyd edilmiş, qalıq borcun məbləği isə 1205,76 manat müəyyən edilmişdir (2511,77- 1306,01= 1205,76). Belə olan halda, cavabdeh tərəfindən irəli sürülən dəlillərin əsası olmamaqla, onun təqdim etdiyi həmin dəlillər mötəbər sübut qismində qəbul edilə bilməz və iddianın yuxarıda qeyd olunan qaydada təmin edilməsinə maneə deyildir. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli, 30-19-23-098231 saylı müqavilə ləğv edilməli, 1201,72 manat əsas borc və 11,62 manat faiz borcu olmaqla, cəmi 1213,34 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli, 30-19- 23-098231 saylı müqavilə ləğv edilsin və 1201,72 manat əsas borc və 11,62 manat faiz borcu olmaqla, cəmi 1213,34 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar