Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2306/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada maddi zərərə görə 5000 manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildən 2023-cü il tarixədək "xxxx" MMC-də “Ulduz" Şokolad Fabrikində şokolad bölməsində xətt operatoru vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2022-ci ilin iyul ayında gecə növbəsində olarkən verilən yeməkdən zəhərlənmişdir. Daha sonra 04 oktyabr 2022-ci il tarixində işdə olarkən cavabdeh "xxxx" MMC-nin "Ulduz" X5 sexində olan şokoladın daşınması üçün konveyr tipli hissəsinin (mühərrik) sağ ayağının üzərinə düşməsi nəticəsində xəsarət almışdır. Xəsarətlə bağlı iki aydan çox həkim nəzarətində olmaqla müalicələr keçirmişdir. Xəsarətlə əlaqədar müalicə dövründə "xxxx" MMC tərəfindən ona heç bir maddi köməklik olunmamışdır. Cavabdeh "xxxx" MMC tərəfindən ona müalicə dövrü ərzində maddi dəstək (müalicə məsrəfi) söz verilmiş, amma yerinə yetirilməmişdir. Bakı şəhər Nizami Rayon Prokurorluğunun 27 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında onun Sabunçu xəstəxanasında əməliyyat və müalicə olunması təsbit olunmuşdur ki, buna görə də müəyyən miqdarda maddi xərcləri çıxmışdır. Bakı şəhər Nizami Rayon Prokurorluğunun 27 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ilə İddiaçı xəsarət alması faktında Azərbaycan Respublikası CM-nin 162ci maddəsinin tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı izahatında xx.xx.2022-ci il tarixində iş yerində yediyi paytaxt salatından özünün və çilingər-mexanik işləyən Fərhad adlı şəxsin zəhərlənməsi barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “Veysəloğlu" MMC-nin "Ulduz" şokolad fabrikinin çilingər-mexaniki Cavabdeh2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın, "xxxx" MMC-nin baş direktoru X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin faktlar üzrə inzibati xəta haqqında iş üzrə icraatların başlanması məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007)-3160/2023 saylı qərarı ilə xx.xx.1993-cü il tarixdə Naxçıvan MR Şərur rayonu Sovxoz kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli "xxxx" MMC-də çilingər-mexanik Naxçıvan MR, ünvan 1 kənd ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci Sahə, nömrəsiz fərdi yaşayış evi ünvanında yaşayan Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə baş vermiş hadisə nəticəsində cavabdehlərin hərəkətləri üzündən onun aldığı xəsarət nəticəsində ona 5000 manat dəyərində maddi zərər vurulmuşdur ki, müalicə və müayinə nəticəsində həmin məbləğ onun tərəfindən xərclənmişdir. Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X7 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər “Veysəloğlu MMC-dən və Cavabdeh2 maddi ziyana görə 5000 manat pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin iyul ayında gecə növbəsində verilmiş yeməkdən zəhərlənmiş və daha sonra xx.xx.2022-ci il tarixdə işdə olarkən cavabdehə məxsus “Ulduz” Şokolad Fabrikinin istehsal sexində şokoladın daşınması üçün konveyr tipli avadanlığın bir hissəsi onun ayağına düşmüşdür. Bunun nəticəsində cavabdeh müalicə almış, müəyyən qədər vəsait xərcləmiş və ona 5000 manat maddi ziyan dəymişdir. (iş № 2(007)-2306/2023) Aşağıda qeyd olunan hallara istinad edərək hesab edir ki, iddia tələbi tamamilə əsassızdır, heç bir hüquqi fakta və sübuta söykənmir və istinad olunan halların heç biri həqiqətə uyğun deyil, bu səbəbdən iddia tələbi rədd edilməlidir. İlkin olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27 aprel 2023-cü il tarixli Nizami Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında əks olunan 06 aprel 2023-cü il tarixli PHŞ-6-2/2-1411-2023 nömrəli məktubdan iddiaçıya X13 xx.xx.2022-ci il tarixində saat 14:29-da “İnfeksion və mənşəyi dəqiqləşdirilməmiş digər qastroenteritlər” diaqnozu qoyulduğu, amma məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 269 saylı rəyinə əsasən həmin sənəddə qoyulan diaqnoz sərbəst nozoloji xəstəlik olmaqla travma və ya zəhərlənmə ilə hər hansı bir səbəbli əlaqəsi-olmadığı bildirilib. Beləliklə, iddiaçının birinci iddia etdiyi zərər çəkdiyi halın Cavabdeh1 MMC tərəfindən verilən yeməkdən yaranması məhkəmə-tibb ekspertizası əsasında təsdiqlənməmişdir və hər hansı sübutla təsdiqini tapmayan bir tələb əsassızdır. Xəsarətlə bağlı dəymiş ziyan tələbinə münasibətdə bildirir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında əmək münasibətləri olmuş və iddiaçı 2017-ci ilin avqust ayından xx.xx.2023-cü il tarixinədək istehsalat şöbəsində operator vəzifəsində çalışmış və işəgötürən tərəfindən icbari qaydada tibbi sığorta olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. İddiaçı ona Cavabdeh1 MMC-nin işçisi olduğuna görə tətbiq edilən icbari tibbi sığorta üzrə müalicəsindən imtina etmiş, şəxsi vəsaiti hesabına müalicə olunmasını tərcih etmişdir, xərclərin isə ödənməsini Cavabdeh1 MMC-dən tələb etdikdə həmin xərcləri sübut edən heç bir çek, resept və ya hər hansı digər sənəd təqdim edə bilməmişdir. 3. İddiaya əlavə olunan sənədlərdə nə iddiaçının hansısa tibb müəssisəsində müalicə almasını, nə də bu müalicəyə xərclədiyini iddia etdiyi 5000 manat zərəri təsdiq edən hər hansı sübut mövcud deyil. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirildiyi hallarından icbari sığorta haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən, iddiaçı ilə Cavabdeh1 MMC arasında olan əmək müqaviləsinin əsasında iddiaçının icbari sığortası mövcud idi. Həmin qanunun 8.1.2 və 18.6-cı maddələrində göstərildiyi kimi iddiaçı tələb olunan sənədləri göstərməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o “Veysəloğlu" MMC-nin "Ulduz" şokolad fabrikində xəsarət alaraq ayaq barmagı sınmışdı və onun nəticəsində ona maddi ziyan dəymişdir. Xəstəxanada ayağının rentgeni çəkilmiş, qips qoyulmuşdur, dərmanlar alınmışdır, bir neçə dəfə taksi ilə sarğı dəyişməyə getmişdir, ancaq onlara sərf olunan vəsaitə dair qəbzləri saxlamamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirdi və etiraza uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, İddiaçı müalicə aldığı dövrdə əmək haqqı ödənilib. Müalicəsinə kömək məqsədilə işləməsə belə ona əmək haqqı yazılmışdır. Şirkət tərəfindən İddiaçı 500 manat maddi kömək təklif olunub lakin o, razılaşmayıb. Prokurorluqda araşdırma olanda 3000 manat tələb edirdi, hazırda 5000 manat tələb edir. Aldığı xəsarətə görə çilingər-mexanik Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunub 1500 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. İstehsalat qəzasına görə 1500 manat məbləğində cərimə olunub. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 14.08.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu ödəmişdir. - 0110581 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2022-ci ildə "xxxx" MMC-də “Ulduz" X5 Departamentinin Praline xəttinə operator vəzifəsinə keçirilib. - Bakı şəhəri Nizami Rayon Prokurorluğunun 27 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı xəsarət alması faktında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007)-3160/2023 saylı qərarının surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə Naxçıvan MR Şərur rayonu Sovxoz kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli "xxxx" MMC-də çilingər-mexanik Naxçıvan MR, ünvan 1 kənd ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci Sahə, nömrəsiz fərdi yaşayış evi ünvanında yaşayan Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007)-3160/2023 saylı qərarının surətindən görünür ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 269 saylı rəyin nəticə hissəsindən görünür ki, 1976-cı il təvəllüdlü İddiaçı sağ ayaq İ daraq sümüyü proyeksiyasının əzilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxsin adına tərtib edilmiş tibbi sənəddə qoyulan, yəni İ daraq sümüyünün əsasının qapalı sınığı diaqnozu X10 qoyulsa da, şəxsin adına təqdim edilmiş Rentgenoqramma Birliyin MEŞ-in rəisi ekspert-radioloq Ceyhun Allahverdiyev tərəfindən təsdiq olunmadığından həmin diaqnoz həqiqəti əks etdirmir”. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/2242 saylı rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar "istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. “12.2.003-91 DÜST"-nin 1.2 bəndinin və “Çilingər-mexanik"in vəzifə təlimatının 1.1 bəndinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Nizami rayonunda yerləşən “Veysoloğlu" MMC-nin “Ulduz” X5 sexində istifadə olunan hadisə baş vermiş qurğunun konveyerinə xidmət göstərməklə onun texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, yəni konveyerin tarazlığını tənzimləyən dayaqlarının ucuna başmaqların bağlanmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 1.1 bəndinin və "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”- nin 1.2 bəndinin tələbləri “Veysəloğlu" MMC-nin “Ulduz” şokolad fabrikində çilingər-mexanik işləyən şəxs tərəfindən pozulmuşdur. - X15 X14 xx.xx.2023-cü il tarixli 409 nömrəli məktubundan görünür ki, xəstə İddiaçı cərrahi profilli qəbul şöbəsinə xx.xx.2023-cü il tarixdə saat 19:55-də “sağ ayağının İ daraq sümüyünün əsasının qapalı sınığı” diaqnozu ilə ambulator müraciət etmişdir. Sözünə görə həyətdə ayağına dəmir düşüb. - “X16” X14 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə “X16”ə müraciət etmişdir. Xəstə stasionardan imtina etmişdir. - X15 X17 tərəfindən verilən xx.xx.2023-cü il tarixli 1962 nömrəli arayışdan görünür ki, İddiaçı “sağ ayağının İ barmağının əzilmiş yarası İ daraq sümüyünün əsasının qapalı sınığı diaqnozu qoyulmuşdur. - 25 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati təneh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 MMC-nin baş direktoru X8 tərəfindən işçisi İddiaçı xx.xx.2022-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə müvafiq icra hakimiyyəti orqanına həmin gün məlumat verməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci ildə "xxxx" MMC-də “Ulduz" X5 Departamentinin Praline xəttinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin "Ulduz" X5 sexində olan şokoladın daşınması üçün konveyer tipli hissəsi sağ ayağının üzərinə düşməsi nəticəsində xəsarət almışdır. Aldığı xəsarətə görə çilingər-mexanik Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunub 1500 manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən “zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 1096.1-ci maddəsinə əsasən, “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yə hərəkətsizlikdir).” 1096.2-ci maddəsinə əsasən “delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” 1097.1-ci maddəsinə əsasən “mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.” 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, İddiaçı işlədiyi "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdə iş vaxtı xəsarət alması işin mübahisəsiz halıdır. Bu hal iş materiallarında olan sübutlarla təsdiq olunur. Odur ki, cavabdeh "xxxx" MMC-nin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən ona dəyən maddi zərərin həcmi ilə əlaqədar heç bir sübut təqdim edilməmişdir. Xəstəxanaya getməsi, orada ona göstərilən xidmətlərə dair (müayinə, müalicə xərcləri) çek və ya digər sənəd təqdim edilməmişdir. Lakin, təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı “sağ ayağının İ daraq sümüyünün əsasının qapalı sınığı” diaqnozu ilə xəstəxanaya ambulator müraciət etmişdir. Həmçinin "xxxx" MMC-də çilingər-mexanik işləyən digər Cavabdeh2 iddiaçının xəsarət alması ilə bağlı olan istehsalat qəzası nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. Belə olan halda təbii ki, iddiaçı hər hansı müayinədən keçmiş və müalicə almışdır. İddiaçı məhkəmə iclasında bildirdi ki, ayağının rentgeni çəkilmiş, qips qoyulmuşdur, dərmanlar alınmışdır, bir neçə dəfə taksi ilə sarğı dəyişməyə getmişdir, lakin onlara sərf olunan vəsaitə dair qəbzləri saxlamamışdır. Göründüyü kimi İddiaçı keçirilmiş müayinə və müalicə edilməsi ona müəyyən məbləğin sərfinə səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərərin həcmi ilə əlaqədar ağlabatan məbləğ müəyyən edilməlidir və cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə dəymiş zərərin cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 "xxxx" MMC-də çilingər-mexanik vəzifəsində işləyir o, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etmədiyi üçün inzibati məsuliyyətə cəlb olunub və törətdiyi xəta il bağlı cərimələnib. Həmçinin o, müəssisənin işçisi olduğu üçün müəssisə qarşısında cavabdehlik daşıyır. İddiaçı dəymiş zərərlə bağlı isə işə götürən "xxxx" MMC məsuliyyət daşıyır. Belə ki, qanunvericiliyin tələbinə görə işəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitində işləməsi barədə öhdəlik götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, "xxxx" MMC-dən məhkəmə tərəfindən müəyyən edilən maddi ziyanın məbləği 500 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1ndən dəymiş maddi zərərə görə 500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 70 manat dövlət rüsumunun 7 manatı Cavabdeh1 MMC-yə, 63 manatı İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən dəymiş maddi zərərə görə 500 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 70 manat dövlət rüsumunun 7 manatı Cavabdeh1 MMC-yə, 63 manatı İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2306/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2306/2023
24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver