Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2320/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin 2(007)- 2267/2018 saylı, 24 may 2018-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 26 oktyabr 2010-cu il təvəllüdlü X2 və 15 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, cavabdehdən tutulmuş hər uşağa görə 154 manat ümumilikdə 308 manat aliment miqdarı uşaqlarının saxlanılması üçün kifayət etmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2267/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsi 26 oktyabr 2010-cıı il təvəllüdlü X3 vo 15 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 154 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay, hər uşaq ücün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı hal-hazırda onun valideynlərinə məxsus mənzilə köçürülüb və orada yaşayır, heç bir kommunal ödəniş etmir. Həmçinin o, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan iki (əkiz) övladı vardır, 628 manat əmək haqqı alır. Göstərilənlərə əsasən, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 11906622 saylı və AZE seriyalı, 11906431 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Feyzullayev Əli 26 oktyabr 2010-cu il tarixdə, Fezullayev Məhəmməd 15 iyul 2012-ci il tarixdə doğulmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdir; - Xİİ-ЖГ seriyalı, 486272 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1987-ci ildə doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 10 yanvar 1988-ci ildə 100 nömrə ilə qeyd edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2(007)-2267/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin Məhkəmənin 03 avqust 2016-cı il tarixli, 2(007)-4753/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə Feyzullayeva (Sadıqova) Sevinc Bayram qızı arasında 29 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 76 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 26 oktyabr 2010-cu il tarixdə doğulmuş X2 və 15 iyul 2012-ci il tarixdə doğulmuş X1 anaları İddiaçı himayəsində saxlanılması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli, 2(007)-6210/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 26 oktyabr 2010-cu il təvəllüdlü X2 və 15 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat məbləğində alimentin tutulması qət edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2(007)-2267/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından 26 oktyabr 2010-cu il tarixdə doğulmuş X2 və 15 iyul 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 aprel 2018-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 29 yanvar 2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, birgə nikahlarından 26 oktyabr 2010-cu il tarixdə Əli, 15 iyul 2012-ci il tarixdə Məhəmməd adlı uşaqları doğulmuşlar. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmənin 03 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında qeydə alınmış nikah pozulmuş, uşaqlar ananın yanında qalmış, yuxarıda sadalanan məhkəmə qətnamələrinə əsasən uşaqların yetkinlik yaşına çatanadək hər ay hər bir uşağa görə sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, sonuncu dəfə məhkəmənin 24 may 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 304 manat müəyyən edilməklə cavabdehdən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçının maddi vəziyyəti onun məhkəmə qətnaməsinə əsasən 2018-ci ildə hər bir uşağa görə müəyyən edilmiş 154 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmaqla yanaşı uşaqlar da böyümüş və saxlanma xərcləri artmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılan aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Bundan başqa, yuxarıda istinad edilən Plenum qərarlarına görə, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Lakin aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə cavabdehin iddiaçıdan ayrıldıqdan sonra yenidən ailə qurması və həmin nikahdan iki azyaşlı uşağının olması əsası ilə iddia tələbi ilə razılaşmaması ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, həmin uşaqlar hər iki valideynin yanında yaşayır, cavabdehin ilk nikahından olan uşaqların qarşısında isə bir valideyn kimi daha əvvəldən öhdəlikləri vardır, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün vəsait ödəmək bir valideyn olaraq cavabdehin borcu, vəzifəsidir, digər öhdəliklər onu həmin borc və vəzifədən azad etmir. Məhkəmə cavabdehin yenidən ailə qurması, həmin nikahdan uşaqlarının doğulması barədə göstərdiklərini alimentin 175 manat həddinə artırılması ilə bağlı iddia tələbini təmin edərkən işin digər faktiki halları ilə birlikdə nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2267/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 26 oktyabr 2010-cu təvəllüdlü X2 və 15 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2267/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 26 oktyabr 2010-cu təvəllüdlü X2 və 15 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2320/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2320/2021
31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver