Məhkəmə qərarları › İş №2(007)-2330/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2330/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2330/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında 07.02.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 24.05.2018-ci il tarixli ərizəsi ilə şirkətə müraciət edərək, 5000 manat pul verilməsini və həmin məbləği alaraq aylıq 833 manat ödəyəcəyini bildirmişdir. Cavabdeh ərizəsi əsasında müqavilə bağlanaraq 25.05.2018-ci il tarixdə Cavabdeh 5000 manat məbləğində pul verilmişdir. Cavabdeh “BRC.AZ" MMC-dən götürdüyü 5000 manat məbləğində puldan 700 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmişdir. Sonradan yeni 12.12.2018-ci il tarixdə Cavabdeh “BRC.AZ" MMC-dən 812 manat və 573 manat məbləğində pul götürmüşdür. Hal-hazıradək Cavabdeh “BRC.AZ" MMC-dən aldığı 5685 manat pulu qaytarması barədə dəfələrlə şifahi və 08.01.2021-ci il xəbərdarlıq edilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Cavabdeh “BRC.AZ" MMC-dən götürdüyü 5685 manat pulu iki il, on aydır ki, heç bir ödəniş etmir və bununla da şirkətin 3000 manat əldən çıxmş faydası vardır. Qeyd olunanlara əsasən cavabdehdən 5685 manat pulun, 3000 manat əldən çıxmış faydanın və 31 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin 18.06.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Bu günədək borcundan 700 manat məbləğində pul ödəmişdir. Ümumilikdə 4300 manat məbləğində borcu qalıb. Sonradan 506 manat məbləğində əlavə borc götürməmişdir. Onu işdən azad etdikləri üçün uzun müddətdir ki, işsizdir. Bununla bağlı ödənişlər edə bilmir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.05.2018-ci il tarixli 04/2018 saylı borc müqaviləsindən görünür ki, 25.05.2018-ci il tarixdə Cavabdeh 5000 manat məbləğində pul verilmişdir. Müqavilənin bitmə tarixi 25.12.2018-ci il müəyyən edilmişdir. İşə əlavə olunmuş 03.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 07.02.2018-ci il tarixdə, əmək müqaviləsi bağlanmışdır. Cavabdeh 14.12.2018-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı MMC-də işlədiyi vaxtda yəni 24.05.2018-ci il tarixli ərizə ilə şirkətə müraciət edərək 5.000,00 manat pul verilməsini və həmin məbləği alaraq aylıq 833 manat ödəyəcəyini bildirmişdir. Ərizəyə əsasən 25.05.2018-ci il tarixdə Cavabdeh 5.000,00 manat şirkətin kassasından götürmüşdür. Sonrada şirkətdən 812,00 manat və 573,00 manat pul götürmüşdür. Lakin 700,00 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən 05 gün müddətinə İddiaçı MMC-nin kassasına 5.685,00 manat pul ödənilməlidir. Əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət ediləcəkdir. Cərimə, əldən çıxmış fayda və bütün məhkəmə xərcləri borcludan tutulacaqdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında 07.02.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, 25.05.2018-ci il tarixdə Cavabdeh 5000 manat məbləğində pul verilmişdir. Cavabdeh “BRC.AZ" MMC-dən götürdüyü 5000 manat məbləğində puldan 700 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmişdir. Cavabdeh məhkəməyə verdiyi izahatında iddianı qismən qəbul etdiyini bildirmiş və 4300 manat borcu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş müqavilədən göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh 5000 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdehin də etiraf etdiyi kimi Cəmiyyətə 700 manat ödədikdən sonra 4300 manat borcu qalmışdır. İddiaçının nümayəndəsinin izahatı və cavabdehin "xxxx" MMC-nə 4300 manat borcu qaldığı hissəsində iddianı etiraf etdiyindən iddia tələbi bu hissədə qanuni olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Tərəflər arasında bağlanmış müqavilədə əldən çıxmış fayda ilə bağlı müddəa əks olunmadığından, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə maddi zərər vurulmamışdır. Eyni zamanda Məhkəmə hesab edir ki, əldən çıxmış fayda hissəsində iddia əsassızdır. Belə ki, iddiaçı əldə çıxmış fayda nəticəsində ona ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş 03.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 4300 manat pul və ödənilmiş dövlət rüsumundan 15.34 manat tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumundan 15.66 manat iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 4300 manat pul və ödənilmiş dövlət rüsumundan 15.34 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumundan 15.66 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar