Məhkəmə qərarları › İş №2(007)-239/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-239/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-239/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi cəlb edilməklə Cavabdeh qarşı "əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi cəlb edilməklə Cavabdeh qarşı "əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi vəsaiti hesabına aldığı və əlindən zorakılıqla alınmış bütün ofis əmlaklarının (TV, sərinləşdirici, ofis mebeli, noutbuk kompüteri, 8 ədəd müşahidə kamerası, şəxsi əşyaları və siyirmədə olan 1450 manat pul) dəyəri olan cəmi 6250 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını, ticarət obyektinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 41521 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını, şahid qismində məhkəməyə həmin ticarət obyektində işləyən 12 nəfər icarədarın çağrılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11 ildir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində bir şöbəni götürüb xırda ticarətlə məşğul olurdu. Məlum 2019-cu ilin mart yanğınından sonra bu ticarət mərkəzindəki bütün əmlakları tam yandı və onlara cəmi 35000 manat təzminat ödənildi. O, bu pulla yenidən bir ticarət yeri açmaq üçün əvvəlcə işlədiyi yerə yaxın olan “Diqlas” Ticarət Mərkəzinin arxasındakı Nizami rayonu üzrə Qarabağ Əlillər Cəmiyyətinə məxsus balansındakı istifadəsiz qalmış, təmirsiz, dağılıb-tökülən 18x13 metr ölçüdə olan boş ərazidə yenidən bir ticarət obyekti açıb işlətmək üçün əlində olan nağd 41520 manat pulu buranın tikintisinə yatırmışdır. Məsləhət gördülər ki, əvvəllər bu ərazidə alverdən yığılan pulların qazancı olaraq əlillər cəmiyyətinə yer sahibi kimi hər ay 1000 manat pul köçürürdükləri kimi, o da hər ay pul köçürsün. O da istəmişdir ki, burada yenidənqurma işləri apardıqdan sonra cəmiyyətə hər ay ən azı 5000 manat ödəsin. Ona görə də, əlindəki vəsaitlə tikinti işləri tamamlandıqdan və istifadəyə verildikdən sonra cəmiyyətin hesabına köçürülməsi üçün cəmiyyətin Nizami rayonu üzrə sədr müavini olan Cavabdeh adlı şəxsə hər ay 4900 manat olaraq nağd pul vermişdir. Qeyd edir ki, burada 41521 manata yenidən dəmir konstruksiyalar, asfalt, taxta, dəmir və plastik materiallardan istifadə etməklə 13 ədəd xırda ticarət otağı, 2-ci mərtəbədə isə 2 otaqlı ofis yeri yaratmışdır. O, cəmiyyətin sədr müavini ilə ayı 5000 manat icarə haqqını şifahi razılaşma əsasında 3 ay özü tək işləyib ödəmişdir. Bundan əlavə isə ona düşən qazancdan İzzətə də verirmiş ki, gələn qazancda onun gözü qalmasın. Lakin buna baxmayaraq 2021-ci ilin mart ayının 22-ə kimi belə işləmişdir. 22 mart günü isə İzzət ofisə gələrək bildirmişdir ki, “Vüqar sənin burada heçnəyin qalmayıb açarları ver, özün də çıx get evinə və bir daha buralarda görünmə”. O şoka düşmüşdür və etiraz etdikdə isə cavabdeh iki dəfə ağır çəkisinə görə qəfil olaraq möhkəm yumruq zərbəsilə ürəyinin üstündən vurmuşdur. Bir anlıq zərbədən huşunu itirmişdir. Açarları vermədən çıxıb evə getmişdir. Qeyd edir ki, martın 22-də işə gələndə ofisdə bütün hesab kitablarını, sənədlərinin hamısını İzzət ondan soruşmadan oğurlayıb aparmışdır. Soruşanda da bildirmişdir ki, guya baş idarədən istəyiblər. Səhəri gün ofisə gələndə görmüşdür ki, qapıların kilidi dəyişdirilmişdir. Dərhal da DİN-nin “102 xidməti”nə zəng edib şikayət etmişdir. Onu Nizami RPİ-nin 24-cü Polis Bölməsinə dəvət etmişlər. İzahat vermişdir. Oradan çıxıb sahə müvvəkili olan Şahin müəllimə də məlumat vermişdir. Çox təəssüf ki, indiyədək heç bir tədbir görülməmişdir. Sahə müvəkkili hazırda zəng edib deyir ki, bu mülki məsələdir. Son aylar ərzində Cavabdeh onun ofisə qoyduğu ofis-mətbəx mebellərini, sərinləşdiricini, kompüter və 8 kameralı müşahidə aparatını, televizor və s. əşyalarını oğurlayıb hara apardığı barədə məlumat vermir və əmlaklarını özünə də qaytarmadan özbaşına mənimsəyir. İzzət telefonda ona hədə-qorxu gəlmişdir ki, “get hara istəyirsən şikayət et, sənin burada heçnəyin yoxdur”. Qeyd edir ki, onun sıfırdan qurub yaratdığı bu balaca ticarət yerinin adını da doğma kəndinin adına “Göynük” qoymuşdur. Təəssüf ki, İzzət bu plakatı da oğurlayıb harasa aparmışdır. Hələ bu azmış kimi cavabdeh indi də ona şər-böhtan atır ki, bu yerin yenidən qurulması üçün guya bu adam ona 64700 manat pul vermişdir. Harada, kimin yanında, hansı bank vasitəsilə pul verdiyini soruşan yoxdur. Bütün bu yerdə işləyənlər şahiddirlər ki, İzzət nəinki ona, ümumiyyətlə heç kəsə bir manat verən tip deyil. Onun pulu olsaydı buraları çoxdan tikib istifadə edərdi. Daha ona niyə verirdi? İndi görünən və aydın olan budur ki, cavabdeh onu buranın yenidən tikintisi üçün əvvəlcə söz verərək şərait yaratmış, özünə yaxın ticarətçiləri cəlb etməyini gözləmiş və nizam-tərəzi hazır olduqdan sonra bütün əşyalarını, 41521 manata tikdiyi xırda şöbələri ələ keçirmək üçün ona qarşı zorakılığa əl atmış, yumruq zərbəsi vurmuş, hədə-qorxu gəlmiş, zorakılıqla kilidləri dəyişərək ona iş yerindən və ofisindən qanunsuz uzaqlaşdırmış və şəxsi əşyalarını da qanunsuz olaraq ələ keçirmişdir. O, vaxtilə 1-ci Qarabağ müharibəsində iştirak etmiş və ağır yaralanmışdır. 2-ci qrup əlil olmuş, şəkər xəstəsidir, ailəsinə yalnız o çörək aparır. İndi onu zorakılıqla işindən qovmuş, tikib yaratdığı ticarət obyektləri İzzət tərəfindən zorkılıqla əlindən alınmış, dəyərli şəxsi əşyaları bu adam tərəfindən oğurlanaraq talan edilmişdir. Bu adam Qarabağ Əlillər Cəmiyyətinin adından istifadə edərək etimadından sui-istifadə edərək şirnikləndirməklə, özünə və təmsil etdiyi İctimai Birliyə rəsmi olaraq aid olmayan və balanslarına rəsmi olaraq verilməmiş bir ərazidə tikinti işi aparılmasını ona qanunsuz olaraq həvalə etmiş və ticarət obyektləri hazır olduqdan və bir müddət işlədikdən sonra əvvəlcədən ona qarşı planlaşdırdığı dələduzluq əməlini həyata keçirərək zorakılıqla şəxsi vəsaiti hesabına qurduğu ticarət obyektin ələ keçirmişdir. Bu adam 2001-ci ildən bu günə kimi bu obyektdən gələn əvvəllər 1000 manat, 2020-ci ildən 2021-ci ilin martın sonuna qədər əldə edilən aylıq gəlirin 4900 manatını və son 6 ay ərzində icarə adı altında yığdığı 8000 manat pulun hamısını təmsil etdikləri İctimai Birliyin sədri ilə şərikli olaraq mənimsəmişlər. Şəhid və qazi ailələrinə yardım adı altında əldə etdikləri, onun inşa etdiyi ticarət obyektlərindən əldə edilən aylıq gəliri qanunsuz olaraq mənimsəyərək ictimai cinayət törətmişlər. Təqdim etdiyi kompüter diskində cavabdehin etiraf etdiyi və ona hər ay aldığı 4900 manat pulla bağlı onun istintaq orqanlarına heç bir sübutedici məxaric orderi və ya köçürmə qəbzi təqdim edə bilməmişdir. Yəni ilkin araşdırma zamanı sübuta yetirilmişdir ki, cavabdeh və onun müdiri şəhid adına yığılan pulları son 20 ildir ki, külli miqdarda olmaqla dələduzluqla mənimsəməklə məşğul olmuşlar. Cavabdeh bu gün də sübut edə bilmir ki, yaratdığı və istifadəyə verdiyi ticarət obyektlərindən yığıb nağd formada ona təqdim etdiyi maliyyə vəsaitini hansı şəhid ailəsinə rəsmi olaraq vermişdir. Hesab edir ki, mənəviyyatını tamamilə itirmiş bu dələduz dəstə barəsində qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilməlidir. Çünki bu dəstənin bu gün də məhkəməyə təqdim edəcək heç bir sübutedici sənədləri yoxdur. Hesab edir ki, Cavabdeh ona qarşı törətdiyi cinayət əməllərinə hüquqi qiymətin verilməsi, şəxsi əşyalarının özünə qaytarılması, şəhid ailələri üçün nəzərdə tutulan və hər ay ona nağd verdiyi 4900 manat mənimsədiyi pulların şəhid ailələrinə və tikintiyə qoyduğu 41521 manat pulun və ofisində şəxsi pulu ilə alıb qoyduğu cihaz və əmlakların (cəmi 6250 manat dəyəri olan) ona qaytarılması üçün qətnamə qəbul edilməlidir. Çox təəssüflər olsun ki, Nizami RPİ-nin 24-cü Polis Bölməsinin və Nizami rayon prokurorluğunda şikayəti ilə bağlı aparılan araşdırmalar əsassız olmuş, cavabdehlərin cinayət işləri gizli sövdələşmələr nəticəsində ört-basdır edilmişdir (qərarlar əlavə edilir). Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun şəxsi vəsaiti hesabına tikdiyi ofisdə olan əmlak oğurlanaraq naməlum istiqamətə aparılmışdır. Yəni, 1 ədəd Noutbuk kompüteri, 1 ədəd sərinləşdirici cihaz, 8 ədəd müşahidə kamerası, ofis və mətbəx dəsti olan mebel, 1 ədəd televizor və siyirmədə olan şəxsi əşyaları və 1450 manat nağd pul, cəmi dəyəri 6250 manat faktiki oğurlanaraq ziyan vurulmuşdur. Ticarət obyektinin əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoşəkillər onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Ofisdən oğurlanmış əmlaklarının ümumi dəyəri 6250 manat təşkil edir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ticarət obyektində 41521 manat tərtib etdiyi smetaya əsasən təmir dəyəri 41521 manat təşkil edən bərpa təmir işləri aparılması təsdiq olunur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh Bakı şəhəri Nizami rayon Prokurorluğunda verdiyi izahat düzgündür. Cavabdeh həqiqətən ondan pulu almasını etiraf etmişdir. O, ticarət obyektindəki əşyaları özü almışdır. Bundan başqa, Nümayəndə qəbuluna getmiş, lakin ona Nümayəndə xəstə olduğu bildirilmişdir. Obyektdəki kameraları onun oğlu almışdır. Piştaxtalar 2019-cu ildən işə düşmüşdür. O, cavabdehə pulu aralarında olan razılığa əsasən vermişdir və buna dair hər hansı bir qəbz almamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, onun Bakı şəhəri Nizami rayon Prokurorluğunda verdiyi izahat təhrif edilmişdir. Onun izahatında göstərilir ki, guya o, iddiaçıdan pul almış və bunu etiraf etmişdir. Halbuki, o belə bir izahat verməmişdir. Bununla bağlı Bakı şəhəri Nizami rayon Prokurorluğuna ərizə ilə müraicət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, əgər hər hansı bir şəxs təşkilatın adından iş görərsə, onun mütləq şəkildə bundan məlumatı olur. O, iddiaçını tanımır və iddiaçı sərmayə qoyub iş görmüşdürsə, bununla bağlı ona məlumat verməli idi. İddiaçının cavabdehə 41000 manat pul verməyi barəsində onun məlumatı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə iddiaçının, nə də ki, cavabdehin mülkiyyətindədir. İddiaçı bir dəfə də olsun ona bildirməmişdir ki, cavabdeh ona 41000 manat pul alıb geri qaytarmamışdır. Əgər belə olsaydı, onun xəbər olardı. Bundan başqa, mübahisəli ərazi 100-120 kv.m ərazidir və həmin ərazi Azərbaycan Qarabağ Əlilləri, Veteranları və X12 Birliyinin nəzdindədir. Həmin ərazidən gələn gəlir də İctimai Birliyə məxsusdur və gələn gəlir bank vasitəsilə ödənilir. İddiaçının tanışı olan Asif adlı şəxs ona zəng edəndə artıq gec idi. İddiaçı həmin vaxt məhkəməyə hazırkı iddia tələbi ilə müraicət etmişdir. Onun bazarda işçilərdən nə qədər pul yığılması haqqında məlumatı yoxdur. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin vəkili X6 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmiş və iddiaçı tərəfindən məhkəməyə əsaslı sübutların təqdim edilmədini qeyd etmişdir. Məhkəmə, proses iştirakçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nimzai RPİ-nin PŞ-nin 06 may 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Bəşərət oğlunun müraciəti əsasında toplanmış HK-1-1116 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Nizami rayonun Prokurorluğunun 17 iyun 2021-ci il tarixli qərarından görünür ki, 614C-21 saylı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - İddiaçı tərəfindən məhkəməyə fotoşəkillər təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı “Diqlas” Ticarət Mərkəzində yerləşən obyektdə ticarət fəaliyyəti ilə məşğul olmuş, 2019-cu il tarixdə ticarət mərkəzində yanğın baş verməsi səbəbi ilə ona təzminat ödənilmişdir. Qeyd edilənlər iş materialları, həmçinin tərəflərin vermiş olduğu izahatlarla təsdiq edilir və mübahisələndirilməmişdir. İddia tərəf iddiasında göstərimişdir ki, o, “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinə məxsus əmlakda yenidən qurma işləri aparmaqla ticarət obyekti tikmiş və həmin obyektən istifadə üçün hə ay 5000 manat məbləğində pulu “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X4 rayon filialının sədr müavini olan Cavabdeh vermişdir. Cavabdeh ilə qeyd edilənlərlə razılaşmayaraq iddiaçı ilə aralarında birliyə məxsus əmlakla bağlı hər hansı bir razılaşma olmadığını, iddiaçı tərəfindən ona icarə haqqı ödənilmədiyini, iddiaçı Qarabağ qazisi olduğundan iddiaçının ona şəxsi işlərində köməklik göstərdiyini qeyd edərək, iddia tələbini qəbul etməmişdir. Məhkəmədə izahat verən “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X4 rayon filialının sədri Nümayəndə isə mübahisələndirlən ərazinin cəmiyyətin balansında olsa da, İcra Hakimiyyəti tərəfindən onlara rəsmi bir sənəd verilmədiyini, sadəcə obyektin Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələrinə maddi köməklik göstərilməsi və X9 rayon filialının maliyyələşdirilməsi üçün verildiyini qeyd etmiş, həmçinin vurğulamışdır ki, o, iddiaçını tanımır, X4 rayon filialının sədri kimi iddiaçıya hər hansı bir obyekt icarəyə verməmiş və iddiaçı ümumiyyətlə yaranmış mübahisəli məqamla bağlı ona müraciət etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə və 129-cu maddəsinin İİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Z.İsmixanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 yanvar 2019-cu il Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəlləyə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X4 rayon filialınının balansında (istifadəsində) olan ticarət obyekti ilə bağlı hər hansı bir müqavilə bağlanmamış, iddiaçı cavabdehə ödəniş etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, iddia tələbində qeyd edilənlən hallar öz təsdiqini tapmamışdır. Habelə, qeyd edilməlidir ki, hazırkı iddia iddiaçı və cavabdeh arasında yaranmış mübahisəli məqamları əhatə etsə də, ümumiyyətlə “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X4 rayon filialının sədr müavini kimi Cavabdeh filialın balansında olan əmlakla bağlı hər hansı müqavilə bağlamaq səlahiyyətinin verildiyi müəyyən edilməmiş, filialın sədri Nümayəndə tərəfindən cavabdehə bununla bağlı hər hansı səlahiyyət verilməsi halı öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmədə izahat verən “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X4 rayon filialının sədri Nümayəndə bildirmişdir ki, cavabdeh kimi Cavabdeh deyil, o qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə, və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunmuşdur ki, iddia tələbində göstərilmiş ticarət obyekti “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin balansında olsa da, İcra Hakimiyyəti tərəfindən bununla bağlı rəsmi bir sənəd verilməmiş, obyektin verilməsində məqsəd Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələrinə maddi köməklik göstərilməsi və X9 rayon filialının maliyyələşdirilməsi olmuşdur. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması barədə təklif edilsə də, iddiaçı bununla razı olmayaraq cavabdehin əvəz edilməsinə etiraz etmiş, iddianı müdafiə etdiyini bildirmişdir. MPM-in 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hazırkı işə irəli sürülmüş tələb üzrə baxmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, daha əvvəl iddiaçı tərəfindən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə və Nizami rayon Prokurorluğuna müraicət olunmuş və aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Nizami rayon Prokurorluğunda aparılmış araşdırma zamanı “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X4 rayon filialının balansında olan obyektdə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər - X7, X1, X2, X11 və X3 izahatları alınmış və onlardan X7, X1, X2 filialın sədr müavini Cavabdeh ilə aralarında şifahi razılıq olduğunu, icarə haqqı kimi razılaşdırılmış məbləği Cavabdeh ödədiklərini, o olmadığı halda İddiaçı verdiklərini, X11 və X8 isə icarə haqqını məhz Cavabdeh verdiklərini bildirmişlər. Bundan başqa, məhkəmədə İddiaçı Cavabdeh Nizami rayon Prokurorluğunda izahat verərək ondan pul almasına dair etirafedici izahat verdiyini qeyd etmişdir. Cavabdeh isə qeyd edilənlərə etiraz edərək, izahatının təhrif edildiyini bildirmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Qərarına əsasən yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Qeyd edilənlərlə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh Nizami rayon Prokurorluğunda İddiaçı şikayəti üzrə verdiyi izahat, izahatında göstərdiyi hallar və fikirlər hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımır və mübahisələndirilməyən hal kimi qəbul edilə bilməz. Hazırda iddiaçı şəxsi vəsaiti hesabına aldığı ofis əmlaklarının (TV, sərinləşdirici, ofis mebeli, noutbuk kompüteri, 8 ədəd müşahidə kamerası, şəxsi əşyaları və siyirmədə olan 1450 manat pul) dəyəri olan cəmi 6250 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu maddənin məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbində göstərdiyi əmlakların (TV, sərinləşdirici, ofis mebeli, noutbuk kompüteri, 8 ədəd müşahidə kamerası, şəxsi əşyaların və siyirmədə olan 1450 manat məbləğində pul vəsaiti) ona məxsus olması, həmin əşyaların hazırda cavabdehin sahibliyində olması və ona qaytarmaması, ümumiyyətlə qeyd edilən əmlakın mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin digər, yəni “ticarət obyektinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 41521 manat pulun cavabdehdən onun xeyrinə tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, iddiaçı tərəfindən “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X4 rayon filialının isifadəsində olan ticarət obyektinin məhz onun istifadəsində olmasına, tərəfindən həmin obyektin təmir etdirilməsinə, təmirə çəkilmiş xərclərə dair, həmçinin obyektin təmir nəticəsində ona maddi zərər vurulmasına dair məhkəmə sübutlar təqdim edilməmiş və iddia mübahisələndirilən hissədə əsaslandırılmamışdır. Nəticədə, məhkəmə araşdırması zamanı tərəflər arasında “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X4 rayon filialının balansında (faktiki istifadəsində) olan obyektə dair razılıq olmasına, iddiaçı tərəfindən cavabdehə aylıq ödənişlər edilməsinə, X4 rayon filialının balansında olan ticarət obyektində təmir işlərinin iddiaçı tərəfindən aparılmasına, təmir işlərinə məhz 41521 manat xərcləməsinə, iddiaçıya məxsus əmlakların (TV, sərinləşdirici, ofis mebeli, noutbuk kompüteri, 8 ədəd müşahidə kamerası, şəxsi əşyaların və siyirmədə olan 1450 manat məbləğində pul vəsaiti) həmin ticarət obyektində olmasına dair iddia tələbində istinad edilən hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmiş, iddia həmin hallara uyğun əsaslandırılmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə fotoşəkillər təqdim edilmişdir ki, həmin fotoşəkillərdə ticarət obyektinin bir hissəsinin söküntülü vəziyyəti, “Göynük” adlanan ticarət obyektinin, tort kəsilmə anlarının və iddiaçının masada əyləşmiş vəziyyəti müşahidə olunur. İddiaçı fotoşəkillərdə Cavabdeh və Nümayəndə onunla birlikdə tort kəsdiyini bildirərək, Nümayəndəun onu tanımaması halını təkzib etmişdir. Məhkəmə hesab edir ki, “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X4 rayon filialının sədri Nümayəndə və sədr müavini Cavabdeh iddiaçı ilə birlikdə tort kəsməsi onların ticarət obyektini iddiaçıya icarəyə verməsi və onların mübahisəli obyektin açılışının qeyd etmələri halının təsdiqi kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "şəxsi vəsaiti hesabına aldığı və əlindən zorakılıqla alınmış bütün ofis əmlaklarının (TV, sərinləşdirici, ofis mebeli, noutbuk kompüteri, 8 ədəd müşahidə kamerası, şəxsi əşyaları və siyirmədə olan 1450 manat pul) dəyəri olan cəmi 6250 manat pul cavabdehdən onun xeyrinə tutulması, ticarət obyektinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 41521 manat pul cavabdehdən onun xeyrinə tutulması, şahid qismində məhkəməyə həmin ticarət obyektində işləyən 12 nəfər icarədarın çağrılması” tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar