Məhkəmə qərarları › İş №2(007)-242/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-242/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-242/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1, İddiaçı2 (həmçinin İddiaçı3 nümayəndəsi) iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13000 manat məbləğində pulun və 130 manat dövlət rüsumunun tutulub onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13030 manat məbləğində pulun və 130 manat dövlət rüsumunun tutulub onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Əliyeva X5 MR-da olan ticarət mərkəzlərinin birində qızıl satışı ilə məşğul olmuşdur. Nazlını qonşusu Nabatın vasitəsi ilə tanımışdır. O, Bakıya təzə məskunlaşmışdır, rayonda yaşayan valideynlərinin göndərdiyi kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Nabat adlı qonşusu həmin ərazidə çoxdan yaşadığı üçün onun vasitəsi ilə müştəriləri çoxaldı, həmin müştərilərdən biri də Cavabdeh1 olmuşdur. Sonradan Nazlı onlardan kənd təsərrüfat məsulları alıbsatmaqla məşğul oldu və onların etibarını qazandı və aralarında ailəvi münasibətlər yarandı. 2022-ci ilin sonlarında Nazlı həyat yoldaşı Kübraya ətrafının geniş olduğunu, çoxlu tanışları olduğunu, Kübranın da əvvəllər qızıl alqı-satqısı ilə məşğul olmasını əsas gətirərək qızıl alıb-sataraq gəlir əldə etmələrini təklif etdi. Kübra da Nazlı ilə razılaşdı. İlkin olaraq Nazlı Kübraya 15000 manatlıq qızıl sifarişi olduğunu dedi, Kübra da əvvəl işlədiyi qızıl mağazasında qızıl satışı ilə məşğul olan Zəminə adlı qadınla danışdı, Zəminə əlində 7000 manatlıq qızıl olmasını dedi. Zəminə özü Nazlı ilə Bakı şəhərində, avtovağzalda görüşürək 7000 manatlıq qızıl-zinət əşyasını vermişdir. Qızıl alandan sonra Nazlı ilkin ödəniş qismində Zəminənin kartına 2000 manat pul göndərdi. Yerdə qalan 5000 manatı isə 4 aya, yəni ayda 1250 manat ödəniş etmək şərti ilə yoldaşı Kübra ilə razılığa gəldilər. Daha sonra Nazlı ucuz qızıl-zinət əşyaları ilə satılan yer bildiyini onun dövlət işində işləmədiyini əsas gətirərək kredit götürə biləcəyini, pulu əldə edib Nazlının dediyi Xətai rayon ərazisində yerləşən ünvana getdilər, həmin vaxt o, yoldaşı Kübra, Nazlı və əri Şəhriyar da orada olmuşdu. Zirzəmi kimi olan bir yerdə tanımadıqları 3 nəfər Şəhriyara belə danışmadıqlarını, bu qədər adamı bura niyə gətirdiyini deyib onların çölə çıxmalarını istədilər. İçəridə nə danışdıqları onlara məlum olmadı, onlar oradan qızıl almadan qayıtdılar. Bundan bir iki gün sonra Nazlı yoldaşına zəng vurub əllərində olan pul ilə nağd qızıl almağı təklif etdi. Daha sonra o, Kübra və Nazlı Nizami rayonu ərazisində yerləşən Laçın ticarət mərkəzinə getdilər. Nazlı orada qızı modellərini seçdi. O, 5000 manat pul ödəyərək qızılları aldı. Qızılları Nazlı özü ilə apararaq müştərilərə verəcəyini, ilkin ödəniş alıb onlara verəcəyinə vəd etdi. Bundan bir iki gün sonra Nazlı yenə yoldaşı ilə əlaqə saxlayıb Laçın ticarət mərkəzində “Banu Gold” deyilən yerdə kreditlə qızıl verdiklərini, onun rəsmi iş yeri olmadığı üçün onun götürməyini təklif etdi. Lakin onun adına kredit təzə olduğu üçün qızıl krediti ayrılmadı. Sonradan Nazlı onun qayınanası İddiaçı3 dövlət işində işlədiyi üçün ona kredit verilə biləcəyini dedi və qayınanası, yoldaşı və Nazlı “Banu Gold”a gedərək oradan 3000 manat dəyərində qızıl götürdülər. İlkin olaraq 700 manat ödəniş lazım olduğundan həmin ərəfədə qayınanasında pul olmadığı üçün Nazlı həmin qızılları götürüb alıcıya verib pul alacağını deyərək qızılları götürüb əri Şəhriyara verdi. 10 dəqiqə sonra Nazlının əri Şəhriyar “Banu Gold”-a gələrək 700 manat pul ödədi. Qayınanasının adına 2300 manatlıq qızıl krediti rəsmiləşdirdi. Bundan bir gün sonra yoldaşı Kübra “İnstagram” sosial şəbəkəsində “Elit” deyilən lombardda ucuz qızıl satışına dair elan gördü, elana baxdıqda həmin qızıllar ona tanış gəldi, qızılların bir gün öncə qayınanası Sonanın adına “Banu Gold”dan götürülmüş qızıllar olmasını aşkar etdi. Bundan sonra o, lombard ilə əlaqə saxlayıb qızıllara baxmaq istədiyini dedikdə telefona cavab verən şəxs metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olduğunu, onlarla əlaqə saxlayacağını dedi. Bundan sonra Kübra Nazlı ilə əlaqə saxlayıb onlara məxsus qızılları lombarda qoymasını dedikdə Nazlı bunu inkar etdi. O, təzədən lombardla əlaqə saxlayıb ora gəlmək istədiyi bildirdikdə onlar səyyar satış ilə məşğul olduqlarını əsas gətirərək ünvanı təqdim etmədilər. Daha sonra Nazlının onları aldadaraq pullarını ələ keçirdiyini görüb pullarını tələb etdikdə Nazlı hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırtdı. Əlavə olaraq bildirir ki, Nazlı ilkin olaraq 7000 manat dəyərində qızıl-zinət əşyaları götürüb 2000 manat ilkin ödəniş etmiş, sonra 4000 manat kredit götürüb üzərinə 1000 manat qoyaraq qızıl-zinət əşyaları alıb Nazlıya verilmişdir. Daha sonra Nazlı onun qayınanası İddiaçı3 adına rəsmiləşdirilmiş kredit əsasında 700 manat ilkin ödəniş etməklə 3000 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Borclu olduğuna baxmayaraq Nazlı borcu ödəməkdən yayınır. Bununla bağlı o, Bakı Şəhəri Nizami RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqovun 14 fevral 2024-cü il tarixli qərarı ilə vətəndaş İddiaçı1 və X1 ərizələri əsasında toplanmış materiallar üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən onlarla Cavabdeh1 arasında olan mübahisənin mülki xarakterli olduğu müəyyən edildiyindən və əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qəbul edilmiş qərar barədə onlara məlumat vermişlər ki, mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməlidirlər.

İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin əsaslandırıldığı hallar:

4. Cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Həmin iş icraatdadır. Nəzərə çatdırır ki, iddia ərizəsində qızılların çəkisini, əyarını və qiymətini qeyd etməmişdilər. Qeyd edir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İddiaçı2 Cavabdeh1 Naxçıvan Muxtar Respublikasından və “Xalqlar” ticarət mərkəzindən alınmış 6,5 qram 585 əyarlı dördkünc dəst, 9,81 qram 585 əyarlı saçaqlı dəst, 5,26 qram 585 əyarlı pandora dəst, 2,7 qram 585 əyarlı pandora sırğa, 15,82 qram 750 əyarlı italyan dəst, 9,33 qram 585 əyarlı qolbaq, 18,07 qram 585 əyarlı saçaqlı dəst, 9,82 qram 585 əyarlı pandora dəst, 8,58 qram 585 əyarlı yumru dəst, 8,7 qram 585 əyarlı kvadrat dəst, ümumilikdə 78,77 qram 585 əyarlı və 15,82 qram 750 əyarlı qızıl vermişdir. Verilən qızılların ümumi dəyəri 11730 (on bir min yeddi yüz otuz) manat təşkil etmişdir. Bu qızıllar üçün Cavabdeh1 2000 (iki min) manat ilkin ödəniş etmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı1 cavabdeh X2 “Xalqlar” ticarət mərkəzindən alınmış 15 qram 585 əyarlı saçaqlı dəst vermişdir. Verilən qızılın dəyəri 1500 (min beş yüz) manat təşkil edir və bu qızıl üçün 500 (beş yüz) manat ilkin ödəniş ödənmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı3 cavabdehlər X3 və Cavabdeh1 ilə birgə 13,25 qram 585 əyarlı "tiger" dəst, 14,55 qram 585 əyarlı yumru saçaqlı dəst vermişdir. Verilən qızılların ümumi dəyəri 3000 (üç min) manat təşkil etmiş və cavabdeh X3 bu qızıllar üçün 700 (yeddi yüz) manat ilkin ödəniş ödəmişdir. Ümumilikdə onlar tərəfindən cavabdehlər X3 və Cavabdeh1 121,57 qram 585 əyarlı və 15,82 qram 750 əyarlı qızıl verilmişdir.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı2 (həmçinin İddiaçı3 nümayəndəsi) iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

7. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

10. 19.08.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət etmək üçün 130 manat dövlət rüsumu ödəmişdir.

11. Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqovun 14 fevral 2024-cü il tarixli qərarı ilə vətəndaş İddiaçı1 və X1 ərizələri əsasında toplanmış materiallar üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən onlarla Cavabdeh1 arasında olan mübahisənin mülki xarakterli olduğu müəyyən edildiyindən və əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

12. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 713-BGL-0223-22 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı3 istehlak məqsədləri üçün 12 ay müddətinə illik 0% ödəmək şərtilə 2300 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən alınmış qızıl komplekt 27,8 qram 585 əyar borcverənin xeyrinə girov qoyulur.

13. “X10” ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 8376nkMDKb/22 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı1 istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,5% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir.

14. İddiaçı1 Nizami RPİ-nin 24-cü Polis Bölməsində verdiyi izahatdan görünür ki, həyat yoldaşı Əliyeva X5 MR-da olan ticarət mərkəzlərinin birində qızıl satışı ilə məşğul olmuşdur. Barəsində şikayət etdiyi Cavabdeh1 həyat yoldaşı Kübra qonşuları Nabatın vasitəsi ilə tanımışdır. Sonradan o da, Nazlını tanımışdır. Bildirmişdir ki, Bakıda təzə məskunlaşmış, rayonda yaşayan valideynlərinin göndərdiyi kənd təsərrüfatı məhsullarını salıb dolanır. Nabat adlı qonşuları da həmin ərazidə çoxdan yaşadığı üçün Nabatın vasitəsi ilə müştəriləri çoxalmış, həmin müştərilərdən biri də Cavabdeh1 olmuşdur. Sonradan Nazlı onların kənd təsərrüfatı mallarını alıb satmaqla məşğul olmuş, onlara xeyir verdiyi üçün etibarını qazanmış, sonradan aralarında ailəvi münasibətlər yaranmışdır. 2022-ci ilin iyul ayının sonlarında Nazlı həyat yoldaşı Kübraya ətrafının geniş olduğunu, çoxlu tanışları olduğunu, Kübranın da əvvəllər qızıl alqı-satqısı ilə məşğul olmasını əsas gətirərək qızıl alıb sataraq gəlir əldə etməyi təklif etmişdir. Kübra da Nazlı ilə razılaşmışdır. İlkin olaraq Nazlı Kübraya 15000 manatlıq qızıl sifarişi odluğunu demiş, Kübra da Naxçıvanda əvvəl işlədiyi mağazada qızıl satışı ilə məşğul olan Zəminə adlı qadınla danışmış, Zəminə əlində 7000 manatlıq qızıl olmasını demişdir. Nazlı razılaşmış, Zəminə özü Nazlı ilə Bakı şəhərində, avtovağzalda görüşərək ona 7000 manatlıq qızıl-zinət əşyası vermişdir. Qızılı alandan sonra Nazlı ilkin ödəniş qismində Zəminənin kartına 2000 manat pul göndərmişdir. Yerdə qalan 5000 manatı isə 4 aya, yəni ayda 1250 manat ödəniş etmək şərti ilə yoldaşı Kübra ilə razılığa gəlmişlər. Daha sonra Nazlı ucuz qızıl-zinət əşyaları ilə satılan yer bildiyini onun dövlət işində işləmədiyini əsas gətirərək kredit götürə biləcəyini, pulu əldə edib Nazlının dediyi Xətai rayon ərazisində yerləşən ünvana getmişlər. Həmin vaxt o, yoldaşı Kübra, Nazlı və əri Şəhriyar da orada olmuşdur. Zirzəmi kimi olan bir yerdə tanımadığı 3 nəfər Şəhriyara belə danışmadıqlarını, bu qədər adamı bura niyə gətirdiyini deyib onların çölə çıxmasını istəmişlər, içəridə nə danışdıqları ona məlum olmamış, onlar oradan qızıl almadan qayıtmışlar. Bundan bir iki gün sonra Nazlı yoldaşına zəng vurub əllərində olan pul ilə nağd qızıl almağı təklif etmişdir. Daha sonra o, Kübra və Nazlı Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinə getmişlər. Nazlı orada qızıl modellərini seçmişdir. O, 5000 manat pul ödəyərək qızılları almışlar. Qızılları Nazlı özü ilə apararaq müştərilərə verəcəyini, ilkin ödəniş alıb onlara verəcəyini vəd etmişdir. Bundan bir iki gün sonra Nazlı yenə yoldaşı ilə əlaqə saxlayıb “Laçın” ticarət mərkəzində "Banu Gold” deyilən yerdə kreditə qızıl verdiklərini, onun rəsmi iş yeri olduğu üçün götürməyini təklif etmişdir. Lakin onun adına kredit təzə olduğu üçün qızıl krediti ayrılmamışdır. Sonradan Nazlı onun qayınanası İddiaçı3 dövlət işində işlədiyi üçün ona kredit verilə biləcəyini demiş və qayınanası, yoldaşı və Nazlı "Banu gold”a gedərək oradan 3000 manat dəyərində qızıl götürmüşlər, ilkin olaraq 700 manat ödəniş lazım olduğundan həmin ərəfədə qayınanasında pul olmadığı üçün Nazlı həmin qızılları götürüb alıcıya verib pul alacağını deyərək qızıllar götürmüş, əri Şəhriyara vermişdir. 10 dəqiqə sonra Nazlının əri Şəhriyar “Banu Gold”-a gələrək 700 manat pul ödəmişdir. Qayınanasının adına 2300 manatlıq qızıl krediti rəsmiləşdirilmişdir. Bundan bir gün sonra yoldaşı Kübra instagram sosial şəbəkəsində "Elit” deyilən lombardda ucuz qızıl satışına dair elan görmüş, elana baxdıqda həmin qızıllar ona tanış gəlmiş, qızıllar bir gün öncə qayınanası Sonanın adına “Banu Gold”dan götürülmüş qızıllar olduğunu aşkar etmişdir. Bundan sonra o, lombard ilə əlaqə saxlayıb qızıla baxmaq istədiyini dedikdə telefona cavab verən şəxs metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olduğunu, onlarla əlaqə saxlayacağını demişdir. Bundan sonra Kübra Nazlı ilə əlaqə saxlayıb onlara məxsus qızılları lombarda qoymasını dedikdə Nazlı bunu inkar etmişdir. O təzədən lombardla əlaqə saxlayıb ora getmək istədiyini bildirdikdə onlar səyyar satış ilə məşğul olduqlarını əsas gətirərək ünvanı təqdim etməmişlər. Daha sonra Nazlının onları aldadaraq pulunu ələ keçirdiyini görüb pulunu tələb etdikdə Nazlı hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Nazlı ilkin olaraq 7000 manat dəyərində qızıl-zinət əşyaları götürüb 2000 manat ilkin ödəniş etmiş, sonra o, 4000 manat kredit götürüb üzərinə 1000 manat qoyaraq qızıl-zinət əşyaları alıb Nazlıya vermişdir. Daha sonra Nazlı onun qayınanasının adına rəsmiləşdirilmiş kredit əsasında 700 manat ilkin ödəniş etməklə 3000 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Buna görə də ona hadisə nəticəsində qızıl-zinət əşyalarına görə 12300 manat, bank kreditinə görə 4000 manat olmaqla ümumilikdə 16300 manat maddi ziyan dəymişdir.

15. İddiaçı2 Nizami RPİ-nin 24-cü Polis Bölməsində verdiyi izahatdan görünür ki, Nazlını təxminən iki il olar ki, tanıyır, özü əvvəllər Naxçıvan şəhərində qızıl-atqı satqısı ilə məşğul olmuşdur. Bildirir ki, Nazlını Bakıda yaşadıqları Buzovna qəsəbəsində olan qonşusu Nabat vasitəsi ilə tanımışdır. Əvvəllər yoldaşının valideynlərinin Qazax rayonundan onlara göndərdiyi kənd təsərrüfatı mallarını satıb dolanmaqla məşğul olmuşdur. Nabat vasitəsi ilə Nazlı da onun müştərisi olmuş, sonradan onunla aralarında normal münasibətlər yaranmışdır. Təxminən 2022-ci ilin yay aylarında Nazlı onun əvvəllər qızıl alqı-satqısı ilə məşğul olduğunu əsas gətirərək ona qızıl alıb-satmağı təklif etdi. O, da onunla razılaşdı. Əvvəllər işlədiyi Naxçıvan şəhərində qızıl alı-satqısı ilə məşğul olan Zəminə adlı qadınla danışdı. Nazlı ilkin olaraq 15000 manat dəyərində sifarişi olduğunu dedi, lakin Zəminə sadəcə 7000 manat dəyərində qızıl verə biləcəyini dedi. Onlar onunla razılaşdılar, bundan sonra Zəminə özü 7000 manat dəyərində qızıl-zinət əşyası gətirərək Bakı şəhərində avtovağzalda görüşüb Nazlıya vermiş. Nazlı həmin 7000 manat qızıl üçün ilkin ödəniş qismində Zəminəyə 2000 ödəniş elmişdir. Sonradan Nazlı onun ərinin dövlət işində işlədiyi üçün kredit götürüb nağd pula qızıl almağı təklif etdi o, da bu barədə əri İsrəfilə dedi. İsrəfıl “Unibank”dan 4000 manat pul krediti götürdü, evdə olan 1000 manat pulu da həmin pulun üstünə qoyub 5000 manat düzəldib “Xalqlar Dostluğu” ticarət mərkəzində olan qızıl satılan dükandan qızıl götürdülər. Nazlı qızılı götürüb alıcıya verəcəyini dedi. Təxminən bir iki gün sonra İsrəfilin adına “Laçın” ticarət mərkəzində yerləşən “Banu Gold"- dan qızıl götürməyi təklif etdi, lakin İsrəfilin adına kredit olduğu üçün ona kredit verilmədi, daha sonra Nazlı anasının adına kredit götürməyi təklif etdi. Onlar yenə anası, o, və Nazlı “Laçın” ticarət mərkəzində yerləşən “Banu Gold”-a gedib oradan 3000 manat dəyərində qızıl götürdülər. Nazlı həmin dükana 700 manat ödəniş edib qızılları alıcıya vermək adı ilə çıxıb getdi. Səhərisi günü o, “İnstagram” sosial əbəkəsində "Elit” deyilən lombardda ucuz qızıl satışına dair elan gördü. Dərhal bu barədə Nazlıya zəng edib niyə onun qızıllarını lombarda qoyduğuna dair iradını bildirdikdə Nazlı bunu inkar etdi. Sonradan əri İsrəfil lombardla əlaqə saxlayıb qızıllara baxmaq istədiyini bidirdikdə onlar dəqiq ünvanları olmadığını, səyyar satışla məşğul olduqlarını bildirdilər. Sonradan o, Nazlıdan onların pulları ilə sataraq gəlir əldə etmək adı ilə aldığı 14500 manat dəyərində qızılı, ya da satıb pulunu qaytarmasını tələb etdikdə Nazlı hər dəfə bir bəhanə gətirərək qızılları qaytarmaqdan boyun qaçırmışdır. Əlavə olaraq bildirir ki, Nazlının əri Şəhriyar onun onlara 14500 manat pul qaytarmasına dair bunu təsdiq edən video çəkilişi zərurət olarsa, təhqiqata təqdim edə bilər

16. Cavabdeh1 Nizami RPİ-nin 24-cü Polis Bölməsində verdiyi izahatdan görünür ki, İsrəfilin arvadı Kübranı iki il olar ki, tanıyır. Kübra ilə Nabat adlı qadın vasitəsilə tanış olmuşdur. Özü təxminən 2-3 il olar ki, qızıl alıb-satmaqla məşğul olmuş, Kübra ilə aralarında münasibət yaranandan sonra bir yerdə qızıl alıb-satmaq qərarına gəlmişlər. 2022-ci ilin yayında Kübranın tanışı olan Zəminə adlı qadın Naxçıvandan satıb gəlir əldə etmələri üçün dəyəri təxminən 4000-5000 manat civarında qızıl gətirdi, həmin qızılın hansı çəkidə olmasını xatırlamır. Qızılları o, Kübranın təkidi ilə tanışı olan Zəminə ilə görüşüb götürmüşdür. Sonradan Zəminənin gətirdiyi qızıllar üçün Kübranın kartına ilkin ödəniş olaraq 1200 manat pul göndərmişdir. Yerdə qalan borcu isə aylığa bölmüşlər. Hər ay 900 manat pul verməli olmuşdur. Böyük oğlu şəkər xəstəsi olduğu üçün həmin qızılları satıb oğlunun səhhəti ilə əlaqədar ehtiyacları üçün xərcləmişdir. Birinci ay 900 manat pulu yenə Kübranın “LEO” kartına ödəmişdir. Dediyi kimi 2022-ci ili sentyabr ayının 14-də qəzaya düşdükləri üçün pulu ödəyə bilməmişlər. Yerdə qalan pulu aylara bölüb ödəməyinə dair Kübra ilə razılaşmışlar. 9 ay ərzində Kübraya ayda 300 manat olmaqla kartına pul göndərmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında Kübranın anası ilə birlikdə “Laçın” ticarət mərkəzinə gedərək Kübranın anasının adına kreditlə qızıl götürmüşlər. Həmin vaxt Kübra da onların yanında olmuşdur. Götürdüyü qızılın qiymətini və çəkisini xatırlamır. Həmin qızıl üçün isə ilkin olaraq 300 manat ödəniş etmişdir. İsrəfilin ərizəsində yazdığı 14500 manat pul yalandır. Onun hazırda Kübraya 11100 manat borcu vardır. 2024-cü ilin fevral ayından etibarən həmin pulu ödəməyə söz vermişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, İddiaçı2 dediyi “Elite” adlı lombarda qızıl satmamış, ümumiyyətlə “Elite" adlı lombard tanımır. O, Kübradan aldığı qızılı Gənclikdə, Maştağada qızıl mağazasına bir az qiymətindən ucuz qiymətə satıb həmin pulu öz ehtiyacları üçün ödəmişdir. Kübraya xeyir qismində çatacaq pulu isə ona əvvəlcədən ilkin ödəniş qismində 300 manat vermişdir. Yerdə qalan pulu isə aylıq ödəməyə razılaşmış, lakin yuxarıda qeyd etdiyi kimi sonradan maddi vəziyyəti yaxşı olmadığından 2023-cü ilin yay ayından etibarən Kübraya aylıq ödənişləri edə bilməmişdir. Aralarında razəlaşmışlar ki, sosial ödəniş aldıqdan sonra ayda 160 manat ödəyəcəkdir. Sonra Kübranın həyat yoldaşı zəng edərək razılaşmadıqlarını bildirmiş, pulunu tələb etməyə başlamış, şikayət edəcəyini demişdir. O da, həmin vaxtdan sonra pul ödəməmişdir. Bildirmişdir ki, onlar həm Əli Məhərrəmovdan, həm də Kübradan qızılları hissə-hissə olmaqla kredit yolu ilə götürmüşlər. Məqsədləri bir az aşağı qiymətə satıb, pul əldə etmək və övladlarını saxlamaq üçün ehtiyaclarını ödəmək olmuşdur. Borclarını isə hissə-hissə ödəyərlər.

17. Cavabdeh2 Nizami RPİ-nin 24-cü Polis Bölməsində verdiyi izahatdan görünür ki, İsrəfilin arvadı Kübranı iki il olar ki, tanıyır. 2022-ci ilin yayında Kübranın tanışı olan Zəminə adlı qadın Naxçıvandan satıb gəlir əldə etmək üçün dəyəri təxminən 4000-5000 manat civarında olan qızıl gətirmiş, həmin qızılların çəkisini xatırlamır. Həyat yoldaşı Nazlı Kübranın təkidi ilə Zəminə ilə görüşüb qızılları götürmüşdür. Sonradan Nazlı qızıllar üçün Kübranın “LEO” bank kartına ilkin ödəniş olaraq 1200 manat pul göndərmişdir. Yerdə qalan pulları isə hər ay 900 manat olmaqla aylığa bölmüşlər. Böyük oğlu şəkər xəstəsi olduğu üçün həmin qızılları satıb oğlunun səhhəti ilə əlaqdar xərcləmişlər. Nazlı birinci ay 900 manat pulu yenə Kübranın “LEO” kartına ödəmişdir. 2022-ci ilin sentyabr ayının 14-də qəzaya düşdükləri üçün pulu ödəyə bilməmişlər. Yerdə qalan pulu aylara bölüb ödəməyinə dair Kübra ilə razılaşmışlar. 9 ay ərzində Kübraya ayda 300 manat olmaqla kartına pul göndərmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında о, Kübranın anası ilə birlikdə “Laçın” ticarət mərkəzinə gedərək Kübranın anasının adına kreditlə qızıl götürmüşlər. Həmin vaxt Kübra da onların yanında olmuşdur. Götürdükləri qızılın qiymətini və çəkisini xatırlamır. Həmin qızıl üçün isə ilkin olaraq 700 manat ödəniş etmişdir. İsrəfilin ərizəsində yazdığı 14500 manat pul yalandır. Onun hazırda Kübraya 11100 (on bir min yüz) manat borcu varдыр. 2024-cü ilin fevral ayından etibarən həmin pulu ödəməyə söz vermişdir. Bildirmişdir ki, onlar həm Əli Məhərrəmovdan, həm də Kübradan qızılları hissə-hissə olmaqla kredit yolu ilə götürmüşlər. Məqsədləri qızılları bir az aşağı qiymətə satıb, pul əldə etmək və övladlarını saxlamaq üçün ehtiyaclarını ödəmək olmuşdur. Borclarını isə hissəhissə ödəməyə razılaşmışlar. İddiaçı2 dediyi kimi “Elite” lombarda qızıl satmamış, ümumiyyətlə “Elite” adlı lombard tanımır. О, Kübradan aldığı qızılları Gənclikdə, Maştağada qızıl mağazasına bir az qiymətindən ucuz qiymətə satıb həmin pulu öz ehtiyacları üçün ödəmişdir. Kübraya xeyir qismində çatacaq pulu isə ona əvvəlcədən ilkin ödəniş qismində 300 manat vermişdir. Yerdə qalan pulu isə aylıq ödəməyə dair razılaşmışlar, lakin yuxarıda qeyd etdiyi kimi sonradan maddi vəziyyəti yaxşı olmadığından 2023-cü ilin yay ayından etibarən Kübraya aylıq ödənişləri edə bilməmişdir. Aralarında razılaşmışlar ki, sosial ödəniş aldıqdan sonra ayda 160 manat Kübraya ödəyəcəк. Sonra Kübranın həyat yoldaşı zəng edərək razılaşmadıqlarını bildirmiş, pulunu tələb etməyə başlamış və şikayət edəcəyini demişdir. О, da həmin vaxtdan sonra pul ödəməmişdir.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən olundu ki, Əliyeva X5 Muxtar Respublikasında olan ticarət mərkəzlərinin birində qızıl satışı ilə məşğul olmuşdur. Kübra Cavabdeh1 qonşuları Nabatın vasitəsi ilə tanımışdır. Tərəflər öz aralarında qızıl alqı-satqısı ilə məşğul olmaları barədə razılığa gəlmişlər. Nazlı ilkin olaraq 7000 manat dəyərində qızıl-zinət əşyaları götürüb onlara 2000 manat ilkin ödəniş etmişdir. Sonra İddiaçı1 “X10” ASC-dən 4000 manat kredit götürüb üzərinə 1000 manat qoyaraq 5000 manat dəyərində qızıl-zinət əşyaları alıb Nazlıya vermişdir. Daha sonra İddiaçı2 anası İddiaçı3 adına rəsmiləşdirilmiş 2300 manat məbləğində kredit götürmüşlər, həmin pula da qızıl götürüb Nazlıya vermişlər. Qeyd olunanlara görə iddiaçılara maddi ziyan dəymişdir. Hazırda iddiaçılar vurulmuş maddi ziyana görə 13030 manat məbləğində pulun cavabdehlərdən tutulmasını tələb edirlər.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-ci maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər iddiaçılar qarşısında öhdəlik götürdüyündən və cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış pul məbləğini ödəməlidirlər.

22. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

23. Tərəflərin polis idarəsində verdikləri izahatlardan aydın olur ki, Nazlı 7000 manat dəyərində götürdüyü qızıl-zinət əşyaları üçün 2000 manat ödəniş etmişdir. Qalan 5000 manat pulu isə aylara bölərək ödəməsi barədə razılığa gəlmişlər. Sonradan İddiaçı1 “X10” ASC-dən 4000 manat məbləğində kredit götürmüş və üzərinə 1000 manat qoyaraq Nazlıya 5000 manat dəyərində qızıl-zinət əşyaları alınıb verilmişdir. Daha sonra İddiaçı3 adına Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-dən 2300 manat məbləğində kredit götürülmüş və “Banu Gold” adlı qızıl mağazasından qızıl-zinət əşyaları alınınb cavabdehlərə verilmişdir. Göründüyü kimi cavabdehlərin iddiaçılara 5000 (7000- 2000=5000 Zəminə)+4000+1000+2300=12300 manat məbləğində borcu vardır.

24. Göründüyü kimi cavadehlər iddiaçılara maddi ziyan vurmuşlar və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunmuş izahatlarında bunu etiraf edirlər. Yalnız məbləğlə razılaşmırlar. Lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər və iddiaçının tələbini təkzib edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər.

25. Məhkəmə tələb olunan 13030 manat məbləğə münasibətdə qeyd edir ki, məhkəmə iclasında təqdim olunan sübutlarlan və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunmuş izahatlardan öz təsdiqini tapan 12300 manat olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12300 manat məbləğində pul tutularaq iddiaçılara verilməlidir.

Məhkəmə baxışının hədləri:

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12300 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməlidir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 130 manat dövlət rüsumunun 122.71 manatı cavabdehlərdən iddiaçıların xeyrinə tutulmalıdır.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12300 manat məbləğində pul və ödənilmiş 130 manat dövlət rüsumunun 122.71 manatı tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar