Məhkəmə qərarları › İş №2(007)-2420/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2420/2021

12.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2420/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Xədicə Rəşid qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 08.07.2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. 01.08.2017-ci il tarixli 328-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin “X5” haqqında müqavilə imzalanmışdır. 28.06.2019-cu il tarixli 269-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 01.12.2018-ci il tarixində İddiaçı MMC-nin - Oba Qarayev - mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 01.12.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 15269 manat 94 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Yekun ziyan məbləği 15269 manat 94 qəpik borcdan, 2642 manat 14 qəpik Cəmiyyət tərəfindən güzəşt edilmiş, 735 manat 98 qəpik hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 11891 manat 82 qəpik təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, iddianı müdafiə edir, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 11 8 9 1 manat 82 qəpik və dövlət rüsumu kimi ödənilmiş 30 AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X1 ifadəsində bildirdi ki, mallar firmadan götürülür, marketə yerləşdirilir və satılır. Məhsullar mağaza admini tərəfindən inventarizasiya edilir. Mağaza admini administratorun vəzifələrini yerinə yetirir. Məhsul birbaşa firmadan gəlir. Firma tərəfindən göndərilən məhsul içində qida və qeyri qida olur. Həftədə 1-2 dəfə mallar yoxlanılır. Mağazaya bölgə müdiri nəzarət edir və yeyinti olsa bunu o,müəyyən edir. Lakin çox zaman bunu müəyyən etmək olmur. Məhsulun istifadə müddətinin bitməsinə 3-5 gün qalmış həmin məhsullar vitrindən çıxarılıb məhv edilir. Dövriyyədən əldə olunmuş məbləğ maliyyə arayışında göstərilir. Administratorla X5i haqda müqavilə bağlanır orada onun məsuliyyət daşıdığına dair qeydlər var. Təhvil təslim aktında “itki və imhanın cəmi” qrafasında geri qaytarılmış malların dəyəri qeyd olunub, “dövriyyə” qrafasında olan məbləğ ilkin dövriyyədir. Həmin rəqəmdən 0,5% administratora güzəşt olunub. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.06.2017-ci il tarixli “Əmək müqaviləsi”-dən görünür ki, "xxxx" MMC ilə Cavabdeh oglu arasında 08.06.2017-ci il tarixda 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və "X5" haqqında müqavilə imzalanmışdır. 01.08.2017-ci il tarixli, 328-K saylı əmrin çıxarışından görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmiş, həmçinin "X5" haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan 28.06.2019-cu il tarixli 269-K saylı əmrdən görünür ki, Cavabdeh öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan 15 fevral 2021-ci il tarixli arayışdan görünür ki, 11.12.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında ümumi olaraq 15269 manat 94 qəpik məbləğində çatışmazlıq müəyyən edilmişdir. 2642 manat 14 qəpik Cəmiyyət tərəfindən güzəşt edilmiş, 735 manat 98 hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 11891 manat 82 qəpik borcu qalmışdır. İş materiallarında olan 11 dekabr 2018-ci il tarixli “Təhvil-təslim Aktı”ndan görünür ki, 11.12.2018-ci il tarixdə İddiaçı MMC-nin - Oba Qarayev - mağazasında aparılmış inventarizasiyada Cavabdeh iştirak etsə də, yekun sənədləri imzalamaqdan və izahat verməkdən imtina etmişdir. İşə əlavə olunmuş 19.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında 08.06.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və "X5" haqqında müqavilə imzalanmışdır. 01.08.2017-ci il tarixli, 328-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin "X5" haqqında müqavilə imzalanmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq iddiaçıya məxsus əmlaka ziyan vurmuş və nəticədə onun MMC-ə 15269 manat 94 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Yekun ziyan məbləğdən 2642 manat 14 qəpik Cəmiyyət tərəfindən güzəşt edilmiş, 735 manat 98 qəpik hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq Cavabdeh şirkətə olan borcu 11891 manat 82 qəpik təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsində müəyyən edilmiş əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları arasında işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ təsbit edilmişdir. 191-ci maddəyə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəyə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 104-cü maddəyə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəyə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, Cavabdeh şirkətə 11891 manat 82 qəpik maddi ziyan vurmuşdur. İşin hallarından da göründüyü kimi, iddia tələbi qanuni və əsaslıdır. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli,İddiaçı əmlakına vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 11891,82 (on bir min səkkiz yüz doxsan bir manat, səksən iki qəpik) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı bank hesabına ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı əmlakına vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 11891,82 (on bir min səkkiz yüz doxsan bir manat, səksən iki qəpik) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı bank hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar