Məhkəmə qərarları › İş №2(007)-2427/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2427/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2427/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4521,48 manat əsas borc, 786,87 manat faiz borcu, 1413,54 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6721,89 manat borcun və 87,22 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15,9% faizlə 24 ay müddətinə 6000 manat kredit götürmüşür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci ilin aprelin 16-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4521,48 manat əsas borc, 786,87 manat faiz borcu, 2827,08 manat cərimə borcu fayda olmaqla, ümumilikdə cəmi 8135,43 manat borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2827,08 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 1413,54 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaarq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, cərimə məbləği ilə razı olmadığını, əsas borc ilə razı olduğunu, faizi necə hesabladıqlarını bilmədiyini qeyd edərək əlavə olaraq bildirdi ki, 6000 manat məbləğində kredit götürmüş, əvvəllər qrafiklə ödəniş etmiş, sonra 30 may 2025-ci il tarixindən əvvəl də 1000 manat da ödəmişdir. Ona sonuncu dəfə iddiaçı tərəfin Problemli Kreditlər Şöbəsindən zəng gələrək ödəniş etməməsinin səbəbini soruşmuşlar, o da problemləri olduğu üçün ödəniş etmədiyini bildirmişdir. O, ilk öncə vaxtlı-vaxtında ödənişlər etmiş, sonradan gecikmələri olmuşdur. Çünki səhhəti ilə əlaqədar, ürək əməliyyatı olduğu üçün işdən çıxmalı olmuş, bir müddət işləməmişdir. O, iddiaçı tərəfdən ona köməklik edilməsini, qrafikə salınmasını istəmişdir. Həmçinin, Problemli Kreditlər Şöbəsində ona köməklik edəcəklərini, faizin hesablanmasını dayandıracaqlarını, güzəşt edəcəklərini bildirmişlər. O, iddiaçı tərəfin faiz borcunun hesablanması qaydasını bilmir. Tərəfindən ödəniş ediləndə faizlər çıxırdı, faiz borcunu ödədikcə silinmə olmalı idi. O, borcun hamısını ödəyə bilmir, qərar çıxsa da əmək haqqısından tutulma edilər. O, ödəniş edəcəkdir. Evdə tək işləyən odur, Astara rayon Polis İdarəsində işləyir, ata-anası xəstədir, onlara köməklik edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizə verərək iş həcminin çoxluğunu nəzərə alaraq mülki iş üzrə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13-Y-1-0-2551-23 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 15,9% olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 4521,48 manat əsas borc, 786,87 manat faiz borc, 2827,08 manat cərimə borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib cavabdehin izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 739.3-cü, 742.1-ci, 448.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, borclu X1 İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 200 manat cərimə borcu tutulmaldır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməli, iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 4521,48 manat əsas borc, 786,87 manat faiz borc, 200 manat cərimə borcu olmaqla, ümumilikdə 5508,35 manat məbləğində kredit borcu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 87,22 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4521,48 manat əsas borc, 786,87 manat faiz borc, 200 manat cərimə borcu olmaqla, ümumilikdə 5508,35 manat məbləğində borcun və 87,22 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar