Məhkəmə qərarları › İş №2(007)-2471/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2471/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2471/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili- Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X5 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X5 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki ‘‘PARA” BOKT ASC) arasında 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı və 30 mart 2012-ci il tarixli, 189NF/12 saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə, 32 faizlə, 2500 ABŞ dolları və 30 mart 2012-ci il tarixli, 189NF/12 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 28,5 faizlə 6500 manat məbləğində kredit verilmişdir. 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı kredit müqaviləsinin təminatı kimi X7 ilə 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin faizləri, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı kredit müqaviləsinə əsasən cavabdehlərin BOKT-a 2470,81 ABŞ dolları əsas, 16512,53 ABŞ dolları faiz olmaqla 18983,34 ABŞ dolları, 30 mart 2012-ci il tarixli, 189NF/12 saylı kredit müqaviləsi üzrə isə 4899,43 manat əsas borc, 27420,85 manat hesablanmış faiz, olmaqla, cəmi 32320,28 manat borcıı vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı kredit müqaviləsinə əsasən 2470,81 ABŞ dolları əsas, 16512,53 ABŞ dolları faiz olmaqla 18983,34 ABŞ dolları borcun tutulması, Cavabdeh1 30 mart 2012-ci il tarixli, 189NF/12 saylı kredit müqavilə üzrə isə 4899,43 manat əsas borc, 27420,85 manat hesablanmış faiz olmaqla, cəmi 32320,28 manat borcun tutulması və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 24 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclası zamanı özünü iddiaçının nümayəndəsi kimi təqdim edən şəxs şəxsiyyətini və qanunvericilikdə müəyyən edilmiş qaydada səlahiyyətlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən işə buraxılmamış, o cümlədən İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti sonrakı məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyib, izahat verərək göstərdi ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında 20 may 2010-cu il tarixdə və 30 mart 2012-ci il tarixdə imzalanmış kredit müqavilələri üzrə iddia müddəti bitmişdir. Belə ki, 20 may 2010-cu il tarixli kredit müqaviləsi 12 ay müddətinə, 30 mart 2012-ci il tarixli kredit müqaviləsi isə 24 ay müddətinə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 373.3-cü maddələrinin tələblərinə uyğun olaraq, müqavilə tələbləri üzrə, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı olan tələbinin iddia müddətini ötürmüşdür. İddia müddətini tətbiq etməklə, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X7 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC (indiki ‘‘PARA” BOKT ASC) ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 32 faiz ödəmək şərti ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" ASC (indiki ‘‘PARA” BOKT ASC) ilə Cavabdeh1 və X7 arasında bağlanmış 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X7 20 may 2010-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - "xxxx" ASC (indiki ‘‘PARA” BOKT ASC) ilə Cavabdeh1 arasında bağlanmış 30 mart 2012-ci il tarixli, 189NF/12 saylı kredit müqaviləsindən və həmin müqaviləyə 04 aprel 2012-ci il tarixli 1 saylı əlavədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28,5 faiz ödəmək şərti ilə 6500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - ‘‘PARA” BOKT ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 22 fevral 2021-ci il tarixli bildirişlərdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 21 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən ‘‘PARA” BOKT ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - ‘‘PARA” BOKT ASC-nin 16 aprel 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 21 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə 2470,81 ABŞ dolları əsas borcu, 16512,53 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18983,34 ABŞ dolları borcu, o cümlədən 30 mart 2012-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 04 aprel 2012-ci il tarixli əlavəyə əsasən 4899,43 manat əsas, 27420,85 manat faiz borcu olmaqla, cəmi 32320,28 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 ilə iddiaçı arasında 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı və 30 mart 2012-ci il tarixli, 189NF/12 saylı kredit müqavilələri bağlanmış, 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə, 32 faizlə, 2500 ABŞ dolları və 30 mart 2012-ci il tarixli, 189NF/12 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 28,5 faizlə 6500 manat məbləğində ona kredit verilmişdir. 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı kredit müqaviləsinin təminatı kimi X7 ilə 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı zaminlik müqaviləsi bağlanmışdır və zamin həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqavilələrinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşlər. Lakin cavabdehlər müqavilərlə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, əvvəlki "xxxx" ASC, hazırkı İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 32 faiz ödəmək şərti ilə 2500 ABŞ dolları məbləğində kredit verilməsinə dair 20 may 2010-cu il tarixli ƏZ/PB/PK-278/05/10 nömrəli kredit müqaviləsi, həmin tarixdə X7 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28,5 faiz ödəmək şərti ilə 6500 manat məbləğində kredit verilməsinə dair 30 mart 2012-ci il tarixli 189NF/12 nömrəli kredit müqaviləsi bağlanmışdır. Lakin kredit ödənişlərinin həyata keçirilməsini, dövriyyəsini təsdiq edən hesabdan çıxarış, ödəniş qəbzləri işə əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəf müqavilə münasibətləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti keçdikdən sonra, 2021ci ilin may ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış 20 may 2010-cu il tarixli və 30 mart 2012-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti kimi müvafiq olaraq 12 ay və 24 ay müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Cavabdeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı və Cavabdeh1 nümayəndəsi və vəkili X1 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsasında iş üzrə iddia müddəti tətbiq edilməklə İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin “cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı kredit müqaviləsinə əsasən 2470,81 ABŞ dolları əsas, 16512,53 ABŞ dolları faiz olmaqla 18983,34 ABŞ dolları borcun tutulması, Cavabdeh1 30 mart 2012-ci il tarixli, 189NF/12 saylı kredit müqaviləsi üzrə isə 4899,43 manat əsas, 27420,85 manat hesablanmış faiz olmaqla, cəmi 32320,28 manat borcun tutulması, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT ASC-nin “cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə 20 may 2010-cu il tarixli, ƏZ/PB/PK-278/05/10 saylı kredit müqaviləsinə əsasən 2470,81 ABŞ dolları əsas, 16512,53 ABŞ dolları faiz olmaqla 18983,34 ABŞ dolları borcun tutulması, Cavabdeh1 30 mart 2012-ci il tarixli, 189NF/12 saylı kredit müqaviləsi üzrə isə 4899,43 manat əsas, 27420,85 manat hesablanmış faiz olmaqla, cəmi 32320,28 manat borcun tutulması, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı BOKT ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar