Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-250/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 530 manat (30 manat dövlət rüsumu) məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə Abulbəyli kəndində yerləşən evin alqı-satqısı ilə əlaqədar tanış olmuş və xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın başqalarına satılmaması üçün cavabdehin bank hesabına 500 (beş yüz) manat pul köçürmüşdür. Bir müddət sonra Bakı şəhərində 1 saylı “Asan xidmət” mərkəzində daşınmaz əmlakın mülkiyyəti ilə bağlı olan sənədlərin natamamlığından alqı-satqı müqaviləsi bağlana bilməmişdir. Bundan sonra cavabdehdən daşınmaz əmlakın başqalarına satılmaması üçün verdiyi 500 manatı geri tələb etmiş, cavabdeh isə həmin məbləği qaytarmağı rədd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin pensiya kartına 500 manat beh göndərmişdir. Evdə başqa adamlar və nəvəsi qeydiyyatda olduğundan və onların evin satılmasına razılıqları olmadığından, alqı-satqı baş tutmamışdır. Bundan başqa, cavabdehin qızı onun həyat yoldaşını təhqir etmişdir. Bu səbəbdən cavabdehlə münasibətləri gərginləşmişdir. Əslində hazırki iddianı 500 manatın qaytarılması üçün deyil, prinsip məsələsinə görə qaldırmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçı ilə qızı öz mülkiyyətində olan evin satılması barədə razılığa gəlmişlər. Qızının kartı olmadığından iddiaçı onun pensiya kartına 500 manat məbləğində beh göndərmişdir. Həmin pulu o, kartdan çıxardıb qızına vermişdi. Lakin alqı-satqı müqaviləsi bağlanacağı gün iddiaçı notariat ofisinə gəlsə də, evin alınması üçün pul vəsaiti gətirməmişdir ona görə də alqı-satqı baş tutmamışdır. Qızının satdığı evdə qeydiyyatda heç kim olmamışdır iddiaçı yalan deyir. Nəvəsi Bakıda anadan olub Bakıda qeydiyyatda olub, həmçinin həmin vaxt o yetkinlik yaşına çatmamışdı. Kimin qeydiyyatda olması kimin günahı ucbatından alqı-satqı baş tutmamışdırsa həmin adamların orada qeydiyyatda olması barədə sənəd təqdim etsin məhkəməyə. Elə bir sənəd təqdim edə bilməz, çünki alqı-satqının baş tutmamasının səbəbi onun notariusa pulsuz gəlməsi idi. Məqsədi alqı-satqını həyata keçirib sonra nə vaxtsa az-az pul vermək idi. Qızı da Bakıda başqa evə beh vermişdi. Həmin vaxt notariusda qızı, makler, evi aldığı adam yəni qızının beh verdiyi, iddiaçı və arvadı olub. Qızı ilə iddiaçının arvadı arasında söz-söhbət olub onun prinsipini aparır. İddiaçının qızı rayonda qonşularıdı və 2022-ci ilin mart ayında evi başqa adama satıblar iddiaçının da xəbəri olub. 2023-cü ilin sentyabr ayında beh yadına düşüb tələb edir. Göründüyü kimi alqı-satqı müqaviləsi iddiaçının ucbatından bağlanmamışdır. Ona görə də hazırda ondan 500 manat məbləğində behi tələb etməsi əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, S....T....Q... adlı müştərinin hesabına 500 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehin qızı fərdi yaşayış evinin alqı-satqısı barədə razılaşmışlar. Bunun üçün iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehin pensiya kartına beh olaraq 500 manat məbləğində pul göndərmişdir. Lakin tərəflər alqı-satqı müqaviləsinin bağlanmasına nail ola bilməmişlər. Bu səbəbdən iddiaçı cavabdehə beh olaraq ödədiyi 500 manat məbləğində pulu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Qanunvericiliyin tələbindən göründüyü kimi behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır və beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. İddiaçı tərəfindən cavabdehə 500 manat məbləğində pulun beh olaraq göndərməsi, cavabdehin də həmin məbləği beh məbləği kimi qəbul etməsi işin mübahisəsiz halıdır. İşin hallarından müəyyən olunur ki, tərəflər qanunvericiliyin tələbinə uyğun yazılı razılaşmaya riayət etməsələr də 500 manat pul vəsaitinin beh olmasını etiraf edirlər. Belə olan halda tərəflərin yazılı formaya riayət etməməsi şübhə yaratmır və həmin məbləğ avans kimi qəbul edilə bilməz. Həmçinin qeyd olunan pul məbləği kart hesabına köçürüldüyündən məhkəmə onu notarial qaydada təsdiq edilməyə bərabər tuta bilər. Bu səbəbdən də məhkəmə, tərəflərin bu razılaşmasını beh haqqında razılaşma kimi qəbul edir. Razılaşmanın kimin tərəfindən pozulmasına münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı müqavilə predmeti olan fərdi yaşayış evində başqa şəxslərin və cavabdehin nəvəsinin qeydiyyatda olduqlarını, həmin şəxslərin evin satılmasına yazılı razılıqlarının olmadığını, bu səbəbdən alqı-satqı müqaviləsinin bağlanmasının mümkün olmadığını iddia etsə də, bu halla bağlı onun yalnız mülahizə xarakterli izahatı mövcuddur. İddiaçının izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Cavabdeh isə iddiaçının bu arqumentinin əsassız olduğunu, evdə heç kimin qeydiyyatda olmadığını, iddiaçının evin alınması üçün razılaşdıqları vəsaiti ödəməməsi səbəbindən müqavilənin bağlanmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh rayonda iddiaçının qızı ilə qonşudur və evin 2022-ci ilin mart ayından başqa alıcıya satıldığını bilirdi. Lakin iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında 500 manat behin tələb etməsinin səbəbinin həmin pulun qaytarılması üçün yox, cavabdehin qızının onun arvadını təhqir etdiyindən prinsip olaraq məhkəməyə müraciət etdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən oldu ki, daşınmaz əmlakın alqısatqısının baş tutmamasına görə məsuliyyəti iddiaçı daşıdığından behin qaytarılması barədə tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmamasına görə beh almış tərəfin cavabdehin məsuliyyət daşıması öz təsdiqini tapmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-250/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-250/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver