Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2502/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə nikahı Bakı şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmayan bir övladı vardır. 16 mart 2009-cü il təvəllüdlü X4. Uşaq onun himayəsində saxlanılmışdır. Cavabdeh Bakı şəhər Nizami rayon Məhkəməsinin qətnaməsi ilə 16 mart 2009-cü il təvəllüdlü X2 üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin bu məbləğ uşağın saxlaması üçün nəzərdə tutulan xərcləri ödəmir. Bu səbəbdən də alimentin miqdarının artırılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən alimentin miqdarını artıraraq Cavabdeh 16 mart 2009-cü il təvəllüdlü X2 üçün hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarını artıraraq Cavabdeh 16.03.2009-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimənentin İddiaçı xeyrinə tutulmasına dair iddia ərizəsi vardır. Bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarını artırılması tələbinə dair Bakı şəhər Nizami rayon Məhkəməsində iş vardır. Onun tələbkardan başqa hal-hazırda iki övladı da var, özü Bərdə rayon Yenidaşkəndində yerləşən “LUX” market özəl sahibkarlıq dükanında 250 manat məvacib qarşılığında kassir vəzifəsində işləyir. Bir uşağın saxlanılması üçün gələn gəlirin qazancın 4/1 hissəsi kəsilərək iddiaçıya veirilməsi barədə məhkəmə qətnamə qəbul edə bilər. İki övladının olmasını və 250 manat məvacib (maaş) aldığını nəzərə alıb alimentin 4/1 hissədə kəsilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat veməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli 2(007)- 3539/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, 16 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 iyun 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 108 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 111211 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 22 iyun 2010cu il tarixdə 163 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 437506 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından anadan olan 16 mart 2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan 08.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən “Lux” market özəl sahibkar dükanında 250 manat məvacib qarşılığında kassir vəzifəsində işləyir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli 2(007)- 3539/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, 16 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 iyun 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 108 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh məhkəməyə ünvanlandığı ərizəsində ikinci ailəsindən iki uşağının olmasını bildirmişdir. Məhkəmə cavabdehin iki uşağının olmasını və yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli 2(007)- 3539/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 16.03.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2502/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2502/2021
22.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver