Məhkəmə qərarları › İş №2(007)-2514/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2514/2025

21.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2514/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmirovnaya qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş ziyanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əminarovnanın, X1 iştirakları ilə, İddiaçı Cavabdeh Əminarovnaya qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh Əminarovnaya qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən zərərin əvəzi üzrə ümumilikdə 4730 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumu üzrə 68 manat pul vəsaitinin Cavabdeh Əminarovnadan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əmirovna ilə 2021-ildə tanış olmuşdur. Cavabdeh Əmirovna davranışı ilə inamını və etibarını qazanmışdır. Cavabdeh Əmirovna da ona inandığını və etibar etdiyini bilirdi. Münasibətdə olduqları dövrdə ona inandığı və etibar etdikləri Cavabdeh Əmirovna sonra qaytaracağı vədi ilə ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul istəmiş, o da ona inandığı və etibar etdiyi üçün istədiyi pulları ona vermişdir. Belələiklə, Cavabdeh Əmirovna Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 47A saylı evin 70 saylı mənzilinin təmiri, Cevrolet markalı **-VB- *** qeydiyyat nişanlı avtomobilin təmiri, qızı Səyyarənin elçilik xərcləri adı ilə ondan hissəhissə olmaqla, ümumilikdə 5150 manat pul almış, həmin pulun 800 manatını geri qaytarmış, qalan 4350 manat hissəsini isə ona qaytarmaqdan imtina elmişdir. Bundan əlavə, onun xəbəri olmadan ona məxsus bank kartından cavabdeh öz qızına və rəfiqəsinə ümumilikdə 380 manat pul göndərmişdir. Bu hərəkətlərindən sonra başa düşmüşdür ki, Cavabdeh Əmirovnanın əsl məqsədi, etibarını qazanıb, əmlakını ələ keçirmək olmuşdur. Odur ki, Cavabdeh Əmirovnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir. Şikayəti əsasında Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-də cinayət icraatı qaydasında araşdırma aparılsa da, xx.xx.2025-ci il tarixli qərarla cinayətin tərkib əlamətlərinin olmadığı əsası ilə şikayəti üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki mübahisənin həlli qaydasında məhkəmə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Cavabdeh pul vəsaitini onu aldadaraq almaqla onu zərərə uğratdığından (əmlakından məhrum etdiyindən), zərərin əvəzi olaraq həmin pul vəsaitini geri qaytarmalı olsa da, pulunun (əmlakının) əvəzini ona qaytarmaqdan boyun qaçırır.

Cavabdehin etirazı

3. Cavabdeh Əminarovna iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçıla o 4(dörd) il bundan əvvəl tanış olmuş və ondan sonra 3 (üç) il, yəni 2024-cü ilin aprel ayına kimi onunla qeyri-rəsmi ər-arvad münasibətdə olmuşdur. O onunla tanış olan zaman onu aldadaraq ona nazir Eldar Mahmudovun vaxtında Milli Təhlükəsizlik Nazirliyində onunla bir yerdə işlədiyini, bundan başqa İsmayıllı rayonunda əlavə işinin, yəni meşə ağaclarını kəsib taxta və parket materialı kimi tədarük edərək Bakı şəhərinə gətirib satdıqlarını demişdir. Daha sonra iddiaçı onu Bakı şəhəri Xətai rayonu binalardan birinin yanına gətirib həmin binada 3 (üç) otaqlı mənzilinin olduğunu və onu 350000 manata satmaq istədiyini, Şixovda min bir gecə restoranı ilə üzbəüz yerdə torpağının olduğunu göstərmiş və həmin torpaq sahəsini 150(yüz əlili min) manata satmaq istədiyini bildirmişdir. Bundan başqa iddiaçı daha sonra onu aldadıb gah iş icracısı (prorab), gah da taksi fəaliyyəti ilə məşğul olduğunu demişdir. Aradan uzun müddət keçəndən sonra onunla münasibətdə olduğu dövrdə ona tam məlum olmuşdur ki, İddiaçı ona dediklərinin hamısı yalandır. Belə ki,o, heç vaxt Milli Təhlükəsizlik Nazirliyində işləməmiş, İsmayıllı rayonunda da heç bir işi olmamış və yoxdur. Bakı şəhəri Xətai rayonunda dediyi və ona göstərdiyi binadakı 3 (üç) otaqlı mənzil onun yox, boşandığı arvadının şəxsi mülkiyyətində olan mənzildir. Arvadı ilə boşanandan sonra arvadı onu evdən qovmuş və onu həmin mənzilə buraxmır. Həmin 3 otaqlı mənzilə onun heç bir aidiyyatı da yoxdur. Şıxovda min bir gecə restoranı ilə üzbəüz yerdə də onun heç bir torpağı olmamış və yoxdur. Bütün bunları iddiaçı yalandan özünü ona sanballı adam kimi göstərmək və onu inandırıb özünə bağlamaq məqsədi ilə uydurmuşdur. İddiaçıla münasibətdə olduğu bu 3(üç) il ərzində o, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, hər həftənin 3-4 günü, yəni bir gündən bir onun qızı və anası ilə birgə yaşadığı ünvan 1 ünvanına gəlib-getmişdir. Hər dəfə o onların evinə gəlməmişdən əvvəl sifariş etdiyi yeməkiçməyi öz vəsaiti hesabına ona hazırlamış, bütün xərci özü çəkmişdir. Çox az hallarda o, ona nəyisə sifariş verəndə onun pulunu vermişdir. Bəzi hallarda isə verdiyi sifarişlərə görə müəyyən ərzaqları alıb gətirmişdir. Münasibətdə olduqları bu 3(üç) il ərzində o, mütəmadi olaraq şəxsi qazancı əsasında onun yemək-içməyini vermiş, onun bütün paltarlarını yuyub ütüləmiş və hazır şəkildə ona vermişdir. O özü manikür və pedikür ustasıdır. İddiaçı ilə münasibətdə olduqları vaxtdan əvvəl onunla münasibətdə olduqları bu 3 (üç) il ərzində və hazırda da bu işlə məşğul olur. Hər ay da kifayət qədər külli miqdarda 2000- 2500 manata yaxın pul qazanmışdır. Onun heç vaxt pula ehtiyacı olmamışdır. İddiaçıya pul lazım olanda həmişə o vermişdir. Özündə istədiyi məbləğ olmayanda tanışlarından, rəfiqələrimdən borca pul alıb iddiaçıya vermişdir. Əksər hallarda da iddiaçıya başqalarından alıb verdiyi borcu iddiaçı heç ona qaytarmamış və həmin borcları da özü qazandığı pulların hesabına qaytarmışdır. Bu faktları onun bütün ailə üzvləri və borc alıb ona verdiyi şəxslər də tam təsdiq edə bilərlər. İddiaçı ilə tanış olandan sonra aradan bir qədər keçmiş o, ona rəsmi ailə həyatı qurmağı təklif etmişdir. Hətta o, nişan üzüyü alıb onların evinə də gətirmişdir. O isə onun kimliyini, necə insan, hansı xarakter sahibi olmasını və onu dərindən öyrənmək üçün ona razılıq verməmiş və bir qədər gözləməyi ona demişdir. Onun heç vaxt pula ehtiyacı olmamışdır. Həmişə də işi, peşəsi ilə əlaqədar yaxşı pullar qazanmışdır. Əməyilə qazandığı pullarla da ünvan 2 ünvanında yerləşən 3(üç) otaqlı mənzili və özünə məxsus olan Cevrolet markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili o İddiaçıla tanış olana kimi öz şəxsi vəsaiti hesabına alımışdır. İddiaçıla münasibətdə olduğu bu 3 (üç) il ərzində onun avtomobili olmadığına görə o, mütəmadi olaraq onun Cevrolet markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə etmişdir. Belə ki, o ona məxsus olan həmin bu avtomobil ilə dəfələrlə Nabrana, Sumqayıt şəhərinə, Lökbatana, Dərnəgülə, İsmayıllıya Elçin adlı tanışının yanına və başqa yerlərə getmişdir. Nabrana gedərkən hətta yol polis əməkdaşları tərəfindən də yol hərəkət qaydalarını pozduğuna görə saxlanılmışdır. Onun maşınından istifadə edərkən bir neçə dəfə maşınını vurmuş və onu ziyana salmışdır.Hər dəfə də xərcini özü çəkib maşınını özü düzətdirmiş və təmir etdirmişdir. İddiaçı heç yerdə işləmədiyinə və buna görə də tez-lez pula ehtiyacı yarandığına görə mütəmadi olaraq ondan borca pul istəmişdir. Hər dəfə o ondan borca pul istədikcə ona müxtəlif kartlar göndərir və pulları həmin kartlara atmağı ondan xahiş etmişdir. O da onunla münasibətdə olmaqları və onunla rəsmi şəkildə ailə həyatı qurmaq istədiyinə inanıb həmişə həmin kartlara istədiyi məbləğlərdə pullar göndərmişdir. İddiaçı ondan başqa dəfələrlə anası X5, qızı X3 borca pullar istəmişdir. Onlar da istədiyi pulu ona vermişdir. Lakin iddiaçı borca aldığı pulları heç vaxt qaytarmamışdır. Aralarında olan münasibətə görə də aldığı borcların qaytarılması ondan tələb olunmamışdır. Bu faktları anası və qızı da tam təsdiq edə bilərlər. İddiaçı eyni zamanda rəfiqələrindən də borca pul alıb ona verməyi dəfələrlə ondan tələb etmişdir. O, eyni zamanda onu məcbur etmişdir ki, o öz qızıllarını lombarda qoyub pul götürsün və ona versin. Bir dəfə də iddiaçı ona bilmişdir ki, onun adına firma açmaq istəyir. O isə bundan qəti imtina etmişdir və bildirmişdir ki, firma açmaq istəyirsə, öz adına açsın. Onun firma açmağa ehtiyacı yoxdur. Zaman keçdikcə o, iddiaçını daha yaxından tanımağa başlamışdır. Onun etdiyi hərəkətlərin çoxu onda ciddi şübhələr yaratmağa başlamışdır. O, iddiaçını yoxlamaq üçün dəfələrlə ona Xətai rayonunda dediyi 3 (üç) otaqlı mənzilə köçüb orada yaşamaqlarını desə də, o hər dəfə cürbəcür bəhanələrlə bundan boyun qaçırmışdır. Səbəb isə həmin mənzilin boşandığı arvadının olması, həmin mənzilin ona heç bir aidiyyətinin olmaması və arvadının onu evdən qovması və onu həmin mənzilə buraxmaması olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, iddiaçı birjada qumar oynayır. İddiaçını getdikcə daha dərindən tanıdıqca və onun məqsədləri ona məlum olduqca o, onun çox təhlükəli və qorxulu bir insan olduğunu başa düşmüşdür. Ona görə də 2024-cü ilin aprel ayında onunla olan münasibətlərinə son qoymuş və ondan ayrılmaq qərarına gəlmişdir. O iddiaçı ilə münasibətlərinə son qoyandan sonra o, yenə ondan əl çəkməmiş onu izləməyə və onu şantaj etməyə başlamışdır. Onu şantaj edib demişdir ki, “sənin məndə şəkillərin var, onları sosial şəbəkələrdə yayıb səni və ailəni rüsvay edəcəyəm”. Ondan başqa iddiaçı öz çirkin niyyət və məqsədlərinə nail olmaq üçün qızını da mütəmadi olaraq şantaj etməyə başlamışdır. O, qızını şantaj edərək ona demişdir ki, onu rüsvay edəcək ki, onu heç kim almasın. Gah da qızını şantaj edib anasını öldürəcəyi ilə onu hədələmiş və qorxutmuşdur. Qızı onun etdiyi bu qanunsuz hərəkətlərdən qorxub işdən çıxmışdır. Çünki iddiaçı onun iş yerini tanıyırdı. İddiaçı iki dəfə maşınına minib gedəndə qəflətən ona hücum etmişdir. Bir dəfə də belə bir hal qızını Neftçilər metrostansiyasından çıxandan sonra maşınına minib evlərinə getmək istəyəndə baş vermişdir. Həmin epizodu qızı telefonla çəkmişdir. Həmin video çəkiliş onda var və onu etirazına əlavə edib disk şəklində məhkəməyə təqdim edir. İddiaçı ilə aralarında olan münasibətlərə son qoyandan sonra o onları şantaj etməklə bağlı hərəkətləri ilə kifayətlənməyib bir neçə dəfə onun maşınının üstünə kley tökmüş, maşınını cızaraq maşınını zədələmişdir. İddiaçıla olan münasibətlərinə son qoyandan sonra onun ona və ailə üzvlərinə və avtomobilinə qarşı etdiyi qanunsuz hərəkətlərə görə o, 2 dəfə Nizami rayonu Polis idarəsinin 24-cü polis bölməsinə, iki dəfə 25-ci polis bölməsinə, 102 xidmətinə və eyni zamanda Nizami rayon prokurorluğuna şikayətlər etmiş və onun barəsində qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Etdiyi şikayətlərdən sonra İddiaçı ona və qızına yaxınlaşmasa da, ancaq o yenə onlardan əl çəkmir, tez-tez zənglər edib onları hədələyir və onları narahat edir. Onları izləyir, onların qapısına gəlir. O, məcbur olub buna görə mənzilinə və maşınına kamera qoydurmuşdur. xx.xx.2025-ci ildə iddiaçı onların mənzilin qapısına gəlmiş, kameranı görüb onu tərsinə çevirmiş və tualet ehtiyacını qapının yanındaca görüb çıxıb getmişdir. Bu barədə olan kamera görüntüsünü də məhkəməyə disk şəklində təqdim edir. O, heç vaxt iddiaçıdan hər hansı bir məsələyə görə borca pul istəməmiş və almamışdır. Maşınını da hər dəfə də o özü öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. İddiaçının özü belə maşınından istifadə edib onu idarə edərkən qəza törətdiyi hallarda da pulu olmadığına görə maşınını o, öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Sonuncu dəfə o, maşınının mator hissəsində problem yarandığına görə onu 2024-cü il mart ayının əvvəlində təmir etdirmək üçün ustanın yanına aparmışdır. Ustanın yanına maşınını özü aparmış, təmir xərcini də usta ilə özü danışmış və razılaşmışdır. Usta maşınının təmirinə görə ondan 1200 (min ki yüz) manat pul istəmişdir. O da onunla razılaşmışdır. Aradan müəyyən vaxt keçəndən sonra iddiaçı ona demişdir ki, maşının təmirinə görə usta 1400 (min dörd yüz) manat pul istəyir. O da ona inanmışdır. 1400 manat pulun 900 (doqquz yüz) manatını bir dəfə 700 manat olmaqla xx.xx.2024-cü ildə, ikinci dəfə 200 manat olmaqla iddiaçının ona göndərdiyi və istifadə etdiyi kart hesabına göndərmiş, yerdə qalan 500 manatını isə nağd şəkildə iddiaçının özünə vermişdir ki, ustaya versin. 1400 manat təmir xərcinin 1200 manatını o, rəfiqəsi X2 (onlar ona Seva deyə müraciət edirlər) borca almışdır. Bu faktı rəfiqəsi Sevincin özü də tam təsdiq edə bilər. Rəfiqəsi Sevincdən 1200 manat borca pul almağı iddiaçının özü də ona bildirmişdir. Bu faktın təsdiqi kimi iddiaçının onda səs yazısı da var. Onu da məhkəməyə təqdim edir. O, sonra bilmişdir ki, iddiaçı ondan 1400 manat ustaya vermək üçün pul alsa da, o, onu aldadıb və həmin pulun bir hissəsini özünə götürmüşdür. O, iddiaçı ilə münasibətdə olduğu bu 3(üç) il ərzində heç vaxt ünvan 3 ünvanında yerləşən mənzilini təmir etdirməmiş və ona görə də iddiaçıdan bu məqsədlə də hər hansı məbləğdə borca pul almamışdır. Bundan başqa qızı Siyyarənin elçilik xərcləri adı altında da heç vaxt ondan hissə-hissə və tam şəkildə heç vaxt borca pul almamışdır. Belə ki, qızı Siyyarənin hərisi oğlan tərəfi onların evə xx.xx.2024-cü ildə elçiliyə gələndə verilmiş və nişanlanmışdır. 2024-cü ilin aprel ayında isə iddiaçı ilə onun bütün münasibətləri pozulmuş və onlar faktiki ayrılmışlar. Həmin vaxt onların münasibətləri çox kəskin olduğuna görə onunla onun və ailə üzvləri arasında heç bir münasibət yox idi. Belə olan halda, iddiaçı necə qızı Siyyarənin elçiliklə bağlı xərclərini çəkə bilərdi. O, iddiaçıya məxsus bank kartından onun xəbəri olmadan qızına və rəfiqəsinə heç vaxt 380 (üç yüz səksən) manat məbləğində pul atmamışdır. Ümumiyyətlə belə hallar olmamışdır. Onun iddia ərizəsində bu barədə yazdıqları da ağ yalandır. Belə ki, iddiaçı heç bir yerdə işləmədiyi və hər hansı qazanca malik olmadığı halda, ona dediyi pulları necə verə bilərdi. Digər tərəfdən əgər onun dedikləri həqiqətdirsə, nə səbəbə mütəmadi olaraq ondan, anası və qızından borc adı ilə pullar almış və qaytarmamışdır. Eyni zamanda nə səbəbə ondan rəfiqələrindən onun üçün borca pullar almasını və qızıllarını lombarda qoyub pul götürüb ona verməsini tələb edirdi. İddiaçının yazdıqlarının əksinə olaraq o, onunla münasibətdə olduğu bu 3 (üç) il ərzində həmişə işləmiş, hər ay yaxşı gəlir əldə etmiş və iddiaçının özünü də o saxlamış və lazım olduqca və pul istədikcə ona təmənnasız külli miqdarda pullar vermişdir. Ondan başqa iddiaçı dəfələrlə borc adı ilə anası və qızından da pullar almış və onlardan aldıqları pulları da heç vaxt qaytarmamışdır. Bu 3(üç) il ərzində iddiaçının əsassız yerə iddia etdiyi məbləğin ən azından on qatını o, ona xərcləmişdir. Münasibətdə olduqları bu 3 (üç) ildə demək olar ki, iddiaçını o və ailəsi saxlamışdır. O, iddiaçıya yox, onun özü əsassız yerə iddia etdiyi məbləğin 10 qatını ona borcludur. Qeyd etdiyi bu faktları onun anası, qızı, rəfiqələri və yaxınları tam təsdiq edə bilərlər. İddiaçı onunla münasibətdə olduğu bu 3(üç) il ərzində istifadə etdiyi telefon nömrələri ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. Onun ona qarşı verdiyi iddia ərizəsinin tam qanunsuz və əsassız olmasını, iddia ərizəsində yazdıqlarının yalan olub heç bir həqiqətə uyğun olmamasını, tamamilə şər və böhtan olmasını sübut edən aktlardan biri də onun özünün istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsindən ona göndərdiyi mesajlardır. Hansı ki, həmin mesajlarda iddiaçı tam etiraf edib bildirir ki, onun ona borclu olmağı barədə məsələni o, qəsdən bilərəkdən ortaya atıb ki, onun əsəbləri ilə oynasın. Həmin bu mesajları da o, etirazına əlavə edib məhkəməyə təqdim edir.

İş materialları :

5. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.

6. İş materiallarına İddiaçı ilə Cavabdeh Əminarovna arasında olan aparılan whatsapp yazışmaları əlavə edilmişdir.

7. İş materiallarına Cavabdeh Əminarovnaya məxsus avtomobilin üzərinə yazılan ifadələrə və vurulmuş zərərə aid fotoşəkillər əlavə edilmişdir.

8. İş materiallarına 1 ədəd disk əlavə edilmişdir.

9. Bakı şəhəri Nizami RPİ 25-ci PŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh və İddiaçı qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və ərizəçi vətəndaşa yaranmış situasiya ilə əlaqədar dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ olmasının izah olunması qərara alınmışdır.

10. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

11. İş materiallarına Cavabdeh Bakı şəhəri Nərimanov RPİ-də verdiyi xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli izahatlar əlavə edilmişdir.

12. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 68 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iş məhkəməyə daxil olduqdan sonra yenidən izahatı dəyişmək istəyiblər. Şəxs izahatını vermişdir, həmin izahat şəxsin öz izahatıdır, digər dediyi məsələlərin işə aidiyyəti yoxdur. Pul cavabdehə maşının düzəldilməsi üçün borc kimi verilmişdir. Tərəflərin müəyyən müddət münasibətləri olmuşdur.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə 3 il yarım münasibətləri olmuşdur. İddiaçı onlarda yaşayıb. Belə ki, həftədə 3 dəfə onlarda olmuşdur. Əgər o onunla münasibətdə olub yaşamışdırsa, indi o onun tələbatlarını ödədiyi pulu geri istəyə bilməz. Onda səs yazısı var. Hansı ki, həmin səs yazısında iddiaçı onun 1200 manatı rəfiqəsindən götürməsini bildirir. 17-ci bölmədə material var. Həmin materialdan görünür ki, o, maşını 300 manata təmir etmişdir. Münasibətləri pozulandan sonra iddiaçı onu şantaj etməyə başlamışdır. O, iddiaçıdan bütün bunları nə üçün etməsini soruşmuşdur. Qızı 24-25-ci bölmədə tərcüməçi kimi yanında olmuşdur. 17-ci bölmədə isə tərcüməçi kimi qonşusunu aparmışdır. Orada polis ona demişdir ki, “narahat olmayın, sizin tərəfinizdəyəm, hər şeyi başa düşürəm, işi arxivə göndərəcəm, iş bitəcək. Əgər borc məbləğin sizdən soruşsalar ki, burda göstərilib deyin ki, polis üstümə qışqırıb və ona görə yazmışam”. Polis həmçinin ona deyib ki, ərizədə elə yaz ki, iddiaçı maşını təmir edibsə bunu sübut etsin. O da ona görə ərizəyə elə yazmışdır. Polis ona onun dediyi kimi yazmasını bildirmişdir.

Şahid ifadələri:

15. Məhkəmə iclasında dindirilən şahid X4 izahatında bildirmişdir ki, cavabdeh ilə əvvəl qonşu olmuş, hazırda isə yaxşı münasibətləri var. Polisdə olan izahatı o yazmışdır. Belə ki, cavabdeh ona polis bölməsindən ona zəng gəldiyini, rus dilini bilmədiyi üçün bölməyə onunla getməsini xahiş etmişdir. O da onunla birlikdə bölməyə getmişdir. Polis orada iddiaçıya zəng etmiş, iddiaçı isə cavabdehin ona borcu olmadığını, amma cavabdeh onu atdığı üçün ona görə borc məsələsini ortaya atdığını bildirmişdir. Polisdə olarkən izahatı polis demiş, o da yazmışdır.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

20. İddiaçı tərəfindən cavabdeh X6rşı “4730 manat məbləğində pul vəsaitinin tutulması” tələbi cavabdeh tərəfindən ondan borc olaraq alınmış pul vəsaitinin geri qaytarılmaması və ona məxsus kartdan 380 manat məbləğində pul vəsaitini onun məlumatı olmadan köçürməklə ona ziyan vurması ilə əsaslandırmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsaslandırılması hissəsində Mülki Məcəllənin 21, 386.1, 448.1-ci maddələrinə istinad etmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

22. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

24. Mülki iş üzrə İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəmə bildirmişdir ki, cavabdeh ilə onun münasibəti olmuş və münasibətdə olduqları müddətdə cavabdeh onun etibarından istifadə edərək mənzil və avtomobilinin təmir xərci, qızının elçilik xərcləri adı ilə ondan 5150 manat məbləğində pul vəsaiti almış, həmin vəsaitin 800 manat hissəsini geri qaytarsa da, qalan hissəni qaytarmaqdan imtina etmiş, həmçinin ona məxsus olan kartdan onun məlumatı olmadan 380 manat məbləğində pul vəsaitini qızı və rəfiqəsinin kart hesabına köçürmüşdür.

25. Cavabdeh isə iddia tələbinin dəlillərinə olan etiraz ərizəsində bildirmişdir ki, o, iddiaçıdan borc olaraq pul vəsaiti almamış, mənzilini iddiaçı ilə münasibətdə olduğu müddət ərzində təmir etdirməmiş və qızının elçiliyi isə iddiaçı ilə faktiki ayrıldığı vaxtdan sonra olmuşdur. O, iddiaçı ilə 3 il faktiki ailə münasibətində olmuş, onların faktiki ailə münasibətində olduğu müddət ərzində iddiaçının qeyd etdiyinin əksinə, iddiaçı daim ondan borc olaraq pul vəsaiti almış, onun nəqliyyat vasitəsindən istifadə edib yol-nəqliyyat hadisəsi törətdiyi zaman da iddiaçının pulu olmadığı üçün nəqliyyat vasitəsinin təmir xərclərini o, ödəmişdir.

26. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə bildirdiklərinə əsasən hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” və “borc müqaviləsi” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

27. İddiaçının vəkil-nümayəndəsi tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, iddiaçı tərəfindən cavabdehə pul vəsaiti borc olaraq verilmişdir və qeyd edilən halı təsdiq etmək üçün məhkəməyə sübut qismində Nərimanov RPİ-nin 17-ci polis şöbəsi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərar təqdim edilmişdir.

28. Həmin Qərardan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə eyni məzmunlu şikayət ərizəsi ilə müraciət etmiş, həmin müraciət əsasında cavabdeh X8 izahatı alınmışdır.

29. Qərarda qeyd edilmişdir ki, X12 izahatı alınarkən İddiaçı barəsində yazdıqlarını təsdiq edərək onunla 2021-ci ildən 2024-cü ilin sonlarına qədər qeyri-rəsmi münasibətdə olmalarını və həmin dövrlərdə Namiqin izahatında qeyd etdiyi kimi onun yaşadığı mənzilin, idarə etdiyi avtomobilin, eləcə də qızının elçilik məsələlərində ona maddi yardım etməsini və hal-hazırda 4350 manat borcu yarandığını bildirmişdir.

30. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, İddiaçı Sarıyeva Səbinənin yaşadığı mənzilin, idarə etdiyi avtomobilin, eləcə də qızının elçilik məsələlərində ona maddi yardım etməsi, eləcə də Səbinənin Rəfiqəsinin və qızının bank kartlarına göndərilən pul vəsaitinin qəbzlərini təqdim etmişdir.

31. Məhkəmə tərəfindən Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə sorğu edilərək iddiaçının müraciəti əsasında toplanılmış materiallar tələb edilmiş və sorğu əsasında məhkəməyə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərar və cavabdehin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində yazılmış izahatı təqdim edilmişdir. Həmçinin qeyd edərk ki, Qərarda qeyd edilən qəbzlər təqdim edilməmişdir.

32. Müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2025-ci il tarixli izahatı onun Azərbaycan dilində danışa və yaza bilməməsi ilə əlaqədar cavabdehin tanışı olan və məhkəmə iclasında şahid qismində dindirilmiş Babayeva Xeyransa tərəfindən yazılmışdır.

33. Həmin izahatdan görünür ki, cavabdehin izahatında qeyd edilmişdir ki, Namiq ilə münasibəti olmuş, həmin ərəfələrdə Namiq müxtəlif vaxtlarda onun evinin təmiri, idarə etdiyi avtomobilin təmiri, sonralar isə qızının elçilik məsələlərində maddi dəstək olmuşdur. Belə ki, onların razılıqlarına əsasən qızı ailə həyatı qurduqdan sonra Namiqlə bir yerdə yaşamaq üçün bu qədər xərc çəkilmişdi, lakin sonradan onların münasibəti pozulduqdan sonra Namiq ona xərclədiyi pulları ondan geri tələb etmişdir.

34. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

35. Göründüyü kimi, borc müqaviləsinə əsasən borcverən pul vəsaitini borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin pul vəsaitini geri qaytarmağı öhdəsinə götürür.

36. Hazırki mülki iş üzrə isə iddiaçı tərəfindən cavabdeh ilə arasında borc müqaviləsinsdən irəli gələn öhdəlik hüquq münasibətinin yaranması sübuta yetirilə bilməmişdir.

37. Yəni iddiaçı tərəfindən cavabdehin ona borcu olması ilə bağlı yeganə sübut qismində məhkəməyə təqdim edilən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarda cavabdehin izahatında iddiaçıya 4350 manat borcu olmasını bildirməsi qeyd edilməsinə baxmayaraq, məhkəmə tərəfindən əldə edilmiş iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya borcu olması ilə bağlı etiraf öz əksini tapmamışdır. Həmin izahata əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh faktiki ailə münasibətlərində olmuş və cavabdeh izahatında iddiaçının ailə ehtiyacları ilə bağlı xərclər çəkdiyini bildirmiş, yəni aralarında borc münasibətlərinin yaranmasını, tələb edilən vəsaitin iddiaçıdan borc olaraq alınmasını bildirməmişdir.

38. Həmçinin cavabdeh tərəfindən polis şöbəsində verilmiş xx.xx.2025-ci il tarixli izahatı cavabdehin əvəzinə yazmış Babayeva Xeyransa şahid qismində təqdim edilmiş və şahid xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, həmin izahatın məzmununu ona polis əməkdaşı demiş və o da yazmışdır.

39. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh ilə aralarında borc münasibətlərinin yaranması sübuta yetirilmədiyindən, yəni həqiqətən qeyd edilən xərclər onun tərəfindən çəkilmişdirsə belə, həmin pul vəsaitinin cavabdehə borc olaraq verilməsi müəyyən edilmədiyindən iddiaçının borc münasibətlərinə əsaslanan iddia tələbi əsaslı hesab edilə bilməz. Həmçinin borc münasibətlinin yaranması sübuta yetirilə bilmədiyindən məhkəmə tərəfindən müqavilənin forması ilə bağlı məsələyə hüquqi qiymət verilməsi zəruri hesab edilməmişdir.

40. Məhkəmə qeyd edir ki, məhkəmə iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş 4350 manat pul vəsaitinin tutulması tələbini öhdəlik hüququ münasibətinin digər yaranma əsasları ilə yoxlamış və işin tədqiq edilən halları ilə tərəflər arasında öhdəlik hüququ münasibətinin yaranması, cavabdehin iddiaçı qarşısında ona 4350 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair öhdəliyinin yaranması müəyyən edilməmişdir.

41. Qeyd edilir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər.

43. İddiaçı ilə cavabdeh arasında cavabdeh tərəfindən iddiaçıya 4350 manat pul vəsaitinin ödənilməsi ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır.

44. İddia tələbinin 380 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin ona 380 manat mbləğində maddi ziyan vurması sübuta yetirilə bilməmişdir.

45. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m). 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır.

47. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

48. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.

49. Hazırki mülki iş üzrə isə iddiaçı tərəfindən cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona 380 manat maddi ziyan vurulması sübuta yetirilməmişdir.

50. Nərimanov RPİ-nin 17-ci polis şöbəsi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara münasibətdə məhkəmə qeyd edir ki, həmin qərar cavabdehin iddiaçıya maddi ziyan vurmasını təsdiq edən sübut qismində qiymətləndirilə bilməz.

51. Belə ki, həmin Qərarda “iddiaçının cavabdehin rəfiqəsi və qızının bank kartlarına göndərilən pulun qəbzlərini təqdim etməsi” ilə bağlı qeyd cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmasını və bu ziyanın cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurulmasını təsdiq etmir.

52. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş borc olaraq verilmiş 4350 manat məbləğində pul vəsaitinin və 380 manat məbləğində dəymiş maddi ziyanın tutulması ilə bağlı iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Məhkəmə xərcləri.

54. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

55. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh Əmirovnaya qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Cavabdeh Əmirovnaya qarşı olan 4730 manat məbləğində pul vəsaitinin və 68 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar