Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2553/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə, iddiaçı Cavabdehlər Bakı şəhər 53 saylı Notariat ofisinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbi, iddiaçı Cavabdeh isə cavabdehlər Bakı şəhər 53 saylı Notariat ofisinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 24 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 53 saylı notariat konturunda bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 32000 manat pul vermişdir. Borc müqaviləsinin 2-ci bəndinə əsasən borcalan krediti 24 yanvar 2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməyərək müqavilədə göstərilən müddətin bitməsinə baxmayaraq ona olan borcunu indiyədək ödəməmişdir. Aralarında bağlanmış kredit müqaviləsinin 8-ci bəndinə əsasən “borcalan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh onun xeyrinə 32000 manat borcun, vurulmuş mənəvi ziyana görə 1000 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 yanvar 2019-cu ildə cavabdeh İddiaçı ilə Bakı şəhəri 53 saylı notariat ofisində 3M-188 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 32000 manat olaraq göstərilməsinə baxmayaraq faktiki olaraq İddiaçı ona pul verməmişdir. Onunla kredit müqaviləsi bağlamasına səbəb isə Rafael adlı tanışının ona faizə pul verməsidir. Belə ki, Rafael DTX-da məsul vəzifədə çalışır. Bu səbəbdən də faizə verdiyi pulun təminatı olaraq özü ilə deyil, tanışı İddiaçıla aralarında kredit müqaviləsi bağlamağı ona bildirmişdir. Həmçinin, 2018-ci ildə də eyni motivdə, 53 saylı notariusda Rafaelin ona verdiyi faiz pula görə 50000 manat məbləğində kredit müqaviləsi bağlamışdır. Yuxarıda da qeyd etdiyi kimi bu müqavilələri bağlamağına səbəb Rafaelin faizə verdiyi pulların təminatı olmuşdur. İddiaçı sadəcə notariat ofisində görmüşdür və orada onun tərəfindən ona heç bir vəsait verilməmişdir. Eyni zamanda, Rafael adlı şəxsə 40 ay, hər ay 4000 manat olmaqla ümumilikdə 160000 manatdan çox pul ödəmişdir. Lakin o, pulu tam ödəməyinə baxmayaraq onun istək və tələbləri dayanmamışdır. Bir müddət sonra isə artıq vəzifəsindən istifadə edərək onu və ailəsini təhdid etməyə başlamışdır. Bir neçə gün öncə isə ona məlum olmuşdur ki, İddiaçı kredit müqaviləsinə əsasən ona qarşı əsassız iddia qaldırmışdır. Buna görə də sözügedən kredit müqaviləsini məhkəmədə mübahisələndirmək zərurəti yaranmışdır. Xüsusilə qeyd etmək istəyir ki, İddiaçı vəkildir və Vəkillər Kollegiyasının üzvüdür. O, indiyədək və kredit müqaviləsi bağlanarkən Rüfətin vəkil olduğunu bilməmişdir. Sadəcə olaraq Rafaelin tanışı olaraq gəlmişdir. Burada sual doğuran məqam isə həyatda bir dəfə o da müqavilə bağlanarkən gördüyü şəxs hansı əsasla ona 32000 manat məbləğində borca pul vermişdir? Həm də bu şəxs vəkildir, hüquqlarını da çox yaxşı bilir, borcun qaytarılma tarixi müqavilədə 24 yanvar 2020-ci il qeyd olunmasına baxmayaraq 18 aydır ki, bu şəxs niyə həmin pulu ondan tələb etməmişdir? Göründüyü kimi, onun İddiaçı ilə pul alış-verişində olacağı hər hansısa yaxınlığı olmamış, hətta indiyədək kim olduğunu bilməmişdir. Daha bir maraqlı fakt isə İddiaçı Nizami Rayon Məhkəməsindəki pul tələbinə dair paralel olaraq, yenə də eyni motivdə kredit müqaviləsi bağladığı Hacı-zadə Toğrul Rafiq oğlunun da ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Həmin işdə də iddiaçının vəkili və nümayəndəsi İddiaçıdur. Yuxarıda qeyd olunanlardan da açıq-aşkar görünür ki, bu müqavilə sadəcə formal olaraq vəkil İddiaçı ilə bağlanmışdır. Əslində isə onun tərəfindən ona heç bir vəsait ödənilməmişdir. Odur ki, cavabdeh İddiaçı ilə 24 yanvar 2019-cu ildə Bakı şəhəri 53 saylı notariat ofisində 3M-188 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı verdiyi izahatında bildirmişdir ki, o, cavabdehlə 35.000 manat borc verməsi barədə razılaşmışdır, lakin həmin vaxt üzərində 32000 manat olduğu üçün cavabdehə 32000 manat borc verməsi barədə notariusda müqavilə bağlamış, qalan 3000 manat borcu isə əlbəəl vermişdir. Hazırkı məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş “borc” tələbinə dair iddia üzrə Cavabdeh nümayəndəsi X1 verdiyi izahatında bildirmişdir ki, cavabdeh onun qardaşıdır. O, iddia tələbini qəbul etmir və bildirir ki, qeyd edilən borc məbləği onun qardaşı tərəfindən İddiaçı tanışı Rafael adlı şəxsə qaytarılmışdır. Qardaşı əvvəl ayda 5000 manat ödəmiş, lakin sonradan pandemiya ilə əlaqədar ayda 4100 manat ödəniş etmişdir. Hazırda qardaşı ölkədə yoxdur, borc tam şəkildə ödənilmişdir. İddiaçı iddiasının təmin edilməməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə (istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms-bildiriş çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda, məhkəmə işə S.Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ünvan 1 ünvanlayaraq, 28 sentyabr 2021-ci il tarixə, saat 09:50-ə təyin edilmiş məhkəmə iclasında işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı “borc” tələbinə dair iddiası qismən təmin edilməli, iddiaçı Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası isə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanaraq Bakı şəhəri 53 saylı notariat ofisinin notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-188 nömrə ilə qeyd edilmiş 24 yanvar 2019-cu il tarixli “Kredit müqaviləsi”ndən görünür ki, borc verən borc alana 32000 manat məbləğində pul borc verir, borc alan krediti 24 yanvar 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir; -Xəbərdarlıq məktubundan və ona əlavə edilmiş 16 may 2021-ci il tarixli poçt qəbzindən görünür ki, Cavabdeh 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 32000 manat borcun qaytarılması, əks halda qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə müraciət olunacağı barədə İddiaçı tərəfindən xəbərdar olunmuşdur; -08 iyun 2021-ci il tarixli prentenziyadan görünür ki, Cavabdeh 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi zərurətinin yaranması, həmin müqavilədə nəzərdə tutulan borcu tam ödədiyi barədə İddiaçı xəbərdar etmiş və həmin müqavilənin 3 iş günü müddətində ləğv edilməsini tələb etmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə sonuncuya xəbərdarlıq etmişdir; - Hacı-zadə Toğrul Rafiq oğlu (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanaraq Bakı şəhəri 53 saylı notariat ofisinin notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-51 nömrə ilə qeyd edilmiş 13 yanvar 2018-ci il tarixli “Kredit müqaviləsi”ndən görünür ki, borc verən borc alana 50000 manat məbləğində pul borc verir, borc alan krediti 13 iyul 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin notariusu tərəfindən təsdiqlənərək 24 yanvar 2019-cu il tarixdə reyestrdə 3M-188 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh 32000 manat məbləğində pulu İddiaçı borc almışdır. Müqavilənin şərtinə əsasən cavabdeh borc aldığı pulu 24 yanvar 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona ödəməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin kredit müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, tərəflər arasında olan 24 yanvar 2019-cu il tarixli kredit (borc) müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmış, müqavilə Bakı şəhər 53 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Borc alan Cavabdeh kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını, adını və ata adını yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 32000 manat borc pul almış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Ona görə də, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdeh nümayəndəsinin məhkəmənin əvvəlki iclasında verdiyi izahatında göstərdikləri ilə bağlı qeyd edilməlidir ki, o, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir, hansı ki, yuxarıda istinad edilməklə məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş müqavilə tərəfi olan Cavabdeh müqavilənin bağlanmasında şəxsən iştirak etmiş, müqavilənin hər hansı şərt altında və ya digər öhdəliyin icrasının təmini qismində bağlanması müqavilə şərtlərinə daxil olmamış, bu hallar Cavabdeh məlum olduğu halda müqavilə onun tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada, mübahisə edilən və etibarsız əqd kimi mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə, İddiaçı iddia tələbinə münasibətdə cavabdeh tərəfin göstərdiklərini əsaslı hesab etmir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinin “vurulmuş mənəvi ziyana görə 1000 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları, cavabdeh tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə maddi və mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Mülki Məcəllənin 21.2-ci maddəsində qeyd olunan pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirə dair hər hansı sübut növü ilə sübuta yetirməmişdir. Məhkəmə iddiaçı Cavabdeh iddia tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçının tələbinin əsasını yuxarıda qeyd edildiyi kimi onunla İddiaçı arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcunu tam ödədiyindən, həmin müqavilənin etibarsız hesab edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 24 yanvar 2019-cu il tarixdə notariat ofisində iradə ifadələrini nümayiş etdirərək kredit müqaviləsi bağlamışlar, bu zaman onlara hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. İddiaçı (borc verən) həmin müqaviləyə əsasən Cavabdeh (borc alan) 32000 manat məbləğində pulu borc vermiş, borc alan krediti 24 yanvar 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi sübutlar əsasında, məhkəmə tədqiqinin nəticəsi olaraq kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan hər hansı hal müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cavabdeh iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi 18 mart 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 32.000 (otuz iki min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdehlər Bakı şəhəri 53 saylı Notariat ofisi və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh iddia tələbi təmin edilmədiyindən, onun iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 32.000 (otuz iki min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdehlər Bakı şəhəri 53 saylı Notariat ofisi və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia ərizəsinin verilməsi üçün ödənilməsi ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2553/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2553/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver