Məhkəmə qərarları › İş №2(007)-2575/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2575/2025

19.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2575/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər X1 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı dostu X4 ilə özülərinə ev almaq məqsədi ilə 02 fevral 2021 -ci il tarixində ortaq tanışları olan Elmir Hüseynovun köməkliyi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən və satışda olan evlərlə maraqlanmaq məqsədi ilə “Qara Qarayev” metrostansiyasına yaxın bir yerdə, yəni Əlif Hacıyev küçəsi, 40A ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli binanı görmüşlər və oradan ev almaq qərarına gəlmişlər. Daha sonra, "xxxx" MMC-nin ofisinə yaxınlaşaraq, həmin binadan 2 ədəd, bir-birinə yaxın olan mənzillər almaq istədiklərini bildirmişlər, həmin vaxtda ofisdə olan xanımlardan biri onları Vüqar Mustafayev adlı şəxsə yönləndirmiş, bildirmişdir ki, "xxxx" MMC-nin inşa etdiyi və satışa çıxardığı mənzillərin satışı ilə bağlı həmin şəxs məşğul olur (həmin şəxsin sonradan MMC-nin təsisçisinin oğlu olduğu barədə məlumat əldə etdik). Sonuncu ilə söhbət zaman o, onlara bildirmişdir ki, satışda 4 (dörd) otaqlı mənzil var və həmin mənzil 360 kv.m. təşkil etdiyindən, mənzili 2 (iki) yerə bölüb onlara sata bilər, amma bölgü zamanı təxminən 10 kv.m. itki olacağını bildirmişdir. Onlar da öz növbəsində bu barədə düşünmüşlər və mənzili onlara neçəyə satacaqlarına dair danışıqlar aparmışlar və yekunda, hər mənzilə görə o, İddiaçı 190.000 (bir yüz doxsan min) manat və dostu Röyal Əliyev 190.000 (bir yüz doxsan min) manat olmaqla ödəniş edə biləcəklərini bildirmişlər. Bir neçə gündən sonra, yəni 04 fevral 2021-ci il tarixdə Vüqar Mustafayevlə qeyd edilən məbləğdə mənzillərin alqı-satqısına dair razılıq əldə etmişlər, bu şərtlə ki, mənzillərin ödənişi tərəflərindən hissə-hissə həyata keçiriləcək və “Rahatlığın Məkanı" MMC-nin ofisində görüşdükdən sonra, müvafiq qaydada müqavilələr tərtib edilmiş, müqavilələrlə tanış olduqdan və imzaladıqdan sonra ilkin ödəniş olaraq, tanışları Elmir Hüseynovun iştirakı ilə hər biri 20.000 (iyirmi min) manat, ümumilikdə 40.000 (qırx min) manat məbləğində ödənişi Vüqar Mustafayevə təqdim etmişlər, sonuncu pulu ofisin işçisi olan Marina adlı xanıma vermiş, pullar sayıldıqdan sonra həmin ödənişlərə dair hər birinə ayrı-ayrılıqda müvafiq qəbzlər verilmişdir. Qeyd edilənlərdən sonra o, Röyal Əliyev, Elmir Hüseynov və Vüqar Mustafayev çay içmişlər və bir qədər söhbət etmişlər. Söhbət əsnasında bildrmişlər ki, əslində, onlar hər biri 50.000 (əlli min) manat ödəniş etmək niyyəti ilə ofisə gəlmişlər, ona görə ki, danışıqlar zamanı Vüqar Mustafayev ilkin ödəniş olaraq, hər birinə 50.000 (əlli min) manat ödəniş edilməsi üzərindən fikirlər səsləndirmişdir. Bu zaman, Vüqar Mustafayev təklif etdi ki, hər biriniz əlavə 30.000 (otuz min) manat ödəniş edin, çünki bu onlar üçün də məqsədə uyğundur. Onlar da öz növbəsində təklifi müsbət dəyərləndirmiş və hər biri, eyni qaydada Elmir Hüseynov, Marina adlı xanımın iştirakı ilə əlavə 30.000 (otuz min) manat, ümumilikdə 60.000 (altmış min) manat ödənişi Vüqar Mustafayevə etmişlər. Lakin, bu zaman Vüqar Mustafayev kassanın artıq bağlı olduğunu və bizə qəbz verə bilməyəcəklərini bildirmişdir. Onlar da, təklif etmişlər ki, o zaman, onlara öz əlyazması ilə yazılı bir qəbz versin (həmin qəbzi ərizəyə əlavə edirəm). Vüqar Mustafayev öz növbəsində buna heç bir etiraz etməmişdir. Onlar isə bildirdi ki, “Allahın işini bilmək olmaz, birdən hər hansı səbəbdən mənzilə görə yerdə qalan məbləğləri ödəyə bilməzlər və MMC həmin mənzili bizdən geri alıb başqa adama satsa necə olacaq (çünki bu şərt müqavilədə öz əksini tapmışdı)?’’. Vüqar Mustafayev də bildirmişdir ki, problem deyil, “əlyazmada’' bu halı da qeyd edər və öz əlyazması ilə tərəflərindən ona verilən əlavə 60.000 (altmış min) manat məbləğində vəsaiti ona təqdim etdikləri, həmçinin digər qeyd edilənləri təsdiqlədi və imzaladı, əlavə olaraq, bildirdi ki, növbəti ödəniş vaxtını onlara bildirəcəklər. Bir müddətdən sonra, yəni 15 may 2021 -ci il tarixdə Vüqar Mustafayev ona zəng vuraraq, bildirmişdir ki, mənzillərə görə hər biri tərəfindən 40.000 (qırx min) manat məbləğində ikinci ödənişin vaxtıdır. Həmin ərəfədə o, Gədəbəy rayonunda idi və Röyal Əliyev isə ölkə xaricində, Rusiya Federasiyasında idi. Röyal Azərbaycana gəldikdə özu mənzilinə görə ödəniş edəcəyini bildirdi, o, isə 17 may 2021-ci il tarixdə 40.000 (qırx min) manat məbləğində pul vəsaitini götürərək, Bakı şəhərinə gəlmişdir. Vüqar Mustfayevlə telefon danışığından sonra, onunla "xxxx" MMC-nin ofisində Elmir Hüseynovun iştirakı ilə görüşmüşlər. Həmin vaxtı ofisdə heç kim yox idi və Vüqar Mustafayev bildirmişdir ki, işçilərdən Covid 19 virusuna yoluxanlar olduğundan, işçilər bir müddət işə çıxmayacaqlar. O, da öz növbəsində Elmir Hüseynovun iştirakı ilə özü ilə götürdüyü 40.000 (qırx min) manat məbləğində pul vəsaitini Vüqar Mustafayevə mənzilin ödənişi qismində təqdim etmiş, Vüqar Mustafayev də, təkrar işçilərin olmadığını vurğulamış və əlyazma ilə qəbz verə biləcəyini demiş, o, da razılaşmışdır. Daha sonra, əlyazma ilə qəbzdə qeyd etmişdir ki, 17 may 2021-ci il tarixdə mənzilə görə 40.000 (qırx min) manat məbləğində pulu aldı və 01 sentyabr 2021-ci il tarixdə MMC-nin qəbzini təqdim edəcək və növbəti ödəniş tarixini onlara bildirəcək. Lakin bir müddət keçməsinə baxmayaraq, Vüqar Mustafayev ödəniş qəbzlərini onlara təqdim etməmiş, sonradan isə, telefonuna zəng çatmamışdır. Həmin ərəfələrdə Röyal Əliyevlə birlikdə “Rahatlığın Məkanı" MMC-nin ofisinə yaxınlaşdıqda Elnur Mustafayev adlı şəxslə tanış olmuşlar və bəlli olmuşdur ki, həmin şəxs Vüqar Mustafayevin qardaşı və MMC-nin qanuni təmsilçisidir. Ona bildirmişlər ki, mənzillərə görə ödəniş etmək istəyirlər, amma tərəflərindən ödənilmiş 60.000 (altmış min) və 40.000 (qırx min) manat məbləğində edilmiş ödənişlərin qəbzlərini (MMC-nin möhürü və səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilmiş) təqdim edildikdən sonra ödənişi edəcəklər. Əlavə olaraq qeyd etmək istəyirlər ki, həmin hadisələr baş verən ərəfələrdə o, aldığı mənzildə təmir işlərini yekunlaşdırdığına görə ailəsilə birlikdə həmin mənzilə köçmüşdür. “Rahatlığın Məkanı’’ MMC-nin ofisindən, Elnur Mustafayev tərəfindən onunla əlaqə saxlanılmış və qalan məbləğin ödənişinin edilməsi təkid edilirdi. O və Röyal Əliyev bildirmişlər ki, onların ödəniş qəbzləri verilsin, ödənişləri tam yekunlaşdırsınlar. Sonuncu dəfə bu danışıqlardan sonra Elnur Mustafayev onları ofisə dəvət etmiş bildirmişdir ki, atası, MMC-nin təsisçisi Akif Mustafayevlə onları görüşdürəcək və sonuncu bu məsələni həll edəcək. Daha sonra, həmin şəxslərlə, o cümlədən, Akif Mustafayevin digər oğlu Emil Mustafazədinin iştirakı ilə “Rahatlığın Məkanı" MMC-nin ofisində görüşmüşlər. Akif Mustafayevə bütün baş verənlər barədə detallı məlumat vermişlər və oğlu Vüqar Mustafayevin onlara verdiyi "əlyazmaların surətini də ona təqdim etmişlər. Yekunda, Akif Mustafayev bildirmişdir ki, oğlu ilə onların arasında olan onların məsələsidir, onun onlara aidiyyəti yoxdur. "Rahatlığın Məkanı” MMC-nin sizə satdığı mənzillərin ödənişini həyata keçirin, əks halda mənzillər məhkəmə yolu ilə əlinizdən alınacaqdır. Bundan sonra, onlar məcbur oldub, hər biri (o və Röyal Əliyev) ayrı-ayrılıqda 170.000 (bir yüz yetmiş min) manat, ümumilikdə 340.000 (üç yüz qırx min) manat məbləğində pul vəsaitini 10 sentyabr 2022-ci il tarixdə “Rahatlığın Məkanı" MMC-yə Elmir Hüseynovun və Lalə Sultanovanın iştirakı ilə ödəniş etmişlər və həmin gün onlara maliyyə arayışları verilmişdir ki, onların MMC-yə hər hansı borcu yoxdur. Bundan sonra Akif Mustafayev onlara bildirmişdir ki, 04 fevral 2021-ci il tarixdə sizə verilən müqavilələri geri verin, sizə yeni müqavilələr verək ki, mənzillərə dair çıxarışları ala biləsiniz, ona görə ki, həmin vaxtı Vüqar Mustafayev tərəfindən onlara verilmiş müqavilələri direktor əvəzinə Marina adlı xanım imzalamışdır. Onlar də öz növbəsində onların dediklərinə inanmış və müqavilələr təkrar Emil Mustafazadə tərəfindən qanuni təmsilçi qismində imzalanmış və müvafiq qaydada möhürlənərək onlara təqdim edilmişdir. Qeyd edilən hadisələr ərəfəsində artıq biləndə ki, Vüqar Mustafayev onu və Röyal Əliyevi aldadıb, biz bu barədə aidiyyəti üzrə istintaq orqanına şikayət ərizələri ilə müraciət etmişlər və şikayətləri əsasında 19 noyabr 2022-ci il tarixində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Səbuhi İsmayılov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və müvafiq araşdırma həyata keçirilmişdir. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, X3 Bakı şəhərində müxtəlif yerlərdə yaşayış evlərinin tikintisi ilə məşğul olur vo “Rahatlığın Məkanı" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir. “Rahatlığın Məkanı" MMC tərəfindən təsisçisi Akif Mustafayevin rəhbərliyi ilə 2016-cı il tarixdən ünvan 1 ünvanında yaşayış üçün hündür mərtəbəli binaların tikintisinə başlamış və oğulları Vüqar Mustafayev və Elnur Mustafayev həmin hündür mərtəbəli binalardan hərəsinə ayrı-ayrı 360 kv.m. sahəsi olan təmirsiz mənzil hədiyyə etmişdir. 2021-ci ilin yanvar ayında Vüqar Mustafayev özünə aid olan mənzili satmaq qərarına gəlmiş və 04 fevral 2021-ci il tarixdə Vüqar Mustafayev 360 kv.m. sahəsi olan mənzili hər biri 175 kv.m. sahəsi olan 118 nömrəli və 118/1 nömrəli mənzilə böldürmüş, İddiaçı və X4 ilə alqı- satqı müqaviləsi bağlamış, hər mənzilə görə 190.000 (bir yüz doxsan min) manat qiymətləndirilmiş, Vüqar Mustafayev hər mənzilə görə 20.000 (iyirmi min) manat, ümumilikdə 40.000 (qırx min) manat alıb ofisin ödənişini edib qəbz alsa da, həmin günü İddiaçı və Röyal Əliyevin hərəsindən 30.000 (otuz min) manat, ümumilikdə 60.000 (altmış min) manat məbləğində pul vəsaitini alıb, qəbz yazmışdır ki, yaranan fərqə görə 60.000 (altmış min) manat o zaman geri ödənilir ki, şəxslərin MMC-dən aldıqları mənzillərin tam dəyəri ödənilməsə və mənzillə yenidən satışa çixarılsa satıldıqdan sonra geri ödəniləcək. 17 may 2021-ci il tarixdə İddiaçı aldığı mənzilə görə əlavə 40.000 (qırx min) manat məbləğində pul vəsaitini Vüqar Mustafayevə ödəniş etmiş və Vüqar Mustafayev pulu alıb qəbz yazmışdır ki, 118 və 118\1 nömrəli mənzillər üçün 40000 manat aldı və 01 sentyabr 2021-ci il tarixdə qəbzini təqdim edəcək. 01 sentyabr 2021-ci il tarixə kimi əlavə ödəniş edilmədiyi üçün qəbz yazılmamış və pul Vüqar Mustafayevdə qalmışdır. 02 dekabr 2021-ci il tarixdə X5 Federasiyasına getmiş və 2022-ci ilin iyul ayında Rusiya Federasiyasında olan zaman ona məlum olmuşdur ki, İddiaçı və Röyal Əliyev ondan şikayət ediblər. 18 sentyabr 2022-ci il tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmiş və X6 rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma zamanı 40.000 (qırx min) manat ödəniş etmişdir. Yekunda, istintaq orqanı Vüqar Mustafayevin əməllərində cinayət tərkibinin olmadığı və aralarında olan mübahisənin mülki xarakterli olması qənaətinə gəldiyindən AR CPM-nin 39.1.2-ci maddəsi ilə başlanılmış cinayət işinə xitam verilməsi barədə 30 oktyabr 2023-cü il tarixli qərar qəbul etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh Vüqar Mustafayev ondan aldığı 30.000 (otuz min) manat və 40.000 (qırx min) manat, Röyal Əliyevdən aldığı 30.000 (otuz min) manat, ümumilikdə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitindən cəmi 40.000 (qırx min) manat məbləğini istintaq orqanında geri qaytarmış və həmin məbləğin 30.000 (otuz min) manatı Röyal Əliyev, 10.000 (on nin) manatını isə o götürmüş, lakin yerdə qalan 60.000 (altmış min) manat məbləğində pul vəsaiti bu günədək cavabdeh Vüqar Mustafayev tərəfindən ona ödənilməmişdir. Bu səbəbdən də hazırda tərəfindən cavabdeh Vüqar Mustafayevə qarşı 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin sonuncudan tutulub ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflərin mövqeləri :

3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəflər arasında razılıq əldə edildiyini, bu səbəbdən iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən xx.xx.2025-ci tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edilərək, bildirmişdir ki, İddiaçı istəyi ilə iddia ərizəsindən imtina edilməsi zərurəti vardır. Bu səbəbdən Mülki Prosesual Qanunverriciliyinin 191-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə.

Məhkəmənin mövqeyi :

7. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunduqda məhkəmə iş üzrə icraata xitam verir.

9. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə baxış iclası təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən xx.xx.2025-ci tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edilərək, İddiaçı istəyi ilə iddia ərizəsindən imtina edilməsi zərurəti yarandığını və bu səbəbdən mülki prosesual qanunverriciliyinin 191-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi və vəkilinin tələbdən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur.

11. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM maddə 52.5).

12. Məhkəmə İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında ərizəni iş materailları, işin halları ilə birlikdə araşdıraraq qeyd edir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur.

13. Bu səbəbdən də, iddiaçının nümayəndəsi və vəkilinin iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş etibarnamədən aydın olur ki, İddiaçı tərəfindən öz vəkili və nümayəndəsinə iddiadan imtina etmək səlahiyyəti verilmişdir.

14. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

Nəticə :

15. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən baxış icraatı mərhələsində iddiadan imtina olunması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar