Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2582/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Uzununa küçəsində yerləşən 10 nömrəli ev onun mülkiyyətindədir. Ona qonşu olan Cavabdeh məxsus 5 nömrəli ev onun evinin tam arxasında yerləşir. İki ev arasında hasar yoxdur. Cavabdeh öz evinin kanalizasiyasını onların evinin arxasıyca gedən kanalizasiyasına qoşmuşdur. Bunun aradan qaldırılması ilə bağlı Cavabdeh dəfələrlə müraciət etmişdir. Hətta bu mübahisə 3 ilə yaxındir ki, davam edir. Lakin Cavabdeh onlarla razılaşmır. Onun kanalizasiya xəttinə qoşulması nəticəsində ona məxsus evin bünövrəyə təsir göstərmişdir. Həmin evin kanalizasiyası ilə yanaşı ona məxsus olan və həmin evə qonşu olan 6 evin də kanalizasiyası onun kanalizasiya xəttinə qoşulmuşdur. Cavabdeh öz evindən başqa digər 5 evi də başqa şəxslərə kirayəyə verir. Həmin şəxslər də nə gəldi kanalizasiyaya atırlar. Lakin Cavabdeh kürəkəni, qudası və başqa da bir yarılarında olan cangüdənləri onlara hücum edirlər. O, bununla da bağlı polis şöbəsinə müraciət etmişdir. Kanalizasiya xəttinin qoxusu onları evdə də narahat edir. Bununla yanaşı evin qalan bünövrəsi də korlanır. Məhkəməyə müraciət etmək də məqsədi ona qonşu olan Cavabdeh onun kanalizasiya xəttinə qoşulması nəticəsində onun evinin bünövrəsinə vurduğu zərərin ödənilməsi və kanalizasiya xəttini onun kanalizasiya xəttindən ayırması ilə bağlıdır. Çünki öz evi ilə yanaşı həm də Cavabdeh məxsus olan 6 evin kanalizasiyasının da bir yerdə olması onun mülkiyyətinə zərər vurur. Belə ki, Cavabdeh ona vurduğu 1000 (min) maddi zərərin və məhkəməyə müraciət üçün çəkdiyi 30 manat məhkəmə rüsumu və 30 manat iddia ərizəsinin yazılması üçün olan xərclərin əvəzinin cavabdehdən tutlmasını da tələb edir. Özü İ qrup əlildir və evinin bünövrəsinin korlanması və kanalizasiya problemi onu və ailə üzvlərini narahat edir. Göstərilənlərə əsasən, Cavabdeh mülkiyyətində olan evin kanalizasiya xəttinin ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Uzununa küçəsində yerləşən 10 nömrəli evin kanalizasiya xəttindən ayrılması və Cavabdeh ona vurduğu 1000 (min) manat maddi zərərin və məhkəmə üçün çəkdiyi xərclərin 60 manat pulun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehin həyətində olan təzə tikilidən keçən kanalizasiya xətti onun kanalizasiya xəttini qırır. Onun kanalizasiya xətti iki yerdən qırılıb. O vaxt ev tikəndə o, demişdir ki, kanalizasiya xəttini qırmadan evi tiksinlər. Damda olan suyun qoxusu ona təsir edir. Bundan başqa, o, 1988-ci ilin noyabrın ayının 7-də məlum səbəblərə görə Ermənistan Respublikasından Azərbaycana gəlmiş, burada Keşlə qəsəbəsində məskunlaşmışdır. Həmin ərazidə ev tikmişdir. Daha sonra qanuna müvafiq olaraq həmin evə görə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən növbədənkənar iclas zamanı ona çıxarış verilib. O, evi tikməyə başlayan zaman öz şəxsi vəsaiti hesabına dövlət magistral yolundan öz evinə iki qonşu ilə birlikdə o da kanalizasiya çəkmişdir. O gündən də bu evdə yaşayır. 2016-cı ildə o, evdə olmayanda onun arxa qonşusu ona xəbər verdi ki, qonşu özünə ev tikir. O, cavabdehin həyətinə keçib, xahiş etmişdir ki, ev tikən zaman onlara ziyan dəyməsin. O şərtlə onlara ev tikməsini demişdir ki, ilk olaraq pəncərələri onların evinə baxmasın və onun kanalizasiyasından istifadə etməsinlər. Cavabdeh onun şəxsi kanalizasiyasının xəttinə özünün qeyri-qanuni tikdiyi xətləri qoşub, onun 2 yerdə xəttini qırıb dağıdıb. Bugünki günü kanalizasiyanın qoxusunu ona vermək nə qədər düzgündür? Bu məsələdən kənd sovetinin, bələdiyyənin, hətta Bakı şəhər İcra Hakimiyyətinin xəbəri var. Onun kanalizasiyası ondan əvvəl 2 qonşunun həyətindən gedib. Onu bu məsələ ilə bağlı şahidləri var. Cavabdeh hətta damın suyunu da tökür, onun qoxusu bütün onların evində hiss edilir, niyə onun əmlakına ziyan dəyməlidir. Bu günkü gün ev onun bacısının adınadır. O, İcra Hakimiyyətinə də, bələdiyyəyə də müraciət etmişdir. Bundan başqa, 1998-ci ildə Şakir torpağı satıb, o da almışdır. Şakirin bir otağı və bir mətbəxi vardı, o da yolun qırağında idi. Ona satdığı torpaq və onun evi arasında dörd kubiklik yer var idi. Şakirin yaşadığı yer üzrə şəxsi kanalizasiya var. Onun evi kupçalı evdir, o, kanalizasiyanı tək çəkmişdir, Zülfinaz xanımgilə məsləhət görmüşdür ki, “əvvəl də qonşu idik, siz də bu torpağı alın qonşu olaq”. O kanalizasiya onun və Zülfinaz xanımın olub. Ona və Zülfinaza gedən suyun turbası və kanalizasiyanın turbası var idi. Onun qonşularla problemi olmayıb. Onun çəkdiyi kanalizasiya hal-hazırda üç yerdən zədələnib, onun evinin fundamenti zədə alıb. O, bunların düzədilməsini istəyir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, onların kanalizasiya xətti 1998-ci ildə çəkilib. Onlar həmin vaxt torpağı satmışlar. Kanalizasiya o vaxt çəkilib. Onlar digər qonşuları ilə iddiaçıya torpaq satmışlar. Onlar, 3 qonşu qabaqdakı qonşunun həyəti vasitəsilə kanalizasiyanı mərkəzi xəttə birləşdirmişlər. İddiaçının nümayəndəsi onun yoldaşı ilə dost olub. O, iddiaçının nümayəndəsinin kanalizasiya xəttinə qoşulmamışdır. İddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, torpağı əvvəl o, almışdır. Onun özü yaşadığı evi Gövhərgildən almış, lakin sənədləşməni bacısının adına etmişdir. Nə o, nə də bacısı o torpaqda yaşamır, bacısı dünyasını dəyişib. Onlar o vaxt torpağı alanda Zülfigil onlara kanalizasiya xətti vermədilər, onlar da bununla bağlı çox təkid etmişlər. Məcburi qaydada metr yarımlıq məsafəni 300 manat pul vermişlər və almışlar. Vələt ilə danışmışlar, birgə xərcini çəkmişlər, materialın pulunu birgə qoymuşlar. Şakirgilin həyətindən Şakir kanalizasiya xətti çəkməyə icazə verdi, amma Gövhərgil icazə vermədilər. Ancaq pul ilə ala bilmişlər, lakin evin yan tərəfi ilə gedən borudan onun xəbəri yoxdur. Çünki bacısı ilə də əlaqəsi yox idi, bilmirdi. Arxa həyətdə olan kanalizasiyanın necə çəkildiyini bilmir. Onlar kanalizasiya xəttini sonradan çəkdilər, əvvəl o xətt yox idi. O kanalizasiya xəttini necə çəkdiklərini bilmir.1998-1999-cu illərdən torpağı Gövhərgildən almışlar, ev tikmişlər, bacısı da içində yaşamışdır, təxminən 2001-2002-ci ildə o, evdən köçmüşlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, kanalizasiyanı Zülfinaz xanımdan almışdır. Kanalizasiya onunla Vələtindir. Gövhər kanalizasiya onun həyətindən keçir deyə xətti deşib birləşdirirdi. Torpaq və kanalizasiyanın pulunu Gövhər xanımın yoldaşına veriblər. Aralarında müqavilə kimi bir sənəd var idi, lakin itirmişdir. Evi 2002-ci ildə Zülfinaz xanımdan almışdır, o vaxt ona dedilər ki, kanalizasiya xətti Vələtlə Zülfinazgilindir. Cavabdeh ev tikib hamamın, tualetin aynasını tutub. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Gövhər xanımla o, tikilən evlərin fundamentini qoymuş, habelə qonşu olmuşlar. İndi o, torpağını satmışdır. 1998-ci ildə torpaqlarını Gövhər xanımla birlikdə satmışlar. O, torpağı Vələt müəllimə, Gövhər xanım isə Zülfinaz xanımgilə satıb. O vaxt evlər tikilində Gövhər xanımın yoldaşı digər qonşularla 3 nəfər əvvəldən kanalizasiya xəttinə qoşulublar. Kanalizasiya xətləri o vaxtdan var idi, o, Vələt müəllimə torpaq satmışdır, ancaq özü aşağı tərəfdə olan evdə yaşayır. 1998-ci ildən Gövhərxanımgil kanalizasiya xəttinə qoşulub. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Gövhər xanım onun qaynanasıdır. 1999-cu ildən Gövhər xanımgilə gediş-gəlişləri var. O, atası evində yaşayır. 2015-ci ildə bu ərazidə ev tikmişdir. Bu söz-söhbətlər əvvəl tərəflər arasında olmayıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Elektron məhkəmə” informasiya sistemindən sorğulanmış məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam payda xüsusi mülkiyyətindədir. - İ-ЗЖ seriyalı, 409195 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Ermənistan SSR, Quqark rayonu, Arçut kəndində doğulmuşdur. X1r. - İ-ЗЖ seriyalı, 740557 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1964-cü ildə Ermənistan SSR, Quqark rayonu, Arçut kəndində doğulmuşdur. X1r. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin ******* nömrəli arayışından görünür ki, xx.xx.1964-cü ildə Ermənistan SSR, Quqark rayonu, Arçut kəndində doğulmuş Nümayəndə ünvan 2 ünvanında qeydiyyatdadır. - DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 021683 nömrəli vəsiqəsinin surətindən görünür ki, Nümayəndə müddətsiz birinci qrup əlildir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Nizami RPİ-nin 23-cü PB-nə və Nümayəndə ünvanladığı xx.xx.2021-ci il tarixli, 03/88 nömrəli məktubdan görünür ki, qəsəbənin 1-ci Köndələn küçəsi 5 saylı ünvanda yaşayan X5, 10 saylı ünvanda yaşayan Nümayəndə ərizə ilə müraciət edərək qonşusu Cavabdeh qanunsuz olaraq dəmiryolunun mühafizə zolağını zəbt edərək qanunsuz qapı qoyduğunu bildirmişlər. Vətəndaşlar M.Abbasovanın və Nümayəndə qonşusu Cavabdeh barədə qanunamüvafiq tədbir görülməsi xahiş edilmişdir. - Nizami RPİ-nin 23-cü PB-nin rəisinin Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə ünvanladığı 3-13-52- 1/2-6493 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Nizami RPİ-nin 23-cü PBnə daxil olmuş qarşılıqlı müraciət əsasında tərəfindən təhqiqat araşdırması aparılmışdır, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. Odur ki, qərarın surəti göndərilməklə izah olunmuşdur ki, qərardan narazı qaldıqları halda Azərbaycan Respublikası Cinayət Prosesual Məcəllənin 212.3-cü maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Nizami rayon prokurorluğuna, yuxarı prokurora və rayon məhkəməsinə şikayət etmək hüquqları vardır. - Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nümayəndə 2 nəfərin onu ölümlə hədələməsi və xx.xx.2023-cü il tarixdə qonşuluqda yaşayan Cavabdeh damının suyunu onun kanalizasiyasına qoşması, kanalizasiyadan iy gəlməsi ilə bağlı müraciətinə əsasən araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli, 13767 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. - İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə kanalizasiya və kanalizasiya xətlərinin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı ona qonşu olan Cavabdeh məxsus 5 nömrəli evin onun evinin tam arxasında yerləşdiyini, cavabdehin öz evinin kanalizasiyasını onların evinin arxasıyca gedən kanalizasiyasına qoşduğunu, bunun nəticəsində onun evinin bünövrəsinə cavabdehin vurduğu zərərin ödənilməsi və kanalizasiya xəttini onun kanalizasiya xəttindən ayırmasını, ona dəymiş 1000 (min) maddi zərərin və məhkəməyə müraciət üçün ödədiyi 30 manat dövlət rüsumunun və 30 manat iddia ərizəsinin yazılması üçün olan xərcin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin, tələbin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi, onun iddiaçıya ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, maddi ziyanın cavabdeh tərəfindən yetirilməsi, ziyanın vurulmasında cavabdehin təqsirinin olması məhkəmə iclasında müəyyən olunmadı, ona görə də iddia təmin edilməməlidir. Bu hal, məhkəmənin yerində müayinə protokolunda da öz əksini tapmışdır. Belə ki, yerində müayinə zamanı məlum olmuşdur ki, iddiaçının kanalizasiya borusu cavabdehin həyətindən keçir və həmin vaxt cavabdehin dediyinə görə iddiaçının yaşayış sahəsini də sonuncu onların yaxınlarından almışdır. Müayinə zamanı küçədə yerləşən kanalizasiya “lyuk”una nəzər yetirdikdə, iddiaçının və cavabdehin həyətlərindən çıxan 1 borunun çıxdığı müəyyən olunmuşdur. Cavabdeh borunun çəkilməsinə iddiaçıya icazə verdiyini bildirmişdir. Bundan başqa yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının ərizəsində göstərdiyi cavabdehin damından suyun axmasına münasibətdə cavabdehin tikdiyi 2-ci evin suyu iddiaçının həyətinə axmır. Məhkəmə iddia tələbinin iddia ərizəsinin yazılması üçün ödənilmiş 30 manat xərcin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə “X8”nun hesabına 30 manat ödənilməsinə dair qəbz təqdim olunsa da, qeyd olunmalıdır ki, həmin qəbz sonuncu ilə iddiaçının hüquqi xidmətlərin göstərilməsi üçün müqavilə bağlanmasını, iddia ərizəsinin məhz həmin şəxs tərəfindən tərtib edilməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz, iddia həmin hissədə də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2582/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2582/2023
20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver