Məhkəmə qərarları › İş №2(007)-2625/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2625/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2625/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 Rafiq oğlu arasında bağlanan 29 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 25 faiz olmaqla 10000 manat məbləğində kredit verilib. Digər cavabdehlər Esmira Kazımova və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanıb. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. Hal-hazırda onların banka 8142,91 manat əsas, 1368,23 manat faiz, 26,92 manat cərimə borcları vardır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Qeyd edilənlərə əsasən cavabdehlərdən müştərək qaydada 8142,91 manat əsas, 1368,23 manat faiz, 26,92 manat cərimə borcu olmaqla cəmi 9538.06 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahatında bildirdi ki, oğlu Vüsal həqiqətən də, bankdan kredit götürüb. Lakin faizin 25 olmasını bilməmişdir. Onlar aldanıb müqaviləni imzalamışlar. Buna baxmayaraq əsas borcun hissə-hissə ödənilməsinə təminat verir. Qalan borcların silinməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin və cavabdeh X2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" İKB ASC ilə Cavabdeh1 ararsında bağlanmış 29 avqust 2019-cu il tarixli 20- MZ2-1-0-609-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Rafiq oğluna "xxxx" İKB ASC tərəfindən 29 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 25 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 29-dan gec olmayaraq 24 ay müddətinə dəyişən qrafiklə borcu ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2019-cu il tarixli 20- MZ2-1-0-609-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 "xxxx" İKB ASC ilə Cavabdeh1 ararsında bağlanmış 29 avqust 2019-cu il tarixli 20-MZ2-1-0-609-19 saylı kredit müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşdür. "xxxx" İKB ASC ilə X4 arasında bağlanmış 29 avqust 2019-cu il tarixli 20-MZ2-1-0- 609-19/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X4 "xxxx" İKB ASC ilə Cavabdeh1 ararsında bağlanmış 29 avqust 2019-cu il tarixli 20-MZ2-1-0-609-19 saylı kredit müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşdür. 29.08.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, "xxxx" İKB ASC tərəfindən 10000 manat məbləğində pul Cavabdeh1 təhvil verilmişdir. 24.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər 29 avqust 2019-cu il tarixli 20-MZ2-1-0-609-19 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsini təmin olunması barədə xəbərdar olunmuşlar, əks təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29.08.2019-cu il tarixə İddiaçı ASC-yə 8142,91 manat əsas, 1368,23 manat faiz, 26,92 manat cərimə borcu olmaqla cəmi 9538.06 manat borcu vardır. 02.03.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı "xxxx" İKB ASC ilə cavabdeh X5 arasında bağlanmış 29 avqust 2019-cu il tarixli 20-MZ2-1-0-609-19 saylı kredit müqaviləsinə əsasən cavabdehə Cavabdeh1 24 ay müddətinə, illik 25 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə öhdəliklərinə əməl etmiş, lakin borclu Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək borcunu ödəməmişdir. Digər cavabdehlər isə zaminlik öhdəliklərini yerinə yetirməmişlər. Hal-hazırda "xxxx" ASC-nin "xxxx" İKB ASC-nin hüquqi varisidir və həmin borcu tələb etmək hüququ vardır. Məhkəmə, iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, X1, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 8142,91 manat əsas, 1368,23 manat faiz, 26,92 manat cərimə borcu olmaqla cəmi 9538.06 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. X1, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 8142,91 manat əsas, 1368,23 manat faiz, 26,92 manat cərimə borcu olmaqla cəmi 9538.06 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar