Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2663/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bakı şəhər Probasiya İdarəsinin cavabdeh X5 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin cavabdeh X5 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Bakı şəhər Probasiya İdarəsi cavabdeh X5 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X5 təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277.40 manat dəyərində pul məbləğinin ondan tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində müvafiq hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkum X1 rayon Məhkəməsinin 1(011)- 311/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair göstərişi xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış və xx.xx.2022-ci il tarixdə ona “Attenti” markalı elektron nəzarət vasitəsi kompeltinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxaırlmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə cavabde məhkum X5 tətbiq edilərək təhvil verilmişdir. Məhkum İ.Abbasovun elektron nəzarət vasitəsinə baxış keçirilən zaman mobil qurğunun korpusunun bir-birindən aralandığı, əridiyi və bu səbəbdən onun qeyriişlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkum İ.Abbasovdan bu barədə izahat alınmış, o, izahatında bununla bağlı heç bir üzrlü səbəb göstərməmişdir. Həmin qurğu qeyri-işlək vəziyyətdə olduğundan xx.xx.2024-cü il tarixdə məhkum İ.Abbasovdan təhvil alınaraq yenisi ilə əvəz edilmiş və bu barədə həmin tarixdə müvafiq qaydada protokol tərtib edilərək şəxsi işə əlavə edilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli texniki rəydə qurğunun dağılmış vəziyyətdə olduğu, qolbaq ilə əlaqə saxlayan antena pinlərinin qoparıldığı, ana platada əyilmənin müşahidə olunduğu və təmirinin mümkün olmadığı bu səbəbdən həmin cihazın istifadəyə tam yararsız olduğu bildirilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir.
İş materialları :
3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-311/2022 saylı hökmdən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
4. X6 tərəfindən Bakı şəhər Probasiya İdarəsində verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, ona yaşayış yerini 22:00-dan növbəti gün 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzaya nəzarət edən orqanı iş və təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlməli olduğunun izah edildiyini bildirmişdir.
5. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X5 1 ədəd “Attenti” markalı, 35628660 seriya nömrəli mobil qurğu təhvil verilmiş və istifadə qaydaları, eyni zamanda Xətai rayon Məhkəməsinin 1(011)-311/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.
6. X6 tərəfindən Bakı şəhər Probasiya İdarəsində verilmiş xx.xx.2024-cü il tarixli izahatından görünür ki, X6 ona tətbiq olunmuş Attenti markalı 35628660 seriyalı elektron nəzarət vasitəsinə baxış keçirilən zaman mobil qurğunun korpusunun bir-birindən aralandığı, əridiyi və elektron nəzarət vasitəsinin qeyri-işlək vəziyyətdə olmasının səbəbini günəmuzd usta işləməsi və iş gördüyü yerdə sağ ombasına kubik düşdüyündən və mobil qurğu sağ cibində olduğundan elektron nəzarət vasitəsinin qeyri-işlək vəziyyətə düşməsi ilə izah etmişdir. Həmçinin Attenti markalı 35628660 seriyalı mobil qurğunun yararsız olduğu müəyyən edildiyi halda, mobil qurğunun dəyəri 2277.40 manat ondan tutulması üçün məhkəməyə iddia ilə müraciət olunacağına etirazının olmadığını bildirmişdir.
7. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icarsı qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, məhkum X3 Attenti markalı, 35628660 seriyalı elektron nəzarət vasitəsinə baxış zamanı qurğunun korpusunun aralandığı, əridiyi və qeyri-işlək vəziyyətdə olduğu müəyyən edilmiş, buna dair məhkumdan izahat alınaraq şəxsi işə əlavə edilmişdir.
8. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin təhvil alınması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, məhkum X4 Attenti markalı, 35628660 seriyalı mobil qurğu məhkum tərəfindən qeyri-işlək vəziyyətə salınması səbəbindən təhvil götürülmüşdür.
9. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X5 1 ədəd “Attenti” markalı, 35639717 seriya nömrəli mobil qurğu təhvil verilmiş və istifadə qaydaları, eyni zamanda Xətai rayon Məhkəməsinin 1(011)-311/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.
10. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED000543 nömrəli mütəxəssis rəyindən görünür ki, 35628660 nömrəli, “Attenti V6” markalı mobil qurğu dağılmış vəziyyətdədir, qolbaq ilə əlaqə saxlayan antena ipləri qoparılmışdır, ana platada əyilmə müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır.
11. xx.xx.2021-ci il tarixli, elektron nəzarət vasitələrinin dəyərinə aid cədvəldən görünür ki, 1 ədəd sadə elektron qolbağın dəyəri-1930 manat, ƏDV-347.70 manat olmaqla, ümumilikdə dəyəri 2277.40 manat təşkil edir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Bakı şəhər Probasiya İdarəsinin nümayəndəsi və cavabdeh X6 məhkəmə iclasına gəlməmişlər.
13. İddiaçı Bakı şəhər Probasiya İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
15. Cavabdeh X6 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)- 311/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
16. Cavabdeh X5 təyin edilmiş cəzanın icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsi tərəfindən 1 ədəd ədəd “Attenti” markalı 35628660 seriya nömrəli elektron nəzarət vasitəsi təhvil verilmiş və istifadə qaydaları, yararsız vəziyyətə salındığı halda dəyərinin ondan tutlacağı izah edilmişdir.
17. xx.xx.2024-cü il tarixdə cavabdeh X5 təhkim olunmuş “Attenti” markalı 35628660 seriya nömrəli elektron nəzarət vasitəsinə baxış keçirilmiş və baxış keçirilən zaman elektron nəzarət vasitəsinin qeyri-işlək vəziyyətdə olması aşkar edilmiş, buna görə də həmin nəzarət qurğusu cavabdeh X2 təhvil götürülmüş və ona yeni 1 ədəd “Attenti” markalı, 35639717 seriya nömrəli elektron nəzarət qurğusu təhvil verilmişdir.
18. Cavabdeh X6 tərəfindən ona təhkim olunmuş 1 ədəd “Attenti” markalı 35628660 seriya nömrəli elektron nəzarət vasitəsini yararsız vəziyyətə salması nəticəsində iddiaçı Bakı şəhər Probasiya İdarəsinə 2277.40 manat məbləğində ziyan dəymişdir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Məhkəmənin mövqeyi :
22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Bakı şəhər Probasiya İdarəsi cavabdeh X5 qarşı 2277.40 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbini ona təhkim edilmiş elektron nəzarət vasitəsinin yararsız vəziyyətə salınması ilə əlaqədar həmin elektron nəzarət vasitəsinin dəyərinin ondan tutulmalı olması ilə əsaslandırmışdır.
24. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
25. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
28. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
29. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri Probasiya İdarəsi tərəfindən cavabdeh X5 1 ədəd “Attenti” markalı 35628660 nömrəli elektron nəzarət qurğusu təhvil verilmiş və həmin nəzarət qurğusu yararsız vəziyyətə salınmışdır.
30. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhər Probasiya İdarəsinin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
31. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
32. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
33. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
35. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
36. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
37. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.
38. İşin faktiki halı odur ki, cavabdeh X6 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-311/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
39. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.1, 15-2.4 və 15- 2.5-ci maddələrinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir, şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir və elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
40. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X5 1 ədəd “Attenti” markalı, 35628660 seriya nömrəli mobil qurğu təhvil verilmiş və istifadə qaydaları, eyni zamanda Xətai rayon Məhkəməsinin 1(011)-311/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.
41. Beləliklə, iş materiallarından görünür ki, Bakı şəhər Probasiya İdarəsi tərəfindən X5 1 ədəd “Attenti” markalı, 35628660 seriya nömrəli mobil qurğu təhvil vermiş, istifadə qaydaları, mobil qurğu zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağını izah etmiş, bununla da öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmişdir.
42. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icarsı qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, məhkum X3 Attenti markalı, 35628660 seriyalı elektron nəzarət vasitəsinə baxış zamanı qurğunun korpusunun aralandığı, əridiyi və qeyri-işlək vəziyyətdə olduğu müəyyən edilmiş, buna dair məhkumdan izahat alınaraq şəxsi işə əlavə edilmiş və eyni zamanda elə həmin tarixdə də elektron nəzarət vasitəsi cavabdeh X2 təhvil alınmışdır.
43. Məhkəmə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
45. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçıya baş vermiş hadisə nəticəsində əmlakından məhrum olması ilə zərər dəydiyi müəyyən edilmişdir.
46. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün digər şərt-zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi şərti də mövcud olmalıdır.
47. Hüquqazidd əməl dedikdə, mülki hüquq normalarını pozan əməl başa düşülür. Bu əməl müəyyən hərəkət və ya hərəkətsizlikdə özünü nümayiş edə bilər.
48. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi qaqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli Qərarının 2.3-cü bəndində qeyd olunur ki, elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur.
49. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhər Probasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolla yuxarıda qeyd olunan şərtlər cavabdeh X5 izah edilmiş və cavabdeh tərəfindən protokol şəxsən imza edilmişdir.
50. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə cavabdeh X5 təhkim olunmuş elektron nəzarət vasitəsinin yararsız hala salındığı müəyyən edildiyindən mülki hüquqi məsuliyyətin yaranması üçün digər şərt olan törədilmiş əməlin hüquqazidd olması şərti mövcud olmuşdur.
51. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçının hüquqlarının cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulduğu müəyyən edilmişdir.
52. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, cavabdeh X6 tərəfindən ona təhvil verilmiş elektron nəzarət vasitəsi kifayət qədər məsuliyyətlə mühafizə edilməmiş, nəzarət quğusunun yararsız hala düşməsi ehtimalına etinasız yanaşmışdır.
53. İddiaçıya dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdehə təhkim olunmuş bir ədəd elektron nəzarət qurğusunun yarasız vəziyyətə salınması nəticəsində iddiaçıya 2277.40 manat dəyərində maddi ziyan dəymişdir.
Məhkəmə xərcləri :
54. “Dövlət rüsumu” haqqında qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
55. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir.
56. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
57. Tələb olunan məbləğ 1000 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci və Mülki Prosessual Məcəllənin 112.1.1ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 42.77 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən 42.77 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə :
58. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 2277.40 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. X2 2277.40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 42.77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva