Məhkəmə qərarları › İş №2(007)-2664/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2664/2020

07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2664/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aliment tələbi üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(001)-2584/2016 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilib-artırılaraq, himayəsində qalan 26 fevral 2008-ci il təvəllüdlü Əhməd və 09 mart 2011-ci il təvəllüdlü Böyükağa adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə hər ay hər uşağa 170 manat - cəmi 340 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 11 may 2007-ci il tarixdə, 480 saylı akt qeydi əsasında Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsində rəsmi dövlət qeydiyyatlı nikaha daxil olmaqla ailə qurmuşdur. Onların həmin birgə nikahlarından 26.02.2008-ci il tarixdə Əhməd, 23.02.2011 -ci il tarixdə isə Böyükağa adlı 2 nəfər uşaqları doğulmuşdur. Belə ki, ailə qurduqdan sonra təxminən 6-7 il müddətində cavabdeh Əhədovla münasibətləri çox normal, qarşlıqlı anlaşma və səmimi şəraitdə olmuş, heç bir problem yaşamamışlar. Sonradan isə - 2014-cü ildə heç bir əsas və səbəb olmadan qəflətən ona və ailələrinə qarşı münasibəti kəskin surətdə dəyişmiş və nəticə etibarilə nə qədər ailəni qoruyub saxlamaq istəsə də, bu, mümkünsüz olduğundan gənc ailələri dağılmışdır. Cavabdeh uşaqlarına baxmadığı və onların maddi təminatı ilə qətiyyən maraqlanmadığı üçün, sonda o, məcbur olub aliment tələbi ilə əlaqədar müvafiq məhkəməyə müraciət etmiş və həmin iddia üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 11.03.2016-cı il tarixli qətnaməsinə əsasən, cavabdeh Əhədovun aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq himayəsində qalan 2 nəfər - Əhməd və Böyükağa adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh aliment vermək istəmədiyi üçün həmin vaxt məlum qətnamədən apellyasiya şikayəti versə də qətnamə qüvvəsində saxlanıldığından, sonda o, başqa yola əl atıb yüksək məvacibli işindən çıxmışdır. Beləliklə də, qət olunmuş alimenti ondan almaq müşkülə çevrilmiş və cavabdeh illərlə, aylarla alimenti qəsdən ödəməyib bundan yayınmış və o, çox çətinliklə uşaqları təkbaşına və atasıgilin köməkliyi ilə saxlamalı olmuşdur. Nəhayət cavabdeh Əhədov uzun fasilədən sonra 2018-ci ilin noyabr ayında uşaqlarına 500 manat, həmin ilin dekabr ayından bəri isə nə qədər qəribə və paradoksal görünsə də qanunun tələbi üzrə yox, özü istədiyi vaxtda və miqdarda - hər ay 2 uşağa cəmi 100 manat məbləğində aliment göndərməyə başlamışdır. Belə vəziyyət eynilə bu ilin - 2020-ci ilin mart ayınadək davam etmiş və aprel ayının 01-dən cavabdeh ümumiyyətlə öz doğma uşaqlarına göndərdiyi vəsaiti - həmin o cüzi məbləğdə olan alimenti də birdəfəlik dayandırdı. Qəribidir ki, cavabdeh, indiki dözülməz iqtisadi inflyasiya şəraitində, hələ üstəlik çətin Karantin dövrində 2 məktəbli uşağın saxlanılmasının nə qədər çətin və əziyyətli olduğunu bilmirmi? Əgər aliment rəsmi qaydada qət olunan vaxtdan - 01.02.2016-cı ildən bəri hesablanarsa, cavabdeh Əhədovun hələ sabit pul məbləği üzrə hesablanacaq məbləğlə son 3 ildəki ödədiklərin çıxandan sonra, cavabdehin, himayəsindəki uşaqların saxlanılması üçün 01 sentyabr 2020-ci il tarixə 14.240 (on dörd min iki yüz qırx) manat məbləğində ödənilməmiş aliment borcu qalır ki alınıb öz doğma uşaqlarına ödənilməsində ona müvafiq köməklik göstərilməsini xahiş edir. Həmin borclar müvafiq illərə və illər üzrə 2 uşağa hesablanacaq hər il üçün aşağıdakı kimidir: 2016-cı il üzrə 2800 manat, 2017-ci ildə 3200 manat, 2018-ci ildə 3100 manat, 2019-cu ildə 2640 manat, 2020-ci ilin 8 ayında isə 2420 manat-cəmi 14.240 manat. Onun növbəti iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən, cavabdeh Əhədovla aralarında Binəqədi rayon Qeydiyyat Şöbəsində 11 may 2007-ci il tarixdə 480 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. O, hazırda himayəsində 2 nəfər məktəbli uşağın saxlanılmasında çox çətinlik çəkir, hazırki çətin iqtisadi şəraitdə Binəqədi Rayon Məhkəməsinin məlum qətnaməsi ilə himayəsində qalan həmin ulaqların saxlanılması üçün cavabdehdən qət edilmiş, əslində isə demək olar ki, özü tərəfindən müəyyən etdiyi və hərdənbir ödədiyi 2 uşağa cəmi 100 manat pul onların, heç 1 həftəsinə də çatmır. 2 məktəbli uşağın geyimi, dərs-məktəb ləvazimatları, qidalanması, tibbi və s. başqa təminatları çoxlu vəsait tələb edir ki, bütün bu təminatları da təkbaşına ödəmək təbii ki, onun imkanı xaricindədir. Yeganə gəlir mənbəyi müəllimə kimi çalışıb aldığı əmək haqqıdır. Qiymətli - daşınar- daşınmaz əmlakı da yoxdur. Cavabdeh Əhədovun isə şəhərdə harada işləməsi barədə heç bir məlumatı yoxdur. Yəqin ki, o, hazırda hansısa obyektdə fərdi qaydada işləyib gəlir-qazanc əldə edir və buna baxmayaraq 5-6 aydır ki, öz doğma uşaqlarına heç bir maddi yardım göstərmir. Qanuna görə, alimentin ödənilməsi hətta valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, onlar mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla, həm də vacib vəzifələridir. Göründüyü kimi o, hazırda 2 uşağını saxlamaqda çox əziyyət çəkir. Hazırkı çətin şəraitdə cavabdeh Əhədovun sonuncu məlum məhkəmə aktına əsasən, əslində isə öz istədiyi kimi ödədiyi cəmi 100 manat pulla 2 məktəbli uşağı 1 ay saxlamaq təbii ki, ağlasığmaz və inanılmaz bir haldır. Hazırda ölkə üzrə yaşayış minimumu artırılmış, uşaqlar üçün bu məbləğ 170 manat müəyyənləşdirilmişdir. Təbii ki, buna müvafiq olaraq uşağın da tələbatları artmışdır. Ona görə də məcbur olub hazırki iddianı qaldıraraq bütün yuxarıda göstərdikləri ilə əlaqədar Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(001)-2584/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, Cavabdeh himayəsindəki 2 nəfər uşağın saxlanması üçün hər ay hər bir uşağa 170 manat - cəmi 340 manat sabit pul məbləğində aliment tutulmasına böyük ehtiyacı vardır. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq göstərdi ki, Sədərək ticarət mərkəzində işləyir. Aylıq 250 manat əməkhaqqı alır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə gücü çatmır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 mart 2016- cı il tarixli, 2(001)- 2584/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı ‘‘aliment tələbinə dair” iddia ərizəsi təmin edilmiş, Cavabdeh tərəflərin birgə nikahından olan övladları - 26.02.2008-ci il təvəllüdlü X4 və 23.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. - AZ-T 097931 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 23.02.2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X6r. - AZ-T 097932 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 26.02.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X6r. - AZ-İ 268151 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah 20 iyun 2017-ci il tarixdə ləğv edilmişdir. -İş materiallarında olan Əmək müqaviləsinin bağlanılması ilə bağlı əməmk müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh 250 manat məbləğində əmək haqqı alır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 26.02.2008-ci il təvəllüdlü X4 və 23.02.2011-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmış, aralarındakı nikah ləğv edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı ‘‘aliment tələbinə dair” iddia ərizəsi təmin edilmiş, Cavabdeh tərəflərin birgə nikahından olan övladları - 26.02.2008-ci il təvəllüdlü X4 və 23.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2016cı ildə müəyyən edilmiş cavabdehin əməkhaqqı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehin hazırki əməkhaqqı olan 250 manat təşkil edir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə qeyd edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini ümumilikdə 340 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə, 26.02.2008-ci il təvəllüdlü X4 və 23.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər bir uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 26.02.2008-ci il təvəllüdlü X3 və 23.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 mart 2016- cı il tarixli, 2(001)-2584/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 26.02.2008-ci il təvəllüdlü X3 və 23.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (bir üç yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 26.02.2008-ci il təvəllüdlü X3 və 23.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 mart 2016- cı il tarixli, 2(001)-2584/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 26.02.2008-ci il təvəllüdlü X3 və 23.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (bir üç yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar