Məhkəmə qərarları › İş №2(007)-2676/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2676/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2676/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X2, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və cavabdehin müalicə xərclərinə cəlb olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması və cavabdehin müalicə xərclərinə cəlb olunması tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə vermişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxslə cavabdehin birgə nikahlarından olan Aliyə adlı övladlarının saxlanılması üçün cavabdehdən hər ay 150 manat aliment tutularaq iddiaçıya verilməsi qərara alınıb. Məlum odluğu kimi uşaq böyüdükcə onun xərci də artır. Lakin cavabdeh uşağa görə hər hansı bir əlavə yardım göstərmir. Bu səbəbdən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.Qeyd olunanlara əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin artırılması,Cavabdeh 16 noyabr 2019-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2186/2019 saylı, iş üzrə qəbul etdiyi qətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, Cavabdeh İddiaçı xeyrinə hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində onun saxlanması üçün 27.05.2019-cu il tarixdən başlayaraq hər ay 150 manat aliment tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı qızının himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aliment artırılmalı, tərəflərin birgə nikahından 16 noyabr 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aliment artırılsın. Tərəflərin birgə nikahından 16 noyabr 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar