Məhkəmə qərarları › İş №2(007)-2708/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2708/2021

03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2708/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edildi ki, yanında yetkinlik yaşına çatmayan uşağı olan İddiaçı Bərdə rayonu, Güloğlular kəndində, Cavabdeh isə Bərdə rayonu, Güloğlular ərazi dairəsi, Gərənə kəndində qeydiyyatdadırlar. İddiaçı ünvan 1 ünvanında yaşadığını qeyd edərək iddia ərizəsini həmin rayonun məhkəməsinə ünvanlamışdır. Qanunvericiliyin tələbinə görə, fiziki şəxsin qeydə alındığı yer dedikdə, onun iddianın verildiyi vaxt yaşayış yeri, yəni rəsmi qeydiyyata alındığı yer başa düşülməlidir. Məlum olduğu kimi, iddiaçı və cavabdeh Bakı şəhəri Nizami rayonunun ərazisində qeydiyyatda deyillər, ona görə hazırkı iddia ərizəsinin həmin rayonun məhkəməsi tərəfindən icraata qəbul edilərək işə baxılması mümkün deyildir. Qanunvericilik iddiaçının seçməsinə görə aidiyyət qaydalarını da müəyyən etmişdir ki, bunlardan biri də alimentin miqdarının dəyişdirilməsinin alınması və atalığın müəyyən edilməsi haqqında iddiaların iddiaçı tərəfindən özünün yaşadığı yerə görə verilməsinin mümkünlüyü ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırkı halda, İddiaçı Bakı şəhəri Nizami rayonu ərazisində hansı əsasla yaşadığı müəyyən olunmur, kirayə yaşadığı halda bu faktı təsdiq edəcək qanunla müəyyən edilmiş qaydada bağlanmış kirayə müqaviləsini iddia ərizəsinə əlavə etməmişdir. Ona görə həmin ünvan, iddiaçının yaşadığı ünvan hesab olunaraq iddia ərizəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya qaytarılmalı, nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar