Məhkəmə qərarları › İş №2(007)-2717/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2717/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2717/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X1 və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin əlavəsinə dəyişiklik edilməklə möhlət verilməsi və hesablanmış əsas və faiz borclarının yeni cədvəl üzrə ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin əlavəsinə dəyişiklik edilməklə möhlət verilməsi və hesablanmış əsas və faiz borclarının yeni cədvəl üzrə ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ASC-nin ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 48 ay müddətinə 15000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 06 may 2021-ci il tarixədək Cavabdeh banka 24 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 13181,72 manat əsas borc, 479,23 manat faiz borcu, 37,65 manat cərimə borcu olmaqla ümumilikdə 13698,6 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Buna görə də, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 13181,72 manat əsas borc, 479,23 manat faiz borcu, 37,65 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13698,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla İddiaçı ASC-nin Nərimanov Filialı arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli 22-Y-1-0-156-20 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 15000 azn məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1 saylı Əlavəsinə əsasən aylıq ödəniş 440,63 manat təşkil etmişdir. Müqaviləni bağlayarkən onun yüksək maaşlı işi olmuşdur. Bank hesabına dair çıxarışdan da göründüyü kimi, iyul ayınadək ödəniş qrafiki üzrə ödənişləri tam formada ödəmişdir. 2020-ci ilin aprel ayında "xxxx" MMC-də motros vəzifəsində işdən azad olunmuşdur. İş yerini itirməsi ilə əlaqədar ödənişləri etməkdə çətinlik çəkmişdir. Dəniz şirkətlərinə qəbul olmaq üçün ondan müəyyən sertifikatlar tələb olunmuş, lakin həmin şirkətlər karantin səbəbindən bağlı olduğundan o, həmin sertifikatları ala bilməmişdir. Bununla bağlı ona vaxt lazım olmuşdur. Belə olacağını o, bilməmişdir. “COVİD-19” pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərlə əlaqədar iş də tapa bilməmişdir, himayəsində 2 azyaşlı uşağı da olduğu üçün bununla əlaqədar hətta cavabdeh banka müraciət edərək ona möhlət verilməsini və ya aylıq ödənişin 441 manatdan 200 manata endirilməsini xahiş etmişdir. X4 da ərizə ilə müraciət etmişdir. Mərkəzi Bank onun müraciətini İddiaçı ASC-yə yönləndirmişdir. Hər dəfə banka müraciət etdikdə müraciətinə baxıldığı, ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Cavabdehin məhkəməyə müraciət etməyi onun üçün gözlənilməz olmuşdur. O, bankın müqavilənin şərtlərinə yenidən baxmasına, aylıq ödənişin şəraitin dəyişməsini nəzərə alaraq dəyişdirilməsinə razı olduğuna inanmışdır. Buna görə də çatdırdığı qədər aylıq 200 manatdan az olmamaqla kredit ödənişini davam etdirmişdir. Onun müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən yayınmaq kimi niyyəti və məqsədi olmamışdır. Ödənişləri də davam etdirdiyi bunu bir daha sübut edir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin əsassız olduğundan rədd edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli 22-Y-1-0-156- 20 saylı uzunmüddətli kredit müqaviləsinin 1 saylı Əlavəsinə dəyişiklik edilərək 31 dekabr 2021-ci il tarixinədək ona möhlət verilməsi və 200 manat aylıq ödənişin müəyyən olunması barədə əsas borcun və faizlərin tərtib edilmiş yeni cədvəl üzrə ödənilməsi qaydasının təsdiq olunmasının cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X2 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli, 22-Y-1-0- 156-20 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə, 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh 48 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 24 yanvar 2020-ci il tarixli qəbzdən görünür ki, həmin tarixli kredit müqaviləsi üzrə 15.000 manat məbləğində pul İddiaçı ASC tərəfindən Cavabdeh hesabına köçürülmüşdür; - İddiaçı ASC-nin 17 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 12 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı ASC-nin 06 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22-Y-1-0-156-20 saylı kredit müqaviləsi üzrə 06 may 2021-ci il tarixinə 13181,72 manat əsas borcu, 479,23 manat faiz borcu, 37,65 manat cərimə borcu olmaqla, cəmi 13698,6 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli, 22-Y-1-0-156-20 saylı kredit müqaviləsinə və həmin müqaviləyə əlavəyə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə, 15.000 manat məbləğində kredit verilmişdir. Müqavilə əsasında həmin pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 24 yanvar 2020-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 13181,72 manat kimi göstərilmiş, məhkəməyə təqdim edilmiş 06 iyul 2021-ci il tarixli maliyyə arayışından isə görünür ki, cavabdehin 241 manat ödəniş etməsi nəzərə alınmaqla əsas borcun məbləği 13176,72 manat təşkil edir. İlkin iddia üzrə iddiaçı tərəfindən tutulmalı olan əsas borc məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilməməsinə baxmayaraq, cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı əsas borcun məbləği sonuncu maliyyə arayışında göstərilmiş 13176,72 manat müəyyən edilməlidir. Məhkəmə tutulmalı olan faiz borcuna münasibətdə qeyd edir ki, iddia ərizəsində faiz borcunun məbləği 479,23 manat qeyd edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan maliyyə arayışında faiz borcunun məbləği 719,29 manat müəyyən edilmişdir, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından məhkəmə hesab edir ki, məhkəmə tərəfindən iddia ərizəsində qeyd olunan 479,23 manat faiz borcu məbləği əsas götürülməlidir, o cümlədən işin halları nəzərə alınaraq, iddiaçının ərizəsində tələb etdiyi 37,65 manat cərimə (dəbbə pulu) isə 13176,72 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək deyildir və həmin məbləğin azaldılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçının arqumenti bundan ibarətdir ki, “...Qeyd olunan kredit müqaviləsinin 1 saylı Əlavəsinə əsasən aylıq ödəniş 440,63 manat təşkil etmişdir. Müqaviləni bağlayarkən onun yüksək maaşlı işi olmuşdur. 2020-ci ilin aprel ayında "xxxx" MMC-də motros vəzifəsində işdən azad olunmuşdur. İş yerini itirməsi ilə əlaqədar ödənişləri etməkdə çətinlik çəkmişdir. Dəniz şirkətlərinə qəbul olmaq üçün ondan müəyyən sertifikatlar tələb olunmuş, lakin həmin şirkətlər karantin səbəbindən bağlı olduğundan o, həmin sertifikatları ala bilməmişdir. Bununla bağlı ona vaxt lazım olmuşdur. “COVİD-19” pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərlə əlaqədar iş də tapa bilməmişdir, himayəsində 2 azyaşlı uşağı da olduğu üçün bununla əlaqədar hətta cavabdeh banka müraciət edərək ona möhlət verilməsini və ya aylıq ödənişin 441 manatdan 200 manata endirilməsini xahiş etmişdir. X4 da ərizə ilə müraciət etmişdir. Mərkəzi Bank onun müraciətini İddiaçı ASC-yə yönləndirmişdir. Hər dəfə banka müraciət etdikdə müraciətinə baxıldığı, ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Cavabdehin məhkəməyə müraciət etməyi onun üçün gözlənilməz olmuşdur. O, bankın müqavilənin şərtlərinə yenidən baxmasına, aylıq ödənişin şəraitin dəyişməsini nəzərə alaraq dəyişdirilməsinə razı olduğuna inanmışdır...”. O cümlədən, Cavabdeh iddiasında sadaladığı bütün halları şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirmiş və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi əsasları, o cümlədən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi anlayışı qanunvericilikdə konkret formada öz əksini tapmışdır, qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi dəlillər isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, iş materiallarından da müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankına, o cümlədən İddiaçı ASC-yə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir, hansı ki, tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan kredit müqaviləsi ilə də müəyyən edilir ki, müqavilənin şərtlərinin dəyişdirilməsinə və ya ona əlavələr edilməsinə tərəflərin razılığı ilə yol verilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iddiasının təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, 24 yanvar 2020-ci il tarixli, 22-Y-1- 0-156-20 saylı kredit müqaviləsi üzrə 13176,72 manat əsas borc, 479,23 manat faiz borcu, 37,65 manat cərimə olmaqla, cəmi 13693,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, Cavabdeh “Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin əsassız olduğundan rədd edilməsi, cavabdeh İddiaçı ASC ilə onun arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli, 22-Y-1-0-156-20 saylı uzunmüddətli kredit müqaviləsinin 1 saylı Əlavəsinə dəyişiklik edilərək 31 dekabr 2021-ci il tarixədək möhlət verilməsi və 200 manatlıq aylıq ödənişin müəyyən olunması barədə əsas borcun və faizlərin tərtib edilmiş yeni cədvəl üzrə ödənilməsi qaydasının təsdiq olunmasının cavabdeh İddiaçı ASC-nə həvalə edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 24 yanvar 2020-ci il tarixli, 22-Y-1-0-156-20 saylı kredit müqaviləsi üzrə 13176,72 manat əsas borc, 479,23 manat faiz borcu, 37,65 manat cərimə olmaqla, cəmi 13693,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh “Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin əsassız olduğundan rədd edilməsi, cavabdeh İddiaçı ASC ilə onun arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli, 22-Y-1-0-156-20 saylı uzunmüddətli kredit müqaviləsinin 1 saylı Əlavəsinə dəyişiklik edilərək 31 dekabr 2021-ci il tarixədək möhlət verilməsi və 200 manatlıq aylıq ödənişin müəyyən olunması barədə əsas borcun və faizlərin tərtib edilmiş yeni cədvəl üzrə ödənilməsi qaydasının təsdiq olunmasının cavabdeh İddiaçı ASC-nə həvalə edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar