Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2721/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərti ilə 6 000,00 (altı min manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixli 005-NBK-0119-19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri tam yerinə yetirilənədək 09 avqust 2019-cu il tarixli 005-NBK-0119-19 saylı zaminlik müaviləsinə əsasən Cavabdeh2 zamin durmuşdur. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Zaminlik müqavilələlərinin 2.1.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə öhdəlikərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, zamin borcalanın borcverən qarşısında götürdüyü bütün öhdəlikləri borcverənin ilk tələbi ilə icra etməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin şərtlərinə əsəsən Cavabdeh1 18 may 2021-ci il tarixə əsas borcu 4128,12 manat (dörd min yüz iyirmi səkkiz manat 12 qəpik), faiz borcu 256,38 manat (iki yüz əlli altı manat 38 qəpik), cərimə borcu 224,10 manat (iki yüz iyirmi dörd manat 10 qəpik) olmaqla ümumi borcu 4608,60 manat (dörd min altı yüz səkkiz manat 60 qəpik) təşkil edir ki, bu borcun də cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Göründüyü kimi cavabdehlər müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 avqust 2019-cu il tarixli 005-NBK-0119- 19 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu 4128,12 (dörd min yüz iyirmi səkkiz manat 12 qəpik) manat, faiz borcu 256,38 (iki yüz əlli altı manat 38 qəpik) manat, cərimə borcu 224,10 (iki yüz iyirmi dörd manat 10 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 4639 (dörd min altı yüz otuz doqquz manat 00 qəpik) manat məbləğində borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, 005-NBK-0119-19 saylı kredit müqaviləsindən görünür ki, borcverən tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 33,99 faiz ödəmək şərtilə, 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış 09 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 09 avqust 2019-cu il tarixli qəbzdən görünür ki, həmin tarixli kredit müqaviləsi üzrə 6000 manat məbləğində pul Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür; - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin 15 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - 28 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir, bu zaman iddiaçıdan 0,40 manat xidmət haqqı tutulmuşdur; - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin 18 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 005-NBK-0119-19 saylı kredit müqaviləsi üzrə 18 may 2021-ci il tarixinə 4128,12 manat əsas borcu, 256,38 manat faiz borcu, 224,10 manat cərimə borcu olmaqla, cəmi 4608,60 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, 005-NBK-0119-19 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24 ay müddətinə, illik 33,99 faiz ödəmək şərtilə, 6000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə pul vəsaiti həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh2 arasında 09 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərilərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə bağladığı 09 avqust 2019-cu il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 avqust 2019-cu il tarixli 005-NBK-0119-19 saylı kredit müqaviləsi ləğv edilməli, 09 avqust 2019-cu il tarixli 005-NBK-0119-19 saylı kredit müqaviləsi üzrə 4128,12 manat əsas borc, 256,38 manat faiz borcu, 224,10 manat cərimə olmaqla, cəmi 4608,60 manat borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, o cümlədən həmin dövlət rüsumunun ödənilməsi zamanı iddiaçıdan tutulmuş 0,40 manat xidmət haqqının əvəzi onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09 avqust 2019-cu il tarixli, 005-NBK-0119-19 saylı kredit müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə 4128,12 (dörd min yüz iyirmi səkkiz manat, on iki qəpik) manat əsas borc, 256,38 (iki yüz əlli altı manat, otuz səkkiz qəpik) manat, 224,10 (iki yüz iyirmi dörd manat, on qəpik) manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 4608,60 (dörd min altı yüz səkkiz manat, altmış qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2721/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2721/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver