Məhkəmə qərarları › İş №2(007)-280/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-280/2023

06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-280/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına dəyən zərərin əvəzi olaraq cavabdehlərdən ümümilikdə cəmi 4282,20 manat pul məbləğinin, o cümlədən Cavabdeh1 1920 manat, "xxxx" ASC-dən 2300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin zərərin məbləğinə iddiaçının mülkiyyətində olan “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə görünüşünün itirilməsinin dəyəri kimi 1800 manat, avtomobilin əmtəə görünüşünün itirilməsinin dəyərinin hesablanması barədə müstəqil ekspert rəyi üçün ödənilmiş 120 manat, həmin avtomobildə ehtiyat hissələri alınmasının və təmir işlərinin aparılmasının dəyəri olan 2200 manat, avtomobilə dəymiş zərərin hesablanması barədə müstəqil ekspert rəyi üçün ödənilmiş 100 manat, iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 62,20 manat pul daxildir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 4220 manat məbləğində pulun və iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 62,20 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan idarə etdiyi “Mersedes-Benz E280” markalı Az ** DP *** dövlət qeydiyyat nişanlı avtomobillə 02 avqust 2022-ci ildə təxminən saat 10:30 radələrində Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində “Neolit” şadlıq sarayının yanında piyada keçidinin qarşısında dayanarkən X4 idarə etdiyi, Cavabdeh1 mülkiyyətində olan “Kia K 2700” markalı 99 0K 428 qeydiyyat nişanlı yük maşını ilə onu arxadan vurmuş, nəticədə onun avtomobilinə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsində X2 təqsiri inzibati xəta haqqında iş üzrə qərarla təsdiq olunmuşdur. Hadisə nəticəsində onun avtomobilinin bəzi detalları dəyişilməli olmuş, avtomobil ilkin əmtəə görünüşünü itirmişdir. Avtomobilə dəymiş zərərin hesablanması üçün iki mütəxəssisə müraciət etmiş və 220 manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin ödənilməsi üçün sığorta şirkətinə müraciət etsə də, nəticəsi olmamışdır. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək ona vurulmuş ziyanın cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ekspert rəyində qeyd olunan məbləğlə razı olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, sığorta şirkəti iddiaçıya 1125 manat təklif etmiş, lakin cavabdeh qəbul etməmişdir. İş üzrə verilmiş rəydə qeyd olunan məbləğlə qismən razılaşırlar. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 bildirdi ki, iddiaçıya rəydəki məbləğdən 300-400 manat aşağı vermələrini təklif etmiş, lakin o razı olmamışdır. Cavabdeh1 "xxxx" ASC-nin sığortalısıdır. Bu səbəbdən iddiaçı hər ikisindən tələb edir. Onların ekspertləri ziyanın məbləği kimi 1125 manat təyin etmişlər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə iddiaçının və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 02 avqust 2022-ci il tarixdə saat 10:30-da Bakı şəhəri Nizami rayonunun ərazisində baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 mülkiyyətində olan “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan X4 hadisəni törətməkdə təqsirli bilinmişdir. - xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP 51696 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. - “X10” MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə 2200 manat məbləğində zərər dəymişdir. Avtomobilin qəzadan öncə bazar dəyəri 13000 manat, qəzadan sonra 11200 manat müəyyən olunur. İtirilmiş dəyər 1800 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli, 374148 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı “X10” MMC-yə 100 manat məbləğində ödəniş etmişdir. - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat məbləğində icbari sığorta edilmişdir. - AD 980140 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dur. - İddiaçı "xxxx" ASC-yə ünvanlandığı məktubdan görünür ki, İddiaçı “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2200 manat məbləğində zərərin ödənilməsi xahiş edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. - AB 937997 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. - 07.10.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 62.20 manat məbləğində dövlət rüsumu ödəmişdir. - İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışdan görünür ki, “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta müqaviləsi aktivdir. - ƏN-Vİ seriyalı 015178 nömrəli etibarnamənin surətindən görünür ki, “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixədək X7 etibar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2107 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “X10” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1950 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 02 avqust 2022-ci il tarixdə saat 10:30-da “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə “Mersedes-Benz E280” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisənin “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri üzündən baş verməsi inzibati xəta haqqında iş üzrə qərarla təsdiq olunmuşdur. İş materiallarından görünür ki, həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. İddiaçı avtomobilin əmtəə görünüşünün itirilməsi nəticəsində 1800 manat, həmin avtomobildə ehtiyat hissələri alınmasının və təmir işlərinin aparılması üçün 2200 manat olmaqla 4000 manat məbləğində maddi zərərə məruz qaldığını, avtomobilin əmtəə görünüşünün itirilməsinin dəyərinin hesablanması barədə müstəqil ekspert rəyi üçün 120 manat, avtomobilə dəymiş zərərin hesablanması barədə müstəqil ekspert rəyi üçün 100 manat, məhkəmədə iddia qaldırmaq üçün 62,20 manat dövlət rüsumu ödədiyini bildirərək cavabdehlərdən müştərək qaydada 4282,20 manat məbləğində pulun tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan avtomobilin əzilməsi nəticəsində ona 1950 manat məbləğində zərər dəyməsi mülki prosesdə daha mötəbər sübut növü olan ekspert rəyi ilə sübuta yetirildiyinə görə zərərin məbləği 1950 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əmtəəşünaslıq sahəsində xüsusi biliyə malik eksperti tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi “X10” MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəylərə nisbətən daha mötəbər rəy olduğundan, məhkəmə həmin MMC tərəfindən verilmiş rəyləri sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan avtomobilin zədələnməsi nəticəsində ona dəymiş real zərər 1950 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - İş materiallarından görünür ki, “Kia K 2700” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh "xxxx" ASC tərəfindən 5000 manat məbləğində icbari sığorta edilmişdir. Həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, maddi ziyanın məbləği məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməlidir, ekspertin rəyi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Rəylə müəyyən edilmiş 1950 manat məbləğində pul vəsaiti maddi ziyana görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən, yəni 1950/4220x100=46% təmin edildiyindən iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 62.20 manat pulun 46 faizi, yəni 28,60 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməli, qalan 33,60 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan başqa, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 23 manatı cavabdehlərdən müştərək qaydada və 27 manatı iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən maddi zərərin əvəzi kimi 1950 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 62,20 manat pulun 28,60 manat hissəsi cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutulub İddiaçı ödənilsin, qalan 33,60 manat hissəsi isə iddiaçıya aid edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 23 manatı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada və 27 manatı İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: hakim Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar