Məhkəmə qərarları › İş №2(007)-282/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-282/2020

01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-282/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermişdir. İddia onunla əsaslanmışdır ki, Cavabdeh ilə nikahları 30.05.2014-cü il tarixdə Bakı şəhəri Nizami Rayonu Məhkəməsinin qətnaməsi ilə ilə pozulmuş,uşaqların ata himayəsində qalmasını məhkəmə qət etmişdir.Şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu mənzili birgə nikahda olduğu müddət ərzində aldıqları üçün nikah ləğv ediləndən sonra 04.04.2018-ci il tarixə qədər qeydiyyatda olduğu ünvanda uşaqları ilə birlikdə yaşamışdır. Uşaqlarla yaşamağının səbəbi bu olmuşdur ki, cavabdeh 2015-ci il tarixdə uşaqları onun üzərinə ataraq Kanadaya köçmüş 27.03.2018-ci il tarixdə gəlib uşaqları 1 həftəlik Kanadaya gəzmək adı ilə aparmışdır. Onun notarial qaydada razılığı əsasında 1 həftəlik getmişlər. 01.04.2018-ci il tarixində geri dönmüşlər. 04.04.2018-ci il tarixində uşaqları onun himayəsində qoyub onları evdən qovmuşdur. 09.04.2018-ci il tarixindən 05.08.2019-cu il tarixədək Kanadada yeni nikaha daxil olduğu xanımla Kanadada yaşamış və yaşamasına baxmayaraq 15.08.2019-cu il tarixində yeni ailəsini onun qeydiyyatda olduğu və birgə nikah dövründə əldə etdikləri mənzilə daimi yaşamaq üçün gətirmişdir. Hal-hazırda da onlar həmin mənzildə yaşayırlar. Nizami Rayon Məhkəməsinin 05.30.2014-cü il tarixli qətnaməsinin olmasına baxmayaraq uşaqları uzun müddət onun üzərinə atıb Kanadaya çıxıb getmişdir. 15.08.2019-cu il tarixdə yeni ailəsini gətirəndən 1 həftə sonra uşaqlarını görmək üçün qeydiyyatda olduğu ünvana getmişdir. Cavabdeh uşaqlarının, anasının və yeni həyat yoldaşının gözü önündə onu döymüş, ona zor tətbiq edərək təhqir etmiş, evdən qovmuşdur. O bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xidmətinə məlumat vermişdir. Şikayət ərizəsi Nizami rayon Pİ-nin müstəntiqi Vüqar müəllimin icraatına verilmişdir, o da qısa müddət ərzində cinayət işi açaraq işi Nizami Rayon Məhkəməsinə göndərmişdir. Halhazırda həmin iş hakim Rauf Əhmədovun icraatındadır. Bu üzdən də iddia tələbləri bundan ibarətdir ki, şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu və birgə nikah zamanı aldıqları evdə yaşayış hüququ bərpa edilməlidir. Qeyd olunanlara əsasən onunla Cavabdeh arasında nikah münasibətlərinin 2009-cu il oktyabrın 1-nədək, yəni 15 aprel 2006-cı il tarixdə yaranmasını, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzilin birgə nikah dövründə alınmasını, habelə onun 2009-cu il oktyabrın 1-nədək, yəni, 2007-ci ildə həmin evə qeydiyyata düşməyini nəzərə alaraq Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, məhəllə 2455, ev 39, 16 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə işə baxılarkən Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaya dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan Cavabdeh AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı «mənzilə köçürülmə» tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı ona qarşı iddiasını qəbul etmir və təmin edilməməsini xahiş edir. O yeni ailə quraraq həyat yoldaşı ilə, uşaqları ilə və anası ilə mülkiyyətində olan mənzildə sıx şəraitdə yaşayır. Hazırda yaşadığı 2 otaqlı mənzilə 6 nəfər güclə sığışır. İddiaçı onun mülkiyyətində olan mənzildə həyat yoldaşı ilə, 3 uşağı ilə və anası ilə sakit və normal şəraitrdə yaşaması qeyri-mümkündür. Təranə onun keçmiş həyat yoldaşı olmuş, hazırda isə yeni həyat yoldaşı ilə onun bir evdə yaşayaraq yola getməsi, mehriban və normal şəraitdə yaşaması mümkün deyil və bu cür yaşayış tezliklə ailədə çox ciddi prodlemlər, qanqaraçılıq və ailəsinin normal yaşayışına maneələr yarada bilər. O, cavabdeh İddiaçı ilə 15 aprel 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli 2(007)-2144/2014 saylı qətnaməsi ilə aralarındakı nikahın pozulması və birgə nikahdan anadan olmuş övladlarının 15 aprel 2007-ci il təvəllüdlü X1 və 05 avqust 2009-cu il təvəllüdlü X2 onun himayəsində saxlanması qət edilmiş, qətnamə qanuni qüvvəsini alıb icraya yönəldilmişdir. 19 may 2014-cü ildə İddiaçı notarail qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 saylı, 2 otaqlı mənzilinin, avtomobillərin Cavabdeh mülkiyyətində qalmasına etiraz etmir, həmçinin həmin əmlaklara dair heç bir iddia və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia qaldırmayacaqdır. İddiaçı mübahisəli mənzildən köçüb gedərək bütün əşyalarını aparmışdır və hazırda adı çəkilən mənzildə onun heç bir əmlakı yoxdur. Həmin 2 otaqlı mənzildə o, anası, həyat yoldaşı və 3 uşağı ilə birlikdə yaşayır. Hazırki günə qədər İddiaçı mübahisəli mənzildə formal olaraq pasport qeydiyyatında qalmış və hal-hazıra qədər pasport qeydiyyatından çıxmamışdır. Bu da onun mənzilinə olan mülkiyyət hüquqlarını pozur. İddiaçı iddia ərizəsində qeyd edir ki, boşandıqdan sonra da mübahisəli mənzildə qalıb uşaqlara baxmışdır. Təranənin dedikləri yalandır, özünə haqq qazandırmaq üçün belə yazmışdır. Təranə ilə aralarındakı nikah pozulduqdan sonra uşaqlarına anası ilə baxmış, Təranə isə arabir həmin mənzilə gəlib uşaqlarına baş çəkib getmişdir. Hətta bunu qonşular da şahid kimi təsdiq edə bilərlər (bu barədə qonşuların tərtib etdiyi aktı ərizəyə əlavə edir). Təranə ilə aralarındakı nikah pozulduqdan sonra o bir neçə ay işi ilə əlaqədar Kanadaya gedib-gəlməli olmuş, hətta uşaqları da bir müddət özü ilə Kanadaya aparmışdır. Həmçinin mübahisəli mənzili təmir etdirərək neçə aylarla kirayədə də qalmalı olmuşdur. Təranənin iddia ərizəsində göstərdikləri absurd və uydurmadır. Beləliklə, cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində onun mənzilə mülkiyyət hüququ pozulmuş və o, uzun müddətdir ki, cavabdehin əvəzinə su, qaz, mənzil və digər kommunal xərclərini ödəmək məcburiyyətində qalmış və bu maddi vəziyyətinə mənfi təsir göstərir. Belə ki, onun bir mülkiyyətçi şəxs kimi mülkiyyətində olan hüququ pozulmuşdur, mənzilə dair sərbəst şəkildə sərəncam verə bilmir. Hesab edir ki, cavabdeh formal olaraq onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olduğundan və orada yaşamadığından həmin mənzilə istifadə hüququ itirilməlidir. Belə ki, onun bir mülkiyyətçi kimi onun hüququ pozulmuşdur, mənzilə dair sərbəst şəkildə sərəncam verə bilmir. Hesab edir ki, cavabdeh formal olaraq onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olduğundan və heç vaxt orada yaşamadığından həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Ona görə də, o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara aldı. Artıq 5 ildir ki, cavabdeh İddiaçı mübahisəli mənzildə yaşamır, lakin formal olaraq pasport qeydiyyatındadır. Bu da bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Qanunvericilikdə bilavasitə göstərilmişdir ki, vətəndaş pasport qeydiyyatında olduğu ünvanda 6 ay müddətində yaşamırsa, mənzilin mülkiyyətçisi pasport qeydiyyatından çıxarılmasını təkid etdikdə, məhkəmə qaydasında pasport qeydiyyatından çıxarılır. Cavabdeh mülkiyyətində olan mənzildə yaşamamadığından və formal olaraq pasport qeydiyyatında olduğundan, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən də hüquqlarını itirilmişdir. Qeyd olunnalara əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı 2 otaqlı mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddiasını müdafiə edərək təmin olunmasını xahiş etdi. Qarşılıqlı iddianı qəbul etmədi. Onun nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəməyə təqdim etdiyi evlərin kirayəsi ilə bağlı elanları nəzərdə tutan internet saytlarından əldə etdiyi mötəbər məlumatlara əsasən, Qara Qarayev stansiyası yaxınlığında, Nizami rayonunda yerləşən 1 otaqlı mənzilin orta bazar kirayə qiyməti təxminən 250-400 AZN civarında dəyişir. Hüquqlarını müdafiə etdiyi İddiaçı dediyinə görə cavabdehin mülkiyyətində və onun da qeydiyyatda olduğu mübahisəli mənzilin 100.000 manata yaxın qiyməti olar. Həmin mənzil Qara Qarayev stansiyası yaxınlığında yerləşir. Qara Qarayev stansiyası yaxınlığında normal şəraitli mənzilin kirayə haqqı minimum 300 AZN-dir. İddiaçı ilə cavabdeh arasında nikah pozulduqdan sonra da ünvan 2, 16 saylı mənzildə iddiaçı övladları ilə birgə 04.04.2018-ci ilə qədər yaşayıb. Qeyd olunmalıdır ki, uşaqlar atasının himayəsinə verilsə də, cavabdeh uşaqları onun üzərinə ataraq 2015-ci il tarixdə Kanadaya köçüb. Həmin müddət ərzində uşaqlara qulluq edib, mənzilin bütün kommunal xidmətlərini ödəyib, təmir-bərpa xərclərini iddiaçı özü çəkib. Cavabdeh Kanadadan qayıdaraq 04.04.2018-ci il tarixdə iddiaçını evdən qovaraq sonradan evləndiyi əcnəbi vətəndaş və onun əvvəlki ailəsindən olan qız övladını həmin evə köçürdüb. Hazırda Cavabdeh yeni ailəsi ilə birlikdə həmin evdə yaşayır. Yəni buradan da, məlum olur ki, 2015-ci ildən 2018-cu il tarixədək İddiaçı mübahisəli mənzildə davamlı surətdə yaşayıb. İddiaçı mənzilin ½ hissəsinə mülkiyyət hüququ olsa da, o həm bundan imtina edib, məhkəməyə müraciət edib, həm də uşaqların atasının himayəsinə verilməsinə razılıq verib. Faktiki alimentdən də imtina edib. Burdan belə nəticəyə gəlmək olur ki, İddiaçı evdə davamlı yaşamaq və istifadə etmək müqabilində cavabdeh tərəfə bu cür güzəştlər edib. Bunun ağlabatan bir ehtimal olması yəqin ki nə məhkəmədə, nə də tərəflərdə heç bir şübhə doğurmur. Hansı qadın alimentdən və ya ona məxsus paydan durduğu yerdə imtina edər? Təbii ki, heç kim. Sadəcə tərəflər arasında etibarlı münasibətlər olduğundan iddiaçı cavabdehə inanıb və onu nə vaxtsa evdən çıxaracağını ehtimal belə etməyib. O, belə bir ehtimal olduğu halda aydındır ki, nə evdən çıxardı, nə də aliment və uşaqlardan atanın xeyrinə imtina edərdi. İddiaçı cavabdeh Kanadaya getdikdən sonra davamlı olaraq 3 il ərzində mübahisəli mənzildə yaşadığından, daha dəqiq desək, yəni (20 may 2015-ci il tarixdən 04 aprel 2018-ci il tarixədək), 36 ay təşkil edir. 36 ay x 300 AZN=10.800 AZN edir. 36 x 250 AZN=9000/ 36 x 200=7200 AZN. İddiaçı 2008-ci il tarixdən həmin mənzildə yaşayır. Bundan başqa Cavabdeh qarşılıqlı iddia tələbinə dəyişiklik edilməsi barədə ərizə verərək iddiaçın İddiaçı ünvan 2, 16 saylı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasını xahiş edir. Göründüyü kimi iddiaçı kompensasiya verməkdən imtina edib, qarşılıqlı iddia tələbini dəyişdirib. Odur ki, qeyd olunanları nəzərə alıb ilk idda tələbi təmin edilməsini, qarşılıqlı iddia tələbi rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etmədi qarşılıqlı iddianı müdafiə edərək yenidən ailə qurduğunyu,həmin mənzildə övladları ilə və yeni ailəsi ilə birlikdə yaşadığını, Təranənin həmin mənzilə köçüb yaşamasının mümkün olmadığını bildirdi, Ona görə də, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan: AR DİN 20.09.2019-cu il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzildə Cavabdeh, X3, X5 qeydiyyatdadırlar. 26.04.2007-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin- gələcəkdə alıcı-ipoteka qoyan adlandırılacaq Cavabdeh ilə satıcı X4 ilə üçüncü tərəfdən "xxxx" ASC arasında bağlanmış qarışıq müqaviləyə əsasən satıcı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzil Cavabdeh mülkiyyətinə verir. Mənzilin satış qiyməti 56200 manatdır, mənzili dəyərinin 9200 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən 47000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 25 aprel 2007-ci il 0704-0977/12476 saylı kredit müqaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabını ödənilir. 24.10.2019-cu il tarixli AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzil DNK-nın 4Ə/02-403 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İddiaçıının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,iddiaçı mübahisəli mənzildə qeydiyyatdadır. 0778/20/Mİ seriyalı 05.06.2020-ci il tarixli "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, ünvan 2 ünvanındakı 9 mərtəbəli, köhnə tikili binanın 8-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 30.14 kv.m. yaşayış sahəsindən ibarət, 2 otaqlı 16 nömrəli mənzilin hazırki bazar qiyməti 85000 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən ”fiziki şəxsin adətən yaşadığı yer onun yaşadığı yer sayılır”. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən “əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideyinləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. İşin hallarından görünür ki, tərəflər 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından iki övladları doğulmuşdur. Mübahisə predmeti olan mənzil tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Tərəflər və onların övladları həmin mənzildə qeydiyyatdadırlar. Hal-hazırda ilk iddia üzrə iddiaçı qarşılıqlı idda üzrə cavabdeh mənzilə köçürülmə, ilk iddia üzrə cavabdeh qarşılıqlı idda üzrə iddiaçı isə İddiaçı kompensasiya verilmədən onun mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh bu cür tələb irəli sürərkən əsasən ona istinad etmişdir ki, 28 aprel 2014-cü il tarixdə notarial qaydada imzaladığı ərizə ilə birgə nikahdan doğulmuş hər iki övladını onun himayəsinə verdiyini bildirmiş, 19 may 2014-cü il tarixdə isə notarial qaydada imzalanmış ərizə ilə hazırkı iş üzrə mübahisələndirilən mənzilə,eləcə də omun mülkiyyətində olan iki ədəd avtomobilə dair hər hansı bir iddiasının olmamasını,gələcəkdə də olmayacağını bəyan etmişdir.Bundan başqa,hal-hazırda onun yeni ailəsi vardır.Əvvəlki nikahdan olan uşaqları və yeni ailə üzvləri ilə qeyd olunan mənzidə yaşayır.Bu səbəbdən İddiaçı mənzilə köçürülməsi mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutub, mənzilin birgə nikah vaxtı əldə olunması ilə əlaqədar tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, ilk ddia əsaslı olduğundan təmin olunmalı, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2455-ci məhəllədə yerləşən 39 saylı evin, 16 saylı mənzilinə köçürülməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikas Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideyinləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstiitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflərin 14 aprel 2006-cı il tarixdə nikaha girdiklərini, 30 may 2014-cü ildə məhkəmə qətnaməsi ilə boşandıqlarını,mənzilin isə 2007-ci ildə əldə olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin maddənin məzmunundan görünür ki, hazırkı iş üzrə mülkiyyətçi (iddiaçı) cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb edirsə ona bazar qiyməti ilə müvafiq kompensasiya verməlidir.Bu səbəbdən qarşılıqlı iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirib hesab edir ki, ilk iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2455-ci məhəllədə yerləşən 39 saylı evin, 16 saylı mənzilinə köçürülməlidir. Qarşılıqlı iddia təmin olunmamalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsaslanaraq, məhkəmə Qə t e t d i: İlk iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2455-ci məhəllədə yerləşən 39 saylı evin, 16 saylı mənzilinə köçürülsün. İddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi qarşılıqlı iddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar