Məhkəmə qərarları › İş №2(007)-282/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-282/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-282/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kirayə haqqının ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdehnə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC-dən 6000 AZN məbləğində kirayə pulunun alıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il üzrə, 15 ayın ödənilməli olan cəmi 7500 AZN kirayə haqqı pulunun, həmçinin tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2018-ci il tarixdə aldadılaraq müqavilə bağlanılıb. Onun S.Rəhimov 201, mənzil 33 ünvanında yerləşən 44kv.metrlik evini cavabdeh aldadaraq ələ keçirib. xx.xx.2018-də söz verilib ki, iki il ərzində ev hazır olacaq, ev hazır olana qədər,yəni çıxarış götürüb, çıxarışı verənə qədər, ayı 500 AZN olmaqla, üç aylıq, hər üç aydan gec olmayaraq kirayə haqqı ödəmək adı ilə onu aldadıb, indiyə qədər nə normal kirayə haqqı verir, nə də evi tam hazır vəziyyətdə çıxarışı verir, cavabdeh pulu olmadığını deyir. O, hər dəfə kirayə pulunu xidmət orqanları vasitəsilə alır, hazırda ona iyul ayı ilə birgə 6000 AZN pul borcludurlar. Cavabdehin gücü çatmırsa niyə götürürdü? Adınıda qoyublar ki, guya dövlətin layihəsini həyata keçirilər, insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edirlər, bu özlərinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib, sakinlərin deyil. Qonşular yığılaraq hər dəfə narazılıq edir, yalançı vədlər verərək ört-basdır edirlər. Nəsimi İcra hakimiyyəti əsas bunlara dəstək duran adamdır, onlar hökümət layihəsi, dövlət əhəmiyyətli layihə olduğuna, dövlətin adı keçdiyinə görə inanıblar, yalnız kimlərsə əlbir olub hökümətin sosial əhəmiyyətli qərarlarını şübhə altına atır, indi küçələrdə qalır, dövlətin adında belə saxta işlər üçün istifadə ediblər, Nəsimi İcra hakimiyyəti tikinti işləri üzrə kuratoru deyir ki, “düz edib kirayə pulunu vermirlər” (adı yadında deyil). Əlavə olaraq Nəsimi rayonu təsərrüfat şöbəsinin rəhbəri Asim Rzayev ona yazılı məktub göndərib ki, guya mənzilin açarı ondadır və o, təmir üçün şərait yaratmır. Ona mənzilin açarını təhvil alması barədə müqaviləni göstərsin, bu şərböhtandır. Azərbaycan Respublikası MM-in 22-ci maddəsini pozduğuna görə ona şərböhtan atdığına görə həm cəzalanmasını və 5000 AZN cərimə edilib ona verilməsini xahiş edir. Hazırda binada təhvil-təslim edilməyib, binada onların qonşuların kirayə haqları dayandırıb, məcburi köçürüblər, hər gün ya işığı kəsirlər, ya suyu. Binada qırğındır, bina təhvil-təslim edilmədiyinə görə ora qaz verilmir. Binada xəstə olan, körpə uşağı olanlar var, hər gün mübahisə olur. Bu insan hüquqlarının kobud pozulmasıdır. Cavabdehə görə çoxlu borca girib. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmayıb. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşüb.

İş materialları:

4. Birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018ci il tarixli müqaviləsinin surətindən görünür ki, "Tikinti şirkəti" söküntüsü nəzərdə tutulmuş binada "Mülkiyyətçi" Məmmədova Şəbinə idrak qızına məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarış (reyestr nömrəsi: **********60-05101-093015, qeydiyyat nömrəsi: **********) ilə mülkiyyət hüquqlarını təsdiq edən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 201 ünvanında yerləşən, ümumi sahəsi 28.1 kv.m olan 33 saylı mənzili sökülmək üçün təhvil alıb, "Tikinti şirkəti" tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 58.13 kv.m-dən ibarət 1 otaqlı təmirli mənzili "Mülkiyyətçiyə verməyi öhdəsinə götürür. 1.2. "Mülkiyyətçi" öhdəsinə götürür ki, bu Müqavilənin imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində ona məxsus mənzili söküntü üçün "Tikinti şirkəti"nə təhvil verəcək, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən mənzili isə qəbul edəcəkdir. 1.3. "Tikinti şirkəti" həmçinin öhdəsinə götürür ki, mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 (beş yüz) manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil "Mülkiyyətçi"yə təhvil verilən günədək ödəniləcəkdir. "Mülkiyyətçi"nin kommunal borcları olduğu halda "Tikinti şirkəti" həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. 1.4. "Tikinti şirkəti" inşa ediləcək çoxmənzilli binanın "D" girişinin, 3-cü mərtəbəsində yerləşən, 217 saylı mənzili "Mülkiyyətçiyə təmirli şəkildə təhvil verməyi öhdəsinə götürür.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.

6. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 xx.xx.2025-ci il tarixli 3-53-3/2- 21/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.8-ci bəndinə əsasən Tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanmalıdır. Cavabdeh MTK tərəfindən Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində inşa edilmiş yaşayış binasının sakinləri ilə Nəsimi rayon Sukanal İdarəsi arasında sudan istifadə və MTK ilə Nəsimi rayon Sukanal İdarəsi arasında imzalanmış müqaviləyə istinadən binanın su təchizatı xəttinin birləşmə nöqtəsində quraşdırılmış su sayğacına əsasən aparılır.

7. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-13/2-1/16-3841/2025 saylı məktubundan görünür ki, Səhmdar Cəmiyyətin elektron bazasında olan məlumata əsasən bildirirlər ki, qeyd olunan yaşayış binasında "xxxx" ASC tərəfindən mənzillər üzrə elektrik sayğacları quraşdırılmamışdır.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-18-2/2-M-13xx-xx/2025 saylı məktubunun surətindən görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 263 nömrəli 16 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti ilə Ş.Əzizbəyov, M.Qaşqay və S.Rəhimov küçələrin kəsişməsində yerləşən torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi üçün pilot layihə çərçivəsində Cavabdeh MMC-nin istifadəsinə verilmiş və Nəsimi Rayon icra Hakimiyyəti başçısının 08 avqust 2018-ci il tarixli 259 nömrəli Sərəncamı ilə ərazidə yaşayış, qeyri-yaşayış binaların tikintisinə icazə verilmişdir. Bildirirlər ki, yeni inşa edilmiş çoxmənzilli yaşayış binasının müvafiq qaydada istismarına icazə əldə edilmədən sakinlərin məskunlaşdırılması yolverilməzdir.

9. Məhkəməyə iddiaçı tərəfindən fotoşəkillər və videogörüntülər yerləşdirilmiş bir ədəd disk təqdim edilmişdir.

10. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən uyğun olaraq 80 manat və 20 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

11. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təhvil-təslim olmayan binada sakinlərin mənzillərinə su sayğacı qoşulmayıb. Bir xətt Cavabdehnə verilib, MTK da özlərinin istifadə etdiyi kommunal xidməti sakinlərdən tələb edir. O, topladığı sübutlara əsasən binada yaşayan sakinlər kommunal xərcləri fiziki şəxs kimi ödəmədiklərini, hər ay 500 manata yaxın işıq pulu ödədiklərini bildirirlər. MTK-nın öz borcu olduqda işıqlar kəsilir, sakinlər də məcbur qalaraq işıq pulunu ödəyir. 31 yanvar 2024-cü ildə MTK sakinləri həmin binada yaşamağa məcbur etdiyinə görə Fövqəladə Hallar Nazirliyi tərəfindən cərimə olunub. Sakinlərin bir çoxu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Bundan sonra Prezident aparatından əməkdaşlar gələrək yoxlama aparıblar. MTK sakinlərin kirayə haqqını dayandırır ki, onlar məcbur orada yaşasınlar. O, ekspert dəvət edərək mənzili ölçdürüb. Ekspert belə nəticəyə gəlib ki, mənzilin təmiri natamamdır. O, ilk dəfə yerli baxışa gedəndə mənzili görürüb. Mənzili ölçdürmək üçün ekspertlə mənzilə gedəndə qapının açarının ustalarda olduğunu, ustaların işlədiyini bildiriblər. Halbuki, 2 il əvvəl o, mənzilin təmirini dayandırıb. Məhkəmə tərəfindən yerli baxış keçiriləcəyinə görə mənzili necə gəldi təmir ediblər. Mənzil keyfiyyətsiz təmir olunub, kombisi yoxdur, mənzildə heç nə yoxdur. Bina təhvil verilməyənə qədər mənzildə yaşamağa icazə yoxdur. Bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin məktubunda qeyd olunub. Təhvil-təslim olunmamış binada insanlar yaşayır, lakin yaşamamalıdırlar. Mənzilin keyfiyyətsiz təmir olunması ilə bağlı MTK-ya qarşı ayrıca iddia qaldıracaq. Məhkəməyə təqdim etdiyi disk, bina sakinlərinin, qonşularının MTK-dan şikayətlərini əks etdirir. İki bina hazır deyil. Hazırda kirayədə qalır. Yerli baxış zamanı ilk dəfə mənzili görüb. Binada yaşayanlar əvvəl hüquqi şəxs kimi ödəniş edirdirlər, sakinlərdən pul yığılırdı, indi isə bu məsələ ictimailəşəndən sonra işıq pulunu fiziki şəxs kimi ödəyirlər. Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən binada yaşamağa icazə yoxdur. O, mənzilinə ekspert aparıb, mənzili natamam təmir edilib. Müqavilədə yazılıb ki, təhvil-təslim edilənə və çıxarış verilənədək kirayə haqqı ödənilməlidir. Ona təmirlə bağlı zəng edilmişdir, Şahin adlı şəxsə təmiri dayandırmasını deyib. Həmin hal 2 il əvvəl, 2023-dən qabaq olub, dəqiq ayı xatırlamır. Binada təhlükəsizlik yoxdur, digər bina hələ də, tikilməyib. Köhnə qonşularından binada yaşayan da, yaşamayanda var. Həmin qonşulara mənzil təmirli verilməyib, bir qonşu ona deyib ki, iki ildir ki, kirayə haqqı da ödənilmir. Heç kim deməyib ki, bina istismara verilməmiş, mənzillərə köçürüləcəklər. Məhkəmənin verdiyi sorğulara əsasən müəyyən edilib ki, sayğaclar quraşdırılmayıb.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib izahat verərək bildirdi, hər bir vətəndaşın özünün aşağıda qoşulduğu elektrik və su sayğacı var. Hər mənzil elektriklə təchiz edilib və sakin istifadə etdiyi sərfiyyata uyğun ödəniş həyata keçirir. Qaz sayğacları da quraşdırılır. Tam təmir-tikinti işləri bitdikdən sonra təhvil verilir. Bir qayda olaraq eletrik sayğacları zirzəmidə, ümumi şitdə, qaz və su sayğacları isə vətəndaşa məxsus mənzillərdə yerləşdirilir. Kommunal xidmət ümumi hesabla hesablanır. İddiaçı öz mənzilinə köçsə, kommunal xərcləri hər bir fiziki şəxs kimi ödəyəcək. Hazırda bina fasiləsiz şəkildə işıq və su ilə təmin olunur. Bir blok hazır deyil deyə qaz verilməyib. İddiaçı özü də məhkəmə iclasında qeyd edib, məhkəməyə qədər bir çox ünvana şikayət edib. Cavabdeh cəmiyyət müqavilə üzrə öhdəliyi tam icra edib. İddiaçının mənzili 2023-cü ilin sonlarına kimi tam təmir edilib. Yerli baxışdan sonra başqa sakinlər də binaya köçüb. Hazırda sənədlər Dövlət Komissiyasına verilib. Binaya su verilib, ehyiyyat anbar da var. Məhkəməyə qədər edilən şikayətlərin əsası olmadığı kimi hazırkı iddia da əsassızdır. Mənzildə yaşamaq üçün tam şərait var. Müqavilədə mənzilin hansı müddətə təhvil verilməli olduğu da göstərilməyib. Mənzil tam yaralı vəziyyətdə təhvil verilməsinə baxmayaraq, iddiaçı mənzili qəbul etməkdən imtina edir. Mənzil təmirli vəziyyətdə verildikdən sonra kirayə haqqı dayandırılıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.

13. xx.xx.2024-cü il tarixli yerli baxış zamanı şahid kimi dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh MTK-da iş icraçısı vəzifəsində işləyir. Hazırda iddiaçı mənzilə köçmədiyi üçün mənzilə işıq verilməsi təhlükəsizliyə görə mümkün deyil, iddiaçı mənzilə köçən kimi digər mənzillərə verildiyi kimi işıqla təmin olunacaq. Mübahisəli mənzilin yerləşdiyi mərtəbədə başqa yaşayan yoxdur, lakin binada 17 nəfər qonşu yaşayır. Qışa hazırlıqla əlaqədar naqilləri gücləndirmək üçün hərdən binada işıq kəsilib. İşin faktiki halı:

14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar olaraq Bakı şəhəri Nəsimi rayonu icra Hakimiyyəti başçısının 203 və 264 saylı 16 oktyabr 2017-ci il tarixli sərəncamını əsas tutaraq tərəflər müqavilə bağlayıblar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarına əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK (Tikinti şirkəti) arasında 23 oktyabr 2017-ci il tarixdə müvafiq müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, "Tikinti şirkəti" Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünu və bu sahədə yeni yaşəyış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür. 1.1. Bu Müqaviləyə əsasən, "Tikinti şirkəti" söküntüsü nəzərdə tutulmuş binada "Mülkiyyətçi" Məmmədova Şəbinə idrak qızına məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarış (reyestr nömrəsi: **********60- 05101-093015, qeydiyyat nömrəsi: **********) ilə mülkiyyət hüquqlarını təsdiq edən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 201 ünvanında yerləşən, ümumi sahəsi 28.1 kv.m olan 33 saylı mənzili sökülmək üçün təhvil alıb, "Tikinti şirkəti" tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 58.13 kv.m-dən ibarət 1 otaqlı təmirli mənzili "Mülkiyyətçiyə verməyi öhdəsinə götürür. "Mülkiyyətçi" öhdəsinə götürür ki, bu Müqavilənin imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində ona məxsus mənzili söküntü üçün "Tikinti şirkəti"nə təhvil verəcək, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən mənzili isə qəbul edəcəkdir. "Tikinti şirkəti" həmçinin öhdəsinə götürür ki, mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 (beş yüz) manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil "Mülkiyyətçi"yə təhvil verilən günədək ödəniləcəkdir. "Mülkiyyətçi"nin kommunal borcları olduğu halda "Tikinti şirkəti" həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. 1.4. "Tikinti şirkəti" inşa ediləcək çoxmənzilli binanın "D" girişinin, 3-cü mərtəbəsində yerləşən, 217 saylı mənzili "Mülkiyyətçiyə təmirli şəkildə təhvil verməyi öhdəsinə götürür. Hazırda isə iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il üzrə, 15 ayın ödənilməli olan cəmi 7500 AZN kirayə haqqı pulunun, həmçinin tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi ilə bağlı məhkəməyə müraicət etmişdir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 5.1, 5.1.10-cu maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində tikinti obyektlərinin istismarına icazə verilməsi dövlətin səlahiyyətidir. 47.1. Bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir. 47.4.6. Sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. 63.1. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verir və ya verilməsindən imtina haqqında qərar qəbul edir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

16. Belə ki, iddiaçı iddia tələbində mənzilin təhvil verilməməsi nəticəsində kirayədə yaşadığını və bu səbəbdən də ona kirayə haqqı verilməli olduğunu göstərmişdir. Həmçinin, məlum olmuşdur ki, binanın tikintisi başa çatmış və müqavilə üzrə sözügedən mənzil təmir edilsə də, iddiaçı binanın istismara verilməməsi, ona mülkiyyət hüququna dair çıxarış verilmədiyi üçün mənzilə köçməkdən imtina etmiş, mənzildə kommunal sisteminin olmaması ilə əlaqədar mənzilin ona tam təhvil verilmədiyi, mənzildə yaşamağın mümkün olmadığını qeyd etmişdir.

17. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə mənzil tikintisi müqaviləsi bağlanmış, müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş və müqavilənin şərtləri tərəflərin istəyinə uyğun olaraq müəyyən edilmişdir.

18. Həmin müqavilənin 1.3 və 1.4-cü bəndlərinin şərtlərinə əsasən cəmiyyət mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 (beş yüz) manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil iddiaçıya təhvil verilən günədək ödəməyi və 217 saylı mənzili iddiaçıya təmirli şəkildə təhvil verməyi öhdəsində götürmüşdür.

19. Məhkəmə iclasında tərəflərin iştirakı ilə binanın "D" girişinin, 3-cü mərtəbəsində yerləşən, 217 saylı mənzilə və mənzilin yerləşdiyi ünvana yerli baxış həyata keçirilib. Yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi binada olan liftlər istismara verilib. Sözügedən mənzil təmirlidir. Hazırda iddiaçı həmin mənzildə yaşamır. Həmin mənzilin yerləşdiyi binada yaşayan sakinlər var və mənzillərin işıqla təmin olunduğu müşahidə olunur. İddiaçı mənzilə ilk dəfə gəldiyini, mənzilin nə zaman təmir olunduğunu bilmədiyini, mənzilin dizaynını özünün vermək istədiyini, mənzilə gəldikdə isə mənzilin bağlı olduğunu, müqaviləyə əsasən mənzilinin sahəsinin 58 kv.metr olduğunu, lakin faktiki olaraq sahəsinin az olduğunu, təhvil-təslim olmadığını, bir neçə gün ərzində gündəlik olaraq işığın kəsildiyini, binada yaşayan sakinlərin şikayət etdiyini, binanın işıq, qaz, su və digər kommunal xidmətlərlə təmin edilmədiyini, sözügedən mənzilin yerləşdiyi bina ilə üzbəüz binanın inşasına daha sonra başladığını, lakin tez tamamlandığını, həmin binanın iki il əvvəl təhvil verildiyini, qeyd olunan binada yaşayan sakinlərin mənzillərinə çıxarış əldə etdiklərini bildirir. Cavabdehin nümayəndəsi (direktor) sözügedən binanın işıq və su ilə təmin olunduğunu, lakin qazla təmin olunmadığını, binada yaşayan digər sakinlərin mənzilin isitməsində, hamamda aristondan, işıqla işləyən digər cihazlardan istifadə etdiklərini, binanın istismarı ilə əlaqədar müraciət etdiyini, hələlik binanın istismara verilmədiyini, sakinlərdən çıxarış əldə edən olmadığını bildirir. Cavabdehin nümayəndəsi və vəkili binada kifayət qədər sakinin yaşadığını, liftlərin istismara verildiyini, birinin isə yük daşınması üçün axşam saat 17:00-a qədər istifadə olunduğunu, mübahisəli mənzilin açarının MTK-da olduğunu, təhlükəsizliklə əlaqədar olaraq yaşayış olmayan mənzilə işıq verilmədiyini, iddiaçı köçdükdən sonra isə mənzilin avtomatik işıqla təmin olunacağını, binaya hələlik qaz verilmədiyini, lakin gələcəkdə qazla təmin olunacağını, digər binanın işıqla təmin edilməsi üçün gündəlik fasilərlə 1-2 saatlıq işıqların kəsildiyini, binanın altında su anbarının olduğunu bildirir. Binada yaşayan sakin, X1 1 il olar ki, Cavabdeh tərəfindən inşa edilmiş mənzildə yaşadığını, binada ancaq işıq probleminin olduğunu, həmin problemin də artıq həll olduğunu, trasfarmator yerləşdirildiyini, binanın su ilə təmin olunduğunu, lakin işıq olmayanda suyun da olmağıdığını, suyun motorla işlədiyini, binada qazın isə ümumiyyətlə olmadığını, mənzili elektriklə isitdirdiklərini, kommunal xidmətlərə görə nə qədər haqq ödədiklərini bilmədiyini, ailə üzvlərinin ödənişləri etdiklərini bildirir. Binada mənzili olan, lakin mənzildə yaşaman X4 istismar aktının olmadığını, binanın təhvil verilmədiyini, qaz, işıq su olmadığına görə mənzildə yaşamağın mümkün olmadığını bildirir. Həmçinin, iddiaçı 7 ildir ki, binanın tikilintisinin davam etdiyini, 5 il müddətində kirayə haqqının vaxtında ödənildiyini, müqavilədə nəzərdə tutulmuş kirayə haqqının 3 ay olmaqla ödənildiyini, oktyabr ayından isə 1500 manat kirayə pulun ödənilməli olduğunu, mənzil təhvil-təslim olandan sonra orada yaşaya biləcəyini, təhvil-təslim barədə akt tərtib olunmalı olduğunu, hazırda isə binada heç bir kommunal şəraitin olmadığını bildirmişdir.

20. Məhkəmə qeyd edir ki, adıçəkilən müqavilənin 2.2.1-ci bəndinə əsasən yeni tikililəcək binanın bünövrəsi (təməli) qoyulduqdan sonra tikinti işləri 24 ay müddətinə başa çatdıraraq, müqavilə şərtlərinə əsasən mənzil iddiaçıya təhvil verilməlidir. Hazırda iddiaçıya məxsus 217 saylı mənzil təmirli vəziyyətdədir, binadakı mənzillərdə ayrı-ayrılıqda kommunal sayğaclar quraşdırılmasa da, binada işıq və su sistemi var, lift mövcuddur və işləkdir, qaz sistemi isə yoxdur. Mənzillərdə günün bəzi vaxtlarında müəyyən səbəblərdən işıqla təmin edilməsi müvəqqəti dayandırılır, bu zaman sakinlər sudan istifadə edə bilmirlər. Hazırda binadan yaşayış var, binada bir neçə ailə yaşayır. Yerli baxış zamanı sakinlərdən ancaq birinin dindirilməsi mümkün olmuş və sakin artıq 1 ildir ki, binada yerləşən mənzildə yaşadığını bildirmişdir. Həmçinin, binanın həyətindəki dayanacaqda sakinlərin avtomobilləri, mənzillərin eyvanlarındakı asılqanlarda paltarların olduğundan binada yaşayışın olduğu müşahidə edilmiş, MTK aid qonşu binananın tikintisinin tamamlanmaq üzrə olduğu müəyyən edilmişdir.

21. Məhkəmə araşdırması zamanı cavabeh tərəfin dediklərinə əsasən tikintinin istismara verilməsi ilə bağlı artıq müvafiq qaydada müraciət olunmuşdur. Müraciətin son dövrlərdə edilməsinin səbəbini binanın həyətində yerləşən başqa bir binanın tikintisinin yeni başa çatması ilə əlaqəlandirmişlər.

22. Hazırda tərəflər arasında bağlanmış və onların qarşılıqlı hüquq və vəziflərini müəyyən edən xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq iddiaçıya təhvil verilməli olan 217 saylı mənzilin tam təmirli vəziyyətdə olduğu, artıq binada sakinlərin yaşadığı, bu səbəbdən də kirayə haqlarının verilməsinin dayandırıldırıldığı, cavabdehin müqaviləyə uyğun olaraq mənzili tam təmir etdirdiyi, lakin iddiaçının mənzili təhvil almaqda imtina etdiyi müəyyən olunur. İddiaçının özünün dediyi məlumata əsasən o, mənzilin təmir vəziyyəti barədə ilk dəfə yerli baxış zamanı tanış olmuş, daha əvvəl mənzilə baxış keçirməmişdir.

23. Məhkəmə qeyd edir ki, Bakı şəhəri ərazisində müvafiq qaydada istismara qəbul olunmamış, lakin tikilərək sakinlərin istifadəsinə verilmiş çoxsaylı mənzillər mövcuddur. Belə ki, mənzilin istifadəyə tam yararlı olduğu halda həmin mənzil sahibinin MTK-dan kirayə haqqı tələb etməsi özündə hüquqdan sui-istifadənin elementlərini ehtiva edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

24. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ərizəsində əlavə olaraq Nəsimi rayonu təsərrüfat şöbəsinin rəhbəri Asim Rzayevin ona məktub yazaraq mənzilin açarının iddiaçıda olması və təmir üçün hər bir şəraitin olduğunu göstərdiyini qeyd edərək, bu səbəbdən də Azərbaycan Respublikası MM-in 22-ci maddəsini pozduğuna görə ona şərböhtan atdığına görə həm cəzalanmasını və 5000 AZN cərimə edilib ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-in 22-ci maddəsi məcəllədən çıxarılmışdır. Həmçinin, həmin şəxs iş üzrə tərəf olmamaqla, qeyd edilən hallar məhkəmə araşdırmasının predmeti olmamışdır.

Nəticə:

25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il üzrə, 15 ayın ödənilməli olan cəmi 7500 AZN kirayə haqqı pulunun cavabdehdən tutulub ona ödənilməsinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri:

26. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il üzrə, 15 ayın ödənilməli olan cəmi 7500 AZN kirayə haqqı pulunun cavabdehdən tutulub ona ödənilməsinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar