Məhkəmə qərarları › İş №2(007)-2828/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2828/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2828/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə həyatı quraraq nikaha daxil olmuşdur. Nikahı xx.xx.2011-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikah dövründə 3 övladı- xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. İlk vaxtlar münasibətləri yaxsı olmuş, lakin sonradan cavabdehin ona qarşı mənfi münasibətinə görə birgə yaşamaları mümkün olmamış və Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 07 oktyabr 2021-ci il tarixli, 2(007)-2318/2021 saylı qətnaməsi ilə Cavabdehla aralarında bağlanmış xx.xx.2011-ci il tarixli nikah pozulmuşdur. Həmin qətnamə ilə də uşaqların onun himayəsində qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin bildirir ki, məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 390 (üç yüz doxsan) manat aliment məbləği hal-hazırki dövrdə uşaqlarının heç bir təlabatının ödənilməsinə yetmir. Uşaqların ikisi orta məktəbdə, biri isə məktəbəqədər təhsil müəsissəsində təhsil alır və ona görə də onların məsrəfləri yetərincə artmışdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Birgə nikahdan dünyaya gəlmiş 3 övladlarıxx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 300 (üç yüz) manat, ümumilikdə 900 (doqquz yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü ildə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib izahatında bildirdi ki, onun hazırda banka kredit ödənişi də var. Bununla belə, hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat aliment ödəyə bilər. Aylıq gəliri 1500 manat həddindədir. İddiaçının tələb etdiyi alimenti ödəyərsə, özünün dolanığı üçün pul qalmayacaqdır. Uşaqları saxlamaq tək atanın yox, hər iki valideynin vəzifəsidir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 30 oktyabr 2012-ci il tаriхdə vеrilmiş AZ-İİ № 975003 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 7 oktyabr 2012-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 30 oktyabr 2012-cı il tarixdə 2742 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası İddiaçıdır. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 11 mart 2015-ci il tarixdə verilmiş AZ-İİİ № 501049 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 19 fevral 2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 mart 2015- ci il tarixdə 288 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası İddiaçıdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 563822 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 yanvar 2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 29 yanvar 2021-ci il tarixdə 565 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası İddiaçıdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(007)- 2318/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı аrаsındа 24 avqust 2011-ci tаriхdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 1195 № ilə qеyd edilmiş nikah pozulmuş, 07 oktyabr 2012-ci il tarixdə anadan olmuş X10, 19 fevral 2015-ci il tarixdə anadan olmuş X9 və 01 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 Ülkər Adil qızının himayəsində saxlanılmış, 07 oktyabr 2012-ci il tarixdə anadan olmuş X7, 19 fevral 2015-ci il tarixdə anadan olmuş X5 və 01 yanvar 2021-ci il tarixdə anadan olmuş X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh 03 may 2021-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən sorğulanmış məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləməklə 1698.29 manat əmək haqqı alır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 07 oktyabr 2012-ci il təvəllüdlü X10, 19 fevral 2015-ci il təvəllüdlü X9 və 01 yanvar 2021-ci il təvəllüdlü X6 doğulmuşlar. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlı uşaqlar İddiaçı yanında qalmış, hər ay uşağa görə 130 manat olmaqla, cəmi 390 manat alimentin tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş sabit aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 07 oktyabr 2012-ci il təvəllüdlü X10, 19 fevral 2015-ci il təvəllüdlü X9 və 01 yanvar 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Cavabdeh iş yerindən arayışa əsasən o, işləyir və aylıq vəzifə maaşı 1698.29 manat həddindədir, belə olan halda məhkəmə tərəflərin də mənafeyini nəzərə alaraq, hesab edir ki, alimentin həddi hər ay cavabdehin qazancın (başqa gəlirlərin) yarısı olaraq müəyyən edilməlidir. Məhkəmə cavabdehin məhkəmə iclasında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, onun aylıq kredit borcunun olması birgə nikahdan doğulmuş uşaqlara qanunla müəyyən olunmuş hədd aliment ödəmək öhdəliyindən onu azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07 oktyabr 2012-ci il təvəllüdlü X10, 19 fevral 2015-ci il təvəllüdlü X9 və 01 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(007)-2318/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 oktyabr 2012-ci il təvəllüdlü X10, 19 fevral 2015-ci il təvəllüdlü X9 və 01 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur, lakin məhkəməyə ödənilməli dövlət rüsumu mediasiya xərcindən az olduğundan cavabdehdən məhkəmə xərcləri tutulmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 oktyabr 2012-ci il təvəllüdlü X10, 19 fevral 2015-ci il təvəllüdlü X9 və 01 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(007)-2318/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 oktyabr 2012ci il təvəllüdlü X10, 19 fevral 2015-ci il təvəllüdlü X9 və 01 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar